Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

22 iyun 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100  illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açaraq demişdir: “Bu gün biz burada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyini qeyd etmək üçün toplaşmışıq. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Silahlı Qüvvələrin 100 illiyi münasibətlə bütün tədbir iştirakçılarını təbrik edir, hazırda bölgənin ən güclü ordusu olan Azərbaycan ordusuna yeni qələbələr arzulayıram. Bu gün səngərlərdə, eləcə də digər sahələrdə Vətənin müdafiəsində sayıq dayanan əsgər və zaitlərimizə möhkəm cansağlığı arzulayıram. Sonra söz Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova verilmişdir. C.Xəlilov demişdir: “İcazə verin çıxışa başlamazdan əvvəl bütün tədbir iştirakçılarını şanlı yubiley - Silahlı Qüvvələrimizin 100 illiyi münasibəti ilə təbrik edim. Bu hər bir azərbaycanlının, hər bir vətəndaşın, o cümlədən, əziz veteranlar Sizlərin bayramıdır. Azərbaycan Silahlı Qüvvələrinin tarixi həqiqətən də qururvericidir. Bu tarixin bəzi məqamlarını qeyd etmək istərdim. Çünki bu barədə digər çıxışlarda daha geniş məlumatlar çatdırılacaqdır. 1918-ci il noyabr ayının 1-də Hərbi Nazirlik təsis edildiyi günlər Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmək üçün qanlı döyüşlər aparırıdı. Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı azad olundu. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi. O dövrdə Azərbaycanın Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan vermədi. Ordu rəhbərlərinin əksəriyyəti güllələndi. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdirdilər. Cəbhəyə yola salınan 700 min azərbaycanlı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etdilər. Onlardan təqribən yarısı bu yolda həlak oldular. 124 həmvətənimiz ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görüldülər. Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkilinə nail oldu. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinn bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Məruzəçi daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2 il əvvəl aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyi gün də uzaqda deyil. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor cənab Rasim Əliyev, hörmətli generallarımız, RVT Rəyasət Heyətinin üzvləri Abasəli Novruzov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru professor Bədirxan Əhmədov, RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev və başqaları çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrin keçdiyi şərəfli tarixi yol və ölkədə bu gün inamla aparılan ordu quruculuğundan danışmış, diqqəti Azərbaycan əsgərinin qəhrəmanlığına, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə yönəltmişlər. Silahlı Qüvvələrin Həzi Aslanov adına mahnı və rəqs ansanblının kollektivinin ifasi ilə tədbir davam etdirildi. Sonda xatirə şəkili çəkdirildi.

2018-06-22 00:00:00
4109 baxış

Digər xəbərlər

Prezident və xanımı Uşaq İncəsənət Məktəbinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Publika.az xəbər verir ki, dövlət başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.

Hamısını oxu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib

Xəbər verdiyimiz kimi, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. AZƏRTAC xəbər verir ki, dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimi keçirilib. Əvvəlcə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu. Sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim etdi. Mərasimdə çıxış edən Patriarx KİRİLL dedi: -Mən Sizə gördüyünüz işlərə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim. Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub. Mən Sizə təşəkkürümü bildirərək Tanrıdan işlərinizə kömək, Sizə və möhtərəm həyat yoldaşınıza möhkəm cansağlığı, siyasi və peşəkar fəaliyyətinizdə uğurlar, bütün Azərbaycan xalqına firavanlıq diləmək istərdim. Bu görüşümüzə, Sizə öz ehtiramımı, minnətdarlığımı bildirmək və bu yüksək mükafatı təqdim etmək imkanına görə ürəkdən şadam. x x x Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA mərasimdə çıxış edərək dedi: -Sağ olun, Zati-müqəddəsləri. Belə fəxri mükafata və fəaliyyətimi bu cür yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Bu ordeni mənə Siz təqdim etdiyinizə görə xüsusi fərəh duyuram. Sizə səmimi qəlbdən təşəkkür edirəm, Sizə və Sizin yüksək missiyanıza sonsuz hörmətimi ifadə edirəm. Siz insanlara dini və mənəvi, düzgünlük və ədalət, humanizm və şəfqət, yaxşılıq etmək, adamlara kömək göstərmək kimi fundamental bəşəri dəyərləri çatdırırsınız. Biz Azərbaycanda Sizin ölkəmizə səfərinizi çox yaxşı xatırlayırıq. Biz Sizin mədəni və mənəvi irsin qorunmasındakı xidmətlərinizi, cəmiyyətdə qarşılıqlı anlaşmanın, qarşılıqlı hörmətin və həmrəyliyin bərqərar olmasına yönələn fəal sülhpərvər və maarifçilik fəaliyyətinizi yüksək qiymətləndiririk. Paytaxtımıza son səfəriniz zamanı Siz Təzəpir məscidini ziyarət etdiniz və Bakıdakı Müqəddəs Mirodaşıyan kafedral kilsəsində ibadət etdiniz. Bununla da Siz bir daha vurğuladınız ki, istənilən etiqad, istənilən din insanları birləşdirməyə və barışdırmağa xidmət edir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur. Son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirilir. 2010-cu ildə bizim Vətənimizin paytaxtında Sizin də fəal iştirakınızla Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirildi. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutdu. Bu il dekabrın 21-də “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr edilmiş konfrans keçirildi və bu konfransın mövzusu yenə də xalqlar arasında, müxtəlif dinlərin nümayəndələri arasında dialoqun qurulması idi. Fürsətdən istifadə edib, bu konfransa göndərdiyiniz məktuba və Rus Pravoslav Kilsəsinin yüksək səviyyədə təmsil olunmasına görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir. Bizim çox böyük ortaq mədəni irsimiz var və humanitar sahədə əməkdaşlığımız hələ Azərbaycan və Rusiya eyni dövlətin hissələri olduğu illərdə formalaşıb. Çox sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra bu potensialı nəinki itirməyib, hətta əksinə, çoxaldıb. Bu gün Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Bizim ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli yaranıb – bizdə Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Bu, bizim uğurlu əməkdaşlığımızın daha bir nümunəsidir. Həştərxan vilayəti ilə bizim çox səmimi dostluq münasibətlərimiz var. Bu vilayət bizim dostumuz, qonşumuzdur və burada uğurlu əməkdaşlıq nümunələri çoxdur. 2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılması, bu abidənin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm monument yaratdılar. Zati-Müqəddəsləri, səmimiyyətinizə, mehribanlığınıza görə Sizə bir daha ürəkdən təşəkkür etmək, öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sizə səmimi salamını və ölkəmizə yenidən səfər etməyə dəvətini çatdırmaq istəyirəm. Sizə əmin-amanlıq, firavanlıq, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Çox sağ olun. x x x Patriarx KİRİLL: Çox sağ olun. Bu səmimi və çox düzgün, gərəkli, dəyərli informasiya ilə dolu sözlərinizə görə Sizə təşəkkür edirəm. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun. x x x Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xilaskar İsa Məbədi ilə tanış oldular. Bu məbəd Rus Pravoslav Kilsəsinin baş məbədidir. XIX əsrdə inşa edilmiş məbəd ötən əsrin 90-cı illərində yenidən bərpa olunub. Hazırda məbəddə Rusiya üçün dini baxımdan əhəmiyyətli tədbirlər keçirilir. Xatırladaq ki, 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Cavid Qurbanova başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın Rəyasət Heyəti adından Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığı mətnində deyilir:   “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatından kədərləndiyini bildirir, dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!”   Məlumat üçün qeyd edək ki, 88 yaşında vəfat edən şair Qənbər Şəmşiroğlu Aşıq Şəmşirin oğludur.   Xatırladaq ki, Qənbər Şəmşiroğlu16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə Ali Partiya məktəbini bitirib.   1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.   Qənbər müəllim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirib.  Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edib, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olub. O, qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin tələbə və gənclərin  sosial problemlərinin həllində, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edib.   Aşıq Şəmşir ailəsinin hər bir üzvü  hər zaman Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmət edib.   Qənbər Qurbanovun sədrlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Həmçinin müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edib. Bundan əlavə Birlik “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”,  “Ustadnamələr – milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azırbaycan-Türkiyə milli birliyinin simvolu – ozan-aşıq sənəti” və sair onlarla  layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.   Qənbər müəllimin birbaşa rəhbərliyi altında təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlər həyata keçirmişdir.  Təşkilat həmçinin Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının nəşr etdirib ictimaiyyətə təqdim etmişdir.   Allah rəhmət eləsin!        

Hamısını oxu
Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq ən ağır cinayətdir

Bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur... Bugünlərdə AXCP sədri Əli Kərimli və həmin partiyanın üzvü Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarışın aparılması, habelə, hər iki şəxsin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olmaqdadır. Vətəndaşların böyük əksəriyyəti baş verənləri dövlət təhlükəsizliyi baxımından zəruri addım kimi qiymətləndirsə də, xarici ölkələrdəki bəzi müxalifətçilər bunu iqtidarın müxalif partiyaya qarşı hücumu kimi təqdim edir. Halbuki, AXCP təmsilçilərinin DTX tərəfindən istintaqa cəlb edilməsinin iqtidar-müxalifət münasibbətlərindən qaynaqlanmadığı göz önündədir. Çünki DTX-nın apardığı istintaq konkiret faktlara, dəlillərə əsaslanır. Əli Kərimlinin evindən tapılan məktub buna sübutdur.  Unutmaq olmaz ki, dövlətə xəyanətin iqtidarı, müxalifəti olmur. Dövlətə xəyanət siyasi mənsubiyyətindən, sosial statusundan, kimin tərəfindən törədilməyindən asılı olmayaraq, ən ağır cinayətdir və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsindən daha təbii, daha ədalətli heç nə yoxdur. Şübhəsiz, indiki halda istintaqa cəlb edilən şəxslərin vətənə xəyanət etdiyini qəti şəkildə iddia etmək olmaz. Çünki hələ ki, ilkin istintaq işləri aparılır və ortada AXCP nümayəndələrinin xəyanətini isbatlayacaq məhkəmə hökmü yoxdur.  Lakin eyni zamanda DTX tərəfindən aparılan əməliyyat bununla bağlı əsaslı şübhələrin mövcudluğunu təsdiqləməkdədir.  DTX-nın AXCP rəhbərliyi ilə bağlı atdığı addımları hakimiyyətin müxalifətə hücumu kimi xarakterizə etməyin yanlışlığını sübut edən digər bir fakt da bugünə qədər YAP üzvü olan xeyli sayda məmurun, eləcə də bir neçə icra başçısının rüşvət və korrupsiya ittihamı ilə həbs edilməsidir. Hansı ki, bu həbslərin də böyük əksəriyyətini DTX həyata keçirib. Dövlətə xəyanətdə ittham edilən Ramiz Mehdiyevin də uzun müddət Prezident Administrasiyasının sabiq rəhbəri olduğu məlumdur.  Bütün bunlar bir daha onu deməyə əsas verir ki, AXCP ilə bağlı yaşananları dövlətin müxalifəti susdurmaq cəhdi kimi dəyələndirmək yanlışdır və bu cür açıqlamalar ictimai rəyi çaşdırmağa, DTX-nın ağır cinayətlərə qarşı apardığı mübarizəni gözdən salmağa hesablanıb. Lakin hər kəs bilməlidir ki, Azərbaycan dövləti onun əsaslarını sarsıtmağa çalışan, vətənin taleyini yad dövlətlərin mərhəmətinə bağlayan şəxslərə qarşı bundan sonra da qətiyətlə mübarizə aparmaqda davam edəcək, kimliyindən asılı olmayaraq, həmin şəxslər qanun qarşısında cavab verməyə məcbur olacaq. Seymur ƏLİYEV

Hamısını oxu