Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanda İkinci Dünya müharibəsinin 13 iştirakçısı birdəfəlik yardım alacaq

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

APA xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

 

Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

2026-04-24 14:44:00
3140 baxış

Digər xəbərlər

“Qazi, veteran adlarından sui-istifadə halları yolverilməzdir”

Bugünlərdə paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. Məlum olub ki, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov bu addımı  daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə atıb. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu kimi halların təəssüf doğurduğunu bildirib: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dəfələrlə bildirmişik ki, hər hansı bir şəxsin qazi, veteran adından sui-istifadə etməsi yolverilməzdir. Çünki qazi və veteran adı müqəddəsdir. Biz bu adı, onun müqəddəsliyini qorumalı, bu adın adiləşməsinə, hörmətdən düşməsinə imkan verməməliyik. Lakin təəssüflər olsun ki, bütün bunlara baxmayaraq,  bu gün də veteran adından, qazi adından sui-istifadə hallarına rast gəlinməkdədir. Bugünlərdə özünü qazi kimi təqdim edib dilənçiliklə məşğul olan şəxsin polis əməkdaşları tərəfindən ifşa edilməsi faktı buna nümunədir. Cəmiyyət bu kimi hallara qarşı diqqətli olmalı, qazi adından, veteran adından sui-istifadə hallarına qarşı barışmaz mövqe ortaya qoymalıdır. Veteranların, qazilərin özü də bu cür neqativ hallarla mübarizədə aktivlik sərgiləməli, kimsənin onların xidmətinə, daşıdıqları şərəfli qazi adına kölgə salmasına imkan verməməlidir. Bildiyiniz kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq respublikamızın müxtəlif bölgələrində silsilə tədbirlər təşkil edir, “Nəsillərin görüşü” adlı zona konfransları keçiririk. Həmin konfranslarda dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara diqqət və qayğısı ilə yanaşı, bu kateqoriyadan olan vətəndaşlarımızın təklif və qayğıları ilə də maraqlanırıq.  Şəhid ailəlrini, müharibə əlillərini, qaziləri dinləyir, onların səsləndirdikləri təklif və problemləri birlikdə müzakirə edir, birgə çıxış yolları axtarırıq. Təşkilatımız hər ay xeyli sayda veteran və qazinin müxtəlif dövlət qurumları ilə əlaqələndirilməsini təmin edir. Biz paytaxt və regionlardakı görüşlərdə veteranlara izah edirik ki, hər bir problem qanun çərçivəsində öz həllini tapmalı, qeyri-qanuni iddia və əməllərə yol verilməməlidir. Çünki Azərbaycan hüquq dövlətidir və bu dövlət hər bir vətəndaşının haqqını qorumağa qadirdir. Şəhid ailələrinə, qazi və veteranlarımıza dövlətimiz tərəfindən göstərilən qayğı və diqqət bunu bir daha sübut edir. Ümid edirəm ki, birgə səylərimiz nəticəsində yaxın gələcəkdə bu kimi neqativ hallar aradan qalxacaq və ictimai rəyi yanıltmağa yönəlik belə cəhdlərə şahid olmayacağıq”.  

Hamısını oxu
Azərbaycan Respublikasının sabiq müdafiə naziri vəfat edib

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib. Dadaş Rzayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.   Allah rəhmət eləsin!   Seymur ƏLİYEV

Hamısını oxu
Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Tədbirdə hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi, hüquq təhsilinin və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub. Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. İmzalanmış memorandumda qarşılıqlı şəkildə konfrans, seminar, təlim və müzakirələrin təşkili, analitik işlərin, monitorinqlərin, sorğuların və digər layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, tədris tədbirlərinin, simulyasiyaların və görüşlərin birgə təşkil edilməsi və keçirilməsi, metodiki vəsaitlərin, elmi məqalələrin, çap materiallarının, broşuraların, monoqrafiyaların və nəşrlərin birgə hazırlanması, hüquq elminin və qüvvədə olan qanunvericiliyin inkişafı istiqamətində birgə təkliflərin hazırlanması, müzakirəsi və müvafiq qurumlar qarşısında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edilməsi, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətini təmin etmək məqsədilə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması prosesində qarşılıqlı iştirak edilməsi nəzərdə tutulmuşdur.

Hamısını oxu
Azərbaycan Mətbuatı 145 yaşında

Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Bu gün 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq. “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ölkənin bütün media təmsilçilərini həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiatında çalışan “Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Ülvi İbrahimlini, qəzetin məsul katibi Şəhla Qarayevanı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Respublika Veteranlar Təşkiatının kollektivi və şəxsən öz adımdan  təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram.   Hörmətlə: Respublika Veteranlar Təşkiatının sədri general-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu