Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“100-cü ilində Azərbaycan Cümhuriyyəti” Əskişəhərdə beynəlxalq konfrans

May ayının 26-27-də Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfrans Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) dəstəyi ilə baş tutmuşdur. Tədbir başlamazdan Xalq Cümhuriyyətinin qurucularının və vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan müxtəlif türk xalqları gənclərinin nümayəndələrinin Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş etdirilmişdir. Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və Dərnəyin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov beynəlxalq konfransa qatılanlara təşəkkür edərək konfransda Cümhuriyyətin qurulmasından ötən 100 illik tarixin dövlət quruculuğu, daxili və xarici siyasət, iqtisadi, sosial və mədəni sahələr üzrə mövzular əsasında müzakirə olunacağını bildirmişlər. Tarixi yaddaşın diri saxlanması məqsədi güdən layihə barədə məlumat verən R.Məmmədov beynəlxalq konfransda iştirak üçün göndərilən elmi məqalələrin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 məqalə xülasəsinin daxil olduğunu, onlardan 217-sinin ikinci mərhələyə keçdiyini, qiymətləndirmə nəticəsində 60 məqalənin konfransın proqramına daxil edildiyini bildirmişdir. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətinin 39 universitet və iki ictimai təşkilatının nümayəndələrinin göndərdiyi elmi məqalələr yalnız Xalq Cümhuriyyəti illərini deyil, Azərbaycan tarixinin 100 illik dövrünü əhatə etmişdir. Konfransın açılışında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Anadolu Universitetinin rektoru Naci Gündoğan, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban çıxış edərək Xalq Cümhuriyyəti qurulmasının Azərbaycan xalqının həyatında böyük və çox əhəmiyyətli hadisə olduğunu qeyd etmiş, bu dövlətin öz üzərinə götürdüyü çətin tarixi vəzifələri qısa müddətdə ləyaqətlə yerinə yetirdiyini bildirmişlər. Çıxış edənlər Türkiyə-Azərbaycan münasibətlərinin bütün dönəmlərdə qardaşlıq əsaslarına dayandığını, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bunun bir daha təsdiq olunduğunu tarixi faktlarla diqqətə çatdırmışlar. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfransın məhz Əskişəhərdə keçirilməsindən qürur duyduğunu, böyük Atatatürkün dediyi kimi “Azərbaycanın sevincini Türkiyənin sevinci, kədərini Türkiyənin kədəri” saydıqlarını bildirən Əskişəhər valisi Özdemir Çakacak Azərbaycanın 1991-ci ildə müstəqilliyin bərpasından sonra hər bir sahədə böyük uğurlara imza atdığını, qardaş ölkənin qazandığı uğurlarda 100 il əvvəl təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin də böyük payı olduğunu qeyd etmişdir. Açılışdan sonra öz işini panellərlə davam etdirən konfransda iki gün ərzində “1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət və siyasət”, “Cəmiyyət və mədəniyyət”, “Təhsil”, “Tarix və ədəbiyyat”, “Fəlsəfə”, “Dil və ədəbiyyat”, “Türklük”, “Siyasət və idarəçilik”, “Tarix və mədəniyyət”, “Mətbuat” və “İqtisadiyyat” panellərində ümumilikdə 60 elmi məruzə dinlənilmişdir. Elmi məruzələr arasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Cümhuriyyətin üçlü formulu: Türkləşmək. Müasirləşmək. İslamlaşmaq”, Türk dili və Ədəbiyyatı bölüm başqanı dosent Nazim Muradovun “Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyət, Millətlərə İstiqlal” deyimi üzərinə notlar”, tarix üzrə fəlsəfə doktoru Lətif Babayevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət quruculuğu (ikinci və üçüncü hökumətlərin təcrübəsi əsasında), Tükiyənin universitetinin professoru Toğrul İsmayılın Azərbaycan Cümhuriyyətinin (1918-1920) quruluş dönəmində sərhəd problemləri”, Xəzər universitetinin dosenti Vurğun Əyyubun “Cümhuriyyət dövrü yazarlarımızdan Hüseyn Cavid yaradıcılığı və Sərvəti-Fünun”, professor Səlcuk Dumanın “Güney Azərbaycan milli oyanış hərəkatı (GAMOH)”, professor Mehman Dəmirlinin “Azərbaycan Xalq Cümhuriyyəti: Demokratiya və insan hüquq və azadlıqları” adlı məruzələri xüsusi maraq doğurmuşdur. Mayın 28-də Respublika günündə beynəlxalq konfransın iştirakçıları Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri ilə birlikdə Ankara şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatatürkün məzarlarını ziyarət etmiş, hər iki Cümhuriyyətin qurucularının məzarlarına gül çələngi qoymuşlar

2018-06-21 00:00:00
3979 baxış

Digər xəbərlər

İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə

Diqqət!!! İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə   Azərbaycan xalqının qəhrəman oğul və qızları tarixin səhifəsinə adlarını qızıl hərflərlə yazıb, azərbaycanlı adını iftixarla daşııblar. Onlar daima xatırlanmalı, əbədi yaşamalıdırlar. Respublika Veteranlar Təşkilatı  tərəfindən İkinci dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ərəsfəsində müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş, eləcə də, sağ veteranların tanıdılması istiqamətində müntəzəm işlər aparılır. Hörmətli həmvətənlərimiz, bu vətənpərlik missiyasında bizə kömək göstərməklə yaxınlarınızın tanıdılmasına yardımçı olacaqsınız. İkinci Dünya müharibəsində iştirak etmiş şəxslər haqqında informasiya və onların müharibə dövrünə (və ya müharibədən sonra) aid foto şəkillərini aşağıda göstərilən ünvana göndərməyinizi xahiş edirik.   Əlaqə vasitələri Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koveroçkin küçəsi 34 Tel: 012 4923681 Fax: 0124927884 Mail: az.veteran@mail.ru  

Hamısını oxu
İlham Əliyev Qobustan rayonuna getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Qeyd edək ki, regionların inkişafı ilə əlaqədar icra olunan dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin rayonlara səfərləri zamanı əhali tərəfindən qaldırılan məsələlərə həssas münasibət Qobustan rayonunun iqtisadi, sosial və mədəni həyatına da təsirsiz ötüşməyib. Son illər ölkənin bütün regionları kimi, bu rayon da özünün əsl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.   İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi ilə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Bu korpus zərurət olmadıqda – yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün – məsələn hərbi hissələr, sərhəd xidməti, tədris və ya fövqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da 28 saylı Bilgəh qəsəbəsində Birləşmiş Şəhər Xəstəxanasının, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilib. Növbəti modul tipli infeksion xəstəliklər korpusu Qobustan rayonunda quraşdırılıb. Bu komplekslər rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılaraq onlara təhkim olunur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edir. İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

Hamısını oxu
Cəlil Xəlilov: Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz

Bakı, 23 fevral, AZƏRTAC Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ordumuzun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərindəki mövqelərini də atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verərək baş verənləri Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib: “Fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb və maraqlıdır ki, cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutub. Bu faktın özü bir daha onu göstərir ki, Avropa İttifaqının missiyası bölgədəki təhlükəsizliyi təmin etmək, Ermənistanın təxribatlarının qarşısını almaq üçün səmərəli təsir mexanizmi deyil. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi. Baş verənlər göstərdi ki, Ermənistan missiyanın fəaliyyətini yeni təxribatlar üçün zəmin hesab edir. Görünən odur ki, Ermənistan tərəfi hesab edir ki, Avropa İttifaqının missiyasının fəaliyyətə başlaması onlara öz təxribatlarını daha təhlükəsiz ortamda həyata keçirməyə imkan verəcək. Ancaq rəsmi İrəvan bu cür düşünməklə yanılır. Ermənistan bilməlidir ki, Azərbaycan tərəfi istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və bu məsələdə heç bir güzəştə getməyəcək. Ermənistan kimin çətiri altında gizlənir-gizlənsin, yol verdiyi hər bir təxribata görə cavab verəcək və cəzalandırılacaq. Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz”. Polkovnik qeyd edib ki, Avropa İttifaqının Ermənistandakı missiyasına silahlı şəxslərin daxil edilməsi də narahatverici məqamlardan biridir: “Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Demək belə çıxır ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Halbuki, indiyədək bu barədə heç bir məlumat verilməmişdi. Bu informasiya erməni ictimaiyyət üçün də yenilik oldu. Avropa İttifaqının məlum etirafı sübut etdi ki, Ermənistan öz ərazisinə silahlı missiya buraxdığını bütün region dövlətlərindən, eyni zamanda, Ermənistan ictimaiyyətinin özündən də gizlədib. Bu, bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti hətta öz xalqına münasibətdə belə səmimi deyil”. Polkovnik Cəlil Xəlilov İranın baş verənlərə biganə münasibətinin də anlaşılan olmadığını vurğulayıb: “Maraqlı məqamlardan biri də İranın baş verənlərə seyrçi münasibət bəsləməsidir. Baxmayaraq ki, Qərbi hər zaman sözdə asıb-kəsən İranın sərhədlərində Avropa dövlətlərinin silahlı hərbçiləri dayanıb. Onları bu sərhədlərə gətirib çıxaran isə Ermənistandır. Araz çayı sahilində Azərbaycana hədə-qorxu gəlmək üçün genişmiqyaslı təlimlər keçirən İranın Ermənistanın etdikləri fonunda sərgilədiyi susqunluq rəsmi Tehranın xarici siyasətindəki əcaiblikdən və məntiqsizlikdən xəbər verir. Bu gerçək bir daha onu göstərir ki, rəsmi Tehran bu gün də dost və düşməni ayırmaqda ciddi səhvlərə yol verir. Hansı ki, bu səhvlərin İran üçün gec-tez böyük problemlərə yol açacağı şübhəsizdir”.

Hamısını oxu
Yeni dövlət proqramları: iqtisadiyyatın gələcək inkişafına doğru addım

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı çıxışında proqramın hazırlanma tarixçəsindən danışıb — aprelin əvvəlində müvafiq Sərəncam imzalandığını və bir neçə ay ərzində hazırlıq işlərinin aparıldığını bildirib. Müşavirədən sonra prezident yeni Sərəncam imzalayaraq proqramı rəsmən təsdiq edib.2027-ci ildən icrasına başlanacaq proqram dağ-mədən sənayesinin inkişafında növbəti mərhələnin yol xəritəsi kimi nəzərdə tutulub. Əsas hədəf sektorun gəlirinin iki dəfə artırılmasıdır, bunun üçün isə təxminən 5,3 milyard manat investisiya tələb olunur. Sosial baxımdan da əhəmiyyətlidir — proqram beş mindən çox daimi iş yerinin yaradılmasını nəzərdə tutur. Qeyd olunub ki, dağ-mədən sənayesi Davos Ümumdünya İqtisadi Forumunda xarici investisiyaların cəlbi və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından ölkənin əsas prioritet sahələrindən biri kimi dəyərləndirilib.Proqramın icrasına nəzarəti Nazirlər Kabineti həyata keçirəcək və ildə bir dəfə prezidentə hesabat veriləcək. Monitorinq və qiymətləndirmə funksiyası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.Prezident müşavirədə son dövrlər qəbul olunmuş digər dövlət proqramlarına da toxunub. Qəbul edilmiş proqramlar arasında əsas istiqamətlər kimi kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı (meliorasiya, Bakı-Abşeron yarımadasının su təminatı) sahələri qeyd olunub, baxmayaraq ki, real olaraq daha çox sayda proqram təsdiq edilib.Dövlət başçısının fikrincə, bu proqramlar böyük vəsait tələb etsə də, həm ölkə iqtisadiyyatını gücləndirəcək, həm də vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təminatını yaxşılaşdıracaq. Vaxt çərçivəsinə gəlincə, qəbul edilmiş proqramların əksəriyyəti qısamüddətlidir və 2030-cu ilin sonuna qədər icra olunmalıdır. Su proqramı nisbətən daha uzun müddət tələb edir, dağ-mədən və metallurgiya proqramı isə cəmi dörd il ərzində icra edilməlidir.Prezident ölkə iqtisadiyyatının cari vəziyyətinə də münasibət bildirib: hazırkı artım templərinin çox da yüksək olmamasının səbəbini ilk növbədə neft hasilatının aşağı düşməsi ilə əlaqələndirib. Məhz bu fonda qeyri-neft sənayesinin, o cümlədən dağ-mədən və metallurgiya sahəsinin inkişafı iqtisadi şaxələndirmə baxımından strateji əhəmiyyət kəsb edir.Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı, kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı sahələrindəki digər proqramlarla birlikdə, Azərbaycanın qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində vahid strategiyanın tərkib hissəsidir. Milyardlarla manat investisiya, minlərlə yeni iş yeri və dəqiq icra müddətləri ilə bu proqramlar həm makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına, həm də əhalinin sosial rifahının artırılmasına xidmət etməklə ölkə iqtisadiyyatının daha dayanıqlı əsaslar üzərində inkişafına töhfə verməyə hesablanıb. Bu proqramların paralel şəkildə icrası göstərir ki, dövlət neft gəlirlərindən asılılığı azaltmaq üçün ardıcıl və sistemli bir yanaşma nümayiş etdirir, hər bir sahəyə ayrılan vəsait isə təsadüfi deyil, konkret hədəflər və nəzarət mexanizmi ilə müşayiət olunur. Bununla yanaşı, dörd illik qısa icra müddəti dövlət qurumları qarşısında ciddi öhdəliklər qoyur və proqramların uğuru əsasən icra intizamından və vaxtında maliyyələşdirmədən asılı olacaq. Nəticə etibarilə, bu strateji sənədlər təkcə sənaye göstəricilərinin yaxşılaşdırılmasına deyil, həm də uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının daha çevik, şaxələndirilmiş və xarici təsirlərə davamlı bir modelə keçidinə xidmət edir. Zaur MuradovYeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri

Hamısını oxu