Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəmkir, Qazax və Tovuz rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Veteran.gov.az xəbər verir ki, şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.

Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 21-də və 22-də Şəmkir, Qazax və Tovuz rayonlarında təşkil olunub. Bu konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Balaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri,  təhsil işçiləri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq toplantının əhəmiyyətindən söz açıblar. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan natiqlər yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-mədəni  həyatında yaxından iştirak etdiklərini bildiriblər. Rəhbər vəzifəyə təyin olunduqları ilk günlərdən etibarən mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, onların məsləhət və tövsiyələrinə əməl etdiklərini söyləyən icra başçıları gənclərin vətənpərvərlik ruhunda, sağlam təməllər üzərində tərbiyəsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahovun yerli təşkilatlar tərəfindən son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıya qoyulan vəzifələr barəsində məruzələri dinlənilib. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvləri, xüsusilə də gənclərimizlə maarifləndirici, o cümlədən ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını, onların milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunda tərbiyəsi işinə böyük önəm verildiyini qeyd ediblər. Vurğulayıblar ki, həm pandemiya dövründə, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqalları öz fəaliyyətlərini davam etdirərək xalqımızın həmrəy olmasında, daxili və xarici düşmənlərimizə, o cümlədən xəstəliklərə qarşı mübarizə aparılmasında yaxından iştirak ediblər. Çıxışçılar gələcəkdə öz fəaliyyətlərini daha səmərəli və əhatəli qurmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Lakin ağsaqqallarımızın daha yüksək potensiala  malik olduqlarını bildirərək koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı bu dövrdə onların fəaliyyətində daha böyük canlanmanın olacağına əminliyini ifadə edib.

Öz çıxışında ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən Bayram Yusifov xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini qeyd edib. Hazırda Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələrin ağsaqqallarının təmsil olunduğu Ağsaqqallar Şurasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası da Eldar Quliyevin rəhbərliyi ilə TDT-nin Ağsaqqallar Şurasının işində yaxından iştirak edir, təşkilata üzv olan türk dövlətlərinə işgüzar və səmərəli səfərlər həyata keçirilir, bir sıra sahələr üzrə əməkdaşlıqlar genişləndirilir. Bayram müəllim, həmçinin, ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən və bu gün həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla  davam etdirilməsindən də bəhs edib.

O, öz çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı, sözün əsl mənasında ağsaqqalsız qaldığımız dövrlərdə Azərbaycanın yaşadığı böyük problemləri tədbir iştirakçılarına xatırladaraq Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən və işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açıb, ölkə əhalisinə, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.

Hazırda Azərbaycan Ağsaqqallar Şurasında, onun yerli təşkilatlarında  canlanmanın müşahidə edildiyini vurğulayan natiq bildirib ki, biz ağsaqqallar daha da fəal olmalıyıq, dövlətimizin, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi sevməyən daxili və xarici qüvvələrə, cəmiyyətimizdəki neqativ hallara qarşı ciddi mübarizə aparmalıyıq, gənclərlə maarifləndirici işlərimizi daha da artırmalıyıq.

Konfranslarda rayonların Ağsaqqallar Şuralarının üzvləri, həmçinin yerli təşkilatların nümayəndələri, ziyalılar və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Vurğulayıblar ki, xalqımizi daha da qüvvətləndirən ağsaqqal sözüdür və ağsaqqallara  hörmət millətə, dövlətə hörmətdir. Azərbaycanın hər bir bölgəsində  belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Tovuzda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalova yeni vəsiqə təqdim edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Səfər çərçivəsində ənənəvi olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yerli təşkilatların iş otaqları, onlara yaradılan şəraitlə və göstərdikləri fəaliyyətlə yaxından tanış olub, öz tövsiyələrini verib, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla məsləhətləşmələr aparılıb.

 

2022-06-23 21:38:00
1452 baxış

Digər xəbərlər

2021-ci il Azərbaycan üçün uğurlu və əlamətdar oldu

2021-ci il başa çatmaq üzrədir. Bu il də dünyanın mənzərəsi həm rəngarəng, həm də ziddiyyətli və mürəkkəb oldu. Bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilmiş və ciddi dəyişikliklərə səbəb olan pandemiya şəraiti, iqtisadi problemlər, ayrı-ayrı regionlarda hərbi-siyasi qarşıdurmalar, siyasi kataklizmlər və s. bir çox güclü, inkişaf etmiş ölkələrin çox sayda problemlər və çətinliklərlə qarşılaşmasına səbəb oldu. Cənubi Qafqazın lider ölkəsi, dünyada güclü – qüdrətli, nüfuzlu və qalib dövlət kimi tanınan Azərbaycan isə öz inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdi.   Zəfər yürüşünün davamı   Yola salmağa hazırlaşdığımız il Azərbaycan üçün Zəfər ilinin, yaxud Zəfər yürüşünün davamı oldu. Belə ki, ötən il işğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışa hazırlıq məqsədilə mühüm layihələrin reallaşdırılması, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu. Bu, həmçinin Azərbaycanın milli inkişafın yeni mərhələsinə qədəm qoymasına imkan verən mühüm amillərdən biridir.   Ardıcıl islahatlar və uğurlu siyasi dialoq prosesi Azərbaycanın qüdrətini artırır   2021-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların həyata keçirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirdi. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik oldu.  Xüsusilə də, siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin – həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə mərhələsində də siyasi qüvvələr milli maraqlara, xalqın və dövlətin mənafeyinə dair məsələlərdə birlik – vahid mövqe nümayiş etdirməklə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinə birmənalı dəstək verdilər. Bu isə xalqımızın həmrəyliyinin daha da güclənməsidir.   Həmrəyliyimiz milli gücümüzdür   Həmrəylikdən  bəhs edərkən xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək öz qüdrətini bütün dünyaya göstərən Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki biz qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələriyik!   Burada haşiyə çıxaraq bir daha xatırlatmağı borc bilirəm ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir. O zaman Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdi. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. Ümummilli Liderimiz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə milli mənsubluğumuzla, milli kimliyimizlə qürur duymağı aşılamışdı. Onun əsasını qoyduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edən məfkurəyə çevrildi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə milli birliyimizi zirvəyə daşıdı və Vətən müharibəsində biz bunun canlı şahidi olduq. Bu gün də dünya azərbaycanlıları Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir, milli məfkurəmiz olan azərbaycançılıq ətrafında sıx birləşib.   Yeni mərhələ və yeni hədəflər   Müasir müstəqil Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, ümummilli məqsədlərə və strateji hədəflərə çatmaq uğrunda inamla addımlar. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”. Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir. Veteran.gov.az xəbər verir ki, 6 iyun 2026-cı il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Samur” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Çıxışlarda vurğulanmışdır ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirilməsi ilə yanaşı, ölkənin digər bölgələrində də müasir sərhəd infrastrukturunun qurulması və ən qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə və sərhədçilərə göstərdiyi ali diqqət və qayğının təzahürüdür. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd etmişdir ki, “Samur” sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsi məhz “Xudat” Sərhəd Dəstəsinin yaradılmasının 34-cü ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Bu əlamətdar hadisə sərhəd mühafizəsi sahəsində formalaşmış zəngin ənənələrə ehtiramın ifadəsi olmaqla yanaşı, müasir sərhəd infrastrukturunun yaradılması istiqamətində görülən işlərin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə əks etdirir. Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Tədbir çərçivəsində xidməti-döyüş fəaliyyətində fərqlənmiş bir qrup hərbi qulluqçu təltif edilmiş, dövlət sərhədlərinin mühafizəsi işinə uzun illər ərzində verdikləri töhfələrə və sərhədçi ənənələrinin yaşadılmasındakı fəaliyyətlərinə görə veteran sərhədçilərə “Xudat” Sərhəd Dəstəsinin 34 illik şərəfli xidmət yolunu əks etdirən xatirə albomları təqdim edilmişdir. Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə yaxından tanış olmuş, xidməti mənzillərə baxış keçirmişdir. Sonda xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyətlə birlikdə nahar edilmişdir. 

Hamısını oxu
Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimat mərasimi keçirilib

Veetran.gov.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təqdimat mərasimi keçirilib.  Tədbirdən öncə Ulu Öndərin Akademiyadakı büstü önünə gül dəstələri qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev Ulu Öndərin həyat və fəaliyyətinin bir kitaba sığdırılmasının mümkünsüz olduğunu qeyd edərək kitabda Ümummilli Liderin ölkəmizdə hərbi quruculuq sahəsində gördüyü işlərə, həyata keçirdiyi ardıcıl və məqsədyönlü islahatlara toxunulduğunu vurğulayıb. Bildirib ki, hələ SSRİ-nin mövcudluğu dövründə Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq Azərbaycanda hərbi təhsil müəssisəsinin yaradılmasına, gənclərimizin hərbi sahədə təhsil almağa yönləndirilməsinə nail ola bilmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına şərait yaratmışdır. Millət vəkili, tarix elmləri doktoru Anar İsgəndərov Ulu Öndərin uzaqgörən strategiyasının ölkəmizin davamlı inkişafına, daha da güclənməsinə stimul olduğunu, bu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilərək dövlətimizin beynəlxalq arenada nüfuz sahibi olmasına şərait yaratdığını qeyd edib. Tarix elmləri doktoru Mehman Süleymanov təqdim olunan “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabda Ulu Öndərin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə hərbi təhsil, hərbi xidmətə çağırış və səfərbərlik, beynəlxalq hərbi əməkdaşlıq, peşəkar milli zabit kadrların hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, Silahlı Qüvvələrimizin hərbi texnika, silah-sursatla təmin edilməsi mövzularının araşdırıldığını vurğulayıb. Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndərin dövlətçiliyin qorunub saxlanılmasında misilsiz xidmətlərindən, zəngin siyasi irsi və idarəçilik təcrübəsindən danışıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasının demokratik-hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinə zəmin yaratdığını ifadə edib. 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynli çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi fəaliyyətinin mühüm istiqamətlərindən birinin də müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması olduğunu bildirib.  S. Hüseynli qeyd edib ki, 2 noyabr 1993-cü ildə Ulu Öndərin radio və televiziya ilə xalqa müraciəti ilə vətəndaşlar respublikanın bütövlüyünü qorumaq üçün ayağa qalxdı. Bu müraciət həmçinin yeni ordu quruculuğu prosesinin əsasını qoydu.  

Hamısını oxu
28 May – Müstəqillik Günü: Tarixi Yaddaş, Millətin Dirçəlişi

Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək! Respublika Gününüz mübarək!   Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu