Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında hesabat konfranslarının keçirilməsi davam edir

Veteran.gov.az xəbər verir ki, Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.

Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 2-də və 3-də  Gəncə, Samux, Göygöl və  Daşkəsəndə təşkil olunub. Bu toplantılarda ağsaqqallarla yanaşı şəhər, rayon rəhbərlikləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

 

Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən şəhər və rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən və ölkəmizin hərtərəfli inkişafından bəhs ediblər. Natiqlər, həmçinin ağsaqqalların şəhər və rayonların ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açaraq, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun, Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan söz açılıb. Ali və orta təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvlərinə, xüsusilə də gənclərimizə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasına böyük önəm verildiyi qeyd olunub.  44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizin tarixi əhəmiyyətindən danışılıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət göstərildiyi vurğulanıb.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, artıq koronovirus pandemiyasının zəiflədiyi bu dövrdə yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv quracaqlar.

Bayram Yusifov möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən geniş vüsətli bərpa-quruculuq işlərindən, istifadəyə verilən hava limanından, tikinti və infrastruktur obyektlərdən, yüksək əhəmiyyətə malik yerli və beynəlxalq tədbirlərin keçirilməsindən böyük qürur hissi ilə danışıb. Bu, artıq danılmaz və çox sevindirici bir faktdır ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tükənməz səyi, incə zövqü əsasında Vətənimiz gündən-günə daha da gözəlləşir və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilir.

Bayram Yusifov onu da qeyd edib ki, ölkəmizdə gedən bu inkişaf prosesi  Azərbaycan Ağsaqqallar Şurasında da özünü ciddi şəkildə göstərməkdədir. Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlər həyata keçirilir, o cümlədən beynəlxalq əlaqələr möhkəmləndirilir. Belə ki, son bir il ərzində Şuranın rəhbərliyi Türkiyədə və Türkmənistanda olublar, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri, Ədalət və İnkişaf Partiyasının Sədr müavini Binəli Yıldırımla,  Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli və maraqlı görüşlər keçiriblər. Həmçinin Eldar Quliyev Türk Dövlətləri Təşkilatında nüfuzlu ağsaqqal olaraq Türkmənistanı təmsil edən Qurbanqulu Berdiməhəmmədovun fəaliyyətini yüksək dəyərləndirərək və onu “Fəxri Ağsaqqal” ordeni ilə təltif edib.

Konfranslarda Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev və digər ziyalılar, şəhər və rayon Ağsaqqallar Şurasının, həmçinin YAP-ın yerli təşkilatlarının üzvləri və başqa natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Azərbaycanın hər bir bölgəsində  ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevə vətənpərvərlik mövzusunda yazdığı şeirlərə görə “Qafqaz-Media” İB tərəfindən təltif olunduğu “Heydər Əliyev Zirvəsi-99” Fəxri diplomu və medalı təqdim edilib.

2022-06-05 08:53:00
1265 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen şəhərində “France 24 telekanalına verdiyi müsahibə sübut etdi ki, bundan sonra da Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində Azərbaycanın Fransa ilə olan münasibətinə aydınlıq gətirməklə yanaşı, bütövlükdə dövlətimizin digər ölkələrlə münasibətdə əsas tutduğu meyarları da şərh edib: “Prezident İlham Əliyev müshaibəsində bildirdi ki, Fransa ilə ölkəmiz arasında siyasi-diplomatik müstəvidə yaşanan gərginliyin səbəbkarı rəsmi Parisdir və Azərbaycan məhz Fransa hökumətinin yürütdüyü siaysətə cavab olaraq bəzi addımlar atmaq, bəyanatlar vermək məcburiyyəti qarşısında qalıb. Fransanın separatçıların açıq şəkildə müdafiə etməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıması, ölkəmizin ünvanına yalan və böhtanlar səsləndirməsi fonunda Azərbaycan Fransa ilə bağlı həqiqətləri dilə gətirib ki, bu həqiqətlər hər kəsə məlumdur. Bununla yanaşı, dövlət başçısı Fransa-Azərbaycan münasibətlərində yeni bir səhifənin açılmasının mümkünlüyünə də toxundu və bildirdi ki, münasibətlərin inkişafı yalnız qarşılıqlı hörmət əsasında mümkündür. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, normal münasibətlərin inkişafı üçün suveren dövlətlərin bir-birlərinə hörmət etməsi, eyni zamanda bir-birlərinin daxili işlərinə müdaxilə etməməsi zəruridir. Yalnız bu halda sağlam, dinamik inkişafa səbəb olan münasibətlər qurmaq olar. Prezidentin məlum müsahibəsindən həm də bu nəticə hasil oldu ki, Azərbaycan bugünə qədər olduğu kimi, bundan sonra da beynəlxalq münasibətlərdə hər bir dövlətə adekvat yanaşacaq, hər ölkəylə onun layiq olduğu şəkildə davranacaq. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin qərarlarına, suverenliyinə, hüquq sisteminə hörmətlə yanaşan hər bir dövlət özünə münasibətdə də eyni ehtiramı görəcək. Öz məkirli məqsədlərinə nail olmaq üçün Azərbaycana təzyiq etməyə çalışan, onunla təhdid dili ilə danışmağa cəhd edən dövlətlərin qazancı isə yalnız məyusluq və rüsvayçılıq olacaq”. Seymur ƏLİYEV      

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

5 sentyabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhəbrliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində apardığı mübarizəyə diqqət çəkib, 8 Noyabr zəfərinin önəmini vurğulayıb: “Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. İnanıram ki, bu konfrans çərçivəsində səsləndirilən məruzələr, çıxışlar və aparılan müzakirələr bizə təkcə Zəfər tariximizi bir daha xatırlatmayacaq, həm də sülhə gedən yolda görülən işlərə, qarşıda duran vəzifələrə və milli hədəflərimizə daha aydın baxış formalaşdıracaq. Prezident İlham Əliyev təkcə hərbi Qələbənin deyil, eyni zamanda sabitliyin, inkişafın və sülhün memarıdır. Onun müdrik rəhbərliyi ilə Azərbaycan bu gün nəinki regionda, həm də beynəlxalq miqyasda sabitlik adası, əməkdaşlıq mərkəzi və dayanıqlı inkişaf modeli kimi tanınır. Əminik ki, bu model yaxın gələcəkdə bütün dünya üçün nümunəyə çevriləcək və hər kəs  Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının əldə etdiyi yeni, böyük, tarixi uğurlara şahid olacaq”. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı Eldar Quliyev işğal dönəmində ermənilərin törətdiyi vəhşiliyə diqqət çəkib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbə bütün bu vəhşiliklərə son qoydu, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu gün Azərbaycanın bütün dünya, xüsusilə də türk dövlətləri ilə geniş əməkdaşlıq əlaqələri qurduğuna diqqət çəkən millət vəkili, bütün bu uğurların müəllifinin Müzəffər Ali Baş Komandan olduğunu vurğulayıb. AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, Milli Məclisin deputatı professor Ziyad Səmədzadə çıxışında dövlətimizin əldə etdiyi iqtisadi uğurlara diqqət çəkib. Müstəqilliyin ilk illərində Azərbaycanın bir çox problemlərl yanaşı, həm də ciddi borc problemi ilə üzləşdiyini bildirən millət vəkili, hazırda Azərbaycanın borc verən ölkəyə çevrildiyini söyləyib. Konfransda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlili də Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinə toxunub. O, qeyd edib ki, məhz İlham Əliyevin dərin zəkası, yüksək siyasi səriştəsi, cəsarət və qətiyyəti Azərbaycanı tarixin ağır sınaqlarından qalib çıxardı, dövlətimizə və xalqımıza  bütün dünyada böyük hörmət və ehtiram qazandırdı. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi və əmək veteranı  İmran Əbilov da iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Veteranların sağlamlığına xüsusi diqqət göstərilir

Respublika Veteranlar Təşkilatının əməkdaşları Mərdəkanda yerləşən Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasında oldular. Respublika Veteranlar Təşkilatının sədr müavini, e.o polkovnik Cəlil Xəlilov xəstəxananın baş həkimi Xuraman Zamanova ilə birlikdə xəstələri ziyarət etdi, onlara hansı səviyyədə tibbi xidmət göstərilməsi ilə tanış oldu. Böyük Vətən müharibəsi veteranı Fatma Səttarova görüş zamanı xəstəxanada veteranlar üçün yaradılmış şəraitdən razılığını bildirdi. Digər veteranlar da xəstəxanada  xüsusi  diqqət və qayğıya ilə əhatə olunduqlarını bildirdilər. Müharibə və Əmək Veteranları Respublika Xəstəxanasının baş həkimi Xuraman Zamanova xəstəxanada yaradılmış şərait haqqında qonaqlara ətraflı məlumat verdi. Bu müalicə ocağının veteranların  sağlamlığının bərpa edilməsində əvəzsiz xidmətləri olduğunu bildirdi. O, gələcəkdə xəstəxanın fəaliyyətinin daha da yaxşılaşdırlacağına, maddi bazasının gücləndiriləcəyinə əminlik ifadə etdi. Xəzər Rayon Veteranlar Təşkilatının sədri Nüsrət İbrahimov da öz növbəsində xəstəxana rəhbərliyinə minnətdarlığını bildirdi. Həmçinin Xəzər Rayon Veteranlar Təşkilatının iş otağının da xəstənada yerləşdiyini bildirdi. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov veteranlar adından Xəstəxanın kollektivinə təşəkkürünü çatdırdı. O, Təşkilatın Rəyasət heyətinin qərarı ilə Xuraman Zamanovanın “Veteran Həmrəyli” medalı ilə təltif edildiyini bildirdi və medalı sahibinə təqdim etdi.

Hamısını oxu
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milli.Az bildirir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcəkYeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb. . Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir. Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər. Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək. Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və "Biz birlikdə güclüyük" layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.  

Hamısını oxu