Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur”

Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur.

Bunu saytımıza müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu həqiqəti daim yadda saxlamalı və öz fəaliyyətində rəhbər tutmalıdır: “Hərbi sirrin qorunması, yayılması qanunla qadağan edilən informasiyaların məxfi saxlanılması Azərbaycan Respublikasının müvafiq qanunlarında ehtiva edilən, aydın və izahlı şəkildə əksini tapan məsələlərdir. Bu, o deməkdir ki, hər hansı hərbi məlumatın yayılması ilk öncə qanunun pozulması, onun tələbinin nəzərə alınmamasıdır. Bu isə heç şübhəsiz qanuni pozan şəxsin müvafiq qaydada məsuliyyətə cəlb edilməsini şərtləndirir. Lakin bu məsələdə qanun faktoru məsələnin sadəcə bir tərəfidir. İşin həm də mənəvi-vicdani tərəfi var ki, bu da qanunu amildən heç də az əhəmiyyət kəsb etmir.

Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun yayılması qanunla qadağan edilən informasiyanı yayması adi qanun pozuntusu deyil. Bu, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, insanların həyatını təhlükəyə atmaq deməkdir. Çünki bu cür informasiyalardan Azərbaycana düşmən olan qüvvələr də bəhrələnir ki, bu da təhlükəsizliyimiz üçün ciddi risk və təhdidlər yaradır. Məncə, heç bir azərbaycanlı istəməz ki, onun ehtiyatsızlığı və ya məsuliyyətsizliyi səbəbi ilə dövlətimizə, xalqımıza zərrə qədər də ziyan dəysin. Buna görə də, hər bir vətəndaş həm mediada, həm də sosial mediada bu məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı, hərbi sirrin yayılmasına yol verməməlidir”.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bəzən kimlərsə özünü başqalarından daha məlumatlı şəxs kimi təqdim etməyə çalışır, məhz bu səbəbdən də sahib olduqları informasiyanın mahiyyətini, önəmini dərk etmədən bunu sosial mediada tirajlayırlar: “Bu günədək təcrübə sübut edir ki, media və xüsusilə də sosial mediada yayılması qadağan edilən informasiyaların yer alması bir çox hallarda müəyyən şəxslərin özlərini ətrafdakı adamlara daha informasiyalı şəxs kimi göstərmək istəyi ilə bağlıdır. Yəni bəzi şəxslər belə informasiyaları yaymaqla göstərmək istəyirlər ki, onlar baş verən proseslərdən, onun təfərrüatlarından hər kəsdən daha çox məlumatlıdır və ya onların ciddi mənbələrə çıxışı var. Təəssüflər olsun ki, məhz bu cür yanaşma bəzi hallarda dövlətimizin təhlükəsizliyinə təhdid yaradan informasiyaların yayılmasına səbəb olur. Tövsiyəm ondan ibarətdir ki, hər bir şəxs hansısa məlumatı tirajlamaq istəyərkən öncə atacağı addımın nə dərəcədə qanuni olub-olmadığını, bu addımın dövlətimizin, xalqımızın təhlükəsizliyinə təhdid yaradıb-yaratmayacağını müəyyənləşdirsin. Heç kim unutmasın ki, onun yayacağı hər hansı məlumat dövlətimizin təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilə, düşmən qüvvələr üçün qiymətli kəşfiyyat məlumatına çevrilə bilər”.

“Bu məsələdə hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) da maarifləndirmə baxımından ciddi iş aparmalı, dövlətə dəstək olmalıdır: “Təbii ki, bu məsələdə QHT-lər, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lərimiz cəmiyyət, xüsusilə də gənclər arasında hüquqi maarifləndirmə haqqında geniş iş aparmalı, yayılması qadağan edilən informasiyaların işıqlandırılmasının hansı fəsadlara səbəb ola biləcəyini ətraflı şəkildə izah etməlidir. Hər kəs anlamalıdır ki, bu dövlət, bu xalq hər birimizin dövləti, hər birimizin xalqıdır və onun təhlükəsizliyinə də hər birimiz cavabdehik”, - deyə sədr müavini vurğulayıb.

 

2022-07-28 18:37:00
1387 baxış

Digər xəbərlər

Cəlilabadda şəhid Sənan Ağayevin anım mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Məzahir Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Ağayev Sənan Qədir oğlunun anım günü ilə bağlı tədbir keçirib.  Tədbirdən öncə Şəhidlər Kompleksi önünə tər gül dəstələri  qoyulub. Tədbirdə Dövlət himni səsləndilib, ərazi bütövlüyümüz uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, həmin məktəbin direktoru Adışirin Kazımov, şəhid atası Nazim Paşayev, Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, Qarabağ qazisi Asəf İsmayılov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı naminə əlinə silah alıb Vətənin müdafiəsinə qalxan oğulların şücaətindən danışılıb, onların adlarının həmişə xalqımızın yaddaşında yaşayacağını xüsusi olaraq vurğulayıblar. Şagirdlərin ifasında sələnən vətənpərvər ruhlu şeirlər maraqla qarşılanıb. Sonda şəhidin qardaşı Nadir Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Tədbirdən sonra  kənd qəbiristanlığında şəhid Sənan Ağayevin məzarı  ziyarət  olunub və şəhidlərimizin ruhuna dualar oxunub.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağında 2023-cü ildə görülən işlər müzakirə edilib

Yığıncaqda 2024-cü il üzrə fəaliyyət planı da müzakirə olunub Veteran.gov.az xəbər verir ki, 27 dekabar 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib. Yığıncaqda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin 2023-cü il üzrə fəaliyyəti barədə hesabat verib, son bir il ərzində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdrıb. Yığıncaqda həmçinin Təşkilatın 2024-cü il üzrə nəzərdə tutulan fəaliyyət planına toxunulub,  tədbir iştirakçıları bu barədə məlumatlandırılıb.  

Hamısını oxu
“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə genefondumuzun qorunması baxımından həyati əhəmiyyətə malikdir”

Məlum olduğu kimi, bugünlərdə DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Xatırladaq ki, bundan öncə də adıçəkilən qurumların keçirdiyi əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb, bu istiqamətdə mühüm addımlar atılıb.  Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla DTX və DSX-nın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı bu əməliyyatların cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, xalqımızın genefondunun qorunması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə xalqımızın sağlamlığının, onun genefondunun qorunması baxımından həyati əhəmiyyətə malikdir. Narkotik çox böyük bəladır və bu bəla çox insanları, çox ailələri bədbəxt edib. Odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının qətiyyətlə alınması olduqca vacibdir. Bu baxımdan müvafiq dövlət qurumlarının bu bəlaya qarşı apardığı mübarizə təqdir olunmalı, alqışlanmalıdır. Biz narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  mübarizəni sərtləşdirməli, kimlərinsə xalqımızı zəhərləməsinə, onun genefonduna ölmcül zərbə endirməsinə imkan verməməliyik. Bu məsələdə hər kəsin ayıq-sayıqlıq sərgiləməsi, əlaqədar dövlət qurumlarına dəstək verməsi vacibdir”.  Seymur ƏLİYEV  

Hamısını oxu
Polis övladı Avropa çempionu oldu

Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda  Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib. İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar. Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır. E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb.  Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb. Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır. Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır. Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.   Ruslan Vəliyev, polis baş leytenantı  

Hamısını oxu