Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: "Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir"

Azərbaycanda şəhid ailələri və qazilərə göstərilən qayğı beynəlxalq səviyyədə təqdirlə qarşılanmaqda və öyrənilməkdədir. Azərbaycanda qazi və şəhid ailələrinə dövlət dəstəyi, onların problemlərinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzində olması, həll edilməsi prioritet məsələlərdəndir.

Bunu Azərtac-a müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Respublika Veteranları Təşkilatının sədr müavini bildirib ki, ki, dövlətin şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlara qayğısı ildən-ilə genişlənməkdədir: “Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə dövlətimiz tərəfindən böyük qayğı və diqqət göstərildiyi hər kəsə məlumdur. Beynəlxalq mediada da bununla bağlı çoxlu sayda məlumatlar yer almaqdadır. Dünyanın bir çox ölkələrində Azərbaycanda şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən layihələr maraqla öyrənilir, bu sahədə dövlətimizin təcrübəsindən yararlanmağa çalışırlar. Ümumiyyətlə, insan faktoru, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Bunu istər ölkəmizdə həyata keçirilən layihələrdən, istər şəhid ailələri və qazilərə verilən imtiyazlardan, istərsə də dövlət büdcəmizin sosialyönümlü təşkilindən aydın görmək mümkündür.

Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğının əhəmiyyətli tərəflərindən biri də həssas kateqoriyaya olan bu yanaşmanın cəmiyyəti də eyni əhvali-ruhiyyəyə kökləməsi ilə bağlıdır. Bu qayğıya şahid olan hər kəs, o cümlədən gənc nəslin nümayəndələri anlayır ki, şəhid ailələri və qazilərə qayğı və ehtiram hər kəsin mənəvi borcudur. Bundan başqa, qazilərə olan dövlət qayğısı vətəni qoruyan, onun müdafiəsində dayanan hər kəsin xidmətlərinə verilən yüksək qiyməti göstərir və vətənpərvərlik tərbiyəsinin inkişafına töhfə verir”.

Cəlil Xəlilov indiki məqamda qazilərin də üzərinə xüsusi missiyanın düşdüyünü vurğulayıb: “Şəhidlərimiz, qazilərimiz 44 günlük Vətən müharibəsində düşməni doğma torpaqlarımızdan qovmaqla öz tarixi missiyalarını yüksək səviyyədə yerinə yetiriblər və xalqımız hər zaman buna görə onlara əbədi minnətdar olacaq. Bu, birmənalıdır. Lakin bu günün reallıqlarına nəzər salsaq görərik ki, bu gün erməni faşizmi ilə hərbi müstəvidə mübarizə başa çatsa da, hələ də bəzi təxribatçı qüvvələr ölkəmizdəki sabitliyi pozmağa, dövlətlə vətəndaşlar arasında süni gərginlik yaratmağa cəhd edirlər. Azərbaycanın tarixi qələbəsini, sosial-iqtisadi inkişafını, xalqın birlik və bərabərliyini həzm edə bilməyən qüvvələr müxtəlif vasitələrlə təxribatlar yaratmağa cəhd edir ki, bu da həm dövlət, həm də xalqımızın maraqlarına ziddir. Buna görə də iki il əvvəl düşmənə qarşı ön xətdə mübarizə aparan əsl qazilərimiz bu gün sosial mediada, gündəlik həyatlarında şahidi olduqları neqativ hallara, antimilli düşüncə və addımlara qarşı mübarizə aparmalı, bu sahədə də ciddi aktivlik sərgiləməlidirlər”.

Polkovnik qeyd edib ki, bu gün qazilərin özündən təxribatçı məqsədləri istifadə etməyə çalışan qüvvələr mövcuddur: “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq həm paytaxtda, həm də respublikamızın müxtəlif bölgələrində keçirdiyimiz tədbir və konfranslarda mövcud təhlükələrlə bağlı həyəcan təbili çalır, təxribatçı qüvvələrə qarşı birgə mübarizənin önəmini qeyd edirik. Həmin tədbirlərdə də qeyd edirik ki, bu gün əsl qazilərin özündən, onların cəmiyyətdəki nüfuzundan sui-istifadə etməyə çalışan, onları öz məkrli niyyətlərinə alət etməyə cəhd edən qüvvələr mövcuddur. Onlar qaziləri keşiyində dayandıqları dövlətlə üz-üzə qoymağa çalışır, süni şəkildə gərginliklər yaratmağa çalışırlar. Qazilərimiz belə hallara qarşı diqqətli olmalı, öz hüquqlarını, tələb və arzularını əlaqədar dövlət qurumlarına müraciət etməklə, qanuni şəkildə qorumalı və diqqətə çatdırmalıdırlar. Hər bir qazi öz əməli və davranışı ilə, ortaya qoyduğu dövlətçilik mövqeyi ilə cəmiyyətə nümunə olmalıdır. Biz yalnız bu halda birliyimizi qorumaqla yanaşı, davamlı inkişafımızı təmin edə, ölkəmizin daha da çiçəklənməsinə nail ola bilərik”.

 

2022-06-06 14:21:00
1155 baxış

Digər xəbərlər

Dünya ictimaiyyəti Ermənistana qarşı daha ciddi təzyiq mexanizmlərini işə salmalıdı

Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma qurumun yaradılması, orada saxta seçkilərin keçirilməsi və Şuşada planlaşdırılan andiçmə mərasimi erməni həyasızlığının növbəti təzahürüdür. Bu faktlar bir daha sübut edir ki, işğalçı rejim beynəlxalq hüquqa nəinki hörmət bəsləmir, bu hüququ nümayişkaranə şəkildə pozur, bununla da beynəlxalq təşkilatlara, dünya nizamına açıq hörmətsizlik edir. Şübhəsiz ki, Azərbaycanın işğal edilmiş torpaqlarında belə bir andiçmə mərasiminin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır və beynəlxalq birlik bununla bağlı mövqeyini ortaya qoymalı, işğalçıya qarşı cəza mexanizmini işə salmalıdır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı “rejim”in rəhbəri Araik Arutunyanın Şuşada planlaşdırılan “andiçmə mərasimi” ilə bağlı açıqlamasında deyib. Bu addımı ermənilərin növbəti həyasızlığı kimi dəyərləndirən polkovnik Cəlil Xəlilov qeyd edib ki, mayın 21-də Şuşada keçirilməsi planlaşdırılan andiçmə mərasimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurmaqla yanaşı, düşmənin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Şuşada belə bir tədbirin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına vurulan ağır zərbədir və bu, düşmənin əsl niyyətini ortaya qoyur. Baş verənlər göstərir ki, rəsmi İrəvan iddia etdiyinin əksinə olaraq, problemin sülh yolu ilə həllində maraqlı deyil və bu danışıqlar beynəlxalq ictimaiyyəti aldatmağa xidmət edir. Ona görə dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq vasitələri işə salmalı, ona qarşı sanksiyalar tətbiq etməklə işğalçıya öz yerini göstərməlidir. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, proseslərin bu şəkildə gedişi Azərbaycanın səbir kasasını daşıra bilər. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq və lazım gələrsə problemin həlli üçün bütün vasitələri sınaqdan çıxaracaq. Düşmənin Şuşada andiçmə mərasimi keçirmək planı, habelə bu günədək təxribatları problemə hərbi kontekstdə yanaşmaq zərurətini artırır. “Azərbaycan güclü orduya malikdir. 2016-cı ilin Aprel döyüşləri də göstərdi ki, Azərbaycan Ordusu işğaldakı bütün torpaqları bir həmlə ilə azad etmək, bu torpaqlarda üçrəngli bayrağımızı dalğalandırmaq qüdrətinə malikdir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə, o zaman aprel məğlubiyyətindən qat-qat ağır və dəhşətlisinə hazır olmalıdır”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon İcra Hakimiyyətinin və təşkilatın əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, veteranların, gənclərin iştirakı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, anım tədbirində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətləri var. Həmin dahilər qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib gəliblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bu gün ölkəmizin hər yerində və onun hüdudlarından kənarda anılır. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu Öndərin Azərbaycan xalqının tarixində xüsusi iz buraxdığını diqqətə çatdırıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. Ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ulu Öndər böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ sovetlər dövründən götürüb. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub. Qeyd olunub ki, Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılıb. Çıxış edən veteranlar və ziyalılar ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər. Onlar gənc nəslin vətənpərvər ruhda Ulu Öndər ənənələrinə sadiq ruhda tərbiyə edilməsində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar. Tədbir məktəblilərin hazırladıqları bədii kompozisiyanın təqdimatı ilə başa çatıb.

Hamısını oxu
Azərbaycan Respublikası Sərhəd Qoşunları yaranmasının 100 illinin qarşısında

Tarixi missiyanı yaşadanlar Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə keçmiş müavini, polkovnik Cəlil Xəliovdur.  - Cəlil müəllim, bu il Sərhəd Qoşunlarının yaradılmasının 100 yaşı tamam olur. Bu şanlı yubileyin tarixi, yaddaqalan məqamları haqqında düşüncələrinizi oxucularımızla bölüşəsiniz. Azərbaycanın Sərhəd Qoşunları sözün həqiqi mənasında şanlı tarixi yol keçib. Bu qürur doğuran yolun başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Bilirsiniz ki, Cümhuriyyətin yaranmasına qədər çar Rusiyasının tərkibində Azərbaycanın sərhədləri qeyri-müəyyən olub. Yəni digər xalqlar kimi Azərbaycanın da sərhədlərinin mühafizəsi Rusiyanın tərəfindən həyata keçirilib. Çar Rusiyasının süquta uğraması ilə Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və mühafizəsi sahəsində lazımi addımlar atılıb. Azərbaycanın sərhədlərinin müəyyən­ləş­diril­məsi və onun mühafizəsi istiqamətində ilk rəsmi addımlar AXC qurulmasından sonra mümkün olub. Müstəqil dövlət qurulduqdan sonra sərhədlərin müəyyənləşməsi və mühafizəsi məsələləri həllini tapmağa başlayıb. Mühafizə qüv­­vələrinin yaradılması və formalaş­ması sahəsində hökumət və parlament kom­pleks tədbirlər həyata keçirib. Gürcüstan və Ermənistanla sərhəd­ləri­n müəyyənləş­diril­­məsi üçün bir neçə layihə və təkliflər də ha­zır­lan­ıb. BUnlardan biri 1918-ci il iyun ayının 22-də «Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında" qərar qəbul edib. İlk mühafizə qüvvələrinin başlıca vəzifəsi qaçaqmalıçılığın və qanunsuz ticarətin qarşısının alınması idi. Bu vəzifə Poylu və Mazımçay sərhəd postlarının mü­ha­fi­zə qüvvəsinin üzərinə düşür­dü. - Sərhəd Qoşunlarının xalqımızın həyatında oynadığı missiya barədə daha hansı mühüm faktları diqqətə çatdırmaq istərdiniz? -Əvvala onu deyim ki,  sərhəd mühafizəsi çox çətin tarixi şəraitdə yaranıb. Ölkə dörd bir yandan təhlükə və taleyüklü problemlərlə üzbəüz qalmışdı; şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana təcavüzlər, müxtəlif dəstələrin basqınları gözlənilirdi, digər tərəfdən də artıq qeyd etdiyimiz qaçaqmalçılıq və qanunsuz ticarət halları geniş miqyas almışdı. Zaqatalada quber­nator olmuş general-mayor Ş.Haşım­bəyov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubda sərhəd mühafizəsi üçün 150 nəfər lazım olduğunu bildirdi. Bunlardan 50-si jandarmeriya, 100 nəfəri isə mühafizəçi kimi nəzərdə tutulmuşdu. Müha­fizə qüvvəsinin sərhəddə 12 postda yer­ləşdirilməsi nəzərdə tutulurdu. Şimaldan və dəniz sərhədlərindən gözlənilən bolşevik Rusiyası və Denikinin Könüllü ordusu, qərbdən Ermənistan və digər təhlükələri göz önünə gətirəndə ölkənin sərhədlərindəki vəziyyət daha da aydın olur. Üstəlik 1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsində dövlətə müqavimət göstərən silahlı qüv­vələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu. Cənub sərhəd zolağında təhlükə mənbələrindən biri yerli silahlı qruplar və qaçaqlar idi. Bu dəstələr sərhəd boyu yaşayış məntəqələrinə hücumlar edir, həmin məntəqələrin sakinlərini öldürür və qarətçiliklə məşğul olurdular. Belə mürəkkəb və ağır vəziyyətdə Azərbaycan sərhədçiləri milli ordu ilə birlikdə üzərlərinə düşən vəzifələri şərəflə, fədakarlıqla icra edərək, Azərbaycanın sərhədlərini mümkün olduğu qədər mühafizə edirdilər. İlk sərhəd mühafizə qüvvələrinin Daxili İşlər Nazirliyinin tərkibində yarandığını qetd etdiniz. Bu qüvvələrin təşkili vəzifələrinin sonrakı mərhələdə Maliyyə Nazirliyinə həvalə edildiyi məlum olur. Bu nə ilə bağlı idi? -Doğrudur, sərhəd mühafizəsi sahəsində vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu. Bu qərar qəbul edilərkən real vəziyyət və ondan əvvəl görülmüş bir sıra işlər nəzərə alınmışdı. Qaçaqmalçılıq və qanunsuz ticarət döv­riy­yə­si getdikcə geniş miqyas almışdı. Bu da qanunsuz ticarət dövriyyəsi ilə həm də daxildə mübarizə aparmaq zərurətini doğururdu. Bu işlə əsa­sən maliyyə orqanları məşğul olmalı idi. Həmin qa­nun­la gömrük idarəsi hissəsi adlandırılan qu­rum ləğv olunmuş və onun əsas səlahiy­yət­ləri Maliyyə Nazirliyinə verilmişdi. Parlamentin 1919-cu il avqust ayının 18-də keçirilən iclasında 8 bənddən ibarət “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafi­zəsinin təsis edilməsi haqqında” qanun layuhəsi maddə-maddə səsə qoyularaq qəbul edilmişdi. Məhz həmin tarix müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması günü kimi qəbul edilir. - Sərhəd mühafizə qüvvələrinin təşkili sahəsində vəzifələrin tam yerinə yetirilməsi, vahid strukturun yaradılması mümkün oldumu? -Çox təəssüf ki, bu sula müsbət cavab verə bilmirik. 1920-ci ilin 27 aprel işğalı ilə AXC-nin süquta uğradılması sərhəd mühafizəsinin, gələcək müstəqil Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində atılan addımların qarşısını aldı. Sovet dövründə Azərbaycanda sərhəd mühafizəsinin həyata keçirilməsi vəzifələri SSRİ-nin mərkəzi hakimiyyətinin tabeliyində olan məhz bu məqsədlə yaradılmış sərhəd qüvvələrinə (qoşunlarına) həvalə olundu. - Sovet dövründə Azərbaycanda Sərhəd Qoşunlarının yaradılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı? -Bilirsiz, sovet dövründə Azərbaycanda müstəqil Sərhəd Qoşunlarının yaradılmasından söhbət gedə bilməzdi. Buradakı sərhəd dəstələri Zaqafqaziya Sərhəd Dairsinin tərkibinə daxil idi və bütün məsələlər Moskvadan idarə edilirdi. Qoşunların əksər zabit heyəti və ən başlıcası rəhbər kadrları qeyri-millətlərin nümayəndələrindən ibarət idi. Yalnız Ümummilli ider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdən başlayaraq bu sahədə mühüm dönüş yaranmağa başlandı. Qısa müddət ərzində, vəziyyəti dəyişmək çətin olsa da, Heydər Əliyev çox böyük işlər gördü. Milli kadrların Zaqafqaziya Sərhəd Dairsinin daxilində olan Azərbaycan sərhəd dəstələrində təmsil olunmalarına, onların yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilməsi, bir qədər sonra onların hətta Zaqafqaziya Sərhəd Dairəsində vəzifə tutmalarına şərait yaratdı. 1970-80-ci illərdə yetişən, SSRİ Sərhəd Qoşunlarının tərkibində xidmət edən, yüksək vəzifələr tutan milli sərhədçi kadrlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Sərhəd Qoşunlarının təşkilində yaxından iştirak etdilər. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycan KP MK bürosu qərarı  əsasında 1971-ci il iyul ayının 20-də Azərbaycanda yaradılan C.Naxçıvanski adına Hərbi lesey gələcək peşəkar hərbçi kadrların, eləcə də, sərhədçi kadrların hazırlanmasında ilk baza rolunu oynadı. Həmin  liseyin məzunu olanların əksəriyyəti hərbi təhsillərini davam etdirərək həqiqi peşəkarlar kimi yetişdilər və imperiyanın dağılmasından sonra Azərbaycanda hərb sahəsində mühüm vəzifələr tutdular, milli ordu və digər qoşun növlərinin, o cümlədən Sərhəd Qoşunlarının yaradılmasında və Qarabağ müharibəsində yaxından iştirak etdilər. - Müstəqilliyin bərpasından sonra Azərbaycanda Sərhəd Qoşunlarının formalaşmasında Siz də yaxından iştirak etmişiniz. Bu barədə hansı faktları xüsusi qeyd edərdiniz? -Əvvala onu deyim ki, müstəqilliyin bərpasından sonra, yeni mərhələdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yüksək hazırlığa malik Sərhəd Qoşunlarının yaranmasına, ölkənin sərhəd təhlükəsizliyinin peşəkar təminatçısı olan xüsusi qoşun növünün təşkili üçün etibarlı təməllərin qoyulmasına nail oldu. Ulu öndərin dəyərli, yüksək peşəkarlıqdan qaynaqlanan əvəzsiz tövsiyələri, ilk gündən başlayaraq Sərhəd Qoşunlarının maddi-tüxniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrların hazırlanmasına göstərdiyi mütamadi dəstək müstəqil Azərbaycanın Sərhəd Qoşunları hərtərəfli formalaşmasına şərait yaratdı. Yadımdadır, Sərhəd Qoşunlarının formalaşmağa başladığı ilk aylarda bəziləri Azərbaycan sərhədçilərinin ölkə sərhədlərinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəyinə şübhə ilə yanaşır, özləri də fərqinə varmadan açıq-aşkar belə təbliğat aparan xarici qüvvələrə rəvac verirdilər. Ancaq fəadakar Azərbaycan sərhədçiləri çox qısa müddətdə bu iddia və inamsızlığın heç nəyə əsaslanmadığı öz yüksək xidmətləri ilə sübuta yetirdilər. Azərbaycan sərhədlərinin keçmiş SSRİ qüvvələrindən təhvil-təslim prosesi uğurla başa çatdırıldı. Bu prosesdə yaxından iştirak etmiş bütün sərhədçilər kimi mən də qürur hissi keçirirəm. Yeri gəlmişkən, bu mühüm vəzifənin uğurla icrasında o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin böyük nüfuzu və yenilməz siyasi iradəsi həmin bölgədəki silah-sursat və hərbi texnikanın 100 faiz Naxçıvan Sərhəd Dəstəsinin sərancamında saxlanmasına şərait yaratmışdı. Məhz Ulu öndərin qətiyyəti nəticəsində bölgəni tərk edən rus sərhədçiləri öz şəxsi əşyalarından başqa Naxçıvandan nəinki silah-sursat və hərbi texnika, heç bir ədəd güllə də apara bilməmişdilər. Ölkənin digər sərhəd dəstələrində iki dövlət arasında razılaşdırıldığı kimi, bütün texnika və hərbi sursat 50-nin 50-yə prinsipi ilə bölünmüşdü. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu fəaliyyətlər Sərhəd Qoşunlarının bütün istiqamətlərdə möhkəmlənməsinə və inkişafına, nələ ki regionda, hətta dünyada ən peşəkar qoşun kimi tanınmasına gətirib çıxardı. Əlbəttə, yada salınası, qeyd ediləsi faktlar çoxdur. Biz veteran sərhədçilər həmin illərdə ölkə sərhədlərinin qorunmasında iştirakımızla qürur duyur, gənc nəslin xidməti işə daha məsuliyyətlə, daha həvəslə yanaşması üçün təcrübəmizi əsirgəmir, əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bildiririk. - Bir peşəkar kimi müasir mərhələdə Sərhəd Qoşunlarının fəaliyyəti barədə daha nələri xüsusi vurğulamaq istərdiniz? -Çəkinmədən demək olar ki, müasir Sərhəd Qoşunları həm hazırlıq səviyyəsi, həm peşəkarlığı, həm də şəxsi heyətin xidməti işə münasibəti baxımdan çox yüksək səviyyədədir. Ulu öndərin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tövsiyə və tapşırıqlarına bacarıqla, layiqincə əməl edirlər. Şəxsi heyətin döyüş və xidmət səviyyəsinin durmadan yüksəlməsinə nail olan Sərhəd Qoşunlarının bu günü ilə qürur duymağa haqqı çatır. Çünki Azərbaycan sərhədçiləri bu gün sözün həqiqi mənasında ölkə sərhədlərinin etibarlı təhlükəsizliyini təmin etməyə tam qadirdir.  Hazırda ölkə sərhədlərini peşəkarlıqla qoruyan sərhədçilərimiz həm də Azərbaycanın qərbində, Ermənistanla sərhədlərin müdafiəsini uğurla yerinə yetirir. Bunu yaxın da, uzaq da, dost da, düşmən də görür və istəsə də, istəməsə də qəbul etmək məcburiyyətindədir. -Bu uğurların təməlində hansı faktorlar dayanır? - Azərbaycan sərhədçilərinin əldə etdiyi uğurların təməlində bir sıra inkarolunmaz amillər dayanır. Əvvəldə qeyd etdiyim kimi, Ali Baş Komandan hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları. Sərhəddə xidmət səviyyəsinin yüksəlməsi və peşəkarlığın artmasını da buraya əlavə etsək, mənzərə tam aydın olar. Sərhədçilərimiz vətəninə, xalqına, dövlətinə həqiqi sədaqətlə xidmət edir, yüksək peşəkarlıq göstərir, tapşırılan işə tam məsuliyyətlə yanaşırlar. Onlarda yeniliyi mənimsəmək bacarığı və daim təkmilləşməyə, özünü inkişaf etdirməyə çalışmaq həvəsi vardır. -Yəqin ki, sərhədçilərimizə bayram təbrikiniz də var. -Hazırda qoşunların bütün şəxsi heyəti Sərhəd Qoşunlarının 100 illiyinə - böyük bayrama, təntənəli yubileyə hazırlaşır. Hər bir əsgərinin, hər bir zabitinin bu tarixi günə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək cavab verəcəyinə inanırıq. Çünki onlar bunu öz şərəfli və qürur doğuran peşələri ilə haqq edirlər. Azərbaycan sərhədləri etibarlı əllərdədir. Bütün sərhədçiləri qarşıdan gələn təntənəli yubiley münasibətilə təbrik edir, vətən üçün çox gərəkli xidmətlərində uğurlar diləyirəm.   Şəmsiyyə Əliqızı

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında xalq-ordu birliyi ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında xalq-ordu birliyi ilə bağlı tədbir keçirilib. Veteran və qazilərin, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin, media təmsilçilərinin, Müdafiə Nazirliyi əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov öncə Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycanda nizami ordunun formalaşdırılması istiqamətində ciddi addımların atıldığını bildirən polkovnik Cəlil Xəlilov, bolşevik işğalı ilə əlaqədar olaraq bu istiqamətdəki səylərin yarımçıq qaldığını vurğulayıb. Sovet dönəmində də azəbaycanlıların hərbi işinə yaxın buraxılmadığını qeyd edən sədr müavini, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra soydaşlarımızın keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində hərbi təhsilə cəlb edildiyini, milli hərbi kadrların hazırlanmasına prosesi start verildiyini bildirib. Daha sonra 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qalibiyyətə toxunan polkovnik Cəlil Xəlilov, bu qələbə xalqımızın mühüm rol oynadığını bildirib: “44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da həlledici rol oynadı. 8 Noyabr zəfəri məhz xalq-ordu birliyi sayəsində əldə edildi. Hansı ki, Prezident İlham Əliyev də öz çıxışlarında bu vacib nüansı dəfələrlə qeyd edib, qələbənin əldə edilməsində xalq-ordu birliyinin həlledici amil olduğunu vurğulayıb. Biz 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, dövlətimizə, xalqımıza qarşı düşmən mövqe tutan, birliyimizi, bərabərliyimizi, ölkəmizdəki sabitliyi pozmağa çalışan təxribatçı qüvvələrə qarşı bundan sonra da birgə mübarizə aparmalı, dövlət başçımızın, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız birliyimizdən, həmrəylyimizdən asılıdır”. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarix yazdığını, xalqın hər bir fərdinin orduya, onun Ali Baş Komandanına dəstək verdiyini bildirdi: “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır. Azərbaycan Ordusu 44 gün ərzində erməni faşizminə ağır zərbə vuraraq onları tarixi torpaqlarımızdan qovdu, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbədə Azərbaycan xalqı yaxından iştirak etdi. Xalqımız Azərbaycan Ordusu, Ali Baş Komandanla ciddi həmrəylik sərgilədi. Prezident İlham Əliyevin bu müharibədə ortaya qoyduğu yüksək sərkərdəlik qabiliyyəti, komandanlıq bacarığı sayəsində erməni ordusu darmadağın edildi. Nəticədə, 30 illik həsrətə son qoyuldu, on illərdir davam edən erməni təxribatlarına layiqli cavab verildi”. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan xalqının tarixi xidmətlərinin inkaredilməz olduğunu vurğuladı: “Birmənalı olaraq qeyd etməliyik ki, 8 Noyabr zəfəri xalqımıza, dövlətimizə qarşı uzun illərdir ki, davam edən erməni təxribatlarına qarşı ən layiqli cavab oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında cəmi 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusu, 30 illik işğaldakı torpaqları azad etdi. Bu qələbədə Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da mühüm rol oynadı. Xalqımız mənəvi baxımdan ordu ilə sıx həmrəylik nümayiş etdirdi. Yaşından, peşəsindən, sscial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı orduya öz dəstəyini ifadə etdi ki, bu da hərbçilər üçün çox böyük mənəvi stimuli çevrildi. Azyaşlı məktəblilərin orduya yolladığı məktublar, bu məktublarda yer alan sevgi və səmimiyyət dolu fikirlər, uşaqların çəkdiyi şəkillər – bir sözlə atılan hər bir addım əsgərlərimizi qələbəyə daha da ruhlandırır, onların mübarizə əzmini artırırdı. Məhz xalq-ordu birliyi sayəsində düşmən üzərində parlaq hərbi qalibiyyət əldə edildi, ərazi bütövlüyümüz bərpa olundu”. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində görülən işlərdən bəhs edib, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabında yer alan bəzi nüanslara toxunub. Rasim Mirzəyev qeyd edib ki, layihə çərçivəsində xalq-ordu birliyi, bu birliyin 8 Noyabr zəfərinin əldə edilməsindəki əhəmiyyəti bir daha ictimaiyyətin diqqətinə çatdırılıb, bu həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. Tədbirdə çıxış edənlər xalq-ordu birliyinin qələbəyə verdiyi mühüm töhfəyə diqqət çəkib, qalib dövlətin vətəndaşı olmağın bəxş etdiyi qürur hissindən danışıblar. Xatırladq ki, tədbir “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində keçirilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu