Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Belarus Republikası polkovnik Cəlil Xəlilovu medalla təltif edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Belarus Respublikası tərəfindən xüsusi medalla təltif olunub.

Veteran.gov.az xəbər verir ki, dünən Mühasribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olan  Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov  sözügedən medalı polkovnik Cəlil Xəlilova təqdim edib. Polkovnik Cəlil Xəlilov Azərbaycan və Belarus xalqları arasında əlaqələrin möhkəmlənməsi, habelə Belarus ərazisinin faşizmdən azad edilməsində iştirak edən soydaşlarımızın təbliğindəki xidmətlərinə görə bu etimada layiq görülüb.

Təltifə görə konsul Aleksandr Arxipova öz təşəkkürünü bildirən sədr müavini, ötən əsrin 40-cı illərində faşizmə qarşı birgə mübarizə aparan Belarus və Azərbaycan xalqları arasında bu gün də tarixi dostluq əlaqələrinin mövcud olduğunu qeyd edib və bu əlaqələrin inkişafı üçün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının öz səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

 

2022-06-30 10:58:00
1122 baxış

Digər xəbərlər

Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Hamısını oxu
“26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati binasında “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri Vətən Mü

Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hər bir şəxsə qayğı və dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir. İkinci Qarabağ Müharibəsi iştirakçılarının diqqətdə saxlanılması dövlət təşkilatları ilə yanaşı ictimai birliklərin və hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. “26 iyun - Silahlı Qüvvələr Günü” münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin təşkilatçılığı ilə bu gün, 2021-ci il iyunun 24-də Baş Prokurorluğun yeni inzibati binasında Qarabağ Müharibəsi iştirakçıları, qaziləri və döyüşlərdə yaralanmış hərbçiləri ilə görüş keçirilmişdir.  Görüş iştirakçıları burada yaradılmış Vətən müharibəsinə həsr edilmiş tarixi-memorial muzeylə tanış olmuşlar. Bundan sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin akt zalında tədbir açıq elan edilərək Vətən müharibəsində şəhid olan bütün əsgər və zabitlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə iştirak edən “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri və Vətən müharibəsinin iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı yenilməz Azərbaycan ordusunun zabit və əsgərlərinin şücaətindən və qəhrəmanlıqlarından danışmışlar. Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarına İctimai Birlik tərəfindən hədiyyələr verilmiş və xatirə fotoşəkli çəkilmişdir.                  

Hamısını oxu
“20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”

Cəlil Xəlilov: “Cinayətkarlar elə bilirdi ki, əzələ nümayiş etdirməklə Ermənistanın maraqlarını təmin edə biləcəklər” “20 Yanvar hadisəsi sovet hakimiyyətinin xalqımıza qarşı tarixi cinayətidir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, əslində 20 Yanvar hadisələrinin kökü 80-ci illərin sonunda baş qaldıran erməni fitnə-fəsadı ilə başlayıb: “1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından başlayır. Bildiyiniz kimi, 1987-1988-ci illərdə ermənilər növbəti dəfə Qərbi Azərbaycan ərazisindəki soydaşlarımızı deportasiyaya məruz qoyur, onları tarixi vətənlərindən didərgin salırdı. Xatırladım ki, sadəcə, 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib. Bu deportasiya nəticəsində 250 min azərbaycanlı doğma vətənindən didərgin salınıb. 1990-cı ilin yanvarında Azərbaycana qoşun yeridən sovet hakimiyyəti xalqımıza əzələ nümayiş etdirməklə onun iradəsini qırmağa cəhd etdi. Sovet hakimiyyəti istəyirdi ki, xalqımız insanlarımızı Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etsin, bu prosesə müqavimət göstərməsin. Lakin Azərbaycan xalqı tarixin bütün çətin mərhələlərində olduğu kimi, 1990-cı ilin yanvarında da ciddi iradə və əzm nümayiş etdirdi. Öz cəsarəti və qəhrəmanlığı ilə sübut etdi ki, onun iradəsini zorakılıqla, hədə-qorxu ilə qırmaq, ona boyun əydirmək mümkün deyil”. Polkovnik qeyd edib ki, 20 Yanvar hadisələrinin müqəssirləri ilk dəfə məhz Ulu öndər Heydər Əliyev tərəfindən ifşa olunub: “20 Yanvar faciəsinə ilk obyektiv qiyməti verən, baş verənlərə görə sovet hakimiyyətinə açıq etiraz sərgiləyən Ümummilli lider Heydər Əliyev olub.  Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Onu da qeyd edim ki, 1991-ci il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “...Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Göründüyü kimi, Heydər Əliyev sovet rejiminin mövcudluğu dönəmində bu məsələ ilə bağlı cəsarətli mövqe sərgiləyib, baş verənləri Azərbaycan xalqına qarşı cinayət adlandırıb”. Professor bildirib ki, ermənilərin və ermənipərəst qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan bundan sonra da öz milli maraqlarının qorunması və möhkəmlənməsi istiqmaətindəki addımlarını qətiyyətlə davam etdirəcək: “Azərbaycan xalqına qarşı qırğın və qtəliyamlar 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra da davam edib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə günahsız soydaşımız amansızcasına qətlə yetirilib. Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ona qarşı edilən bütün haqsızlıqlara, cinayətlərə layiqli cavab verdi. İşğaldakı torpaqlarımız qısa zamanda döyüş yolu ilə azad edildi. Erməni faşizmi tar-mar olundu. Bu gün işğaldan azad edilən torpaqlarımıza “Böyük Qayıdış” gerçəkləşir. Ancaq bu, son deyil. Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə - Qərbi Azərbaycana da qayıdacaqlar. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Prezidentimizin və xalqımızın qətiyyəti bu ümidləri daha da gücləndirir. Təbii, bu uca amal uğrunda biz veteranlar da əlimizdən gələni əsirgəməyəcək, xalqımız və dövlətimizlə, Müzəffər Ali Baş Komandanımızla sıx həmrəylik nümayiş etdirəcəyik”. Seymur ƏLİYEV  

Hamısını oxu
DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Publika.az DTX-nin saytına istinadən xəbər verir. Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.   Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur. Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər.

Hamısını oxu