Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanda veteranlar üçün nəzərdə tutulan güzəştlər – SİYAHI

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var. Dövlət Sosial Müdafiə Fondundan Bizim.Media-ya verilən məlumata görə, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.

Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanaraq ödənilir. Həmçinin, hər il 9 May-Qələbə günündə Prezidentin sərəncamı ilə veteranlara, onların dul arvadlarına birdəfəlik yardım verilir.

Bəs qanunvericilikdə veteranlar üçün daha hansı güzəştlər nəzərdə tutulub?

Bizim.Media xəbər verir ki, veteranların hüquqları qanunvericilkə tənzimlənir.
 

Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi “Veteranlar haqqında” Qanun və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.


Qanuna görə veteranlar müharibə, əmək və Silahlı Qüvvələrin veteranlarına bölünür.

Müharibə veteranlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə yanaşı, İkinci dünya müharibəsi illərində Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak edənlər, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular daxil edilir.

Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Qanun əsasında təyin edilir.

Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq başqa müəssisədə əmək fəaliyyətini davam etdirmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.
 

Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər.


Bundan başqa, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

Həmçinin, İkinci Dünya müharibəsi iştirakçıların və həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir.
 

İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) təmin edilir və diş protezləri düzəltdirirlər.


İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. 

Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər.
 

Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir.


Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Dövlət orqanları veteran təşkilatlarına xarici ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlıq etməkdə hərtərəfli yardım göstərə bilərlər.

Vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.

2026-02-20 22:50:00
12306 baxış

Digər xəbərlər

Bütün zamanların ən böyük ideya nəhəngi: Heydər Əliyev - Tərəqqi və məğlubedilməzlik simvolu!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğu, dövlətimizin  tarixin ən ağır sınaqlarından məhz Heydər Əliyevin uzaqgörənliyi və siyasi səriştəsi nəticəsində üzüağ, alnıaçıq çıxdığı heç kimə sirr deyil. Gücünü xalqından, xalqın ona olan sevgisindən alan Heydər Əliyev bütün həyatını xalqa xidmətə həsr etmiş, öz şəxsi səadətini belə xalqın xoşbəxtliyində axtarmışdır. Bəs Heydər Əliyevi yeni yaranan, hələ möhkəmlənməyən, torpaqlarının bir hissəsi işğal edilən, daxili hərbi-siyasi və iqtisadi təbəddülatlar içərisində çırpınan Azərbaycanın xilasını necə, hansı ideyalar əsasında həyata keçirmişdi? Bunca mürəkkəblik və çıxılmazlıq içərisində onu ruhdan düşməyə, təslim olmağa qoymayan nə idi? Bu və bu kimi suallara aydınlıq gətirmək üçün Heydər Əliyevin sahib olduğu ideyalara, bu ölümsüz ideyaların özündə ehtiva etdiyi böyük dəyərlərə, nəhayətsiz gücə nəzər salmağa ehtiyac var. Mənəvi dəyərlər və azərbaycançılıq ideyası Heydər Əliyevin əsas mübarizə silahı kimi... Heydər Əliyevin yeni dövlətçilik irsi baxımından atdığı ən mühüm addımlardan biri xalqımızın minillik dəyərlərinin təbliği və inkişafı istiqamətində ciddi addımlar atması, xalqın mənəvi birliyini, onun milli-tarixi ruhunun oyanışını təmin etməsi idi. Ulu öndər hesab edirdi ki, milli-mənəvi dəyərlərə bağlılıq tarix qarşısında ağır imtahan verən Azərbaycan xalqının həmrəyliyini artıracaq, xalqımızın və dövlətimizin qarşıya qoyduğu məqsədlərə nail olmasına, öz haqqı və hüququ uğrunda daha əzmlə mübarizə aparmasına, bütün müstəvilərdə qələbə qazanmasına kömək edəcək. Ümumiyyətlə, Heydər Əliyev xalqın milli kimliyini qorumağı  xalqın öz varlığını qoruması üçün başlıca şərt hesab edirdi və düşünürdü ki, bu kimliyi yalnız mənəvi dəyərlərə sadiqlik sərgiləmək, gənc nəsli bu dəyərlər əsasında tərbiyə etməklə qorumaq mümkündür. Təsadüfi deyil ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev milli-mənəvi dəyərlərimizin təbliği və inkişafına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təbliğinə xüsusi önəm verdiyi belə ideyalardan biri də azərbaycançılıq ideyası olmuşdur. Azərbaycançılıq ideyasının özünəməxsusluğu onun sadəcə milli yaddaşı oyatması, xalqın öz milli kimliyini bütün əzəməti ilə dərk etməsi deyil, həm də Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı vahid məqsəd – Azərbaycan Respublikasının maraqlarının qorunmasına səfərbər etməsi idi. Heydər Əliyev hesab edirdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ana vətənə - Azərbaycana bağlı olmalı, onun müstəqilliyinin möhkəmlənməsi, tərəqqəsi üçün əlindən gələni əsirgəməməlidir. Heydər Əliyev müstəqilliyi xalqımızın ən böyük uğuru hesab edirdi və düşünürdü ki, hər bir azərbaycanlı bu uğurun qorunması və inkişafına çalışmalıdır. Ulu öndər deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”. Heydər Əliyevin “xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” kəlamı da Ulu öndərin dövlətimiz, onun müstəqilliyi və bu müstəqilliyin qorunması istiqamətində hər bir azərbaycanlının hansı miqyasda mübarizə aparması gərəkdiyini əks etdirir. Milli ruhun dirilişi: Heydər Əliyev milli azadlığa gedən yolu bunda görürdü Ümummilli lider Heydər Əliyev hər zaman xalqın öz milli-tarixi ruhuna qayıdışına cəhd edir, milli ruhun canlanmasını azadlıq və dövlətçiliyimizin qorunması üçün zəruri hesab edirdi. Heydər Əliyev hesab edirdi ki, bir xalqın öz azadlığını təmin etməsi yalnız o zaman mümkündür ki, xalq milli dirçəlişə nail ola bilsin: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, mili ruhun canlanması lazımdır”. Heydər Əliyevin fikrincə, milli ruhun dirçəlişi üçün xalq öz keçmişini, tarixini, əcdadlarının apardığı mübarizəni, onların sahib olduğu dəyərləri yaxşı bilməli, bunu öz canına, qanına hopdurmalıdır. Məhz bu səbədən də Heydər Əliyev milli tarixin obyektiv şəkildə gənc nəslə öyrədilməsini vacib hesab edir, bunu milli dirçəliş və özünəqayıdşın əsas şərti hesab edirdi. Ümummilli liderin qənaətincə, məhz tarix xalqı öz kökünə bağlayır, onu öz milli axarından, milli kimliyindən kənara çıxmağa qoymur, xalqı yad dəyərlərin təsiri altına düşməkdən, başqalarının əlində alət olmaqdan xilas edir. Ulu öndərin fikrincə, tarixinə bələd olan, ona sahib çıxan hər bir xalq daim öz kökünə, kimliyinə, mədəniyyətinə, adət-ənənəsinə bağlı olur, keçmişindən  güc alaraq gələcəyə doğru əzmlə addımlayır: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Xatırladaq ki, məhz Heydər Əliyevin bilavasitə qayğısı sayəsində müstəqillik dönəmində Azərbaycan tarixinin dərin və hərtərəfli tədqiqinə start verilmiş, milli tariximizin öyrənilməsi və təbliği prosesi geniş vüsət almışdır. Heydər Əliyevin vəfatından sonra eyni siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş, nəticədə vətəninə, xalqına, bayrağına bağlı olan, onun azadlığı və müstəqilliyi uğrunda öz canını sevə-sevə qurban verən nəsillər yetişmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, bu müharibədə üç min hərbçimizin şəhid olması gerçəyi deyilənlərin ən böyük isbatıdır. Möcüzə yaratmağın sirri: Güclü iqtisadiyyat və çoxşaxəli beynəlxalq əməkdaşlıq! Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından atdığı mühüm addımlardan biri də, güclü iqtisadiyyatın formalaşdırılması istiqamətində qəti və mütəmadi addımların atılması oldu. Yenicə müstəqillik qazanan, torpaqlarının 20%-i ermənilər tərəfindən işğal edilən, iqtisadi-siyasi və hərbi baxımdan ciddi təbəddülatlar yaşayan, müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün kövrək səylərini davam etdirən Azərbaycanda iqtisadi vəziyyət də kifayət qədər ağır idi. Heydər Əliyev bir tərəfdən ölkədaxili vəziyyəti həssaslıqla izləyir, digər tərəfdən xarici təzyiqlərin qarşısını almağa, eyni zamanda dağılan iqtisadiyyatı bərpa etməyə, onu yeni, modern tələblər üzərində yenidən formalaşdırmağa çalışırdı. Ulu öndər yaxşı dərk edirdi ki, güclü dövlətin təməli güclü iqtisadiyyatdır. Dövlətin bütün digər istiqamətlərdə uğur qazanmasının əsas yolu güclü iqtisadiyyatdan keçir. Heydər Əliyev bu barədə deyirdi: “Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin mövcud olması üçün  əsas şərt onun iqtisadiyyatıdır”. Ümummilli liderin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı da Heydər Əliyevin güclü iqtisadiyyata verdiyi önəmi göstərir. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev hər şeydən öncə Azərbaycanın iqtisadi baxımdan müstəqilliyinə nail olmaq, onu güclü iqtisadiyyata malik dövlətə çevirmək üçün sistemli addımlar atmış, tarixi nailiyyətlərə nail olmuşdur. Bu nailiyyətlərdən ən mühümü isə heç şübhəsiz 1994-cü ilin 20 sentyabr tarixində Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilənin imzalanması oldu. “Əsrin müqaviləsi” kimi xarakterizə edilən bu mübarizə Azərbaycan neftinin dünyanın iri neft şirkətləri ilə birlikdə istismarı, habelə, bu nefrin dünya bazarına çıxmasını təmin etdi. “Əsrin müqasviləsi” çərçivəsində ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə Ərəbistanı ölkəmizə ümumi dəyəri milyardlarla dollar məbləğində investisiya qoymuş, respublikamızın iqtisadi simasını tamamilə dəyişmişdir. Bu müqavilə Azərbaycanın dünyanın ən qabaqcıl dövlətləri ilə geniş əməkdaşlığı üçün də əlverişli şərait yaratmışdır. Bu isə sadəcə iqtisadiyyatımızın inkişafı baxımından deyil, həm də dövlətimizin tanınması, onun beynəlxalq aləmə inteqrasiyanı baxımından olduqca vacib idi. Azərbaycan iqtisadiyyatının güclənməsi dövlətimizə bütün digər sahələrdə, eləcə də hərbi-siyasi müstəvidə  güclənmək, özünü inkişaf etdirmək imkanı qazandırdı ki, bu da ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsi, xalqın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından olduqca vacib idi. Xatırladaq ki, məhz Heydər Əliyev tərəfindən təməli qoyulan tərəqqi modelinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmiş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. Demokratik dövlət, vətənpərvər gənclik, həqiqi müstəqillik... Heydər Əliyevin yeni Azərbaycanın dövlətçilik irsi baxımından mühüm önəm kəsb edən ideyalarından biri də demokratiya və həqiqi müstəqillik ideyası idi. Demokratiyanı sərhədsiz azadlıq, məsuliyyətsizlik, xaos və qeyri-müəyyənlik hesab edən bəzilərindən fərqli olaraq, Ulu öndər demokratiyanı qanuna, başqalarının hüquqlarına və azadlığına hörmət kimi xarakterizə edirdi: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokraiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır”. Heydər Əliyev demokratiyanı yüksək mədəniyyət nümunəsi, dövlət və vətəndaşın bir-birinə qarşılıqlı hörməti kimi xarakterizə edirdi. Ulu öndərin firkincə, demokratiyanı itaətsizlik kimi təqdim etmək yanlışdır və bu cür təqdimat daxili sabitlik, vətəndşların rahatlığı və təhlükəsizliyi üçün təhdid yaradır. Heydər Əliyev yeni Azərbaycan dövlətinin həqiqi müstəqilliyinə ciddi önəm verir, onun müstəqil xarici siyasət yürütməsi üçün əsl iradə və prinsipiallıq sərgiləyirdi. Təsadüfi deyil ki, Ulu öndər bəzən Ermənistanın Azərbaycana təcavüzü qarşısında susqunluq sərgiləyən Rusiya, ABŞ kimi dünyanın qabaqcıl dövlətlərinə belə açıq iradını bildirir, onları ədalətli olmağa, ikili standartlardan uzaq durmağa səsləyirdi. Ümummilli lider Azərbaycanın müstəqilliyini qorumaq, onu inkişaf etdirmək üçün dövlətinə, bayrağına, tarixinə, ana dilinə, mədəniyyətinə bağlı vətənpərvər gənclik yetişdirməyi zəruri hesab edir, mütəmadi şəkildə bunun əhəmiyyətindən bəhs edir, vətən sevgisindən məhrum şəxsləri mənəvi baxımdan şikəst insanlar kimi xarakterizə edirdi. Göründüyü kimi, yeni Azərbaycan dövlətinin banisi olan Heydər Əliyev öz fəaliyyəti ilə əsl vətənpərvərlik nümunəsi yaratmış, bütün zamanların ən böyük ideya nəhəngi olduğunu praktiki şəkildə isbatlamışdır. Illər, əsrlər keçsə də tərəqqi və məğlubedilməzlik simvolu olan Heydər Əliyevin parlaq ideyaları yaşayacaq, Azərbaycan xalqının gələcəyinə şəfəq saçacaqdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi baş tutub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb. Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar. Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun son illərdə, ölkəmizdə sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb. Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən ölkəmizdə karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib. Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı “Yaşa, Azərbaycan” mahnısı, “Xan” qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər. Qeyd edək ki, 3 gün davam edən və uğurla başa çatan “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan olan 40-dan çox klub və birlikdən 800-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi mübarizə aparıb. Turniri medal sayına görə 1-ci yerdə tamamlayan “Qara brilyant” klubu “Zəfər Kuboku”nun sahibi olub, ikinci yeri FHN komandası, üçüncü yeri isə “Qara qaplan” klubu tutub.  

Hamısını oxu
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40 illiyinə həsr olunmuş toplantı keçirilib. Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov toplantıda çıxışında Zərifə Əliyevanın yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Sözünə davam edən M.Həsənov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmasından və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlməsindən danışıb. Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, digər çıxış edənlər akademik Zərifə Əliyevanın bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtmasını iftixar hissilə dilə gətiriblər. Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda ciddi işlər görüb. Daha sonra toplantıda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Unudulmaz Zərifə xanım” adlı film nümayiş olunub.      

Hamısını oxu
“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həbsi ilə bağlı məlumat yayıb, onun rüşvət alması ilə bağlı görüntülər təqdim edib. İslam Rzayev həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən sui istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməkdə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməkdə şübhəli bilinir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov DTX-nın keçirdiyi bu əməliyyatların həm qanunların qorunması, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından önəminə diqqət çəkib: “Hər bir dövlətin inkişafı və tərəqqisi üçün vətəndaşların seçim azadlığı olmalı, insanlar öz bilik və bacarıqlarına uyğun olaraq dövlət vəzifələrində təmsil olunmaq hüquqlarından istifadə edə bilməlidirlər. Seçim azadlığı, ədalətli münasibət həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlətin inkişafı baxımından vacibdir. Rüşvət və korrupsiya isə bu hüquqi insanların əlindən alır. Bu kimi neqativ hallar olan yerdə vəzifəyə layiqli insanlar deyil, bu vəzifəyə layiq olmayan, öz işinin öhdəsindən gələ bilməyən insanlar gəlir. Onlar müxtəlif əyri yollarla öz şəxsi ambisiyalarını təmin edirlər. Belə olanda isə digər insanların hüququ pozulur, qanunun tələbi tapdanır, insanlarda dövlətin ədalətinə olan inam sarsılır. DTX-nın Balakəndə və digər rayonlarda keçirdiyi əməliyyatların ən böyük önəmi ondan ibarətdir ki, bu əməliyyatlar nəticəsində qanun pozuntusunun qarşısı alınır, rüşvət və korrupsiya kimi hallar önlənilir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, vicdan və ədalətli yanaşma prinsipi təmin olunur. Bu səbəbdən də DTX-nın keçirdiyi əməliyyatlar qanunların tələbləri ilə yanaşı, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından yüksək qiymətləndrilməli, təqdir olunmalıdır. Bu əməliyyatlar dövlət idarəçiliyində neqativ halların qarşısını almağa, bununla da respublikamzn daha sürətli inkişafını təmin etməyə xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu