Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür!”

Cəlil Xəlilov: “Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı”

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Günü ilə bağlı saytımza açıqlama verib. Açıqlamasında bu tarixi günün önəminə diqqət çəkən polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin bütün regionun gələcəyinə həlledici təsir göstərdiyini vurğulayıb:

 

“8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır.  

 

Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı.

 

Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir”.

 

“Müharibə ordumuzun gücü ilə yanaşı, xalqımızın bayraq sevgisini də ortaya qoydu”

 

Polkovnik qeyd edib ki, müharibə Azərbaycan Silahlı Qüvvələrinin gücünü əyani surətdə bütün dünyaya göstərdi:

 

“44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi.

 

Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi”.

 

“Qələbəni təmin edən ən mühüm faktorlardan biri güclü sərkərdə amili oldu”

 

Cəlil Xəlilov 8 Noyabr zəfərini şərtləndirən ən mühüm amillərdən birinin məhz bacarıqlı sərkərdə faktoru olduğunu vurğulayıb:

 

“Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş  Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”.

 

Sədr müavini Azərbaycanın 44 günlük Vətən müahribəsində dünya hərb sənayesinin ən son yeniliklərini uğula tətbiq etdiyini bildirib:

 

“Azərbaycan bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdi. Hansı ki, ordumuzun bu təcrübəsi, Vətən müharibəsindəki taktika və strategiyası dünyanın bir çox dövləti tərəfindən öyrənilməkdədir. Lakin təbii ki, ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizi qarşıda duran əsas məsələlərdən biridir. Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq.

 

Azərbaycan bu istiqamətdə artıq bəzi əməli addımlar atmaqdadır. Belə ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bildiyiniz kimi, bu bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.

 

Bildiyiniz kimi, Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Vətən müharibəsində düşmən üzərində qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. O cümlədən, Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır”.

 

Polkovnik qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın milli hərb sənayesinin məhsulları da özünü yüksək səviyyədə doğruldub:

 

“Vətən müharibəsi Azərbaycanın hərbi sənaye məhsullarının real döyüş şəraitində sınanması baxımından da mühüm əhəmiyyət kəsb etdi. Sevindiricidir ki, məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan ordusunun xarici hərbi məhsullardan asılılğı minimuma endi. Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələri təmin etdi. Hansı ki, Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə yeni hərbi məhsulların istehsal edilməsi planlaşdırılır. Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Yəqin ki, Vətən müahribəsində Azərbaycanın qalibiyyətində özünəməxsus rol oynayan birgə dron və müşahidə sistemlərinin istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq.

 

Bir sözlə, Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan ordusunun gələcək simasının müəyənləşməsində mühüm rol oynayacaq.

 

Onu da qeyd edim ki, Ermənistandan fərqli olaraq, Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür və bu güc ona ordumuzun inkişaf etdirmək, onun inkişafı üçün gərəkli olan xərcləri qarşılamağa imkan verir”.

 

“Xüsusi Təyinatlı Qüvvələr xalqımızın qürur mənbəyidir”

 

Polkovnik 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin böyük qəhrəmanlıqlara imza atdığını bildirib:

 

“Heç kimə sirr deyil ki, Azərbaycan Ordusunda Xüsusi Təyimatlı Qüvvələr özünməxsus çəkiyə və əhəmiyyətə malikdir. Hələ 2016-cı ilin aprel döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələr yüksək döyüş hazırlığına malik olduqlarını sübut etdilər. Həmin döyüşlərdə xüsusi təyinatlılarımız çoxlu sayda düşmən hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Onlar düşmənə sadəcə hərbi müstəvidə deyil, psixoloji baxımdan da böyük zərbə vurdu. Aprel döyüşləri həmçinin Azərbaycan Ordusunun qüdrətini, onun qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazır olduğunu bütün dünyaya göstərdi.

 

44 günlük Vətən müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələr sözün həqiqi mənasında tarix yazdı. Bir tək Şuşa şəhərinin azad edilməsində xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq onların əldə edilən qələbəyə hansı miqyasda töhfə verdiyini göstərmək baxımından kifayətdir.

 

Xüsusi Təyinatlı Qüvvələr düşmənin canına elə qorxu salmışdı ki, bir sıra döyüşlərdə işğalçı erməni əsgərləri sona qədər müqavimət göstərmədən silahlarını atıb qaçırdı. Onlar bəzi hallarda öz yaralılarını, meyidlərini belə götürmədən döyüş yerindən uzaqlaşır, öz canlarını xilas etməyə çalışırdılar. Bütün bu faktlar Xüsusi Təyinatlı Qüvvələrin Vəətn müharibəsində necə böyük fədakarlıq sərgilədiyini göstərir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xüsusi təyinatlıların sayının artırıldığını, bu prosesin gələcəkdə də davam edəcəyini bildirib. Bu faktın özü Ali Baş Komandanımn xüsusi təyinatlı hərbçilərimizə, onların igidliyinə necə böyük önəm verdiyini göstərir”.

 

Cəlil Xəlilov 8 Noyabr zəfərinin heç zaman unudulmayağını, hər zaman heyrət və qürurla anılacağını qeyd edib:

 

“8 Noyabr xalqımızın məğlubedilməzliyinin təsdiqi günüdür! Bu gün qəhrəman ordumuz bütün dünyanın hər zaman heyrətlə xatırlayacağı yeni bir tarix yazdı. Əminəm ki, illər, əsrlər keçsə də 8 Noyabr zəfəri, bizə bu zəfəri yaşadanlar əsla və əsla unudulmayacaq, hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlanacaqlar!”

 

Seymur ƏLİYEV

 

2022-11-04 09:26:00
1105 baxış

Digər xəbərlər

Böyük azərbaycanlı, peşəkar çekist, gəncliyin əbədi idealı...

Azərbaycan xalqının böyük oğlu Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda  anadan olub. Ağır sosial rifah, çətin həyat şəraiti Bahadur Hüseynovun ailəsini Naxçıvandan Gəncəyə köçməyə vadar edib.   1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur, təhsilini Toxuculuq Texnikumunda davam etdirir. O,1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Lakin ali təhsil almaq, özünü inkişaf etdirmək arzusu Bahadur Hüseynovu bir an belə olsun rahat buraxmır. Məhz bu səbbədən də Bahadur Hüseynov  1939-cu ilin may ayında böyük qardaşı Əhmədin çağırışı ilə Xarkova yola düşür. Elə həmin il Bahadur Hüseynov Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Adıçəkilən şöbəni bitirən Bahadur Hüseynov, təhsilini F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Məhz bu təhsil onun taleyinbi həmişəlik hərb peşəsinə, hüquq-mühafizə orqanlarına ömürlük bağlayır.   Faşizmə qarşı mübarizə meydanında…   Böyük Vətən müharibəsi başlanması keçmiş SSRİ-nin hər bir vətəndaşı kimi Bahadur Hüseynovun da həyatında ciddi dəyişikliklərə yol açır. Təhsilini vaxtından əvvəl başa vuran Bahadur, kiçik leytenant rütbəsində müharibəyə yollanır. Tağım komandiri kimi ilk döyüşünü 1941-ci ildə Smolensk istiqamətində 246-cı diviziyanın 908-ci alayının tərkibində keçirir. Hücum dəstəsində yer alan  Bahadur Hüseynov faşist işğalçmılarına qarşı mübarizədə böyük cəsarət sərgiləyir. Lakin ağır və uzunbmüddətli döyüş əməliyaytları Bahadur Hüseynovun öz sağlamlığı baxımından da təsirsiz ötüşmür. Hərbi əməliyyatların gedişində üç dəfə yaralanan kiçik leytenant, Qori şəhərində müalicəyə göndərilir. Müalicəsini qismən başa vuran Bahadur Hüseynov daha sonra Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir və oradan faşizmə qarşı mübarizə meydanına qayıtmaq xahişi ilə hərbi komandanlığa müraciət edir. Bu, o zaman idi ki, SSRİ-də peşəkar sərhədçilərə, ali təhsilli hərbi mütəxəssislərə ciddi ehtiyac var idi. Məhz bu səbəbdən də hərbi komandanlıq Bahadur Hüseynovu Gürcüstandakı Sərhəd Qoşunlarında xidməyə yola salır.   1942-ci ildəki bu təyinatdan sonra Bahadur Hüseynov 1948-ci ilə kimi Gürcüstanda həm tərcüməçi, həm də zabit və və böyük zabit vəzifələrində xidmət edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. Xidmət etməklə yanaşı,  yeni ali təhsil almaq arzusu ilə yaşayan Bahadur Hüseynov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsinə qəbul olur. O, 1967-ci ildə universiteti bitirərək ali təhsilli hüquqşünas ixtisasına yiyələnir.   Heydər Əliyevdən Bahadur Hüseynova böyük etimad: Sərhəd Qoşunlarından Dövlət Təhlükəsizlik Komitəsinə doğru...   Bahadur Hüseynovun xidməti fəaliyyətini böyük məsuliyyət və bacarıqla yerinə yetirməsi hərbi komandanlığın da diqqətini cəlb edir. 1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksələn Bahadur Hüseynov, bir müddətdən sonra xidmət etdiyi hərbi hissənin rəis müavini təyin olunur.   Çox keçmir ki, Bahadur Hüseynovun fəaliyyəti milli hərbi kadrlara böyük diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin də diqqətini cəlb edir. Məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Bahadur Hüseynov Dövlət Təhlükəsizlik Komitəsinə dəvət edilir. Qısa müddətdən sonra Bahadur Hüseynov Dövlət Təhlükəsizlik Komitəsində  bölmə rəisi vəzifəsinə təyinat alır. 1969-cu ildə isə o, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir.   Bahadur Hüseynov 7 il bu vəzifədə çalışır. 1976-cı ildə Heydər Əliyevin təklifi və Azərbaycan KP MK-nın qərarı ilə polkovnik Bahadur Hüseynov daha məsul vəzifəyə təyinat alır. O, Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Bahadur Hüseynovun 1978-ci ildə general-mayor rütbəsinə layiq görülür. 1986-cı ildə isə Bahadur Hüseynov təqaüdə çıxır.   Ümumdünya Veteranlar Federasiyasının Rəyasət Heyətinin ilk azərbaycanlı üzvü   Bahadur Hüseynov ictimai-siyasi baxımdan da hər zaman fəallığı ilə diqqət çəkib. Xidmət illərində dəfələrlə Göytəpə qəsəbə sovetinə, Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilir. O, həmçinin Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü kimi fəaliyyət göstərir. Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının əlaqələndirmə şurası Rəyasət Heyətinin üzvü olub. Onun təşəbbüsü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olub. Məlumat üçün qeyd edək ki, Bahadur Hüseynov bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olub.   İki dəfə Qırmızı Əmək Bayrağı ordeni, I və II dərəcəli Vətən müharibəsi ordeni, həmçinin 30-a yaxın medal (iki dəfə Döyüşdə Fərqlənməyə görə medalı ilə, “G.K.Jukov” və “Dövlət sərhədlərinin qorunmasında Fərqlənməyə görə” medalları və digər medallar) general Bahadur Hüseynovun gərgin və şərəfli xidmətlərinə verilmiş hökumət mükafatlarıdır. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Leonid Brejnev Bakıya gələrkən şəxsən Bahadur Hüseynovu üstündə avtoqrafı olan qol saatı ilə mükafatlandırmışdır. Müharibə veteranları arasında fəal beynəlmiləl işinə görə Bahadur müəllim MDB ölkələri İcraiyyə Komitəsinin – icra katibinin Təşəkkürnaməsinə də layiq görülmüşdür.   Əməkdar hüquqşünas, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri...   Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti olan Bahadur Hüseynov öz peşəkarlığı, uğur və novatorluq ruhu ilə Azərbaycandan kənarda da tanınmış, xarici dövlətlərin orden və medalları ilə təltif edilmişdir. Buna nümunə olaraq onun Monqolustan Xalq Respublikasının nişanları ilə təltif edilməsini göstərmək olar.   Bahadur Hüseynov iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilib, xidməti fəaliyyətində konkret uğurlarına görə keçmiş SSRİ DTK-nın Sərhəd Qoşunları Baş İdarəsinin və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılıb.   Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyətində də mühüm rol oynayıb. O, 1992-ci ildən 2001-ci ilə kimi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışıb. Bu müddətdə o, xarici veteran təşkilatları ilə əlaqələrin qurulmasında, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatına qoşulmasında mühüm rol oynayır.   Bahadur Hüseynov 2016-cı ilin 31 dekabr  tarixində Bakıda vəfat edib.   “O, veteranların dostu, gənclərin idealı, əsl xeyirxah idi”   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bahadur Hüseynovun sadəcə çekist kimi peşəkarlığı ilə deyil, həm də öz xeyixahlığı, sadəliyi, səmimiyyəti ilə böyük hörmət və ehtiram qazandığınl vurğulayır:   “Bahadur Hüseynov hər şeydən öncə peşəkar hərbçi, təcrübəli hüquqşünas, əla çekist idi. Onun həyat və fəaliyətinə nəzər salsaq görərik ki, o, harada işləməsindən asılı olmayaraq hər zaman öz işinə böyük məsuliyyət və vicdanla yanaşmış, ona həvalə edilən hər bir işi maksimum səviyyədə yerinə yetirməyə çalışmışdır. Məhz çalışqanlığı, yorulmazlığı, işə məsuliyətli münasibəti onun xidmət pillələrində sürətli yüksəlişinə yol açmış, Bahadur Hüseynov adını hər yerdə məşhurlaşdırmışdı.   Ancaq Bahadur Hüseynovu insanlara sevdirən onun sadəcə peşəkar mütəxəssis kimi fəaliyyti deyil. Bahadur Hüseynov həm də hərbçilərin, veteranların yaxın dostu, əsl xeyirxah idi. O, tabeçiliyində çalışan hər bir şəxsin sosial durumu, ailə vəziyyəti ilə yaxından maraqlanır, onların hər bir probleminin həllinə səy göstərirdi. Onlarla hərbçinin mənzil probleminin həlli, ailə qurması, sosial rifahını yaxşılaşdırması Bahadur Hüseynovun adı ilə bağlıdır.   Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatının sədri olduğu dönəmdə də veteranların sosial təminatının güclənməsi üçün əlindən gələni əsirgəməmiş, bütün imkanlardan istfadə edərək veteranların həyat səviyyəsini yüksəltməyə çalışmışdır. O, öz sadəliyi, səmimiliyi, insanlara doğma, qayğıkeş  münasibəti il hər kəsin sevimlisinə çevrilmişdi. Məhz bütün bu xüsusiyyətlərin cəmi Bahadur Hüseynovu gənclərin idealına çevirmişdi. Hansı ki, bu gün də Bahadur Hüseynovu öz idealı hesab edən kifayət qədər gənc mövcuddur. Bu baxımdan Bahadur Hüseynovu gənclərin əbədi idealı adlandırmaq olar.   Bu gün Bahadur Hüseynov fiziki baxımdan aramızda deyil. Amma onun qoyub getdiyi məktəb, hazırladığı kadrlar, dövlətimiz, xalqımız üçün gördüyü işlər göz önündədir.   Bahadur Hüsdeynov ömrünü vətəninə, millətinə həsr edən böyük azərbaycanlı olub və nə qədər ki, Azərbaycan xalqı var, o da bu xalqın digər böyük övladları kimi xalqın yaddaşında əbədi yaşayacaqdır”.   Kitablara çevrilən ömür yolu...   Bahadur Hüseynovun ömür yolu  gənclərə örnək olmaqla qalmamış, zaman-zaman müxtəlif qəzetlər, jurnallar, kitablarda da  öz əksini tapmışdır. Hansı ki, insan bu kitabları vərəqlədikcə Bahadur Hüseynovun saf, mübariz, milli maraqların müdafiəsinə köklənən dünyasına boylanır, onu yenidən, təkrar-təkrar kəşf edir. Bu zaman bir daha əmin olursan ki, Azərbaycan xalqı hər zaman  taleyin sınağından, tarixin imtahanından məhz Bahadur Hüseynov kimi şəxsiyyətləri sayəsində, onların fədakarlığı hesabına çıxıb.   Məlumat üçün qeyd edək ki, “Mənalı ömür”, “Veteranları vətənimizin qızıl fondudur” və s. kimi kitablarda Bahadur Hüseynov haqqında maraqlı məlumatlar mövcuddur. Heç şübhəsiz, Bahadur Hüeynov məktəbi bundan sonra da tədqiq edilməkdə, öyrənilməkdə davam edəcək, onun haqqında yeni-yeni kitablar, əsərlər meydana çıxacaqdır.   Seymur ƏLİYEV      

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ibrahimov Əzim Əlisgəndər oğlu vəfat edib.  1926-cı ildə anadan olan Əzim İbrahimov İkinci Dünya müahribəsində Ukrayna və Polşanın faşist işğalından azad edilməsində yaxından iştirak edib, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla mükafatlandırılıb. Əzim İbrahimovun döyüş yolu Almaniyaya qədər davam edib. Müharibə, Əmək və Silahlı Qüvvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əzim İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Sumqayıtda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verir ki, aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Sumqayıt ​ şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Sumqayıt şəhərində şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. İftar mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İftar mərasimində Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması ilə bağlı çıxışlar edilib. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla bəhs ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərin ruhuna dualar oxunub.  

Hamısını oxu
TUMİB iftar süfrəsi təşkil edib

Tədbirdə şəhid ailələri də iştirak ediblər Veteran.gov.az xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 28-də - Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib. İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil ataşesi Nihat Büyükbaş Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev cənab nazir Fərid Qayıbov adından məzunları və şəhid ailələrini salamlayıblar. Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb. Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Səlcuk Karakılıç , doktor Vaqif Qələndər və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.  

Hamısını oxu