Azərbaycan Memarlıq və İnşaat Universitetində veteranlarla görüş keçirilmişdir


“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət basşçısının Heydər Əliyevin 100 illiyi ilə bağlı tarixi bəyanatlarını Şuşadan səsləndirməsinin böyük mənəvi əhəmiyyəti mövcuddur: “Bildiyiniz kimi, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanatlarını Şuşadan – Azərbaycanın mədəniyyət paytaxtından verdi. Ulu öndərin 100 illiyi ilə bağlı bu möhtəşəm çıxışın Şuşadan edilməsi hər şeydən öncə Heydər Əliyevin ruhuna, onun böyüklüyünə, şəxsiyyətinə olan sonsuz hörmət və ehtiramın nümunəsi idi. Çünki Ulu öndərin ən böyük arzusu bütün torpaqlarımızın, eyni zamanda Qarabağın tacı sayılan Şuşanın işğaldan azad edilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı çıxışında bildirdi ki, məhz Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi. Prezident çıxışında bu fakta diqqət çəkərək demişdir: “...Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”. Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini göstərir. Polkovnik bildirib ki, dövlət başçısının Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər də qürurvericidir: “Dövlət başçısı Şuşadakı tarixi çıxışında Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına da xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlıdır. Ölkə başçısı gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan iftixarla bəhs etdi. Gənclərin yüksək mənəvi-fiziki göstəricilərə malik olması, Şuşa kimi alınmaz qalanın yüngül atıcı silahlarla alınması gerçəyi də dövlət başçımızın çıxışında yer tutan mühüm məqamlardan idi. Prezident Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması, ordunun hərbi kadrlarla, gərəkli maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum həqiqətlərindəndir. Bizim üçün sevindiricidir ki, vaxtiylə Heydər Əliyevin yaratdığı nizami ordu bu gün nəinki regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli ordularından biridir. Ikinci Qarabağ müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi zəfər bu həqiqəti bir daha sübut etdi. Bu zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək”.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, sentyabrın 27-də Qazaxıstanın Türküstan şəhərində “Farab” kitabxanasında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Anım Gününə və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Şərqin Parlaq Ulduzu" adlı təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı, görkəmli qazax yazıçısı Marhabat Bayğut, tanınmış şair Narmaxan Beqalıulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Milli Məclisin deputatları, Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, qardaş ölkələrin dövlət və ictimai xadimləri, ziyalılar iştirak ediblər. Hörmətli qonağı Akademiya prezidenti Darxan Kıdıralı xüsusi olaraq qarşılayıb. Görüş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Türk Akademiyası tərəfindən nəfis tərtibatda çap olunan, Nizami Gəncəvinin "Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin yer aldığı yeni nəşrin lenti Milli Məclisin spikeri Sahibə Qafarova, yazıçı Marhabat Bayğut və Darxan Kıdırəlinin iştirakı ilə kəsilib. Sahibə Qafarova Nizaminin təkcə Türk və İslam dünyasının deyil, bütün bəşəriyyətin qüruru, dünya sivilizasiyasında özünəməxsus yeri olan böyük şəxsiyyət olduğunu qeyd edib. Öz növbəsində, Akademiya rəhbəri bildirib ki, Türk dünyasının mənəvi birliyini ortaya qoyan Qarabağ zəfərinə aparan yolun ilk günündə belə bir təqdimata toplaşmağın xüsusi anlamı var. Bu gün Türküstanda dahi Nizamini anmaqla bu mənəvi birliyi gücləndirməkdəyik. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Beynəlxalq Türk Akademiyası 2021-ci ili Qazaxıstanda və bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil olunub. Qazax oxuculara təqdim edilən kitab da bu fəaliyyət planı çərçivəsində nəşr olunub. Kitabda yer alan iki poema əslində sovet hakimiyyətinin ilk vaxtlarına – 1940-cı illərdə böyük qazax ədiblərinin tərcüməsi əsasında işıq üzü görüb. Lakin uzun müddət keçib və həmin kitablar köhnəlib və əlçatan deyil. Bunu nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası əsərlərin nəfis tərtibatda yenidən çapına qərar verib. “Nizami irsi, onun əsrarəngiz yaradıcılığı dünya durduqca aktualdır və öz əhəmiyyətini qoruyur. Onun insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O, bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra Nəsimi, Füzuli, Nəvayi, Abay və yüzlərlə digər şair və yazıçı onun yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaratmış, onun mütərəqqi fikirlərini inkişaf etdiriblər” - deyə Akademiya rəhbəri bildirib. Nizaminin şeirləri Tair Jarokov, Kasım Amanjolov, Təken Əlimkulov, Qali Ormanov, Jakan Sızdıkov kimi nüfuzlu qazax şairləri tərəfindən yüksək peşəkarlıqla qazax dilinə tərcümə olunub. Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb. Tədbirin sonunda Akademiya tərəfindən nəşr olunan Azərbaycana aid digər dəyərli əsərlər qonaqğa hədiyyə edilib.
Hamısını oxu
Aprelin 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı zona konfransı keçirilib. Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Şəki şəhərinin və ətraf rayonların veteran və ziyalıları, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov açaraq, xalqımızın, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı, qəhrəman ordumuz cəmi 44 gündə Ermənistan ordusunu darmadağın edərək, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olub. Dövlətin veteranlara, müharibə əlillərinə, Vətənin müdafiəsində bu və ya digər dərəcədə iştirak edən şəxslərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, cəmiyyətdə narahatlıqla qarşılanan bəzi məqamlara da diqqət çəkib. Bəzi şəxslərin müharibə iştirakçısı statusundan süni şəkildə istifadə etməyə çalışdığını, dövlət qurumlarına təzyiq göstərməyə cəhd etmək, əsassız iddia və tələblər səsləndirməklə qazi adına yaraşmayan əməllərə imza atdığını diqqətə çatdıran Cəlil Xəlilov qanunun hamı üçün bir olduğunu bildirib, həmin şəxsləri hüquqi əsası olmayan tələblər irəli sürməkdən çəkinməyə çağırıb. Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Azərbaycan xalqının dövlətimizin başçısının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində böyük əzm və mübarizlik sərgilədiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Ordusu xalqın dəstəyi ilə qısa zamanda işğalçı Ermənistan ordusunu darmadağın edərək, dövlətimizin ərazi bütövlüyünü, xalqımızın təhlükəsizliyini qorumağa qadir olduğunu sübut edib. Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara böyük qayğı göstərdiyini diqqətə çatdıran icra başçısı, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı böyük sosial layihələrin həyata keçirildiyini, bu təşəbbüslərin cəmiyyətdə məmnunluqla qarşılandığını bildirib. Bəzən sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən dövlətimizə qarşı əsassız iddia və tələblər səsləndiyini təəssüflə qeyd edən Elxan Usubov, bu cür qərəzli iddialara qarşı hər kəsin, o cümlədən müharibə veteranlarının, qazi və əlillərin birgə mübarizə aparmalarının vacib olduğunu söyləyib. Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Sektor müdiri dövlətin şəhid ailələrini, veteranları, müharibə əlillərini daim diqqət mərkəzində saxladığını qeyd edib. Vüsal Quliyev, həmçinin bəzi şəxslərin və veteran adı daşıyan təşkilatların bu statusdan sui-istifadə cəhdlərini də qınayıb, bu cür hallara qarşı birgə mübarizənin vacibliyinə toxunub. Sektor müdiri bildirib ki, veteranlar müharibədə olduğu kimi, bu sahədə də aktiv olmalı, milli maraqların, dövlətin və dövlətçiliyin keşiyində dayanmalıdırlar. Vüsal Quliyev veteran təşkilatlarına bu cür görüşlərin mütəmadi təşkil olunmasını, veteran təşkilatlarının beynəlxalq veteranlar hərəkatında daha aktiv iştirak etmələrini tövsiyə edib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrin İctimai Birliyinin Şəki filialının sədri, Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov, Əfqanıstan və Birinci Qarabağ müharibəsi veteranı Adil Musayev, Vətən müharibəsi qazisi Asif Məmmədəliyev də çıxışlarında dövlətin veteranlara qayğısından razılıqla bəhs edib, veteran adından, qazi statusundan sui-istifadə cəhdlərini qınayıblar. Tədbirin ikinci hissəsi aktiv diskussiya şəraitində keçib. Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi qaziləri dövlətin həssas təbəqə ilə bağlı sosial siyasətini, şəhid ailələrinə, veteran və müharibə əlillərinə göstərdiyi qayğını yüksək qiymətləndirib, dövlətimizin başçısına öz təşəkkürlərini bildiriblər. Eyni zamanda, üzləşdikləri neqativ hallarla bağlı şikayətlərini də dilə gətirən qazilər, xüsusilə əlilliyin təyinatı ilə bağlı məsələlərdə bəzi hallarda süründürməçilik və qeyri-obyektivliklə qarşılaşdıqlarını vurğulayıblar. Polkovnik Cəlil Xəlilov rəhbərliyində təmsil olunduğu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının neqativ hallarla üzləşən veteranlara yardım etməyə, onların şikayət və narazılığını, təklif və iradlarını əlaqədar qurumlara çatdırmağa hazır olduğunu bildirib. Tədbir iştirakçıları sonda ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur. Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur. İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir. Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir. Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır. Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı. Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Hamısını oxu