Digər xəbərlər
19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az
Hamısını oxu
Nəsib Məhəməliyev: “Rusiya sülhməramlıları erməni terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər” Son vaxtlar ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqdadır. Laçın və Şuşada baş verən son olaylar erməni təxribatlarının sistemli xarakter almağa başladığını göstərir. Maraqlıdır, Vətən müharibəsində hərbi potensialının 80%-ni itirən Ermənistanın yeni qarşıdurmaya cəhd etməsi nə dərəcədə anlaşılandır? Məğlub Ermənistan özündə bu cəsarəti haradan alır? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Erməni separatçısının hərbçilərimizin xidməti postuna əl qumbarası atması terror hadisəsidir və ən ağır şəkildə cəzalandırılmalıdır. Əks halda, yeni terror hadisələrinin törədiləcəyi şübhəsizdir. Burada məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür və onlar terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər. Terrorla mübarizədə effektiv İsrail təcrübəsi var. Heç bir halda terrorçulara güzəşt olunmur. Nəzərə almaq lazımdır ki, Ermənistan, dünyanın bir çox ölkələrində diplomatları, siyasətçiləri, qətlə yetirən terror dövlətidir və bu sahədə geniş təcrübəyə malikdir. İnsanlıq əleyhinə ən ağır cinayətlər törətmiş qatı terrorçuları milli qəhrəman səviyyəsinə qaldıran toplumdur. Heç kimə sirr deyil ki, hər bir terrorun arxasında siyasi məqsədlər dayanır. Mənə elə gəlir ki, bu terrorun da əsas məqsədi, 44 günlük müharibədə darmadağın olmuş və psixoloji baxımdan sındırılmış və alçaldılmış erməni əsgərinin döyüş ruhunu qaldırmaqdır. Eyni zamanda, nizamlama prosesini əngəlləmək, 10 noyabr üçtərəfli bəyanatla razılaşdırılmış bəzi müddəaların icrasından yayınmaq məqsədi daşıyır. Bu yaxınlarda, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov dövlət başçılarının yaxın vaxtda görüşünün baş tutacağını bəyan etdikdən dərhal sonra, bir çox erməni siyasətçiləri, politoloqları bunun əleyhinə çıxdıqlarını, hər hansı sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəklərini bildirdilər. Digər tərəfdən, düşünürəm ki, Türk dünyasının güclənməsi, inteqrasiya proseslərinin sürətlənməsi, bir çox dairələrin narahatlığına səbəb olur. Bu istiqamətdə müvəffəqiyyətlər əldə olunduqca, bədxahların ,,sürprizlərinə ,, hazır olmalıyıq. Ermənistanın gücü haradan alması, bəlli məsələdir. Ermənistan bu gücü ilk növbədə regionda maraqları olan ənənəvi geosiyasi güclərdən və biabırçı məğlubiyyətlə barışa bilməyən daxili millətçilərdən alır. Erməni cəmiyyəti yekdil deyildir. Cəmiyyətin daxilində müxtəlif xarici orqanlara xidmət edən destruktiv qüvvələr var. Onlar istənilən an, öz xəstə ideyalarını yeritmək naminə cinayət işlətməyə hazırdırlar. 1999-cu ildə parlamentdə baş nazirin, parlament rəhbərliyinin güllələnməsi və s. buna sübutdur. Amma Ermənistanın yaxın illərdə Azərbaycanla qarşı-qarşıya gəlməsi, genişmiqyaslı müharibə aparması qeyri-mümkündür”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək.
Hamısını oxuHərbi Prokurorluğun rəhbərliyi 27 sentyabr - Anım günü ilə bağlı Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zəngilan və Xocavənd rayonlarında yerləşən bölmələrində görüşlər keçirib və hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib. Hərbi qulluqçulara Vətən müharibəsində zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın əvəzsiz rolundan, döyüşlərdə hərbiçilərimizin şücaətindən danışılıb. Görüşlər zamanı həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və hospitalda müalicə onun hərbi qulluqçulara sovqatlar təqdim edilib.
Hamısını oxu