Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Publika.az DTX-nin saytına istinadən xəbər verir. Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.  

Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.
Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər.

2020-09-22 00:00:00
3616 baxış

Digər xəbərlər

DSX-nın rəhbər vəzifəli şəxsləri İkinci Fəxri xiyabanı və bölgələrdəki şəhid məzarlarını ziyarət edib

Veteran.gov.az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində və antiterror tədbirləri zamanı şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib. Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb. Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb. Seymur ƏLİYEV

Hamısını oxu
“8 Noyabr zəfəri dünya miqysında bənzərsiz qələbədir”

“44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin erməni faşizmi üzərində əldə etdiyi zəfər dünya miqyasında bənzərsiz qələbədir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirdiyi fikirlər bunu bir daha sübut edir: “Bildiyiniz kimi, cənab Prezident Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə etdiyimiz tarixi qələbənin önəminə toxunub, 8 Noyabr zəfəri ilə bağlı maraqlı fikirlər səsləndirib. Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycanın əldə etdiyi 8 Noyabr zəfəri mütləq qələbədir və nə 44 günlük Vətən Müharibəsindən öncə, nə də bundan sonra bu qədər aydın, parlaq, qəti qələbə olmayıb. Yaxın və uzaq keçmişə nəzər salsaq görərərik ki, Müzəffər Ali Baş Komandanın səsləndirdiyi bu fikirlər tarixi faktlara, tarixi gerçəkliklərə söykənir. Həqiqətən də, 8 Noyabr zəfəri mübahisəsiz və təkrarsız bir qələbədir. Bu fakt bir daha Azərbaycan Ordusunun Ermənistan və onun havadarları üzərində necə böyük, misilsiz qələbə çaldığını göstərir. Və bu fakt bir daha sübut edir ki, Azərbaycan xalqı, türk dünyası olaraq bu böyük, tarixi qələbə ilə nə qədər fəxr etsək azdır!”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Dövlətimiz şəhid ailələrinə, veteranlara hər zaman böyük qayğı göstərib və bu gün də göstərməkdədir”

Naqif Həmzəyev: “”YAŞAT” Fondunun fəaliyyəti bunun ən bariz nümunəsidir”   “Bu gün ölkəmizdə bir milyondan çox qaçqın və məcbur köçkün var və 90-cı illərin əvvəllərindən bu günə qədər ölkəmizdəki məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi addımlar atılmaqdadır”.    Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili  qeyd edib ki, Azərbaycan dövləti veteran və şəhid ailələrinin sosial rifahının yüqksəldilməsi, onlara yönəlik diqqət və qayğının genişləndirilməsi istiqamətində mütəmadi addımlar atmaqdadır:   “Bununla yanaşı, həm I Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi zamanı şəhid olan hərbçilərimizin ailələrinə, veteranlara, müharibə əlillərinə dövlətimiz hərtərəfli qayğı göstərib. Dövlətimiz şəhid ailələrinin, veteranların problemlərinin həlli istiqamətində ciddi və mütəmadi addımlar atıb.   Vətən Müharibəsi zamanı əldə etdiyimiz qələbəni  şəhidlərimizə, qazilərimizə borcluyuq. Möhtərəm prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, o cümlədən bütün dövlət rəsmiləri öz çıxışlarında şəhidlərimizi və qazilərimizi yad edir, qazilərimizə, şəhid ailələrimizə diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd edirlər. Bu, sadəcə sözdə deyil, həm də əməldədir. Mütəmadi olaraq şəhid ailələri ziyarət olunur, onların hər bir istəyinə həssaslıqla yanaşılır.   Ölkəmizdə “YAŞAT” Fondu yaradılıb və “YAŞAT” Fondu birbaşa şəhid ailələrinin, qazilərin probleminin həlli ilə məşğul olur. Bütün dövlət qurumları, YAP fəalları bu məsələdə onların üzərinə düşən işi böyük məsuliyyət hissi ilə həyata keçirirlər. Hal-hazırda bu məsələ ilə bağlı ciddi işlər görülür. Şəhid ailələrinin evlə təminatı, müharibə əlillərinə avtomobillərin verilməsi, onların ailə üzvlərinin məşğulluq probleminin həlli bu il üçün də prioritet məsələlərdən biridir. Bir sözlə, prezidentimizin rəhbərliyi altında dövlətimizin şəhid ailələrinə, veteranlara göstərdiyi qayğı bütün dövlətlərə nümunədir”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq”

“Yanvar ayının 12-də cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu. Dövlətimizin başçısı Azərbaycanın bütün sektorlarda inkişafın ən yüksək mərhələsinə çatmasını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Həmçinin Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərindən bəhs etdi. Vurğuladı ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Müharibədən çıxmış bir ölkə üçün iqtisadi artım çox vacib məsələlərdən biridir. Bununla bərabər, qeyri-neft iqtisadiyyatımız da 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün işlər doğru istiqamətdə və plana uyğun gedir. Ölkəmizin ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənaye istehsalı isə 20 faizə yaxın artıb. Bu cür artım dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye sahələrdə artımlar məhz bu rəqəmlərdə öz əksini tapıb”.  Bu sözləri Veteran.gov.az-a açıqlamasında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.  Millət vəkili müsahibədə yer alan  postmünaqişə dövrünün reallıqlarından, dünyanın əksər dövlətlərinin bu reallıqları hansı səviyyədə qəbul etmələrindən, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmamasından, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında dünya güclərinin marağından, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan və siyasi çəkisindən, hazırkı dövrdə sülh müqaviləsinin zəruriliyindən əlaqələrindən geniş bəhs edərək əsas diqqəti Avropa İttifaqı-Azərbaycan münasibətlərinə yönəldib. “Cənab Prezidentin müsahibəsində önəmli məqamlardan biri də Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqının rolu ilə ilə bağlı məsələdir. Bu rolu müsbət qiymətləndirən  Dövlət Başçısı qeyd edb ki,  bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. ATƏT-n Minsk qrupunun üzvləri olan və vasitəçi kimi birmənalı şəkildə neytrallıqlarını qorumalı olduqları halda,  Ermənistan tərəfini tutan Fransa və  Amerika Birləşmiş Ştatlarından fərqli olaraq, Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb: “Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq”.  Tamam Cəfərova deyib ki, Avropa İttifaqı ilə Azərbaycanın gündəliyi onsuz da çox genişdir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşdır və Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Bu status artıq 2020-ci ilin son günündə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə daha da möhkəmlənib.  Müsahibədə Cənub Qaz Dəhlizi barədə deyilənlər hazırda regionda marağı olan ölkələr üçün çox önəmli idi. Çünki bu layihənin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsini çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Buna görə Azərbaycan bir neçə ölkəni səfərbər edib. Hazırda dünyada, ələlxüsus Avropada qaz böhranı yaşandığını vurğulayan millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər.  Müsahibədə beynəlxalq hüququn böhran keçirməsinə toxunan Dövlət Başçısı bildirib ki,” Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.      

Hamısını oxu