Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanlı veteranlar “Moskva uğrunda döyüşün 75 illiyi” xatirə döş nişanı ilə mükafatlandırılıb

Rusiyanın Azərbaycandakı səfirliyində Böyük Vətən müharibəsi veteranları Fatma Səttarovanın və Damad Nəbiyevin “Moskva uğrunda döyüşün 75 illiyi” xatirə döş nişanı ilə mükafatlandırılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, döş nişanını veteranlara Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin hərbi attaşesi İqor Lobastov təqdim edib. İ.Lobastov qeyd edib ki, “Moskva uğrunda döyüşün 75 illiyi” xatirə nişanı 1941-ci ilin dekabrında Moskva ətrafında döyüşdə sovet qoşunlarının əks-hücumunun başlanmasının 75-ci ildönümü və Moskvanın müdafiəçilərinin hünərinin xatirəsi əlaməti olaraq təsis edilib. Bu döş nişanı Moskvada, Rusiya Federasiyasının digər subyektlərində, habelə xarici dövlətlərdə yaşayan Böyük Vətən müharibəsi veteranlarına – paytaxtın müdafiəsinin iştirakçılarına təqdim edilir. Qeyd edilib ki, döş nişanı cəmi 10 min veterana verilib. Onların 3980 nəfəri Moskvada, 19-u xarici dövlətlərdə, o cümlədən ikisi Azərbaycanda, qalanları Rusiya Federasiyasının subyektlərində yaşayırlar. İ.Lobastov azərbaycanlı veteranları mükafat münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı arzulayıb. Veteranlar Fatma Səttarova və Damad Nəbiyev Moskva uğrunda döyüş barədə məlumat verərək, xatırlandıqlarına və dünyanı faşist taunundan xilas etmiş bütün veteranların qəhrəmanlığına ehtiramla yanaşıldığına görə təşəkkür ediblər. Veteranlar jurnalistlərlə söhbət zamanı deyiblər: “Ən böyük arzumuz torpaqlarımızın erməni işğalçılarından azad edilməsidir”. “Moskva uğrunda döyüşün 75 illiyi” döş nişanının təqdim edilməsi mərasimində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrinin müavini Cəlil Xəlilov iştirak edib.

2017-03-06 00:00:00
4234 baxış

Digər xəbərlər

“Azərbaycan Ordusunun zəfəri sadəcə hərbi qələbə deyil, həm də böyük mənəvi üstünlükdür”

“2020-ci ildə 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin sentyabrında antiterror əməliyyatının nəticəsi yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu, həm də böyük bir mənəvi üstünlükdür”. Bu sözləri Silahlı Qüvvələr Günü ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələ Veteranları Təşkilatında keçirilən tədbirdə Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev bildirib. Administrasiya rəsmisi qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfəri ölkəni yeni inkişaf səviyyəsinə qaldırıb. Seymur ƏLİYEV

Hamısını oxu
Şəhid Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub

  Veteran.gov.az xəbər verir ki, Goranboy rayonunda Vətən müharibəsi şəhidi Əlövsət Məmmədovun məzarı və ailəsi ziyarət olunub. Bu barədə Goranboy rayon Gənclər və İdman İdarəsinin sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:   “19 sentyabr 2021-ci il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsi, Rayon İcra Hakimiyyətinin əməkdaşı və bir qurup gənc könüllülərlə birgə Vətən Müharibəsi şəhidi, rabitə xidmətinin rəisi mayor Məmmədov Əlövsət Əli oğlunun məzarı və ailəsi ziyarət olunub.   Məmmədov Əlövsət Əli oğlu 28.02.1988-ci il tarixdə Goranboy rayon Muzdurular kəndində doğulub, 44 günlük Vətən Müharibəsində qəhramancasına şəhid olub, 09.11.2020-ci il tarixdə dəfn olunub.   Ailəlidir, 3 övladı var.   Şəhidimizin kiçik oğlu Sənanın bu gün doğum günüdür. Bu münasibətlə ona ad günü hədiyyəsi təqdim edilib.   Şəhid ailəsilə görüşdə atası Əli Məmmədov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb.Onlara əmanət olan şəhidimizin övladlarını da vətənə layiqli övlad kimi böyüdəcəyini bildirib. Şəhidimizin övladları da gələcəkdə ataları kimi hərbiçi olacaqlarını deyiblər.   Doğum günü münasibətilə qəhraman şəhidimizin övladı Sənan balanı təbrik edir, cansağlığı və  uzun omur arzu edirik.   Allah bütün şəhidlərimizə rəhmət eləsin!”  

Hamısını oxu
“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfərdə iştirak edən diplomatların sayı da səfərin miqyas və əhəmiyyətindən xəbər verir: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici   siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri olduqca mühüm hadisədir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir ki, bu da onun miqyas və əhəmiyyətindən xəbər verir. Səfər zamanı diplomatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti ilə tanış olacaqlar. Əcnəbi dipomatlar Azərbaycanın post-müharibə dönəmində hər iki müstəvidə gördüyü nəhəng işlər, apardığı bərpa və yenidənqurma prosesinə şahidlik edəcək, bununla bağlı məlumat və təəssüratlarını daha da zənginləşdirəcəklər”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu cür səfərlər Azərbayacn xalqının qurmaq, yaratmaq əzminin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən torpaqların dirçəldilməsi prosesinə başladı. Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı altında həyata keçirilən bu proses qısa zaman ərzində silsilə uğurlarla nəticələndi. Bütün infrastrukturun yenidən qurulması, dağıdılan, yaşayış üçün tamamilə yararasız hala salınan yüzlərlə yaşayış məntəqəsinin yerində müasir, beynəlxalq tələblərə cavab verən modern kənd və şəhərlrin salınması, bu prosesdə ən son texnoloji yenilikləriin tətbiqi bütün dünyada böyük heyranlıqla qarşılandı. Qürurvericidir ki, 6 il bundan öncə başlayan abadlıq-quruculuq prosesi bu gün də eyni templə davam etməkdə, yeni uğurlar və nailiyyətlərlə nəticələnməkdədir. Hazırda işğaldan azad edilən torpaqlarda kənd təsərrüfatı və sənayenin inkişafı ilə bağlı həyata keçirilən layihələr, bu prosesdə beynəlxalq şirkətlərin yaxından iştirakı görülən işlərin əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunan torpaqlarımızın gələcəyinə olan inamı əks etdirir. İşğaldan azad edilən torpaqlara səfər edən əcnəbi diplomatlar səfər əsnasında bütün bu uğurları bilavasitə şahid olacaqlar ki, bu da onların mənsub olduğu dövlətlərin müasir Azərbaycan həqiqətləri ilə yaxından tanış olması baxımından son dərəcə önəmlidir. Mən hörmətli Hikmət müəllim başda olmaqla səfərdə iştirak edən bütün diplomatlara uğurlar arzulayır, müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident Stevo Pendarovskiyə məktub göndərdi

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə məktub göndərib. Axar.az məktubun mətnini təqdim edir: “Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm

Hamısını oxu