Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

COP 29 bir daha sübut etdi ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindəndir

 

Üzərinə aldığı bütün vəzifələrin öhdəsindən uğurla gələn, tarixdəki yerini və rolunu gerçəkləşdirdiyi genişmiqyaslı beynəlxalq layihələr, humanitar form, simpozium və konfranslarla müəyyənləşdirən Odlar Yurdu Azərbaycan Prezident İlham Əliyevin iradəsi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşən COP 29 konfransına da uğurla ev sahibliyi etdi. BMT-nin Baş katibinin, 80-dən çox ölkənin prezidentinin, vitse-prezidentinin, baş nazirlərin, nazirlərin, 72 mindən artıq vətəndaşın iştirak etdiyi bu möhtəşəm tədbirdə dünyanın qlobal problemləri müzakirə olundu, onun həlli yolları müəyyən edildi.

Hər günü bir dastan olan 44 günlük Vətən Müharibəsindən sonra ölkəmizdə hər günü ciddi bir əsər olan COP 29 yaşandı. Dövlətimizin əzəmətini, iradəsini, xalqımızın Vətən sevgisini, qonaqpərvərliyini bir başqa biçimdə dünyaya təqdim edən COP 29 pavilyonlarında cərəyan edən hadisələr hər kəsin marağına səbəb oldu.

Artıq tarixə çevrilən COP 29-un açılış mərasimindən tutmuş, ilk iş gününə qədər hər gün zəngin qrafiklə müşaiyət olundu. İntensiv danışıqlar və diplomatik səylər nəticəsində konfrans iştirakçıları arasında ümumi razılığın əldə olunması, bəşəri dəyərlərə töhfə olmaqla yanaşı, dünyanı düşündürən məsələlərin gündəmə gətirilməsi ilə yadda qaldı. Tərəflərin etibarlı və şəffaf karbon bazarları üçün standartlar barədə razılığa gəlməsi, inkişaf etməkdə olan ölkələrə resursların yönləndirilməsini asanlaşdırmaq, sərhədlərarası əməkdaşlıq yolu ilə milli iqlim planlarının təbliğini uzlaşdırmaq kimi ciddi, eyni zamanda məsuliyyətli vəzifəni  dünyanın 80 ölkəsindən gələn liderlərin üzərinə alması COP 29-da qaldırılan məsələlərin tarixi əhəmiyyətini elə ilk gündən sübut etdi. Dünya liderlərinin iki gün davam edən iqlim fəaliyyəti ilə bağlı sammiti də tarixi əhəmiyyəti ilə yadda qaldı. Dövlət və hökumət başçıları, vitse-prezindentlər Paris sammiti çərçivəsində görülən işlər, atılan addımlar barədə bəyanatla çıxış etdilər. 70 min nəfərin iştirak etdiyi iqlim fəaliyyəti ilə bağlı sammit dünyanı narahat edən bu məsələnin həlli yollarının müəyyənləşməsinə təkan verəcək amillərdən olduğunu təsdiqlədi. Çoxşaxəli və istiqamətli bankların, ümumiyyətlə bank sektorunun aşağı və orta gəlirli ölkələrə 2030-cu ilə qədər 120 milyard dollar vəsaiti ayırmağı üzərinə alması da sammitin yadda qalan məqamlarından oldu.

Zərərlər fonduna dünyanın inkişaf etmiş ölkələri tərəfindən yardımın ayrılması, nəzərdə tutulan məbləğin elan edilməsi, bu məsələ ilə bağlı sazişin imzalanması ciddi məsələlərdəndi. ABŞ, Çin və Azərbaycan metan sammitində bu ölkələrin tullantılardan yaranan emissiyaların azaldılmasının siyasətçilər tərəfindən müzakirəsi dünyanı düşündürən problemlərdən idi. Sammit çərçivəsində ABŞ, Çin və Avropa Birliyi bu sahədə mühüm öhdəliklərini diqqətə çatdırdılar. Kiçik Ada dövlətləri üçün dəstək layihəsinin liderlər tərəfindən gündəmə gətirilməsi, iqlim maliyyələşdirilməsinin əlçatanlığı ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsi, COP 29 çərçivəsində Kiçik Ada dövlətlərinin rəsmilərinin qaldırdıqları problemlərin diqqətə alınması ümumbəşəri prinsiplərə verilən töhfələr sırasına yazıldı. İqlim və səhiyyə davamlılığı komissiyası ÜST və COP 29-dan COP 30-a qədərki prezidentliklərinin nümayəndələri iqlim məsələlərinə səhiyyənin inteqrasiyasını təsdiq edən koalisiyasını təqdim etməklə bu həssas məsələnin ciddiliyini bir daha önə çəkdilər. İkilik, şəffaflıq hesabatları mövzusunda təşkil edilən sessiyada Azərbaycan, Andorra, Yaponiya və digər ölkələr hesabatların erkən təqdim olunacağını bəyan etməklə kifayətlənmədilər, şəffaflığın mühüm əhəmiyyətini qeyd etdilər. Sammit çərçivəsində ayrıca maliyyə, investisiya və ticarət gününün keçirilməsi, bu sahədə özəl sektorun yerinin xüsusi olaraq vurğulanması diqqətçəkən məsələlərdən idi. 10 milyondan çox aktiv idarə edən investor qruplarının özəl kapitalın iqlim bazarlarına yönləndirilməsinə dəstəyi öz üzərinə alması, Asiya İnkişaf Bankının buzlaqların qorunması üçün ayırdığı vəsaitin ciddi bir məbləğ olmaqla yanaşı bu həssas məsələyə diqqət çəkməsi, Azərbaycan banklarının Yaşıl Dünya üçün, Kanadanın İqlim adaptasiyası üçün xeyli vəsait ayırması faktı da ölkəmizdə keçirilən COP 29-un tarixi əhəmiyyətini bir daha göz önündə sərgilədi. Bakı iqlim maliyyəsi təşəbbüsünün COP 29 rəhbərliyinin maliyyə, ticarət və investisiyanın iqlim gündəminin mərkəzində yer alması bu təşəbbüsün tarixi əhəmiyyətini sübut etdi. Sammit çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa günün seçilməsi ilə enerji öhdəliklərinin diqqətə çatdırılması, öhdəliklərin müəyyən edilməsi, enerji saxlama, şəbəkələr, bərpa olunan enerji zonaları, hidrogenlə bağlı yeni təşəbbüslərin elan edilməsi, hidrogen layihələri, inkişaf maliyyə institutları, inkişaf etməkdə olan ölkələrə bu istiqamətdə dəstəyin verilməsi ilə bağlı məsələlərin müzakirəsi, Urbanizasiya, Nəqliyyat və Turizm günü çərçivəsində bu istiqamətdə qarşıda duran vəzifələrin müzakirəyə cəlb olunması Bakı sammitinin tarixi əhəmiyyətini bir daha diqqətə çatdırdı. 50-dən çox ölkənin iştirakı ilə gəmiçilikdə emissiyaların müzakirəsi də diqqətçəkən faktlar sırasında yer aldı. Təmiz qidalanma, təmiz enerji mənbələrinin yaranması üçün vəsaitin ayrılması, sülh və iqlim təşəbbüsü çərçivəsində 192 dövlətin COP Atəşkəs çağırışına dəstək verməsi Bakı Sülh və Bərpa çağırışının zamanın tələbi olduğunu təsdiq etdi. Sammit çərçivəsində Elm, texnologiya, innovasiya və rəqəmsallaşma kimi ciddi istiqamətlərin müzakirəsi, 90-dan çox hökumətin, mindən çox rəqəmsal texnologiya təşkilatının iqlim dayanıqlığını gücləndirmək üçün rəqəmsal alətlərdən istifadəni dəstəkləməsi, COP 29 Yaşıl Rəqəmsal Bəyannaməni imzalaması COP 29-un onuncu günü Kənd təsərrüfatı, təbii məhsulların istehsalı məsələlərinin təhlilə cəlb olunması, qarşıda duran vəzifələrin həlli yolları ilə bağlı fikir mübadiləsinin aparılması, ekoloji problemlərin, qaz emissiyalarının, iqlim dəyişikliyinin bu sahədə əldə olunan naliyyətlərə mənfi təsirlərinin diqqətə çatdırılması, ekoloji fəlakətlər, ərzaq qıtlığı, su çatışmazlığı kimi məsələlərlə üz-üzə qalan bəşəriyyətin nicatının ümumi məqsədlər naminə dünya dövlətlərinin ortaq dəyərlərə töhfəsinə bağlı olduğunu sübut etdilər.

COP-29-un on birinci gününün biomüxtəliflik mövzusu ilə açılması bu sahənin mütəxəssislərinin maraqlı, həm də yaddaqalan çıxışları ilə müşayiət olunması onun məna tutumunu bir qədər də artırdı. Biomüxtəlifliklə bağlı məsələlərin bütün parametrləri ilə müzakirə olunduğu paneldə iqlim dəyişikliyində qadın liderlərin rolunun gündəmə gətirilməsi, iqlim problemlərinin həllində sadiq qızlar nəslinin yetişdirilməsi kimi prioritetlərin diqqətə çatdırılması Ana təbiətə, Anaların verə biləcəkləri töhfələrin daha çox ola biləcəyini təsdiqlədi. İqlim problemlərinin həllində uşaqların, yeniyetmələrin, gənclərin, liderlərin, qadınların, qeyri-hökumət təşkilatlarının rolu kimi ciddi məsələlərin diqqətə çatdırılması, müzakirəyə çıxarılması Bakı sammitinin tarixi əhəmiyyətini dünyaya bir daha nümayiş etdirdi. Plastik tullantıların effektiv idarə edilməsi, çətinlikləri, bu çətinlikləri anlamaq və imkanları kəşf etmək mövzusunun müzakirəsi, okeanlarda, dənizlərdə tullantıların mövcudluğu, onun sualtı biomüxtəlifliyə mənfi təsirləri kimi faktların qarşısının alınması istiqamətində görüləcək işlərə həsr olunan layihələrin dəstəklənməsi, okeanlarda və dənizlərdə plastik tullantıların qab şəklində istehsalının aradan qaldırılması, əsasən gəmi və qayıqlar, neft, qaz və mazut tullantıların vasitəsilə onların çirkləndirilməsi problemlərinin aradan qaldırılması, qarışısının alınması, suyun təmizlənərək yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi kimi həlli vacib məsələlərin elmi aspektlərinin müzakirəsi maraq doğuran faktlardan idi. Şərqi və Qərbi Afrikada, isti ölkələrdə qida təhlükəsizliyi, qida problemləri, su ehtiyatlarının mənbələrinin tapılması, yaradılması, bunun üçün generasiya üsulunun tətbiqi kimi məsələlərin ciddi maliyyə imkanlarına ehtiyac olduğunu bir daha sübut etdi.

BMT-nin Qırmızı Siyahısının Planetimizin xilası üçün Çağırışı isə xüsusi əhəmiyyəti ilə diqqət çəkdi. “İqlim-təbiət və insanlar üçün Meşələr!” “Meşələr üçün iqlim maliyyəsində istifadə!” çağırışlarının iştirakçı ölkələr tərəfindən maraqla qarşılanması bəşəriyyəti düşündürən bu həlli vacib məsələnin istiqamətini müəyyənləşdirdi. Oksigen bazalarının yaradılması üçün yeni meşə zolaqlarının salınmasının təxirəsalınmaz prioritetlər sırasında olduğunu təsdiq etdi. İqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi, şəhərsalma arasında əlaqələrin öyrənilməsinə həsr olunan məsələlərin RİO-TRİO - təşəbbüsləri özündə ehtiva edən panel çərçivəsində təşkil edilən elmi konfransda müzakirəyə çıxarılması elmin, cəmiyyətin maariflənməsindəki yerini və rolunu müəyyən etdi. Bilik mübadiləsinin, elmi-innovativ vasitələrin bu məsələyə təsiri imkanları diqqətə çatdırıldı. İqlim problemlərinin həllində katalizator rolu oynayan gənclərin elmə istiqamətləndirilməsi üçün təhsil verənlərin üzərinə düşən vəzifələr barədə söz açıldı. COP 29 çərçivəsində “Dekorbanize Qlobal Uşaq Manifesti”nin qəbul edilməsi, manifestdə 75-dən çox ölkənin, bütün qitələrdən olan uşaqların biomüxtəlifliyin qorunması üçün bəşəriyyətə çağırışının əksini tapması sammitin təbiət-cəmiyyət-insan faktorlarının həlqəli şəkildə bir-birinə bağlı olduğunu bir daha təsdiq etdi. İqlim maliyyələşdirilməsində gender aspektlərinin nəzərə alınması, feminist təşkilatların bu istiqamətdə görüləcək tədbirlərə cəlb edilməsi məsələlərinin gündəliyə salınması, qeyri-hökumət və sahibkarlıq təşkilatlarının bu məsələdə aparıcı qüvvəyə çevrilməsi  faktlarının COP 29-un kürsüsündən səslənməsi, planetin problemlərinin həllində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və ehtiyac içərisində olan ölkələrə dəstəyinin vacib şərt kimi irəli sürməsi, onu ayrı-ayrı panellərdə müzakirəyə çıxarılması,  hüquqi bazasının prezidentlər, vitse-prezidentlər, baş nazir və nazirlər, spikerlər, dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər tərəfindən müəyyənləşdirilməsi ölkəmizin ev sahibliyi etdiyi COP 29-un tarixi əhəmiyyəti ilə yanaşı onun keçmişlə gələcək, tarixlə müasirlik arasında körpüyə çevrildiyini təsdiq etdi.

Müzakirə olunan məsələlərin əhatəli şəkildə araşdırılmasına, gündəliyə salınmasına baxmayaraq, diqqət tələb edən bəzi problemlərin çoxluğu, tədbirə ev sahibliyi edən ölkəmizin tərəflərə yaratdığı münbit şərait 11 gün nəzərdə tutulan COP 29-un bir gün də uzadılması məsələsini gündəmə gətirdi. 12 gün müzakirə edilən məsələlər sübut etdi ki, yüz illərdir müstəmləkəyə çevrilən, qayğılar içərisində üzülən ölkələrin sayı heç də az deyil. Ayrı-ayrı panellərdə, iclaslarda, müzakirələrdə qoyulan məsələlərin sırasında “Afrika gənclərini ön plana çəkmək, Korpus Afrika Yaşıl dərslərindən öyrənilən nəticələr” mövzusunda keçirilən paneldə iqlim dəyişikliyində afrikalı gənclərin, afrikalı kənd qadınlarının dinlənilməsi, onlara haqq etdikləri liderlik xüsusiyyətlərinin aşılaması, keyfiyyətlərinin təbliği, “Gənclərin iqlim və biomüxtəliflik çərçivələrinin həyata keçirilməsində rolu” kimi ciddi məsələlərlə yanaşı, “Ətraf mühit üzrə xəbərlər şəbəkəsi”ndə Afrikanın bu istiqamətdə üzləşdiyi problemlərin həlli yolları ilə bağlı qərarların alınması, gənclərin xəbərlər şəbəkəsinə qoşularaq bu məsələlərin ictimailəşdirilməsindəki rolu və yeri barədə məlumatların verilməsi COP 29-un yadda qalan günlərindən idi. Əlavə salınan, gündəlikdən kənar nəzərdə tutulan 12-ci günün qrafiki, ziyarətçilərinin sayının çoxluğu, müzakirə olunan məsələlərin əhəmiyyəti belə tədbirlərə sıx şəkildə ehtiyac olduğunu diqqətə çatdırdı.

“Yaşlı nəsil, nəsillərarası ekoloji şüurun formalaşması” masasında müzakirə olunan ağacəkmə aksiyasının təbliği, ekoklubların yaranması kimi məsələlərin müzakirəsi, 12-ci günün panelinə xüsusi ahəng qatan təqdimatlar, “Gələcəyin qurulması” masasında müzakirə olunan məsələlər isə COP 29-un sanki bütün məqsədlərini, məramını üzə çıxardı. Sammitin bütün şərtlərini, parametrlərini sistemləşdirərək qaldırılan məsələlərin Yaşıl Gələcək Naminə Hərəkata töhfə olduğunu inamla ifadə edən masa iştirakçıları qənaətlərini xüsusi çarxlar vasitəsi ilə nümayiş etdirdilər. “Gələcəyin mövzusu” masasında dünyada və Azərbaycanda keçirilən COP layihələrinin əhəmiyyəti, COP 29-a ev sahibliyi dövründə Azərbaycanın tarixi xidmətləri, BMT-nin layihələrinə diqqət və qayğısı barədə ehtiramla söz açıldı. COP irsinin fundamental irs olaraq bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılırdı. 12-ci gün çərçivəsində Dayanıqlı İnkişafa töhfə sayılan dəyirmi masalar, panellər çərçivəsində “Azərbaycan İrəvanı” adlı kitabın təqdimatı sosial layihə olan COP çərçivəsində tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda mövcud olan, lakin, 1988-ci ildən, Azərbaycanlıların deportasiyasından sonra erməni daşnakları tərəfindən vandalizmə məruz qalan, tarixi abidələr və məhv edilən Yaşıl Dünya barədə məlumat verilirdi ki, bu da COP 29-un siyasi əhəmiyyətinə bir nümunə idi.

BMT-nin Baş Katibi Antonyo Quterreşin Bakıdan, Xəzərin sahilindən üzünü dünyaya tutaraq “İndi mümkün kompromis sahələri tapmaq vacibdir!” nidası ilə çağırış etməsi, ədalətdən uzaq Qərb dövlətlərinə - BMT-nin qurucularının bəzilərinin üzünə dəyən sərt “Osmanlı tokatı” oldu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dörd qətnaməsi 30 il icra olunmayan, Ermənistan silahlı qüvvələri tərəfindən daşı daş üstə qalmayan Qarabağın, Şərqi Zəngəzurun yer üzündən silinməsinə ikili standartları sərgiləyən, demokratik dəyərlərdən, humanist prinsiplərdən danışanlar Azərbaycanın ləyaqətlə ev sahibliyi etdiyi COP 29-da dövlət başçıları səviyyəsində təmsil olunmadılar. Bu tədbirin bizdən çox onlara, bütün dünyaya, bəşəriyyətə aid olunduğunu unutdular!

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli lider obrazı ilə bütün dünyaya bir daha sübut etdi ki, burada, Güney Qafqazda bir qüdrətli ölkə, dövlət, əzəmətli xalq var. Ona inanmaq, ona arxalanmaq, ona bio-resurslarına görə deyil, qüdrətli şəxsiyyətlərinə, fikir və düşüncə sahiblərinə, ümumbəşəri dəyərlər xəzinəsinə min illərdir töhfələr verən mütəfəkkir alimlərinə, xeyirxahlığı, yaxşılığı, mərhəməti, məhəbbəti, multikultural dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, açıq süfrəsi, geniş qəlbi ilə dünya insanına örnək olan xalqına görə dəyər vermək gərəkdir! O, bir Müzəffər Ali Baş Komandan kimi bu həqiqəti dünyaya, iradənin gücü, xarakterin əyilməzliyi ilə “Əziz Şuşa Sən Azadsan!” nidasıyla üç rəngli, hilallı, ulduzlu Bayrağımızı Şuşa qalasından asarkən nümayiş etdirmişdi!

Hər hansı bir dövlətin, dövlət başçısının tədbirdə iştirakından asılı olmayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfər Konfransının 29-cu sessiyasının - COP 29-un Bağlanış mərasimi, alınan qərarlar, iştirakçı dövlətlərin iradəsini ifadə edən, tərəfləri razı salan maliyyə sənədi - Bəyənnamə bəşəriyyətin taleyi, gələcəyi naminə ciddi rəsmi sənəd kimi tarixə yazıldı. Sübut etdi ki, Azərbaycan təkcə Güney Qafqazın deyil, dünyanın qüdrətli dövlətlərindən biridir.

                                                                                  

                                                                        

                                                                          Cəlil Xəlilov

                                                                  Azərbaycan Respublikası Müharibə,

                                                                 Əmək və Silahlı Qüvvələr Veteranları

                                                                        Təşkilatının sədri, polkovnik

 

 

 

2024-11-25 11:06:01
4133 baxış

Digər xəbərlər

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC ölkədə gümüş külçələrə olan tələbatın yerli məhsullar hesabına qarşılanması və investisiya imkanlarının genişləndirilməsi məqsədilə ilk dəfə olaraq yerli xammal əsasında istehsal edilmiş 999,9 əyarlı gümüş külçələrin satışına başlayıb. Son illərdə yaşıl enerji texnologiyalarının sürətli inkişafı və elektronika sənayesində gümüşdən istifadənin əhəmiyyətli dərəcədə artması bu qiymətli metalın qlobal bazardakı strateji rolunu daha da gücləndirib. Eyni zamanda, beynəlxalq bazarlarda gümüşə olan artan tələb onun investisiya aktivləri sırasında daha cəlbedici mövqe tutmasına əlverişli şərait yaradıb. Gümüş külçələrin bazara çıxarılması dəyər zəncirinin genişləndirilməsinə töhfə verməklə yanaşı, vətəndaşlar üçün alternativ investisiya alətinin formalaşdırılmasını hədəfləyir. İlkin mərhələdə istehlakçılara 250, 500 və 1000 qramlıq çəkilərdə təqdim edilən məhsulların növbəti mərhələdə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınmaqla müxtəlif çəki kateqoriyalarında yeni çeşidlərinin istehsalı planlaşdırılır. Qeyd edək ki, gümüş külçələrin Satış və Mübadilə Mərkəzində milli valyuta ilə geri alışı da həyata keçiriləcək. Sözügedən məhsullar istehlakçılardan Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik rəsmi məzənnəsi əsas götürülməklə, külçənin metal dəyərinə 10% əlavə ödəniş tətbiq olunmaqla geri alınacaq. Gümüş külçələr Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Hamısını oxu
general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir

Bu yaxınlarda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir keçirildi. Polkovnik-leytenant Mikayıl Hüseynov qonaqları, müəllim və kursant heyətini salamladı. Ulu öndər Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildikdən sonra "Ürəklərdə yaşayan sərkərdə" sənədli filmi nümayiş etdirildi. İlk söz alan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı Həzi Aslanov haqda oxuduğu kitablardan bəzi xatirələri yada salaraq xoşbəxt millət olduğumuzu diqqətə çatdırdı: "Biz o qədər xoşbəxt millətik ki, oğullarımız uzaqlarda da Azərbaycanın adını həmişə yaşadıblar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov hər birimizə örnək olan, Azərbaycanın adını yüksəldən oğullardandır. İndiki müharibə şəraitində də Həzi Aslanov kimi oğullarımız az deyil." Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Həmid Cəfərov çıxışında ümummilli lider Heydər Əliyevin peşəkar zabit hazırlığına və qəhrəmanlıq salnaməsində adı keçən oğullarımıza qayğı göstərməsinə diqqət çəkdi: "Ümummilli Liderin rəhbərliyi dövründə istər İkinci Dünya müharibəsində, istərsə də Qarabağ müharibəsində döyüşən oğullarımız dövlətin himayəsində olublar. Ulu Öndərimizin Həzi Aslanov kimi oğullarımıza diqqət və qayğısı baxdığımız sənədli filmdəki çıxışından görsənir: "Həzi Aslanov Azərbaycan xalqının Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan nümayəndələrindən ən görkəmlisidir. O, döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə layiq olduğunu nümayiş etdirmişdir. ... Mən Böyük Vətən müharibəsində həlak olmuş, Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından müdafiə edərkən şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi qarşısında baş əyirəm." Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Ali Hərbi Məktəbində görüşün təsadüf olmadığını bildirdi: "Biz həmişə çalışırıq ki, bizim kursantlarımız, gələcək zabitlərimiz ən yüksək biliyə nail olsunlar. Onların xidməti ilə həmişə maraqlanırıq. Arzu edirik ki, onlar da Azərbaycanın qəhrəman oğullarına oxşasınlar. Gördüyünüz film göstərdi ki, Həzi Aslanov Azərbaycanın Böyük Vətən müharibəsində xidmət etmiş ən görkəmli sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz qeyri-adi istedada malik olan bir hərbçi idi. Belə qəhrəmanlarımız gənc nəsil üçün örnəkdir. Çünki dövlətimizin təhlükəsizliyini sizlər təmin edəcəksiniz. Azərbaycan torpağını işğaldan siz azad edəcəksiniz. Ona görə də hərbi, fiziki, mənəvi hazırlığınız yüksək səviyyədə olmalıdır. Torpaqlarımızın işğaldan azad olunmasında siz də öz sözünüzü deyəcəksiniz, Azərbaycan bayrağını Şuşada, Xankəndində və işğal olunmuş digər rayonlarımızda dalğalandıracaqsınız." Sonda bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının adından  fəxri fərmanlar təqdim edildi.   Kapitan Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"

Hamısını oxu
“İkinci Dünya müharibəsi veteranlarının tapdanan haqqını onlara qaytaran məhz Heydər Əliyev olub”

Nəsib Məhəməliyev: “Ulu öndər sübut etdi ki, faşizm üzərində qələbəni bayram etmək xalqımızın haqqıdır və bu haqqı heç kim onun əlindən ala bilməz”   “Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq”   Mayın 10-nu ümummili lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.   Millət vəkili Nəsib Məhəməliyevlə söhbətimizdə Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salmağa çalışdıq.      -Nəsib müəllim, qarşıdan ümummilli liderin anadan olmasının 98-ci ildönümü gəlir. Necə hesab edirsiniz, ordumuzun 44 günlük müharibədə əldə etdiyi böyük zəfəri ulun öndərin ad gününə ən böyük hədiyyə hesab etmək mümkündürmü?      -Şübhəsiz. Bugünkü güclü Azərbaycan ordusunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Ötən əsrin 70-ci illərində, Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, milli zabit kadrlarının hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Vətən müharibəsində özünü döyüş meydanında təsdiq etmiş nizami ordunun komandir heyətinin əksıriyyəti həmin litseyin məzunlarıdır.  Ulu öndərin ordu, Silahlı Qüvvələrlə bağlı çıxışlarını təhlil edəndə görürük ki, Heydər Əliyev bugünkü günləri görürmüş. Ümummilli lider bugünkü günlərə hazırlığın təməlini hələ o vaxt qoyub. Ulu öndər bilirdi ki, güclü orduya nail olmaq üçün hər şeydən öncə güclü iqtisadiyyat lazımdır. Güclü iqtisadiyyat güclü ordu deməkdir. Odur ki, Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın formalaşması üçün ciddi və sistemli fəaliyyət göstərdi. Bu baxımdan, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun işğalçı Ermənistan üzərindəki bu tarixi zəfəri ulu öndərin ruhuna ən qiymətli hədiyyə hesab etmək olar.     -Azərbaycanda güclü, nizami ordu quruculuğu prosesinin əsasının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladınız. Bu baxımdan söyləmək olarmı ki, 44 günlük Vətən müharibəsində əldə edilən zəfərdə ən çox pay sahibi olan şəxslərdən biri, bəlkə də birincisi elə ulu öndərdir?     -Təbii. Bunu ilk növbədə ona görə demək mümkündür ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi kursu Heydər Əliyev kursunun davamıdır. Cənab prezuident həm daxili, həm də xarici siyasətdə Heydər Əliyev prinsiplərini əsas götürür. Bunlar praktikada özünü təsdiqləmiş, doğrultmuş prinsiplərdir. Buna görə də bu qələbədə Heydər Əliyevin böyük pay sahibi olduğu birmənalıdır.     -Abadlıq, qurucluq Heydər Əliyevin bütün siyasi fəaliyyətində mühüm yer tutan əsas məsələlərdən biri olub. Hansı ki, bu gün prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən də bu siyasət davam etdirilməkdədir. Sizcə Heydər Əliyevdən miras qalan bu və digər ənənələrin bundan sonra da davam etdirilməsi, yaşadılması xalqımızın və dövlətimizin maraqları baxımından nə dərəcədə vacibdir?     -Hər bir şəhərin, kəndin abadlığı həmin ölkənin, həmin xalqın simasıdır. Bu gün Bakı hava limanına enən hər bir şəxs şəhərimizdəki inkişaf və abadlığın şahidi olur. Bu, hər şeydən öncə millətə verilən qiymətdir. İnsanlar gözəl yerlərə, yüksək estetik abadlığın mövcud olduğu, tarixin qorunduğu və yaşandığı məkanları görmək istəyirlər. Belə mühitdə yaşamaq istəyirlər. Bu, normal və təbiidir.   Abadlıq, quruculuq daim cənab prezidentin diqqət mərkəzindədir və Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi faktı da bununla əlaqədardır.  Prezidentimiz yüksək zövqə malik insandır. O, sadəcə bugünə deyil, həm də gələcəyə hesablanan layihələrin ölkəmizdə reallaşmasını həyata keçirir ki, bu da dövlətimizin, xalqımızın maraqları baxımından son dərəcə əhəmiyyətlidir. Işğaldan azad edilən bölgələrimizin abadlaşdırılması timsalında biz nə qədər böyük, müasir layihələrin planlaşdırıldığına şahid oluruq. Prezidentimizin bu layihələri gələcəyə hesablanmış layihələrdir.   -Nəsib müəllim, bugünlərdə prezident İlham Əliyev Böyük Vətən Müharibəsi iştirakçılarına birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sərəncam imzaladı. Bildiyiniz kimi, ulu öndər də hər zaman Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət göstərib, faşizmə qarşı mübarizəni Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi adlandırıb. Sizcə ölkə başçısının məlum sərəncamı dövlətimizin veteranlara olan diqqət və qayğısının növbəti təzahürü hesab edilə bilərmi?     -Ulu öndər veteranları cəmiyyətin ən hörmətli hissəsi adlandırıb. Bu, təsadüfi deyil. Xalq Cəbhəsi-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi dönəmdə - 90-cı illərin əvvəlində Böyük Vətən Müharibəsində iştirak etmiş veteranlar, əlilər praktiki olaraq çıxdaş olunmuşdu. Onlara hörmətsiz bir münasibət mövcud idi. Bu insanlara qarşı əsassız ittihamlar səslənirdi. Əsas ittihamlardan da biri o idi ki, bu insanlar özgə torpaqlarını müdafiə edib. Guya Hitler Almaniyası qələbə qazansaydı, bizim üçün daha faydalı oalrdı və s. Yəni çox yanlış bir yanaşma vardı. Bu, AXC-Müsavat hakimiyyətinin ən böyük yanlışlıqlarından biri idi.   II Dünya Müharibəsində Azərbaycandan 700 mindən çox insan cəbhələrdə faşistlərə qarşı döyüşlərdə iştirak edib. Onların təxminən yarısı həlak olub. Bu cür yanaşma həmin insanların ruhuna hörmətsizlikdir.   İkincisi, arxa cəbhədə gecə-gündüz çalışan neftçilərimiz, digər əmək adamlarımız olub. Cəbhəni ərzaqla, digər zəruri məhsullarla təmin edən insanlarımız olub. Belə yanlış yanaşma onların da zəhmətini heç etmək demək idi. Mahiyyət etibari ilə bu cür yanaşma cəmiyyətin mənəvi dayaqlarını sarsıdırdı. Bu, nəvə-nəticələri babalarla üz-üzə qoymaq, dünənlə bu gün arasında dəmir pərdə çəkmək demək idi. Ulu öndər bunun qarşısını aldı və veteranların haqqını doğru olaraq özlərinə qaytardı. Bundan sonra hər il 9 may Qələbə Günü münasibəti ilə veteranlara birdəfəlik yardımların verilməsi, onların sosial qayğılarının qarşılanması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atıldı. Prezident İlham Əliyev də 2003-cü ildən etibrən bu ənənəni davam etdirir. Bunun cəmiyyətdə necə böyük razılıqla qarşılandığı isə göz önündədir.   Biz faşizm üzərində qələbənin əldə edilməsində mühüm rol oynamış xalqıq. Bütün dünyanın faşizmlə mübarizə apardığı şəraitdə özümüzü bu qələbədən, bu qələbədəki payımızdan məhrum edə bilmərik. Bu qələbəni qeyd etmək Azərbaycan xalqının haqqıdır. Bu haqqı heç kim onun əlindən ala bilməz. Ələlxüsus, faşizmin ən qəddar forması olan erməni faşizmi ilə qarşılaşdığımız şəraitdə.     -Bu gün ölkəmizin hər bir yerində ulu öndərin xatirəsinə heykəllər ucaldılıb, küçə və parklara onun adı verilib. Sizcə işğaldan azad edilən torpaqlarda da ulu öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılmalıdırmı?     -Bu, mütləqdir. Hesab edirəm ki, azad edilən hər rayonda Heydər Əliyevin heykəli ucaldılacaq, onun adına yeni parklar salınacaq. Işğaldan azad edilən ərazilər Azərbaycanın ayrılmaz bir hissəsidir. Orada müasir standartlara cavab verən böyük layihələr, yenidənqurma işləri həyata keçiriləcək. Bu işlər fonunda Heydər Əliyevin xatirəsinin əbədiləşdiriləcəyinə də əminəm.   Qarşıdan Milli Qurtuluş Günü gəlir. Əgər biz bu günün yaranma tarixinə baxsaq, o dövrün hadisəılərini təhlil etsək görərik ki, Azərbaycan dövlətinin dünya siaysi xəritəsində qalmasının səbəbkarı Heydər Əliyevdir. Əgər Heydər Əliyev 1993-cü ildə xalqın səsinə səs verməsəydi, bu gün Azərbaycan adında dövlət olmazdı. O vaxt Azərbaycanın hər bir kəndində, şəhərində silahlı bandit dəstələri var idi. Separatçılıq baş alıb gedirdi. Ermənistan torpaqlzrımızn xeyri hissəsini zəbt etmişdi. Bakıda metro, sərnişin qatarları, avtobusları partladılırdı. Insanlar küçəyə çıxa bilmirdi. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra atılan addımlar vəziyyətin stabilləşməsinə, normallaşmasına şərait yaratdı. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı. Dövlətçiliyi bərpa etdi və yenidən qurdu.   Müasir Azərbaycan dövlətinin xilaskarı, banisi ulu öndər Heydər Əliyevdir. Təbii ki, Heydər Əliyevin xatirəsi yaşadılmalı, onun həyatı, fəaliyyəti hər zaman öyrənilməlidir. Bu baxımdan işğaldan azad olunan hər bir rayonda onun adının əbədiləşdirilməsi mütləqdir! Bu xalqın öz Xilaskarına, Liderinə verdiyi vəfa borcudur.     Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib

4 dekabr 2024-cü il saat 14:00-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında  Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri, veteranlar, media mənsubları və ziyalılar iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Açılışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsinin önəmindən danışıb, hərbçilərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu müharibədə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundna əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirib, buna görə Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasına öz təşəkkürünü bildirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını bildirib. Tədbirdə çıxış edən, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Əliyarova, “Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev də “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirib. Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu