Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qazi, veteran adlarından sui-istifadə halları yolverilməzdir”

Bugünlərdə paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. Məlum olub ki, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov bu addımı  daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə atıb.

Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu kimi halların təəssüf doğurduğunu bildirib:

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dəfələrlə bildirmişik ki, hər hansı bir şəxsin qazi, veteran adından sui-istifadə etməsi yolverilməzdir. Çünki qazi və veteran adı müqəddəsdir. Biz bu adı, onun müqəddəsliyini qorumalı, bu adın adiləşməsinə, hörmətdən düşməsinə imkan verməməliyik. Lakin təəssüflər olsun ki, bütün bunlara baxmayaraq,  bu gün də veteran adından, qazi adından sui-istifadə hallarına rast gəlinməkdədir. Bugünlərdə özünü qazi kimi təqdim edib dilənçiliklə məşğul olan şəxsin polis əməkdaşları tərəfindən ifşa edilməsi faktı buna nümunədir. Cəmiyyət bu kimi hallara qarşı diqqətli olmalı, qazi adından, veteran adından sui-istifadə hallarına qarşı barışmaz mövqe ortaya qoymalıdır. Veteranların, qazilərin özü də bu cür neqativ hallarla mübarizədə aktivlik sərgiləməli, kimsənin onların xidmətinə, daşıdıqları şərəfli qazi adına kölgə salmasına imkan verməməlidir.

Bildiyiniz kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq respublikamızın müxtəlif bölgələrində silsilə tədbirlər təşkil edir, “Nəsillərin görüşü” adlı zona konfransları keçiririk. Həmin konfranslarda dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara diqqət və qayğısı ilə yanaşı, bu kateqoriyadan olan vətəndaşlarımızın təklif və qayğıları ilə də maraqlanırıq.  Şəhid ailəlrini, müharibə əlillərini, qaziləri dinləyir, onların səsləndirdikləri təklif və problemləri birlikdə müzakirə edir, birgə çıxış yolları axtarırıq. Təşkilatımız hər ay xeyli sayda veteran və qazinin müxtəlif dövlət qurumları ilə əlaqələndirilməsini təmin edir. Biz paytaxt və regionlardakı görüşlərdə veteranlara izah edirik ki, hər bir problem qanun çərçivəsində öz həllini tapmalı, qeyri-qanuni iddia və əməllərə yol verilməməlidir. Çünki Azərbaycan hüquq dövlətidir və bu dövlət hər bir vətəndaşının haqqını qorumağa qadirdir. Şəhid ailələrinə, qazi və veteranlarımıza dövlətimiz tərəfindən göstərilən qayğı və diqqət bunu bir daha sübut edir.

Ümid edirəm ki, birgə səylərimiz nəticəsində yaxın gələcəkdə bu kimi neqativ hallar aradan qalxacaq və ictimai rəyi yanıltmağa yönəlik belə cəhdlərə şahid olmayacağıq”.

 

2022-05-04 13:08:00
1333 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında tədbir keçirilmişdir

Tədbir başlamazdan əvvəl Soyqırım qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Respublika Veteranlar Təşkilatı Mərkəzi Aparatının əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov açmışdır. O demişdir: “Bu gün mart soyqırımının törədilməsindən 100 il ötür. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan itkin düşmüşdür. Biz həmin soyqırımın və sonrakı illərdə ermənilərin tərəfindən törədilmiş qətliamlar barədə bütün dünyanı, xüsusilə beynəlxalq təşkilatları, elmi mərkəzləri məlumatlandırmalı, dünya ölkələrinin  parlamentlərini, müvafiq dövlət orqanlarını bu məsələyə obyektiv, rəsmi münasibət bildirmələrinə nail olmalıyıq”. Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək demişdir: “Bu soyqırımın təməli 2 əsr öncədən qoyulmuşdu. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 19-cu əsrin əvvəllərindən etibarən ilk öncə çar Rusiyası, sonra Sovet İmperiyasının dəstəyi ilə azərbaycanlıları min illərlə yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurmuşlar. Nəhayət 1948-1953-cü və 1988-ci deportasiyasından sonra qədim türk yurdlarında monoetnik Ermənistan yaradılmışdır. Ermənilər tərəfindən Azərbaycanlı soyqırımları xüsusən 20 əsrdə daha böyük vüsət almışdır. 1905-1907-ci illərdə Bakıda, Azərbaycanın digər ərazilərində və indi Ermənistan adlanan torpaqlarda azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirimişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bakıda hakimiyyəti ələ keçirən bolşevik Stepan Şaumyanın bolşeviklərlə erməni  millətçilərinin əməkdaşlığına nail olması ilə hələ 1918-ci ilin yanvarında həmin qırğınlara cəhd edilmiş, lakin Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar planı baş tutmamışdı. 1918-ci ilin mart ayından çar ordusundan tərxis olunan silahlı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. Təxminən 7 min erməni əsgəri və 70%-i ermənilərdən ibarət olan "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordu müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bolşevik-erməni koalisiyası təqribən 20 minə yaxın qoşunla iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək məqsədilə Gəncə istiqamətində cəbhə boyu hücuma keçmişdi. Ancaq tərkibi türk və azərbaycanlı əsgərlərdən ibarət olan Qafqaz İslam Ordusunun səyləri nəticəsində bu qara niyyətin qarşısı alındı. Bakı da daxil olmaqla Gəncə istiqamətində bütün ərazilər azad edildi”. Mart soyqırımının araşdırılması barədə danışan məruzəçi daha sonra demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də mart hadisələrini təhqiqi məqsədilə xüsusi Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Komissiyanın hesabatında qanlı hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Həmin vaxt həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmçinin Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Nəhayət ermənilərin Azərbaycanlılara qarşı soyqırımı törətməsinə Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə siyasi qiymət verildi. Həmin tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir”. Tədbirdə digər çıxışlarda 31 mart hadisələri ilə yanaşı, həmçinin ermənilərin xalqımıza qarşı 20-ci əsrdə törətdiyi sonuncu Xocalı soyqırımı barədə də danışılmış,  ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkarlıq nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınması, ərazimizin 20 faizinin işğal olunması və bu günədək işğal altında saxlanıldığı qeyd edilmişdir.

Hamısını oxu
“Ermənistan Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”

Cəlil Xəlilov: “Ordumuz istənilən təxribatı dəf etməyə qadirdir” “Aprelin 11-də Ermənistanın ordumuzun Laçındakı mövqelərini atəşə tutması və nəticədə üç hərbçimizin şəhid olması rəsmi İrəvanın təxribatlardan əl çəkmədiyini göstərir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteraları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bundan öncə səsləndirdiyi əsassız iddilar, sülh müqaviləsinin imzalanmasını süni şəkildə yubatması İrəvanın təxribatlara hazırlaşdığını göstərirdi: “44 günlük Vətən müharibəsi iki ildən çoxdur ki, başa çatsa da, Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir, siyasi müstəvidə təxribatçı bəyanatlarla çıxış edirdi. Aprelin 11-də baş verən silahlı toqquşma göstərdi ki, İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdu və Ermənistan postmüharibə dönəminin reallıqlarını bu cür təxribatlarla dəyişməyə çalışır. Diqqət çəkən digər bir məqam ermənilərin hərbi təxribatlarının Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra artmasıdır. Görünən budur ki, Ermənistan Avropa İttifaqı missiyasının bölgəyə gəlişindən sonra cəsarətlənib və bunu öz iddialarını gerçəkləşdirmək üçün fürsət  hesab edir. Ancaq Ermənistan bilməlidir ki, kimə güvənməyindən, hansı güclər tərəfindən imayə olunmasına baxmayaraq heç vaxt öz əsassız iddialarını təmin edə, Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”. Polkovnik bildiirb ki, Azərbaycan Ordusu şəhid olan hərbçilərinin intiqamını alıb və bundan sonra da bu cür təxribatlara sərt qarşılıq verəcək: “Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verib, şəhid olan hərbi qulluqçularımızın qisasını alıb. Ermənistanın rəsmi dairələrinin özünün etirafına görə döyüşlərdə 4 erməni məhv edilib, xeyli sayda əsgər yaralanıb. Azərbaycan əsgərləri düşmənin bütün atəş nöqtələrini uğurla susdurub. Bu, dövlərimizin, ordumuzun erməni təxribatlarına qarşı ayıq-sayıq olduğunu, bu cür təxriabatların qarşısını qətiyyətlə aldığını göstərir. Allahdan şəhid olan hərbçilərimizə rəhmət diləyir, ordumuza uğurlar arzulayıram. Bütün Azərbaycan xalqı kimi, veteranlar da Azərbaycan Ordusunun yanındadır və bundan sonra da hərbçilərimizin yanında olmaqda davam edəcək”.    

Hamısını oxu
“Nyu-York merinin anti-türk paylaşımına yalnız Azərbaycan deyil, bütün türk dünyası etirazını bildirməlidir”

Cəlil Xəlilov: “1915-ci il hadisələrində qətliama məruz qalan ermənilər yox, türklər olub”  “Nyu-York meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını bildirməli, sərt mövqe sərgiləməlidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.  Polkovnik qeyd edib ki, Zohran Kvame Mamdani 1915-ci il hadisələri ilə bağlı “X” platformasında tarixi həqiqətləri təhrif edilmiş formada təqdim edib ki, bu da yolverilməzdir:  “Zohran Kvame Mamdaninin “X” platformasındakı paylaşımında 1915-ci il hadisələrinə tamamilə yanlış şəkildə, erməni diasporunun maraqları aspektindən yanaşdığı, tarixi  həqiqətləri kobud surətdə təhrif etdiyi göz önündədir. Heç kimə sirr deyil ki, 1915-ci ildə Osmanlı dövlətinin başının I Dünya müharibəsinə qarışmasından istifadə edən ermənilər, türklərə qarşı qətliam törədib, qadınları, uşaqları, mülki insanları amansızcasına qətlə yetiriblər. Yəni 1915-ci il olaylarında ermənilər qurban deyil, qatil rolunda çıxış ediblər. Belə olan halda, erməniləri 1915-ci il olaylarının qurbanı kimi təqdim etmək sadəcə tarixi həqiqətə deyil, həm də əxlaqa və mənəviyyata ziddir.  Hesab edirəm ki, Nyu-York şəhər merinin 1915-ci il olayları ilə bağlı paylaşımı türk dünyasına atılan ləkədır və bu yalana qarşı yalnız Azərbaycan deyil, bütün türk dünyası öz etirazını ortaya qoymalıdır. Türk xalqlarının böyük ziyalıları, ictimai-siyasi xadimləri, QHT təmsilçiləri, media nümayəndələri Nyu-York merinin yalanını ifşa etməli, bu cür təxribatçı fikirlərin ABŞ-la türk dövlətləri arasındakı münasibətlərə yalnız xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırmalıdır.  2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün atdığı addımlar da Zohran Kvame Mamdani tərəfindən təhrif olunmuş şəkildə təqdim olunub, Nyu-York meri bu məsələdə də açıq-aşkar birtərəfli və qərəzli mövqe tutub. Maraqlıdır ki, Nyu-York meri bu paylaşımını Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcud olduğu, ikitətərfli münasibətlərin yaxşılaşmağa başladığı, sülh müqaviləsinin imzalanması üçün əlverişli zəminin formalaşdığı bir dönəmdə yayımlayıb ki, bu da özlüyündə ciddi suallar doğurur. Maraqlıdır, Zohran Kvame Mamdaninin belə həssas bir mqəamda bu cür qızışdırıcı və təxribatçı mövqe ortaya qoyması kimin və ya kimlərin marağına xidmət edir? Nyu-York meri bununla, həm də Prezident Donald Trampın siyasətinə qarşı çıxdığını anlayırmı? Xatırladaq ki, dövlətimizin beynəlxalq hüquqla təsbit edilən öz suverenliyini qorumaq cəhdini tənqiq edən Nyu-York meri, nədənsə uzun illər ərzində ermənilərin xalqımzı qarşı həyata keçirdiyi soyqırımı və işğal siyasətinə nəzər salmağa “lüzum görməyib”. Halbuki, bir tək Xocalı soyqırımı ermənilərin Azərbaycan və bütövlükdə türk dünyasına, ümumilikdə, insanlığa qarşı necə böyük cinayətlər törətdiyinə nümunədir. Bu həqiqətlərin də yalnız Azərbaycan deyil, bütün türk dünyası tərəfindən dilə gətirilməsi vacibdir və inanıram ki, yaxın gələcəkdə biz bu və bu kimi məsələlərdə türk dövlətlərinin daha koordinasiyalı fəaliyətinə şahid olacağıq”. Seymur ƏLİYEV

Hamısını oxu
“AS Group Investment” şirkəti şəhid ailəsinə mənzil hədiyyə edib

Veteran.gov.az xəbər verir ki, “AS Group Investment” şirkəti ölkə başçısının şəhid ailələri və qazilərə dəstək olmaq siyasətini, eyni zamanda özünün dövlətimiz və cəmiyyətimiz qarşısında sosial məsuliyyətini əsas tutaraq Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan polkovnik leytenant Mehman Qənbərovun Binəqədi qəsəbəsində kirayə evdə yaşayan ailəsinə mənzil hədiyyə edib.   31 avqust 2021-ci il tarixində “AS Group Investment” şirkətinin əməkdaşları şəhid ailəsilə görüşərək qəhrəman şəhidimizin həyat yoldaşı Xuraman xanım Qənbərovaya yeni mənzilin sənədlərini təqdim ediblər. Onlar üçün gözlənilməz və ani olan bu xəbər illərlə mənzil həsrətilə yaşayan ailənin hər bir üzvündə inanılmaz sevinc hissi yaradıb.   “AS Group Investment” şirkətinin şəhid polkovnik leytenant Mehman Qənbərovun ailəsinə hədiyyə etdiyi 3 otaqlı mənzil şirkətin özünün inşa etdiyi Göl-Park Yaşayış Kompleksində yerləşir. “AS Group Investment” uzun illər evsizlikdэn əziyyət çəkən şəhid ailəsinə hədiyyə etdiyi yeni mənzilin tam təmiri və lazımi əşyalarla təchiz edilməsini də öz üzərinə götürüb. Şəhid polkovnik leytenant Mehman Qənbərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. O, polkovnik-leytenant rütbəsini də məhz Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdiyi üçün qazanmışdır. Ağdam rayonunda doğulub Birinci Qarabağ Müharibəsi nəticəsində uşaq ikən məcburi köçkün həyatını yaşamış şəhidimizin ən böyük arzusu doğma torpaqların işğaldan azad edilməsi idi. İkinci Qarabağ Müharibəsinə yollanan zaman onun ailəsinə dediyi son cümlələri: “Həyatdır, hər şey ola bilər. Mən geri qayıtmaya da bilərəm. Əsas odur torpaqlarımızı azad edək!” olur.   Sentyabrın 27-də döyüşlərə qatılan şəhid Qənbərov bir neçə kəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərir. Sentyabrın 30-da o, Füzuli ərazisində düşmənin üzük halqası kimi əhatəyə aldığı döyüş yoldaşlarını mühasirədən çıxararaq qəhrəmancasına şəhid olur. Ölümündən sonra şəhid Qənbərov Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilir.Qeyd edək ki, “AS Group Investment” şirkəti bu ilin mart ayında Mingəçevir şəhidi çavuş Niyaz İsgəndərovun ailəsinə də özünün orada inşa etdiyi “Park Residence” Yaşayış binasından mənzil hədiyyə etmişdir.  

Hamısını oxu