Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

2024-12-11 13:34:32
3505 baxış

Digər xəbərlər

Qobustan rayon Veteranlar Təşkilatının sədri Abdulhəsən Ağayev vəfat edib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Qobustan rayon Veteranlar Təşkilatının sədri Abdulhəsən Ağayev Ağadayı oğlunun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi Üsküdarda hərəkətdə olan Valide Sultan gəmisində keçirilib

Veteran.gov.az xəbər verir ki, Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi və Tek Hedefim Təhsil birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Biz birlikdə Güclüyük” layihəsi çərçivəsində İstanbulda “Zengezur sənətkarlığı” sərgisi keçirilib.  Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəti  ilə həyata keçirilib. Tədbirdə yerli azərbaycanlılar, ictimaiyət nümayəndələri, yerli   Bələdiyyə rəhbərliyi, elm, mədəniyyət işçiləri, jurnalistlər iştirak ediblər. İlk öncə Türkiyənin İstiqlal Marşı və Azərbaycanın dövlət himni səsləndirilib. Giriş sözü ilə ilə çıxış edən İstanbuldakı Xarı Bülbül  Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kəmalə Cabbarova layihə haqqında danışaraq, Qərbi Azərbaycanda, Zəngəzurda xalqımızın yaratdığı böyük mirasa dair fikirlərini bölüşüb. Azərbaycanın İstanbuldakı konsulu Zaur ALLAHVERDİZADE, Marmara vakfının rəhbəri Akkan Suver itirilmiş dəyərlərimiz, Zəngəzurun tarixi və Qərbi Azərbaycan reallıqları haqqında fikirlərini bölüşərək Zəngəzura qayıdışdan danışıblar. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycanda - Zəngəzurda min illər boyu yaratdığı böyük mədəniyyət, sənət, mədəni miras haqqında danışaraq, tarixin müxtəlif dövrlərində yurt yerlərimizə ermənilərin köçürülməsi, azərbaycanlıların isə öz ata-baba yertlərindən deportasiyasının tarixi ədalətsizlik olduğunu qeyd edib. O, Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bütün Azərbaycanlılara məxsus tarixi, dini abidələri məhv etməsinə, yer adlarının dəyişdirilməsinə baxmayaraq, bu Vətən torpaqlarımızdan Azərbaycan irsini silə bilmədiklərini vurğulayıb. Samir Abbasov “Zəngəzur sənətkarlığı” layihəsi haqqında danışaraq, Sərdari ailəsinin əl sənəti ilə yaratdığı Qərbi Azərbaycana dair mədəni irs nümunələri haqqında məlumat verib, gələcəkdə də bu cür layihələrə  dəstək göstəriləcəyini qeyd edib. Sərgidə Tek hedefim Təhsil Birliyinin rehberi Cem Yıldırım və b. çıxışçılar Xarı Bülbül Azərbaycan Vizyon Teatr Birliyi ilə birlikdə layihələrini vurğulayaraq, bu cür işlərin Türk dünyasında əhəmiyyətli olduğunu açıqlayıblar. Daha sonra Azərbaycanın paytaxtı Bakıdan Zəngəzur sənətkarlığının (əl sənəti) sərgisini gətirən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri İsgəndər SƏRDARLI, Lalə SƏRDARLI, Toğrul SƏRDƏRLI çıxış edərək layihə haqqında məlumat veriblər.  Onlar xalqımıza məxsus yaratdıqları bu əl sənətinə dair nümunələrin maraqla qarşılandığını və keçirilən yüksək səviyyəli tədnirə görə Türkiyədəki qurumlarımıza öz təşəkkürlərini bildiriblər. Daha sonra layihə çərçivəsində bu mövzuda hazırlanmış sənədli film nümayiş etdirilib. Proqramın bədii hissəsi gəminin ikinci mərtəbəsində davam edib. Tədbirdə Azərbaycan musiqiləri və milli rəqslərimiz təqdim olunub. Serdarlı ailəsinə hər iki birlik tərəfindən mükafatlar təqdim olunub. İstanbulda Azərbaycan musiqiçiləri, vokalçı Vüsalə Ələkbərova, fortepianoda Fidan İsmayılova milli musiqilərimizi ifa ediblər. Qonaqlar üçün hazırlanmış milli təamlar, o cümlədən Azərbaycanın milli şirniyyatları, şəkərbura, paxlava, İrəvan kətəsi qonaqlara təqdim olunub. Tədbir böyük maraqla qarşılanıb, iki saatlıq dəniz gəzintisi ilə başa çatıb.  Seymur ƏLİYEV

Hamısını oxu
Enaxan Siddiqova

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən VII yazı 1954-cü ildə Özbəkistanın Fərqanə vilayətində anadan olub. Fərqanə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. “Qaragöz durnalar”, “Sümənbər nəsim”, “Könül üfüqləri”, “Eşq ifari” adlı şeir, “Sirli gecə fəryadı” adlı nəsr və bir sıra ədəbi-publisistik kitabları çap olunub. “Dostluq” və “El-yurd hörməti” ordenləri ilə təltif olunub. 2023-cü ildə vəfat edib.   Sevilmək üçün...   Biz sevilmək üçün gəldik dünyaya, Eşq odun olum mən ocaqlarına.   Bizi yaratmışdır qadir Allahım, Eşqin uca dari, sırtmaqlarına.   Bu dünya tuzakdır, fəryad gərək deyil, Düşmüşük yalnız eşq tuzaqlarına.   Eşq məgər cəhənnəm olsa, çağır ki, Cənnət qalıb girəcəyəm cəhənnəmlərinə.   Eşq deyə qiyamətə qədər gedəcəyik, Günahımız eşq deyə soraqlarına.   Eşqimiz ilahi, qurbanlıq aslı, Canımız tikilmiş bayraqlarına.   Bizi eşq mülkünə məhkum etsin Allah, Sürgün etsin sonsuz azablarına.   Anagül, tökülsək bir damla kimi, Əzəl sərkatibin mürəkkəblərinə.   Son gün   Ömür bircə dəfə verilmiş fürsət: Nanə kimi bitmək, çiçəkləmək azad. Gedərsən arxanca tökülsün ehsan, Arxandan bir dəfə ah çəksin günəş.   Ömür bircə dəfə verilmiş fürsət: Qərd deyil, ürəyim ol bir böyük dərd. Arxanca ah çəksin, ağlasın səma, Arxandan baş vursun qalan həmin bəxt.   Ömür bircə dəfə verilmiş fürsət: Parça-parça edib ürəyi yandırmaq. Başından qurbətlər ərisin, dövran, Ləkələrini gizlət o gün, ey mahtab.   Ömür bircə dəfə verilmiş fürsət: Bu dünya üstündən qəhqəhə vur, gül. Bir nəfəslik sussun axı bu cahan, Arxandan əzilib ağlasın bir gül.   Son günün ardından ən son fürsət: Saçını tozdursun, ah vurub getsin. Haqqın dərgahında o günü arman, Qəmlər tabutunu götürüb getsin.   O gün... o gün çox pıçıldayır, Səssizlik darına asılmış dilin. Şeirlərini oxuyub gözü yaşlanır, Cəsədin üstündə əyilir elin...   Ömür yalnız dəfə verilmiş fürsət...   Ömür təqvimindən bahar, payız keçdi...   Ömrüm təqvimindən altmış bahar, Altmış payız keçdi qırılan yarpaqtək. Həyat arxasından qaçıb, atılıb Mən nəyə vuruldum, nə sözü deyim?!   Kor sərnişin kimi mən bu yollarda Bəxti səhvə saldım, qəlbi itirdim. Tapmışam, ama heç yadımda deyil, İsti günlərdə elə soyuqlandım.   Bəzən düşünmədən mişarla yıxdım, Ürəyim böyüdən mavi ağacı. Bəlkə də oxuya bilmədən keçdim, Alnıma Allah bitmiş dəstxətti.   Ömrüm təqvimindən bahar, payız keçdi, Qış gəldi qəlibimə, qarlar da yağdı. Başımda hər zaman fırlanıb uçan, Səsi gelən o qara qarğalardı.   Ürəyim unudur, geri dönərsəm, Ah desəm, illərim tökülür tut kimi. Xalqım xatırlayırmı bir misramı? Sanki hamısı unudulub.   Amma həvəsim yox şairliyə heç, Haqqın dərgahında mən də sərnişin. Tale mənimlədir, Allah güc verər, Axı qaranlıq deyil, elçisiyəm işığın.   Bilirəm, qarşında çoxdur vəzifəm, Qəlbim gül açdıran yaradan haqqı. Yaxşı, dualar et, alnımdan da öp, Borcum kəsəbilsəm, ey ana xalqım!   * * * Xorlanmaq, təhqirə alışmış ürək, Gəlir elə Ümid, Erk və Hürriyyət! Ölməyəcəksənmi axı sevincdən. Qorxundan adını unutmuş Yarpaq kimi titrəyən, ürəyim, Mən sənə bir sütün qoymalıyam – Böyük bir sütun: Qürurdan – Namusdan – İmandan demək. Ta hər zaman yeddi bükülüb əyilmə deyə.   Özbək dilindən uyğunlaşdıran: Rəhmət BABACAN

Hamısını oxu
TƏBİB və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında memorandum imzalandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar. Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarının böyük tarixi hadisə olduğunu bildirib. V.Qurbanov tərəflər arasında görüşlər, məsləhətləşmələr və danışıqlar prosesində məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı əməkdaşlığın digər formalarına da baxıla biləcəyini deyib. O, öz yurdlarına qayıdan vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da qarşılıqlı əməkdaşlıq ediləcəyini qeyd edib. Köçürülən şəxslərin könüllülük prinsipi əsasında ümumi müayinə və yoxlanışlarının, habelə laborator, instrumental və digər tibbi müayinələrinin aparıldığını vurğulayıb: “Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Ailə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım briqadası sakinlərə xidmət göstərir”. Çıxış edən Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə sakinlərin dayanıqlı məskunlaşması üçün əlverişli yaşayış mühiti yaradılıb. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı istiqamətində işlər həyata keçirilir. Dövlət Komitəsi tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə artıq yekun vurulub. 41 ailə - 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb. İşğal altında saxlanılan ərazilərin bərpası və yenidənqurulması, bu yerlərin ən abad guşələrə çevrilməsi, eyni zamanda geri qayıdan məcburi köçkünlərin rahat, təhlükəsiz yaşayışının təmin edilməsi dövlətin prioritetlərindəndir və onlara dəstək tədbirləri davam edəcək. Belə ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Məlumat üçün qeyd edək ki, TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən, müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutacaq. Memorandumun müddəti imzalandığı tarixdən üç il ardıcıl davam edəcək.  

Hamısını oxu