Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”.

 

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir:

 

“Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”.

 

Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur:

 

“Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.

 

Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”.

 

Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir:

 

“Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.

 

Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 

Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.

 

2022-02-23 16:26:00
1381 baxış

Digər xəbərlər

Yeni məktəb binası tikiləcək - SƏRƏNCAM

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək. Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.

Hamısını oxu
Özbəkistan mətbuatı Samir Abbasovun Ermənistanın törətdiyi ekoloji terrora dair müsahibəsini yayımlayıb

Veteran.gov.az xəbər verir ki, Özbəkistanın darakchi.uz adlı aparıcı xəbər portalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovun Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, buna etiraz edən azərbaycanlı ekofəalların aksiyası, habelə yerli əhalinin blokadada saxlanılması  haqqında Ermənistan tərəfinin dünyaya yaydığı yanlış məlumatlara dair geniş müsahibəsi dərc olunub. Özbəkdilli əhali arasında ən çox oxunan darakchi.uz xəbər portalında gedən “Samir Abbosov: Ozarbayjonlik ekofaollar hududimizdagi ekologik falokatga norozchilik aksiyasi oʻtkazmoqda va hech qanaqa blokada haqida soʻz borishi mumkinmas” (tərc: Azərbaycanlı ekofəallar ərazilərimizdəki ekoloji fəlakətə etiraz aksiyası keçirməkdədir və hər hansı blokadana söz gedə bilməz) adlı müsahibədə Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekoloji fəalların artıq 50 gündən çoxdur ki, ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyasına dair fikirlər yer alıb. İlk öncə Samir Abbasov müsahibəsində Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlandığını, bir milyon azərbaycanlının öz yurd yerlərindən qovulduğunu, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, işğal nəticəsində şəhərlərimizin, minlərlə kəndlərimizin, tarix və mədəniyyət abidələrimizin, dini inanc yerlərimizin vəhşicəsinə dağıdıldığını qeyd edib. Diplomat Ermənistanın işğal etdiyi ərazilərimizdə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, işğalçıların məscidlərimizdə heyvan və donuz saxlayaraq İslam irsini təhqir etdiyini vurğulayıb. Samir Abbasov 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini Ermənistan işğalından azad etdiyini, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyanata əsasən ölkəmizin Qarabağ iqtisadi rayonunda erməni əhalisinin yerləşdiyi ərazidə  müvəqqəti olaraq 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini qeyd edib. Samir Abbasov müsahibədə bildirir ki, hazırda erməni separatçıları Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə fəal şəkildə fəaliyyət göstərir, Azərbaycan dövlətinin suveren hüquqlarını pozaraq bu ərazilərdə Azərbaycana  məxsus qızıl və digər faydalı qazıntı yataqlarını talayır, bölgədə əsl ekoloji fəlakət və terror həyata keçirirlər. O, bu kimi cinayətlərə son qoyulması tələbi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəalların ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyası keçirirdiyini vurğulayır. Müsahibədə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində mövcud təbii sərvətlər və onların talanmasına dair Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinad edilir və Ermənistanın həmişə olduğu kimi, öz cinayətlərini ört-basdır etmək üçün azərbaycanlı ekoloqların dinc etiraz aksiyasını Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində etnik ermənilərin humanitar fəlakətə məruz qalması kimi yalan məlumatlardan istifadə etdiyi və beynəlxalq ictimaiyyəti çaşdırdığı vurğulanır. Samir Abbasov aksiyanın ekoloji terrora son qoyulması və qanunsuz yolla talan edilmiş Azərbaycan sərvətlərinin xaricə çıxarılmasının qarşısının alınması tələbi ilə dinc şəraitdə keçirildiyini müsahibədə bir daha qeyd edib. O, sözügedən ərazidə heç bir blokadanın və humanitar fəlakətin yaşanmadığını və yayılan məlumatların erməni təbliğatının əsassız dezinformasiyası olduğunu vurğulayıb. Diplomat hər gün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və etnik ermənilərin məskunlaşdığı Azərbaycanın Xankəndi şəhərinə Laçın yolu ilə mülki şəxslərin və xeyli mülki yüklərin, Qızıl Xaç Cəmiyyətinin avtomobillərin maneəsiz hərəkət etdiyini vurğulayıb. Samir Abbasov Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyannamənin 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın yolu ilə iki istiqamətdə mülki vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Bu təhlükəsizlik zəmanəti Laçın yolundan qanunsuz yüklərin, silah-sursatın daşınması baxımından sui-istifadənin qarşısını almaq üçündür. O, Azərbaycan XİN-nin də bəyan etdiyi kimi üçtərəfli bəyanatın əksinə olaraq, Ermənistan öz ərazisində  istehsal olunan yeni minaları Laçın yolu vasitəsi ilə Azərbaycana gətirərməsinə göz yumulduğunu və bu minaların sonradan Azərbaycan ərazilərində yerləşdirilməsi nəticəsində isə son iki ildə 300-ə yaxın dinc azərbaycanlı mina terrorunun qurbanı olduğunu qeyd edib. Diplomat Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı bölgənin olmadığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci ildə  imzaladığı Sərəncama əsasən Azərbaycan ərazisində iqtisadi rayonların bölgüsü həyata keçiridiyini və nəticədə ölkəmizdə yeni iqtisadi rayonların, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun  yaradıldığını bildirib. Müsahibədə qeyd olunur ki,  1920-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanla Naxçıvan arasında olan Azərbaycanın tarixi Zəngəzur  mahalı Ermənistana verilmiş və Naxçıvan Muxtar Respublikası anklava çevrilmişdir. Ermənistanın Azərbaycana ərazi iddiaları başlayan 1988-ci ildən sonra Ermənistan öz ərazisindən keçən Naxçıvan yolunu bağlamış və Azərbaycandan ayrı qalmış yarım milyona yaxın Naxçıvan sakini hələ də blokada şəraitində yaşayır. Üçtərəfli bəyanata görə, Ermənistan Azərbaycanın Naxçıvan MR-ə maneəsiz çıxışını təmin etməli olsa da, bu günə qədər öhdəliyini yerinə yetirməmişdir. Müsahibədə qeyd olunur ki, bütün işğal, etnik təmizləmə və cinayətlərə baxmayaraq, Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən Ermənistana 5 bəndlik sülh sazişinin imzalanması təklif olunmuş, Ermənistan isə bu günə qədər müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır. Müsahibə ilə geniş şəkildə https://darakchi.uz/oz/160447 linkində tanış olmaq mümkündür.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin B Ə Y A N A T I 30 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb.  Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır. Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyirik. Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər. Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Suraxanı rayonunda bir qrup veteranla görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev  03 fevral   2021-cu il tarixdə    Bakı şəhəri Suraxanı rayonunda bir qrup Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsinin qaziləri ilə görüş keçiriblər. Tədbirdə Suraxanı VT-nın müavini, Birinci Qarabağ müharibəsinin iştirakçısı  Vahid Muxtarov, Hüseyn İsmayılov, 44 günlük Vətən müharibəsi qaziləri Namiq  Rufullayev, Nicat  ismayılov və digər qazilər iştirak edib.   Tədbiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev açdı. Onun təklifi ilə torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Adil Haqverdiyev Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb:   “Ali Baş Komandan İlham Əiyev dəfələrlə öz çıxışlarında bildirib ki, mən hər zaman şəhid ailələrinin, qazilərin, veteranların yanındayam. İcra orqanlaına daim göstərişlər verirəm ki, onların sağlamlıqlarını, firavan yaşamlarını diqqətdə saxlasınlar. Elə hallar olur ki, bəzi məmurlar onları incidir.Onların incik olmalarından öz məqsədləri üçün müəyyən qara qüvvələr istifadə etməyə çalışırlar. Bunlar yolverilməzdir. Hamımız bir yumruq olub Ali Baş Komandan İlham Əiyevin ətrafında sıx birləşərək ölkəmizi daxili və xarici qara qüvvələrdən qorumalıyıq. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Sonra Nəbi Hacıyev çıxış edib, qazilərimizin Vətən müharibəsindəki qəhrəmanlıqalrından söz açıb.   Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu