Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

07 may 2018-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 73-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və İsmayıl Fərəcov Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

2018-05-07 00:00:00
4230 baxış

Digər xəbərlər

Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur: dükana getmək üçün də SMS -lə icazə alınacaq

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.  Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır: 1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:   Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları; dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları; dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur); dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları; hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; kütləvi informasiya vasitələrinin əməkdaşları; Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).   2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:   dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.   3. “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. 4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:   təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar.   Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:   Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111), Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111), Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).   Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. 1 nömrəli əlavə Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı 1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2. “Azəriqaz” İstehsalat Birliyi 3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri) 7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 17. Bakı Nəqliyyat Agentliyi 18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 20. Dövlət Dəniz Agentliyi 21. Dövlət Mülki Aviasiya Agentliyi 22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

Hamısını oxu
“Novruz” bayramı münasibəti ilə Respublika Veteranlar Təşkilatının kollektivi adından təbrik

Novruz ümumxalq bayramı kimi əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Qədim dövrlərdən bəri  xalqın qeyd etdiyi bayramlardan biri də insanlara sevinc, həmrəylik, bərabərlik, mənəvi saflıq, xeyirxahlıq kimi keyfiyyətlər aşılayan Novruz bayramıdır. Bu bayram ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf şəraitində təntənə ilə qeyd olunur. Bayram ərəfəsində Böyük Vətən müharibəsində həlak olanların, müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın unudulımaz xatirəsini hər zaman olduğu kimi böyük ehtiramla yad edirik. Bu gözəl bayramla bağlı başlıca niyyətimiz, arzumuz əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığı, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahıdır. Respublika Veteranlar Təşkilatının kollektivi Azərbaycan xalqını, müharibə veteranlarını, şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirmiş döyüşçülərimizi, əsgər və zabitlərimizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayırıq.    Kollektiv adından:  Hörmətlə,  Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                    T.Ağahüseynov

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının təbriki

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri və İdarə Heyəti adından polkovnik Cəlil Xəlilovu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:“Hörmətli Cəlil müəllim!Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumunda yekdilliklə Təşkilatın sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə xalqımızın və dövlətimizin rifahı və inkişafı naminə dəyərli fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı diləyirik!Uzunmüddətli səmərəli xidmətlərinizlə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünə layiqli yer tutan nüfuzlu bir şəxsiyyət kimi Siz bir sıra məsul hərbi vəzifələrdə çalışaraq bu sahənin inkişafında, Azərbaycan Ordusunda nizam-intizamın möhkəmləndirilməsində və formalaşmasında əhəmiyyətli işlər həyata keçirmisiniz. İctimai xadim olaraq vətənpərvər fəaliyyətinizlə xalqımıza dəyərli xidmətlər göstərmiş, Qarabağ uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimizlə birgə düşmənə qarşı qəhrəmancasına mübarizə aparmısınız. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyində uzun müddət təmsil olunan peşəkar zabit, müdrik bir ziyalı kimi ölkəmizin tərəqqisi üçün yorulmadan səylər göstərmiş, veteranlar hərakatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin müstəqilliyi uğrunda mübariz gənclərin yetişməsində mühüm rol oynamısınız.Əminik ki, Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında davam edən səmərəli əməkdaşlıq Sizin rəhbərliyiniz dövründə daha da dərinləşəcək və inkişaf edəcəkdir. Təşkilatın sədri olaraq Siz bundan sonra da böyük işlər həyata keçirərək dəyərli veteranlarımızla birgə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyəcək, Vətənimizin xoşbəxt gələcəyi naminə var qüvvənizlə çalışacaqsınız.Hörmətli Cəlil müəllim!Bir daha Sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri seçilməyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri və İdarə Heyəti adından səmimi-qəlbdən təbrik edir, Sizə ölkəmizin tərəqqisi istiqamətində həyata keçirdiyiniz bütün işlərdə davamlı nailiyyətlər arzulayırıq! Dərin hörmət və səmimiyyətlə,Azərbaycan Ağsaqqallar Şurasınınsədri, millət vəkili, professor                                                                                Eldar QULİYEV”       

Hamısını oxu
MDTF-nin maliyyə dəstəyilə “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” adlı kitab işıq üzü görüb

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə ADA Universitetinin professoru Nəriman Qasımoğlunun “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” (“Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar”) adlı kitabı nəşr edilib.   Kitabda müəllifin Britaniyanın məşhur ictimai və din xadimi, “Cəngavər” ordeni daşıyıcısı, Liverpul şəhərinin sabiq yepiskopu Ceyms Consla 2006-cı ilədən günümüzədək olan məktublaşmaları və məktublara istinad edilən çıxışları yer alıb.   Kitabda İslam və Xristianlıqda Yer kürəsinin, ətraf mühitin qorunmasına dair məsələlər teoloji müstəvidə işıqlandırılmaqla yanaşı, hər iki dini düşüncənin eko-teologiya mövzusunda qənaəti və yaxınlaşması öz əksini tapmışdır. Nəşr edilən kitab Azərbaycan-Böyük Britaniya mədəni əlaqələrinin inkişafına da töhfə verəcəkdir.

Hamısını oxu