Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Güclü Ordu – Güclü Dövlət: Müstəqil Azərbaycanın Qürur Mənbəyi

Bu gün dünyada müşahidə olunan gərgin geosiyasi vəziyyət yeni tip müharibə üsullarının tətbiqi, iqtisadi sanksiyalar, separatizm, etnik və dini qarşıdurmalar, terrorizm və digər destabilizasiya cəhdləri region ölkələrinin hərbi və milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Bu proseslər bir daha təsdiq edir ki, mövcud təhlükəsizlik sistemləri bu təhdidlərin qarşısını almaqda yetərincə səmərəli deyil. Azərbaycan isə geosiyasi, geoiqtisadi və geostrateji baxımdan olduqca əlverişli mövqedə yerləşdiyindən həm regional, həm də beynəlxalq güclərin diqqət mərkəzindədir. Ölkənin zəngin təbii sərvətləri, mühüm tranzit imkanları, sabit siyasi idarəçiliyi və artan iqtisadi potensialı onu regional gücə çevirir.

 Lakin bütün bu üstünlüklər eyni zamanda ciddi təhlükəsizlik risklərini də artırır. Bu səbəbdən Azərbaycan milli təhlükəsizlik strategiyasını daim yeniləmək və dinamik mühitə uyğunlaşdırmaq zərurəti ilə üz-üzədir. Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Göründüyü kimi, Azərbaycanın yaxın gələcəkdəki regional və qlobal mövqeyi onun necə bir xarici siyasət yürüdəcəyindən ciddi şəkildə asılı olacaqdır. Qlobal güclərin Cənubi Qafqazdakı maraqları və bu maraqlar uğrunda gedən mübarizədə Azərbaycanın öz milli maraqlarını maksimum qorumaq və hərbi təhlükəsizliyini möhkəmləndirmək üçün strateji addımlar atmasını zəruri edir. Bu səbəbdən ölkəmizin xarici siyasəti xüsusilə Ermənistanla olan keçmiş münaqişə fonunda hərbi-siyasi kursun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsini nəzərdə tutur.

 Hazırkı mərhələdə prioritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir. Azərbaycan ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır. Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur. 26 İyun – Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi ilə qeyd olunur. Bu əlamətdar gün həm də xalqımızın gücünün, həmrəyliyinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Milli Ordumuzun formalaşması isə şanlı və zəngin bir tarixə əsaslanır. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir. Azərbaycan Ordusunun bünövrəsi 1918-ci il iyunun 26-da qoyulmuşdur. Bu gün tariximizə ölkəmizdə ilk müntəzəm hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün kimi düşmüşdür. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. İlk hərbi nazir vəzifəsinə Xosrov bəy Sultanov təyin olundu, daha sonra bu vəzifədə general Səməd bəy Mehmandarov və general Əlağa Şıxlinski kimi peşəkar hərbçilər fəaliyyət göstərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri isə 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycan Milli Ordusunun birlikdə Bakını işğaldan azad etməsi oldu. Bu, müasir dövlətçilik tariximizdə ilk böyük hərbi zəfər kimi yadda qaldı. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, ölkə sovet işğalına məruz qaldı. Milli Ordu ləğv olundu, onlarla general və zabit repressiyaya məruz qaldı, çoxu şəhid edildi. Hərbi nazirlik ləğv olundu və Azərbaycan uzun illər müstəqil hərbi qüvvəyə malik olmadı. Milli Ordunun yenidən dirçəlişi yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra baş verdi. Bu dövrdə Azərbaycanın öz milli ordusunu qurmaq imkanı yarandı. Lakin bu proses çətin və keşməkeşli oldu. Müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi xaos, komandanlıq böhranı və fərarilik kimi hallar hökm sürürdü. Bu zəiflikdən istifadə edən Ermənistan torpaqlarımızı işğal etməyə başladı.

Azərbaycan Ordusunun real və sistemli quruculuğu yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa müddətdə ordu sıralarını vahid komandanlıq altında birləşdirdi, nizami ordu formalaşdırıldı və ordu quruculuğuna əsaslı şəkildə start verildi. Füzuli istiqamətində keçirilmiş uğurlu əks-hücum əməliyyatları da məhz Ulu Öndərin birbaşa komandanlığı ilə baş tutdu və bu əməliyyatlar zamanı bir sıra ərazilərimiz düşməndən azad edildi. 1994-cü ildə onun siyasi iradəsi ilə Ermənistanla atəşkəs razılaşması imzalandı. Bu mühüm qərar Azərbaycan ordusunun möhkəmləndirilməsi və genişmiqyaslı, planlı quruculuq işlərinə başlamaq üçün strateji şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində ardıcıl qanunvericilik və struktur islahatları həyata keçirildi. 1998-ci il 22 may tarixli sərəncamla 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu tarixdən etibarən 26 İyun hər il dövlət səviyyəsində qeyd edilir, hərbçilərimizin qəhrəmanlığına dərin ehtiram ifadə olunur. Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, 2001-ci ildə isə Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilər Məktəbi təsis olundu. Bunlar Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşdırılması istiqamətində atılmış mühüm addımlar idi. Beynəlxalq hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoydu.

2001-ci ildən etibarən Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat" planına qoşuldu, hərbçilərimiz sülhməramlı əməliyyatlarda iştirak etdi. Azərbaycan hərbçiləri İraq, Əfqanıstan, Kosovo kimi bölgələrdə beynəlxalq missiyalarda uğurla xidmət etdilər. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırırdı. Onun bu sahədə tarixi fikirlərindən biri belə idi:"Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır." Bu fikirlər müasir Azərbaycan əsgərinin mənəvi dayaq nöqtəsinə çevrilmişdir. Ordu sıralarında vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbçilərdə milli qürur və dövlətçilik şüurunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin siyasətində əsas istiqamətlərdən biri olmuşdur. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirir, onu daha da zənginləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırmaqdadır. Onun diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda peşəkarlığın artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də Silahlı Qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atılmışdır.

 Qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilmişdir. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizin müdafiə qabiliyyəti daha da möhkəmləndirilmiş, milli təhlükəsizlik sistemimiz yüksək səviyyəyə çatdırılmışdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf strategiyası müasir ordu quruculuğuna mühüm dəstək vermişdir. Müdafiə sahəsinə ayrılan maliyyə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təmin olunmuş, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmışdır. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılmış, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilmişdir. Azərbaycan Ordusunun qüdrəti müxtəlif döyüşlərdə əyani şəkildə nümayiş etdirilmişdir. 2011-ci ildə Bakıda keçirilən hərbi parad, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı bu qüdrətin bariz sübutudur. Aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi də daxil olmaqla, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisini işğaldan azad etdi.

Günnüt əməliyyatı zamanı isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Günnüt kəndi düşməndən təmizlənərək strateji mövqelər Azərbaycanın nəzarətinə keçdi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci ildə Bakının Azadlıq Meydanında keçirilən təntənəli hərbi paradda Prezident İlham Əliyevin dediyi bu sözlər hər bir azərbaycanlının qəlbində əbədi iz buraxdı: "Biz mütləq torpaqlarımıza qayıdacağıq!". Bu qətiyyətli bəyanat cəmi iki il sonra gerçəyə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində analoqu olmayan bir qəhrəmanlıq dastanı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı ilə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbirdə iştirak etdilər. Paradda düşməndən qənimət kimi götürülmüş texnikalarla yanaşı, işğaldan azad edilmiş torpaqlarda ucaldılmış üçrəngli bayraqlar nümayiş etdirildi. Bu müharibə zamanı 2900-dən çox əsgər və zabitimiz şəhidlik zirvəsinə ucaldı.

Onların müqəddəs qanı ilə yazılan bu Zəfər bizim milli fəxrimizə və əbədi qürur mənbəyimizə çevrildi. Vətən uğrunda canlarından keçən igidlərimizin qəhrəmanlığı dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. 2020–2021-ci illərdə imzalanmış sərəncamlarla 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olunmuş, onlarla hərbi qulluqçuya ali rütbələr verilmişdir. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz ordusuna inanır, güvənir və bu birlik qarşısında heç bir düşmən dayana bilməz. Məhz bu inamın nəticəsi idi ki, Ali Baş Komandanın daim təkrarladığı “biz öz torpaqlarımıza qayıdacağıq” vədi döyüş meydanında gerçəyə çevrildi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət böyük sərkərdəliklə və xalq-ordu birliyi ilə təmin olundu. Prezident İlham Əliyev 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə görüşdə bu tarixi Qələbə barədə belə deyirdi: “Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır.” Post-müharibə dövründə də həm Silahlı Qüvvələr, həm də təhlükəsizlik strukturları təkmilləşdirilir. Komando briqadalarının sayı artırılır, Hərbi Qənimətlər Parkı kimi layihələrlə tarixi zəfər gənc nəslə aşılanır. Bu gün Azərbaycan Ordusu təkcə sərhədləri deyil, xalqın ləyaqətini və dövlətin suverenliyini qoruyur. Azərbaycan təhlükəsizlik xidmətləri isə istər sərhəd boyu təxribatların qarşısının alınmasında, istərsə də kiber-mühitdə informasiya təhlükəsizliyinin təminində, eləcə də əks-kəşfiyyat əməliyyatlarında daim çevik və peşəkardır. Xüsusi qeyd edilməlidir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılmış Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Ordusunun ən çevik və döyüş qabiliyyətli bölmələrindəndir.

Bu qüvvələr Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında formalaşdırılmış və son 25 ildə Ordumuzun modernləşməsində mühüm rol oynamışdır. Bu tarixi Qələbəni mümkün edən əsas amillərdən biri xalqın öz ordusuna olan sonsuz inamı və etibarı, digəri isə peşəkar və texnoloji cəhətdən müasir silahlarla təchiz olunmuş ordunun yüksək döyüş qabiliyyəti olmuşdur. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan hərbçisi qarşısına qoyulan hər bir tapşırığı dəqiqliklə və şərəflə yerinə yetirməyə qadirdir. Bu, xalq–ordu birliyinin, milli həmrəyliyin və güclü dövlət quruculuğunun parlaq təntənəsidir. Bu gün Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə sülhün və sabitliyin keşikçisi olmaqla yanaşı, ölkəmizin suverenliyinin və müstəqilliyinin qəhrəman müdafiəçisidir. Qalib Azərbaycan xalqı və Müzəffər Ordusu bir daha sübut etdi ki, ordu olmadan dövlət olmaz və yalnız güclü orduya sahib olan xalq öz gələcəyini etibarlı şəkildə təmin edə bilər. Dövlət başçısının təşəbbüsü ilə əldə edilən tarixi qələbə münasibətilə Azərbaycan Respublikasının yeni orden və medalları təsis olunmuş, igid əsgər və zabitlərimiz “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı da daxil olmaqla 15 yeni orden və medalla təltif olunmuşlar. Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi çevik və effektiv hərbi taktika Qərb və ABŞ-ın aparıcı hərbi mərkəzləri tərəfindən yüksək qiymətləndirilmiş, bir çox ekspertlər Azərbaycan Ordusunun qarşısında heç bir dövlətin dayana bilməyəcəyini qeyd etmişlər. Ordunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılmasıdır.

Bu məqsədlə 2022-ci ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Milli Müdafiə Universiteti yaradılmışdır. Ordunun türk modeli əsasında yenidən qurulması onun döyüş qabiliyyətini daha da artırmışdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi təlimlər isə orduya əlavə güc və təcrübə qazandırır. Bundan əlavə, Azərbaycan dövləti İsrail, Rusiya və Pakistan kimi qabaqcıl ölkələrdən ən müasir silah və texnoloji sistemləri əldə edərək Silahlı Qüvvələrin texniki imkanlarını daha da genişləndirmişdir. Bu gün hər bir gənc güclü və qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi böyük şərəf sayır. 26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün hərbçilərimizi və ümumilikdə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik.

Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Azərbaycan əsgəri!


 

Cəlil Xəlilov:  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-06-23 10:46:44
3277 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: "Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir"

Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir. Azərbaycanda qazi və şəhid ailələrinə dövlət dəstəyi, onların problemlərinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olması, həll edilməsi prioritet məsələlərdəndir. Bunu Azərtac-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Respublika Veteranları Təşkilatının sədr müavini bildirib ki, ki, dövlətin şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlara qayğısı ildən-ilə genişlənməkdədir: “Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərildiyi hər kəsə məlumdur. Beynəlxalq mediada da bununla bağlı çoxlu sayda məlumatlar yer almaqdadır. Dünyanın bir çox ölkələrində Azərbaycanda şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən layihələr maraqla öyrənilir, bu sahədə dövlətimizin təcrübəsindən yararlanmağa çalışırlar. Ümumiyyətlə, insan faktoru, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Bunu istər ölkəmizdə həyata keçirilən layihələrdən, istər şəhid ailələri və qazilərə verilən imtiyazlardan, istərsə də dövlət büdcəmizin sosialyönümlü təşkilindən aydın görmək mümkündür. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğının əhəmiyyətli tərəflərindən biri də həssas kateqoriyaya olan bu yanaşmanın cəmiyyəti də eyni əhvali-ruhiyyəyə kökləməsi ilə bağlıdır. Bu qayğıya şahid olan hər kəs, o cümlədən gənc nəslin nümayəndələri anlayır ki, şəhid ailələri və qazilərə qayğı və ehtiram hər kəsin mənəvi borcudur. Bundan başqa, qazilərə olan dövlət qayğısı vətəni qoruyan, onun müdafiəsində dayanan hər kəsin xidmətlərinə verilən yüksək qiyməti göstərir və vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verir”. Cəlil Xəlilov indiki məqamda qazilərin də üzərinə xüsusi missiyanın düşdüyünü vurğulayıb: “Şəhidlərimiz, qazilərimiz 44 günlük Vətən müharibəsində düşməni doğma torpaqlarımızdan qovmaqla öz tarixi missiyalarını yüksək səviyyədə yerinə yetiriblər və xalqımız hər zaman buna görə onlara əbədi minnətdar olacaq. Bu, birmənalıdır. Lakin bu günün reallıqlarına nəzər salsaq görərik ki, bu gün erməni faşizmi ilə hərbi müstəvidə mübarizə başa çatsa da, hələ də bəzi təxribatçı qüvvələr ölkəmizdəki sabitliyi pozmağa, dövlətlə vətəndaşlar arasında süni gərginlik yaratmağa cəhd edirlər. Azərbaycanın tarixi qələbəsini, sosial-iqtisadi inkişafını, xalqın birlik və bərabərliyini həzm edə bilməyən qüvvələr müxtəlif vasitələrlə təxribatlar yaratmağa cəhd edir ki, bu da həm dövlət, həm də xalqımızın maraqlarına ziddir. Buna görə də iki il əvvəl düşmənə qarşı ön xətdə mübarizə aparan əsl qazilərimiz bu gün sosial mediada, gündəlik həyatlarında şahidi olduqları neqativ hallara, antimilli düşüncə və addımlara qarşı mübarizə aparmalı, bu sahədə də ciddi aktivlik sərgiləməlidirlər”. Polkovnik qeyd edib ki, bu gün qazilərin özündən təxribatçı məqsədləri istifadə etməyə çalışan qüvvələr mövcuddur: “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həm paytaxtda, həm də respublikamızın müxtəlif bölgələrində keçirdiyimiz tədbir və konfranslarda mövcud təhlükələrlə bağlı həyəcan təbili çalır, təxribatçı qüvvələrə qarşı birgə mübarizənin önəmini qeyd edirik. Həmin tədbirlərdə də qeyd edirik ki, bu gün əsl qazilərin özündən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə etməyə çalışan, onları öz məkrli niyyətlərinə alət etməyə cəhd edən qüvvələr mövcuddur. Onlar qaziləri keşiyində dayandıqları dövlətlə üz-üzə qoymağa çalışır, süni şəkildə gərginliklər yaratmağa çalışırlar. Qazilərimiz belə hallara qarşı diqqətli olmalı, öz hüquqlarını, tələb və arzularını əlaqədar dövlət qurumlarına müraciət etməklə, qanuni şəkildə qorumalı və diqqətə çatdırmalıdırlar. Hər bir qazi öz əməli və davranışı ilə, ortaya qoyduğu dövlətçilik mövqeyi ilə cəmiyyətə nümunə olmalıdır. Biz yalnız bu halda birliyimizi qorumaqla yanaşı, davamlı inkişafımızı təmin edə, ölkəmizin daha da çiçəklənməsinə nail ola bilərik”.  

Hamısını oxu
“ABŞ hərbi komandanlığının bu qərarı Prezident İlham Əliyevin uzaqgörənliyinə dəlalət edir”

“ABŞ ordusunda xüsusi təyinatlı qüvvələrin sayının artırılması ilə bağlı verilən qərar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyinə, hərbi məharət və səriştəsinə dəlalət edir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin illər öncə Azərbaycan ordusunda həyata keçirdiyi bu islahatın Amerika ordusunda yalnız indi gerçəkləşməsi, Müzəffər Ali Baş Komandanın uzaqgörənliyindən xəbər verir: “44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin sayının əhəmiyyətli dərəcədə artırılması prosesi həyata keçirildi. Yalnız Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də xüsusi təyinatlı qüvvələrin sıralarının genişləndirilməsi baş verdi ki, bu da zərurətdən irəli gəlirdi. Müzəffər Ali Baş Komandan öz çıxışlarında dəfələrlə bildirmişdir ki, Vətən müharibəsinin gedişatı və nəticəsi xüsusi təyinatlı qüvvələrin önəmini göstərdi. Müharibə göstərdi ki, müasir hərbi əməliyyatlarda xüsusi təyinatlı qüvvələrin rolu həlledicidir. Bu səbəbdən də ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmaqla yanaşı, Komando Qüvvələri də yaradıldı. Ali Baş Komandan Komando Qüvvələrinin hərbi hissələrinin açılışında şəxsən iştirak etdi, onlara fəaliyyətində uğurlar arzuladı. Bu günlərdə Ukraynadakı müharibənin nəticələrini təhlil edən ABŞ hərbi komandanlığı ordudakı xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərər verib. Amerikalı hərbi mütəxəssislər etiraf edib ki, Ukrayna müharibəsi bir daha göstərdi ki, müharibə zamanı önəmli olan ordunun sayı yox, onun keyfiyyəti, peşəkarlıq səviyyəsidir. Bu səbəbdən də ABŞ komandanlığı orduda ümumi ixtisarlar aparmaqla yanaşı, xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərar verib. Hansı ki, Prezident İlham Əliyev 4 il bundan öncə - Vətən müharibəsindən dərhal sonra Azərbaycan Ordusunda bu islahatı həyata keçirib. Bu müqayisə bir daha sübut edir ki, Azərbaycan bir çox məsələlərdə superdövlətləri belə qabaqlamağı bacarır və biz bütün bu uğurlara görə heç şübhəsiz Müzəffər Ali Baş komandanımıza, onun hərbi-siyasi uzaqgörənliyinə borluyuq”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hamısını oxu
Азербайджанская нация является одной из культурнейших в мире – генерал Тимошенко о силе Азербайджана

Hamısını oxu