Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında xalq-ordu birliyi ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında xalq-ordu birliyi ilə bağlı tədbir keçirilib. Veteran və qazilərin, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin, media təmsilçilərinin, Müdafiə Nazirliyi əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov öncə Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycanda nizami ordunun formalaşdırılması istiqamətində ciddi addımların atıldığını bildirən polkovnik Cəlil Xəlilov, bolşevik işğalı ilə əlaqədar olaraq bu istiqamətdəki səylərin yarımçıq qaldığını vurğulayıb. Sovet dönəmində də azəbaycanlıların hərbi işinə yaxın buraxılmadığını qeyd edən sədr müavini, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra soydaşlarımızın keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində hərbi təhsilə cəlb edildiyini, milli hərbi kadrların hazırlanmasına prosesi start verildiyini bildirib. Daha sonra 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qalibiyyətə toxunan polkovnik Cəlil Xəlilov, bu qələbə xalqımızın mühüm rol oynadığını bildirib:

“44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da həlledici rol oynadı. 8 Noyabr zəfəri məhz xalq-ordu birliyi sayəsində əldə edildi. Hansı ki, Prezident İlham Əliyev də öz çıxışlarında bu vacib nüansı dəfələrlə qeyd edib, qələbənin əldə edilməsində xalq-ordu birliyinin həlledici amil olduğunu vurğulayıb.

Biz 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, dövlətimizə, xalqımıza qarşı düşmən mövqe tutan, birliyimizi, bərabərliyimizi, ölkəmizdəki sabitliyi pozmağa çalışan təxribatçı qüvvələrə qarşı bundan sonra da birgə mübarizə aparmalı, dövlət başçımızın, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız birliyimizdən, həmrəylyimizdən asılıdır”.

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarix yazdığını, xalqın hər bir fərdinin orduya, onun Ali Baş Komandanına dəstək verdiyini bildirdi:

“44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır. Azərbaycan Ordusu 44 gün ərzində erməni faşizminə ağır zərbə vuraraq onları tarixi torpaqlarımızdan qovdu, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbədə Azərbaycan xalqı yaxından iştirak etdi. Xalqımız Azərbaycan Ordusu, Ali Baş Komandanla ciddi həmrəylik sərgilədi. Prezident İlham Əliyevin bu müharibədə ortaya qoyduğu yüksək sərkərdəlik qabiliyyəti, komandanlıq bacarığı sayəsində erməni ordusu darmadağın edildi. Nəticədə, 30 illik həsrətə son qoyuldu, on illərdir davam edən erməni təxribatlarına layiqli cavab verildi”.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan xalqının tarixi xidmətlərinin inkaredilməz olduğunu vurğuladı:

“Birmənalı olaraq qeyd etməliyik ki, 8 Noyabr zəfəri xalqımıza, dövlətimizə qarşı uzun illərdir ki, davam edən erməni təxribatlarına qarşı ən layiqli cavab oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında cəmi 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusu, 30 illik işğaldakı torpaqları azad etdi.

Bu qələbədə Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da mühüm rol oynadı. Xalqımız mənəvi baxımdan ordu ilə sıx həmrəylik nümayiş etdirdi. Yaşından, peşəsindən, sscial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı orduya öz dəstəyini ifadə etdi ki, bu da hərbçilər üçün çox böyük mənəvi stimuli çevrildi. Azyaşlı məktəblilərin orduya yolladığı məktublar, bu məktublarda yer alan sevgi və səmimiyyət dolu fikirlər, uşaqların çəkdiyi şəkillər – bir sözlə atılan hər bir addım əsgərlərimizi qələbəyə daha da ruhlandırır, onların mübarizə əzmini artırırdı. Məhz xalq-ordu birliyi sayəsində düşmən üzərində parlaq hərbi qalibiyyət əldə edildi, ərazi bütövlüyümüz bərpa olundu”.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində görülən işlərdən bəhs edib, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabında yer alan bəzi nüanslara toxunub. Rasim Mirzəyev qeyd edib ki, layihə çərçivəsində xalq-ordu birliyi, bu birliyin 8 Noyabr zəfərinin əldə edilməsindəki əhəmiyyəti bir daha ictimaiyyətin diqqətinə çatdırılıb, bu həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə çıxış edənlər xalq-ordu birliyinin qələbəyə verdiyi mühüm töhfəyə diqqət çəkib, qalib dövlətin vətəndaşı olmağın bəxş etdiyi qürur hissindən danışıblar.

Xatırladq ki, tədbir “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində keçirilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

2022-06-02 14:07:00
1453 baxış

Digər xəbərlər

Fatma Səttarova 9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir: "Hörmətli veteranlar, İkinci Dünya müharibəsinin qəhrəmanları! Sizi  Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri adından və şəxsən öz adımdan 9 May – faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə təbrik edirəm! Ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir. 1941-1945-ci illəri əhatə edən və tarixə İkinci Dünya müharibəsi adı ilə daxil olan  bu müharibədə düşmən üzərində şanlı qələbənin qazanılmasında Azərbaycan xalqının  böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmiş,  Azərbaycandan 123 nəfər soydaşımız ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.      Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar əzəmətli igidlik göstərmişlər. Göstərdiyiniz döyüş və əmək hünərləri qədirbilən nəsillərin qəlbində əbədi yaşayacaqdır! Xalqımız Sizinlə fəxr edir ki, qalib Ordu sıralarında Azərbaycanın sədaqətli, igid oğul və qızları da var idi. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır.  Hörmətli veteranlar,   Sizi bir daha 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və firavan həyat diləyirəm. Hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü   Fatma Səttarova                     

Hamısını oxu
Ağdam Rayon Veteranlar Təşkilatında Xocalı soyqrımının 34-cü ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 26 fevral 2026-cı il tarixində Ağdam Rayon Veteranlar Təşkilatında Xocalı soyqrımının 34-cü ildönümü qeyd olunub.  Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyasının sədri, dövlət qurumlarının təmsilçiləri, şəhid ailələri və veteranlar iştirak ediblər. Tədbirdən öncə  Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə çıxış edən icra başçısı Vaqif Həsənov Xocalı soyqırımının dəhşətlərindən söz açıb, bu faciəyə ilk hüquqi-siyasi qiymətin məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini vurğulayıb. Tədbirdə çıxış edən digər natiqlər də Xocalı soyqırımının anti-insani mahiyyətinə toxunub, Xocalı qatillərinin cəzalandırılmasını haqqın və ədalətin təntənəsi kimi qiymətləndiriblər.  

Hamısını oxu
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq!

Şəhid polkovnik-leytenant Azər Mikayılovun və onun kimi qəhrəmanların həyatları, sanki hər bir təfərrüatında dərin mənalarla yazılmış bir vətən dastanıdır. Onlar, Vətənin bütövlüyünü qorumaq uğrunda canını qurban verən qəhrəmanlar, sanki bir dağ zirvəsi kimi əzəmətlidir. Gözlərindəki işıq, hər bir döyüşdə və hər bir anın içində Vətənin şərəfini qorumaq üçün çəkdikləri əzab və çəkdikləri mübarizənin parlaq əksidir.Hər bir şəhid, bir qəhrəmanlıq dastanının baş qəhrəmanıdır. Onların cismi torpağa qarışsa da, ruhları Vətən torpağında əbədi olaraq qalır. Qanları ilə yazdıqları bu dastan, bu gün də xalqımızın qəlbində oxunur və gələcək nəsillərə örnək olur. Azadlıq və vətən sevgisi, özləri qədər ölümsüzdür. Onlar bir miras qoyub getdilər  bu, yalnız fiziki deyil, həm də əxlaqi, mənəvi bir mirasdır ki, onun dəyəri zamanla daha da artacaq. Onların fədakarlığı, heç vaxt unutulmayacaq.Hər zaman yaddaşlarımızda yaşayıb, bizim üçün bir işıq və bir qürur qaynağı olacaq.Vətən torpağını düşməndən azad etmək nə qədər çətindirsə, onu göz bəbəyi kimi qoruyub saxlamaq ondan da çətindir. Biz Azərbaycan xalqı olaraq 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı - Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün canımızı və qanımızı fəda etdik. Lakin müstəqilliyimizin qorunması fonunda baş verən bu ölüm dirim savaşında erməni daşnaqları, xüsusilə də onların havadarları sayəindədədə baba torpaqlarımızı bir qismini  itirdik. Lakin 30 ildən sonar dövlətimiz, şanlı ordumuz sayəsində  itirdiyimiz torpaqlarımızı, 44 gündə azad etdik. Vətən Müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bu müddət ərzində göstərilən qəhrəmanlıq, həm döyüş meydanında, həm də hər bir Azərbaycan vətəndaşının qəlbindəki vətənpərvərlik ruhunda öz əksini tapdı. Dünya hərb tarixinə nümunə olacaq böyük bir tarix yazdıq. Bu yaradılan tarixin öndə gələn müəllifəri sırasında, Şanlı Azərbaycan dövləti, dar gündə bir yumruq kimi birləşən Azərbaycan xalqı, xüsusilə də Qəhrəman Azərbaycan əsgərləri yer almaqdadır. II Qarabağ savaşında - Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən, tarix yazan igidlərimizdən biri də polkovnik-leytenant Azər Mikayılov olmuşdur. Azər Əmrah oğlu Mikayılov 1980-ci ilin avqust ayında Kəlbəcər rayonunun Quzeyçiкin кəndində anadan olmuşdur. 1997-ci ildə Naftalan şəhəri 33 saylı tam orta məktəbi bitirən Azər Mikayılov. 1998-2002-ci illərdə Ali Hərbi məktəbdə təhsil almışdır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin təlim-tədris mərkəzində təhsilini davam etdirmişdir. 2003-cü ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı  Qüvvələrinin Quru Qoşunlarında taqım komandiri kimi xidmətə başlamışdır. Hərbi xidməti dövründə müxtəlif vəzifələrdə çalışan Azər Mikayılov son hərbi fəaliyyəti dövründə Xüsusi Təyinatlı Hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri vəzifələrini icra etmişdir. Azər Mikayılov II Qarabağ Müharibəsi başlayandan Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Azər Mikayılov 27 sentyabr 2020-ci il tarixindən 11 oktyabr 2020-ci il tarixinədək hərbi hissə komandiri kimi Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərə birbaşa rəhbərlik etmiş, böyük qəhrəmanlıq nümunəsi göstərmiş, onun rəhbərlik etdiyi hərbi qüvvələr onlarla yaşayış məntəqəsinin azad olunmasında, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak etmişdir. 11 oktyabr 2020-ci il tarixində Cəbrayıl-Hadrud istiqamətində baş verən şiddətli döyüşlərdə böyük qəhrəmanlıq göstərən Azər Mikayılov qəhrəmancasına şəhid olmuşdur. Azər Mikayılov hərbi xidmət dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara və nümunəvi xidməti vəzifəsinə görə müxtəlif medallarla təltif olunmuşdur. Ona müxtəlif dövrlərdə təqdim olunan III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları Azər Mikayılovun böyük rəşadətinin, qəhrəmanlığının bariz nümunəsidir. Onun adı bu medallarda əbədiləşmişdir, və onun mübarizəsi, döyüş yolu və böyük qələbəsi heç zaman unudulmayacaq. Bütün bu qəhrəmanlar, üçrəngli bayrağımızın altında, qanları ilə, əzmkarlıqları ilə, yüksək mənəvi dəyərləri ilə öz izlərini qoyublar. Onların hər birinin adı, Azərbaycan xalqının tarixində şanla, qürurla və sonsuz hörmətlə anılacaq. Hər bir şəhidin və igidin adının çəkildiyi zaman, biz yalnız onların keçdiyi mübarizə yolu deyil, həm də onların əziz xatirəsini yaşadırıq. Polkovnik-leytenat Azər Mikayılov kimi qəhrəmanlar, heç vaxt unudulmayacaq, çünki onlar bizim tarixi Zəfərimizin  əsasını qoyublar. Onların fədakarlığı, qələbələri ilə qürur keçiririk,  bir daha qeyd edim ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi daim anılacaq və bu torpaqlar üzərində dalğalanan üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq.                         Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu