Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb.

Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar.

Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun son illərdə, ölkəmizdə sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb.

Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən ölkəmizdə karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib. Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı “Yaşa, Azərbaycan” mahnısı, “Xan” qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər. Qeyd edək ki, 3 gün davam edən və uğurla başa çatan “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan olan 40-dan çox klub və birlikdən 800-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi mübarizə aparıb. Turniri medal sayına görə 1-ci yerdə tamamlayan “Qara brilyant” klubu “Zəfər Kuboku”nun sahibi olub, ikinci yeri FHN komandası, üçüncü yeri isə “Qara qaplan” klubu tutub.

 

2025-07-07 10:19:23
2767 baxış

Digər xəbərlər

XƏLİL QARƏHMƏDOVUN TƏQDİMATINDA POLKOVNİK CƏLİL XƏLİLOVLA GENİŞ REPORTAJ

Hamısını oxu
"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir"

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir".  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ADPU-nun professor-müəllim heyətini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Slahlı Qüvvələr Veteranları Təşkilatı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyinin tamam olması münasibəti ilə sözügedən universitetin rektorunu, o cümlədən professor-müəllim heyətini təbrik edib. Təbrikdə deyilir:   “Bu il ölkəmizin təhsil həyatında xüsusi çəkiyə malik olan, respublikamızı yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyidir. Bu münasibətlə həmin uniuversitetin rektoru, professor Cəfər Cəfərovu, o cümlədən sözügedən universitetin bütün professor-müəllim heyətini təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da ölkəmizin təhsil həyatına dəyərli töhfələr verməkdə davam edəcək, elm məbədi kimi öz müqəddəs funksiyasını müvəffəqiyyətlə yerinə yetirəcəkdir”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Geosiyasi vəziyyət dəyişir: ABŞ əsas diqqəti Çin ilə rəqabətə və Asiya-Sakit okean bölgəsinə yönəldir

Müasir qlobal təhlükəsizlik memarlığının sütunu hesab olunan NATO, daxili fikir ayrılıqları və maraqlar toqquşmasının ən mürəkkəb dövrünü yaşayır. Alyansın vahid Rusiya strategiyası, Macarıstanın Budapeşt-Moskva xəttində yürütdüyü fərqli xarici siyasət və strateji gecikdirmə gedişləri səbəbindən ciddi şəkildə sınağa çəkilir. Digər tərəfdən, hərbi xərclərin böyük hissəsini çiynində daşıyan ABŞ-ın daxili siyasi dəyişiklikləri və Avropaya qarşı "yük bölgüsü" təzyiqləri ittifaqdaxili etimadı zəiflədir. Vaşinqtonun diqqətini getdikcə Çin mərkəzli Asiya-Sakit okean regionuna yönəltməsi isə NATO-nun ənənəvi Avropa foksu ilə dərin strateji ziddiyyət yaradır. Üstəlik, Fələstin-İsrail münaqişəsi kimi qlobal böhranlara fərqli yanaşmalar, Tramp və Bayden doktrinaları arasındakı kəskin fərqlər üzv dövlətləri vahid cəbhədə birləşməkdən uzaqlaşdırır. Türkiyənin balanslaşdırılmış mövqeyi, fərqli coğrafiyalardakı maraq toqquşmaları və qlobal işğal ritorikası təşkilatın yekdil qərar qəbul etmə mexanizmini iflic vəziyyətinə gətirir. Nəticədə, daxili etibarsızlıq, geosiyasi prioritetlərin parçalanması və milli maraqların kollektiv təhlükəsizlikdən üstün tutulması müasir NATO-nu parçalanma riskləri ilə üz-üzə qoyur. Məsələ ilə bağlı hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Crossmedia.az-a açıqlama verib. O, bu məsələdə Macarıstanla bağlı yaranmış problemlərin də rol oynadığını bildirib.  "Macarıstan hökuməti uzun müddətdir Rusiya ilə daha yumşaq münasibət saxlayan xətt yürüdür. Bu isə NATO daxilində, xüsusilə Ukrayna müharibəsindən sonra, ciddi fikir ayrılığı yaradır. Çünki NATO-nun ümumi strategiyası Rusiyaya qarşı çəkindirmə və kollektiv müdafiə üzərində qurulub. Macarıstan bəzi hallarda Ukraynaya hərbi və siyasi dəstək paketlərinə daha ehtiyatlı yanaşır və ya gecikdirir. Bu, NATO üzvləri arasında koordinasiyanı çətinləşdirir. NATO-da qərarlar konsensusla qəbul olunur. Macarıstan çox vaxt formal veto qoymasa da, siyasi siqnallarla qərar prosesini ləngidə bilən mövqe sərgiləyir. Bu, digər üzvlərdə narahatlıq yaradır. Bəzi NATO ölkələri Macarıstanın Rusiya ilə yaxın əlaqələrinə görə həssas hərbi və kəşfiyyat məlumatlarının paylaşılmasında daha ehtiyatlı davranır. Bu isə ittifaq daxilində etimad səviyyəsini zəiflədir. Macarıstan 2023–2024 dövründə İsveç və Finlandiyanın NATO üzvlüyü prosesini gec ratifikasiya edən ölkələrdən biri idi. Bu da NATO daxilində “siyasi alət kimi istifadə edilir” tənqidlərinə səbəb olmuşdu. Macarıstan NATO-dan çıxmaq və ya açıq bloklama siyasəti aparmır, amma onun xarici siyasət xətti alyans daxilində “birlikdə hərəkət” prinsipini bəzən zəiflədir və bu da gərginlik yaradır". Ekspert daha sonra ABŞ-ın NATO ilə son zamanlarda yaşadığı gərginliyə də diqqət çəkib.  "NATO ölkələri ümumi qaydaya görə ümum daxili məhsulun təxminən 2%-ni müdafiəyə ayırmalıdır. ABŞ isə uzun illərdir ittifaqın əsas hərbi və maliyyə yükünü daşıyır. Bu səbəbdən: ABŞ Avropa ölkələrini “az xərcləməkdə” ittiham edir və əvəzində isə Avropa təhlükəsizliyin kollektiv məsuliyyət olduğunu bildirir. Digər problem yük bölgüsü məsələsiylə bağlıdır. ABŞ NATO daxilində hərbi bazaların böyük hissəsini təmin edir, kəşfiyyat və texnologiyada liderdir, operativ müdaxilələrin əsasını təşkil edir. Bu isə Vaşinqtonda belə bir narazılıq yaradır: “niyə biz daha çox ödəyirik?” Strateji mövqe fərqliliyində isə ABŞ əsas diqqəti indi Çin ilə rəqabətə və Asiya-Sakit okean bölgəsinə yönəldir. NATO isə daha çox Avropa təhlükəsizliyi və Rusiya məsələsinə fokuslanır. Bəzi ABŞ administrasiyaları (xüsusilə Tramp dövründə) NATO-nu “köhnəlmiş ittifaq” adlandırmış və üzvləri sərt tənqid etmişdi.  Ukrayna müharibəsi kimi hadisələrdə ABŞ və Avropa ölkələri ümumən birlikdə hərəkət etsə də: yardımın həcmi və sürəti, mövzuya yanaşma baxımından fərqlilikləri ortaya çıxır. Yeni üzvlüklə bağlı isə ABŞ genişlənməni dəstəkləsə də, bəzi müttəfiqlər yeni üzvlərin əlavə təhlükəsizlik öhdəlikləri yaradacağını düşünür. Bu da daxili debat yaradır". Cəlil Xəlilov onu da qeyd edib ki, bu "çatların" meydana gəlməsində siyasi fikir ayrılıqları da mühüm yer tutur. "Fələstin mövzusunda fikir ayrılığı mövcuddur. Almaniya və Abş kimi qüvvələr İsrail, İngiltərə, Niderland, İspaniya və Fransa kimi qüvvələr Fələstinin müstəqilliyi mövqeyindədirlər. Müharibənin yaratdığı əlavə münaqişələr – Həmas, Hizbullah terror təşkilatları və İranla savaş o cümlədən regionda neft-qaz böhranının yaranma ehtimalı mövzunu NATO daxilində problemə çevirir. Tramp administrasiyasıyla Bayden arasındakı fərqlər də bu mövzunu dərinləşdirir. Eyni mövzu Rusiya – Ukraniya münaqişəsi, ABŞ-ın Venesuelaya müdaxiləsi və Qrenlandiyanı NATO üzvü olan Danimarkadan tələb etməsi fonunda da genişlənməkdədir. Bu mövzularda Qərbi Avropa dövlətləri həmrəylik göstərsə də, Tramp administrasiyasının işğal yönümlü baxışları, Türkiyənin tərəfsizliyi və Macarıstanın Rusiya yönümlü fəaliyyəti ortaq fikrə gəlinə bilməməsinə səbəb olur". Turqut Ansari  

Hamısını oxu