Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin  Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə Milli Qəhrəman Mübariz İbrahimovun  7 fevral doğum günündə onun  haqqında yazılmış "Mübarizdən sonra" kitabının təqdimatını keçirib.

Rayondakı Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, yaradıcı ziyalılar, İctimai Birliklərin rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər.

Öncə öz canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman  çıxış edərək əfsanəvi qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun həyat və döyüş yolundan danışıb, onun kimi şərəfli tarix yazan igidlərimizin bu gün gənclərimizə örnək olduğunu xüsusi vurğulayıb.

Təqdimatı keçirilən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü  Müşfiq Muğanlı kitabın araya-ərsəyə gəlməsində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim  dayının göstərdiyi mənəvi dəstəyi və kitabın nəşr olunması üçün Heydər Əliyev Fondunun etdiyi maddi köməkliyi minnətdarlıq hissi ilə qeyd edib. Bildirib ki, qəhrəman şəhidimizə həsr olunmuş  "Mübarizdən sonra" kitabı respublikamızın bütün kitabxanalarına hədiyyə olaraq veriləcək.

"Əməkdar Mədəniyyət işçisi"  Cahangir Muradov, şəhid atası Mehman Əliyev, polkovnik-leytinant Zamin Həsənov, "Mübarizsevərlər" İctimai Birliyinin sədri Əbülfəz Şahmarov, müharibə veteranı Qurban Əhmədov, "Biləsuvar.info" saytının baş redaktoru Surxay Şahbazov, həkim Mirhənifə Sultanov, şair İman Abdulla, MKS-nin şöbə müdiri Nüşabə Nərimanova və başqaları öz çıxışlarında kitabın müsbət məziyyətlərindən danışıblar və qeyd ediblər ki, belə kitabların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rolu vardır.

Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, şəhid ailələrinə həmişə yüksək diqqət və qayğı göstərdiyinə görə dövlətimizə öz  minnətdarlığını bildirib.

 

2025-02-08 16:19:20
2946 baxış

Digər xəbərlər

Azərbaycanda İkinci Dünya müharibəsinin 13 iştirakçısı birdəfəlik yardım alacaq

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir. APA xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb. Bildirilib ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.   Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır. Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Hamısını oxu
Fatma Səttarova İkinci Fəxri Xiyabanda dəfn olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.  Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir. Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”. Fatma Səttarova 2024-cü il sentyabrın 14-də İkinci Fəxri Xiyabanda dəfn edilib. Dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların məsul şəxsləri, veteranlar, ictimaiyyət nümayəndələri iştirak edib. Dəfn mərasimində çıxış edənlər bildirib ki, Fatma Səttarova nümunəvi həyat yolu keçib, daim istiqlal ideallarını tərənnüm edib. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müstəqil Azərbaycan Respublikasında yaşamaq və yaratmaq onun ən böyük arzusu və qisməti olub. Dəfn mərasimində Fatma Səttarovanın ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya göstərilən yüksək diqqətə və qayğıya görə dərin təşəkkür edib. Allah rəhmət eləsin!

Hamısını oxu
Prezident İlham Əliyevin “Metsamor”la bağlı açıqlaması bütün region üçün həyəcan təbilidir

Bu, coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibəsində bir sıra məqamlara toxunan dövlət başçısı, Azərbaycanın əsas ərazisindən Ermənistan vasitəsilə Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinin hazır olduğunu bildirib. Həmçinin qeyd edib ki, bu enerji dəhlizi Naxçılvandan Türkiyə və Avropaya qədər uzanacaq ki, bu da Ermənistan üçün də faydalıdır. Hazırda Ermənistanda elektrik enerjisi çatışmazlığının mövcudluğuna toxunan dövlət başçısı, yaxın gələcəkdə bu çatışmazlığının əsl böhranla əvəzlənə biləcəyini qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün Ermənistanda elektrik enerjisi əsasən “Metsamor” AES hesabına ödənilir. Hansı ki, çoxdan köhnələn və bütün region üçün təhlükə mənbəyinə çevrilən bu stansiyanın qarşıdakı dönəmdə öz fəaliyyətini tamamilə dayandırması qaçılmazdır: “Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”. (https://president.az/az/articles/view/73259 ). Şübhəsiz, Prezident İlham Əliyevin “Metsamor”la bağlı açıqlaması bütün region üçün həyəcan təbilisayıla bilər.  Bu, “Metsamor” AES-in timsalında coğrafiyamızı təhdid edən təhlükənin nə qədər böyük və ciddi olduğunu göstərir. Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi bu müsahibə bir daha sübut edir ki, region dövlətləri, eləcə də beynəlxalq təşkilatlar “Metsamor”un fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan və Türkiyənin səylərini dəstəkləməli, bu istiqamətdə rəsmi İrəvana daha ciddi təzyiq göstərməlidirlər. Əks təqdirdə, “Metsamor”da yaşanacaq nüvə qəzası bəşəriyyət üçün böyük fəlakətlərə səbəb olacaq ki, bu da yalnız indiki deyil, həm də gələcək nəsillərin həyatında ölümcül izlər qoyacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir.  Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.  Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər. Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.  İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.  Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

Hamısını oxu