Digər xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir. Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Siyavuş NOVRUZOV Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Misirdəki diaspor mərkəzində Azərbaycan dilinin qrammatikasını mənimsəmiş tələbələrin nitq qabiliyyətini təkmilləşdirmək məqsədilə fonetika klubu yaradılıb. Azərtac xəbər verir ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun sədrliyi ilə klubun ilk məşğələsi keçirilib. Qahirədə təhsil alan azərbaycanlı tələbələrin də iştirakı ilə həftədə 3 saat keçiriləcək dərslərdə misirli gənclər dilimizin orfoepiya normaları çərçivəsində sözlərin düzgün tələffüz qaydalarını öyrənəcəklər. Məşğələlər zamanı hər həftə yeni mövzu seçiləcək və tələbələrə Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin qiraəti üzrə biliklər aşılanacaq. Növbəti həftə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərini oxuyan və əzbərləyən misirli gənclər onları Azərbaycan dilində söyləyəcəklər. Kursun rəhbərləri onların nitqi ilə bağlı fonetik təhlil aparacaqlar. Qeyd edək ki, misirli gənclər və Qahirədə təhsil alan digər ölkələrdən olan tələbələr diaspor mərkəzimizdə təmənnasız keçirilən Azərbaycan dili kurslarına böyük maraq göstərirlər. Dilimizi öyrənmək istəyənlərin sayı ildən-ilə artır.
Hamısını oxu
Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Dərin hörmətlə anırıq! Ruhun şad olsun!
Hamısını oxu
Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyini aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq şəkildə qeyd etməliyik. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Bunlarla yanaşı, həmin dövrdə milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verib. Bu gün qürur və iftixar hissi ilə deyirik ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Xüsusi qeyd etmək vacibdir ki, Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və Cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir. Ümumiyyətlə, dövlət müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik ənənələrinin qorunması və yaşadılması məhz Ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra mühüm addımlar atmaqla tarixi və siyasi ənənələrimizin bərpasına nail olub. Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. Eyni zamanda, həmin vaxt Naxçıvanda əhalinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi də tarixi hadisələrdən biridir. Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızımn xilası, dövlətimizin qurtuluşu oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etdi, inkişaf yoluna çıxardı, dövlət müstəqilliyini möhkəmləndirdi. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində respublikamızın iqtisadi və siyasi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi. Bütövlükdə, müstəqillik dövründə Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb. Danılmaz həqiqətdir ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur. Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması xalqımızın mübarizə əzminin və dövlətimizin qüdrətinin ifadəsidir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan bayrağı 30 ildən çoxdur işğalda olmuş azad Qarabağımızın hər bir guşəsində dalğalanır. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir. Qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir. Ölkə Prezidentinin də dediyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir". Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu