Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır.

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.

Veteran.gov.az Sumqayıt Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və Əlaqələndirmə Mərkəzinin üzvləri  şəhid Sabir Əbdürrəhmanlının anasını ziyarət ediblər. Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasının qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sabir Əbdürrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhid Sabir Əbdürrəhmanlı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əbdürrəhmanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Eyni zamanda Kəlbəcərin, Cəbrayılın və Füzulinin azad olunması görə medalları ilə də təltif olunub.

 

2022-05-26 09:14:00
1077 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib

Bakı, 10 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib. AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi: -Çox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik. Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi. Biz də bir daha Sizi qələbəniz, - Sizin qələbəniz, bizim qələbəmizdir, - bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq. Biz Sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq. Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik. Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik. Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik. Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.

Hamısını oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib

Zaur Əliyev veteranların müalicə və istirahət şəraiti ilə tanış olub, arzu və təklifləri ilə maraqlanıb Veteran.gov.az xəbər verir ki, iyulun 4-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xəstəxananın tibbi heyəti və veteranlarla görüşüb. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xəstəxananın tarixi, onun veteranların istirahəti və müalicəsindəki rolu haqqında məlumat verib. Polkovnik qeyd edib ki, Müharibə Veteranlarının Respublika Xəstəxanası bu gün də respublika veteranlarının müalicəsində mühüm rol oynayır, il ərzində yüzlərlə veterana xidmət edir. Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva xəstəxananın ötən il iki mindən çox veterana xidmət etdiyini, hazırda 150 nəfərdən çox veteranın müalicə aldığını bildirib. Gülşən Əliyeva vurğulayıb ki, müəyyən rekontruksiya işləri aparılarsa, o zaman xəstəxananın daha çox veterana xidmət göstərməsi mümkündür. Xəstəxananın korpus və şöbələrini gəzən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev xəstəxanadakı tibbi avadanlıqlar, müalicə otaqları, tibbi personalla tanış olub. Xəstəxanadakı veteranlarla da görüşən Zaur Əliyev onlarla söhbət edib, palatalarda veteranlara yaradılan şəraitlə tanış olub. Zaur Əliyev həmçinin, xəstəxana rəhbərliyinin və veteranların arzu və təklifləri ilə də maraqlanıb, xəstəxananın daha effektiv fəaliyyəti, veteranların müalicə və istirahət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanların dəyərləndiriləcəyini qeyd edib. Görüşdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da iştirak edib. Seymur ƏLİYEV Fotolar müəllifə aiddir    

Hamısını oxu
“Regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”

Cəlil Xəlilov: “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması bunu göstərir” “Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması göstərir ki, regionda sülhün təminatında maraqlı olmayan qüvvələr var”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verən hadisə Azərbaycanla Ermənistan arasında sülhün qarşısını almağa hesablanıb: “Erməni təxribatçılarının Laçın nəzarət-buraxılış məntəqəsini atəşə tutması Ermənistandakı bəzi qüvvələrin – separatçıların və rusiyapərəst dairələrin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyindən ciddi narahatlıq keçirdiyini göstərir. Əslində, bu olay iki tərəf arasında gərginliyi artırmaq, sülh prosesinə zərbə vurmağa hesablanıb. Bu cür insidentlərlə Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasının da qarşısını almağa çalışırlar. Baş verən bu hadisədə Rusiyanın da da məsuliyyət payı böyükdür. Çünki həmin ərazilərdə sülhyaratma missiyası 10 noyabr Bəyanatına əsasən rus hərbçiləri tərəfindən həyata keçirilir. Laçındakı nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması faktı göstərir ki, Rusiya tərəfi 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmir və ya yerinə yetirməkdə maraqlı deyil. Artıq məlum faktla bağlı Azərbaycanın müvafiq qurumları tərəfindən cinayət işi qaldırılıb, Laçın nəzarət-buraxılış məntəqəsindən keçid dayandırılıb. Ölkəmiz bu cinayəti törədənlərin tapılması və məsuliyyətə cəlb olunmasında israrlıdır. Odur ki, separatçıların, rusiyapərəst qüvvələrin bütün ciddi-cəhdinə rəğmən həmin şəxslər tapılaraq məsuliyyətə cəlb ediləcək, etdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər”.  

Hamısını oxu