Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

Veteran.gov.az xəbər verir ki, İctimai Şuraların Onlayn Platformaya inteqrasiya edilməsi ilə bağlı “İctimaishura.az saytının idarə olunmasında birgə iştirak” adlı təlimlər keçirilib.

 

Təlimin açılışında çıxış edən İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Azərbaycanın ictimai şuralar ilə bağlı ilk və yeganə vahid onlayn platforması olan İctimaishura.az ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” layihəsi çərçivəsində yaradılıb. Platforma ictimai şuralar ilə bağlı informasiya mühitinin formalaşmasında əsas rola malikdir. Ötən dövr ərzində 500-dən çox xəbər hazırlanaraq sayta yerləşdirilib. Eyni zamanda 38 ictimai şura platformaya inteqrasiya edilib. Həmin ictimai şuraların fəaliyyəti, üzvləri haqqında və digər məlumatlar bazaya daxil edilib.

 

USAID-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsinin nümayəndəsi Hamlet Babayev “ECSOFT” layihəsi haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Layihə çərçivəsində eyni zamanda  E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə göstərir. Hamlet Babayev bildirib ki, “ECSOFT” layihəsi çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.

 

Açıq Hökumət Platformasının koordinatoru, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ictimai iştirakçılıq və ictimai şuralar ilə bağlı müsbət istiqamətdə proseslərin getdiyini bildirib. Ə. Nuriyev həmçinin İctimaishura.az platformasının da prosesə töhfə verdiyini və informasiya əlçatanlığının təmin olunmasında müsbət rolunu qeyd edib.

 

Daha sonra Platformadan istifadə qaydaları haqqında təqdimatla çıxış edən Cəsarət Hüseynzadə qeyd edib ki, platformanın idarə olunmasında dövlət qurumları və ictimai şuraların iştirakını arzu edirik. Bu iştirakın həyata keçirilməsi üçün platformada texniki imkanlar yaradılıb. Təqdimatda platformanın üzvlər tərəfindən idarə olunması ilə bağlı texniki imkanlar nümayiş olunub.

 

Təlim müzakirələr ilə davam edib. Ümumilikdə 3 qrupda keçən təlimdə 9 mərkəzi icra hakimiyyəti orqanının nümayəndəsi, 23 ictimai şura üzvü olmaqla ümumilikdə 36 nümayəndə iştirak edib.

Təlimin sonunda iştirakçılara təmsil etdiyi qurumun Platformaya girişi üçün kod, parol və fəal iştiraka görə təşəkkürnamələr təqdim edilib.

 

2022-07-31 10:28:00
902 baxış

Digər xəbərlər

Şamaxı Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib

Noyabr ayının 7-də Şamaxı rayonunun Mədəniyyət Mərkəzində Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalıları, idarə və müəssisələrin rəhbərləri və digər  ictimaiyyət nümayəndələri iştirak ediblər.  Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Konfransda Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və digər konfrans iştirakçılarını salamlayaraq onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli dəyərlərimizə söykənərək keçdiyi inkişaf yolundan və bu prosesdəki ağsaqqallıq institunun rolundan, eyni zamanda müasir problem və çağırışlardan söz açıb. Ağsaqqalların Şamaxı rayonunun ictimai-mədəni həyatında da yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildirib və konfransın işinə uğurlar arzulayıb. Konfransda hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov ötən dövr ərzində görülmüş işlərdən və keçirilmiş tədbirlərdən bəhs edib.  Rayonun ictimai-siyasi və mədəni həyatında, xüsusilə gənc nəslin milli ruhda yetişməsində ağsaqqalların rolundan və nüfuzundan söhbət açıb. Vurğulayıb ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində əsl mütəşəkkillik nümayiş etdirən rayon ağsaqqalları təbliğat və təşviqat kampaniyasında, o cümlədən səsvermə prosesində fəal iştirak edərək qalib Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevi yüksək səviyyədə dəstəkləyiblər. Həmçinin Milli Məclisə keçirilən seçkilərdə də ağsaqqallar yaxından iştirak edərək ən layiqli namizədlərə səs veriblər. Çıxışının sonunda natiq üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb. Sonra tədbirdə çıxış edən professor İsaxan Vəliyev, Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri Mərəhmət Mustafayev, Xudaverdi Lazımov, Nəzakət Abdulrazaqova, Məzi Şikarov və başqaları Ulu Öndər Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Natiqlər Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndiriblər. Daha sonra təşkilati məsələlər müzakirə olunub. Şamaxı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzv və Fəxri üzvlər seçilib. Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq, onları qarşıdan gələn əlamətdar Zəfər Günü münasibətilə təbrik edib. Vurğulayıb ki, bizə milli qürurumuzun təntənəsi olan bu möhtəşəm Zəfəri bəxş etdiyinə görə Azərbaycanın xilaskarı və memarı Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı,  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və onun qətiyyətli rəhbərliyi ilə igidliklə vuruşan əsgər və zabitlərimizə, qəhrəman qazilərimizə bir daha dərin minnətdarlığımızı bildirir, unudulmaz şəhidlərimizi ehtiramla anırıq. Sonra natiq ağsaqqallıq institutunun tarixindən, o cümlədən ölkəmizdə ağsaqqalları təşkilatlandıraraq 35 ildir öz səmərəlı fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət edən Azərbaycan Ağsaqqallar Şurasının keçdiyi şərəfli yoldan söz açıb. Akademiklər İmam Mustafayev və Budaq Budaqovun, görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun rəhbərliyi altında Şuranın gördüyü əhəmiyyətli işlərdən bəhs edib. Vurğulayıb ki, bu gün millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə  Azərbaycan Ağsaqqallar Şurası özünün böyük inkişaf dövrünü yaşayır. Şuranın 79 şəhər və rayon təşkilatında birləşən 35 mindən çox üzvü ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə dəyərli töhfələr verir, yeniyetmə və gəncləri Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maarifləndirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. İşlərini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurası məhsuldar fəaliyyətini beynəlxalq səviyyədə, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdirir. Bayram Yusif, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin imza atdığı uğurlardan, siyasi-iqtisadi, hərbi gücünün və nüfuzunun gündən-günə  artmasından, davamlı inkişaf prosesindən ətraflı bəhs edib. Bu günlərdə Azərbaycanda keçiriləcək möhtəşəm bir tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, bu tədbirin Bakıda keçirilməsi hər zaman olduğu kimi hazırda da bəzi antiazərbaycan qüvvələrin ölkəmizə qarşı davam edən qərəzli təzyiqlərinə baxmayaraq öz haqqını, hüququnu bərpa edən, ədalətli yolundan dönməyən Azərbaycanın və onun əvəzedilməz Lideri cənab İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin və danılmaz yüksək nüfuzun sübutudur. Bayram Yusifov hesabat dövrü ərzində görülən işləri, ümumilikdə, qənaətbəxş hesab etsə də, öz irad və təkliflərini də bildirib. Azərbaycanda tarix boyu sayılan-seçilən, insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən  ağsaqqallarımızdan cəmiyyətimizin daha təsirli və səmərəli fəaliyyət gözlədiyini vurğulayıb.  Onları daha fəal olmağa çağıraraq təəssüf hissi ilə qeyd edib ki, bu gün cəmiyyətimizdə boşanmaların sayı gündən-günə çoxalır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov ağsaqqalların hər birinə möhkəm cansağlığı diləyərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şamaxı Rayon Ağsaqqallar Şurasının üzvləri  gözəl və məzmunlu çıxışa, əhəmiyyətli təklif və tövsiyələrə görə Bayram Yusifova öz təşəkkürlərini bildirərək, fəaliyyətlərini daha aktiv şəkildə davam etdirəcəklərini vurğulayıblar.  

Hamısını oxu
Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı ELAN EDİLDİ

Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş prezidenti Köçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər".

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib. Xatırladaq ki, pokovnik Cəlil Xəlilov uzun illərdir ki, yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanan, Azərbaycan Silahlı Qüvvələrinin təbliğində, düşmən dezinformasiyalarına qarşı mübarizədə yaxından iştirak edən peşəkar hərbi ekspertdir. O, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, pedaqoq kimi milli kadrların hazırlanması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prosesində də yaxından iştirak edir.  

Hamısını oxu
“2025-ci il Konstitusiya və Suverenlik İli!”

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "2025-ci il Konstitusiya və suverenlik ili" mövzusunda tədbir keçirib. Tədbirdən öncə ölkəmizin müstəqilliyi və severenliyi uğrunda canlarını  qurban vermiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək 2025-ci ilin Konstitusiya və suverenlik ili elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz dövlət müstəqilliyimiz məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndikdən sonra  1995-ci il noyabrın 12-də  Ulu Öndərin  rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük əhəmiyyət daşıyır.   Sarsılmaz birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bu gün hamımızın  vətəndaşlıq borcumuzdur.  Tədbirdə şəhid atası Habil Hüseynov, Qarabağ qazisi Maşallah Əliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov, ictimai fəal Əsəd Abbasov, şair İman Abdulla, Vətən müharibəsi iştirakçısı Nofəl Tağıyev, veteran müəllim Cankişi Seyfullayev, şəhid qardaşı Sakit Üçtəpəli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı və başqaları çıxış edərək möhtərəm prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini yüksək qiymətləndirdilər və dünyaya günəş kimi doğan Azərbaycanımızla qürur duyduqlarını xüsusi vurğuladılar. Bir daha əmin olduqlarını bildirdilər ki, müstəüilliyimiz daimidir, əbədidir və dönməzdir.

Hamısını oxu