Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polis övladı Avropa çempionu oldu

Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda  Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib.

İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar.

Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır.

E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb.  Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb.

Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır.

Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır.

Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.

 

Ruslan Vəliyev,

polis baş leytenantı

 

2022-02-19 15:11:00
1665 baxış

Digər xəbərlər

İlham Əliyev:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. Publika.az Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir: “Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”. “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”. “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”. “Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək”. “Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin, əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.

Hamısını oxu
Bu gün şəhid Abdullayev Həsən Qərib oğlunun doğum günüdür

Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. 2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir.Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra idmanın karate-do növü ilə məşğul olmuş, bir sıra nailiyyətlər əldə etmişdir. 8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmişdir. 6 noyabr 2020-ci ildə Şüşa şəhərinin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Abdullayev Həsən Qərib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Subay idi.   

Hamısını oxu
Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadır

Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır. Bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görünür. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin "özfəaliyyəti" kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırığı və nəzarəti altında gerçəkləşib. Sərhədçimizə açılan atəş bir daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil, İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəbdən də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda sülhün, sabitliyin bərqərar olmasına imkan verməmək, yeni müharibə üçün münbit zəmin formalaşdırmaqdır. Ermənistan rəsmiləri - baş nazirdən tutmuş müdafiə və xarici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları digər fövqəlgüclər də var. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir. Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyir. Məlum insidentlə bağlı diqqətçəkən faktlardan biri də hadisənin Zəngilanda - İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura cəlb etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşürlər ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir. Məlum olduğu kimi, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma son təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurma riskini gücləndirir. Ancaq hər kəs - həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bu günə qədər olduğu kimi, bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "qisas əməliyyatı" zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq. Cəlil XƏLİLOV, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik.

Hamısını oxu
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda könüllü qanvermə aksiyası təşkil olunub. Tədbirdə hərbi institutun 100-ə yaxın kursantı, 30-a yaxın professor-müəllim və zabit heyəti iştirak edib.Aksiya zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb. Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.  

Hamısını oxu