Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şuşa aksiyası QHT-lərin gücünü və əhəmiyyətini bir kəs daha ortaya qoydu”

Cəlil Xəlilov: “Aksiya sübut etdi ki, QHT-lər dövlətimiz və cəmiyyətimiz üçün vacib institutdur”

 

Dekabrın 12-dən etibarən azərbaycanlı ekofəlların, QHT nümayəndələrinin Şuşada başlatdığı  etiraz aksiyası davam edir. Aksiyaçılar Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyətinin təmin edilməsini, Azərbaycana məxsus təbii resursların qanunsuz istismarının dayandırılmasını, ekoloji terrorun qarşısının alınmasını tələb edir.

 

Aksiya ilə bağlı bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aksiyanın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:

 

“Şuşa aksiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırlması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya hər şeydən əvvəl göstərdi ki, Azərbaycan xalqı ona məxsus təbii sərvətlərin talan edilməsinə, təbiətin məhv edilməsinə imkan verməyəcək. Azərbaycan xalqı sərvətlərinə sahib çıxmaqda qərarlıdır və aksiyanın fasiləsiz şəkildə davam etdirilməsi, günü-gündən genişləndirilməsi buna sübutdur.

 

Bu aksiya həm də Azərbaycan xalqının separatizmə qarşı olduğunu, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyini göstərir. Bildiyiniz kimi, aksiyada səslənən əsas tələblədən biri Laçın dəhlizində şəffaflığın təmin edilməsi ilə bağlıdır. Məhz bunun üçün aksiyaçılar tələb edir ki, Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilsin. Çünki Azərbaycan dövlətinin nəzarəti olmadan Laçın dəhlizində şəffaflığı təmin etmək mümkün deyil. Bir sözlə, bu aksiya həm də separatizmə, onun hər cür təzahürünə qarşı yönəlib və regionda sabitliyin, təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir”.

 

Polkovnik qeyd edib ki, aksiya QHT-dövlət münasibətlərinin möhkəmlənməsi baxımından da körpü rolunu oynamaqdadır:

 

“Şuşa aksiyası QHT-dövlət münasibətlərinin möhkəmlənməsi, vətəndaş cəmiyyəti institutlarının önəminin bir daha dərk edilməsi baxımından da böyük rol oyanyır. Bu aksiya göstərdi ki, QHT-lər dövlət maraqlarımızın, milli mənafeyimizin əsas müdafiəçiləri sırasındadır və bu məsələlərdə son dərəcə həssas, prinsipial mövqe ortaya qoyurlar.

 

Xatırladım ki, Şuşa aksiyasının ilk günündən etibarən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı aksiyaya dəstək verib, bu aksiyanın məqsəd və mahiyyəti haqqında mediada, o cümlədən beynəlxalq mediada silsilə məqalələrin yayımlanmasına nail olub. Biz aksiya və onun mahiyyəti ilə bağlı KİV-də, xüsusilə də Rusiya mediasında mümkün qədər çox iş aparmağa çalışırıq. Erməni yalanlarının qarşısını almaq, dezinformasiyaları önləmək üçün bu cür fəaliyyət olduqca vacibdir”.

 

Polkovnik qeyd edib ki, etiraz aksiyası QHT-lərin özünün də nüfuzunun artmasına müsbət mənada ciddi təsir göstərdi:

 

“Bu aksiya QHT-lərin özünün imici üçün də təsirsiz ötüşmədi. Vətəndaş cəmiyyəti institutlarının  önəmi, onların rolu cəmiyyət tərəfindən bir daha dərk edildi. Hər kəs başa düşdü ki, vətəndaş cəmiyyətləri sadəcə daxili problemlərin həllində deyil, ümummilli maraqların qorunmasında mühüm əhəmiyyətə malikdir. Vətəndaş cəmiyyəti institutları lazım gələndə öz səslərini beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə, ən ali tribunalara belə çatdıra bilirlər. Buna nümunə olaarq aksiya və onun mahiyyəti ilə bağlı QHT-lərin beynəlxalq təşkilatlara ünvanladıqları müraciətləri göstərmək olar. Qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşklatı olaraq biz də aksiya və onun səbəbləri ilə bağlı beynəlxalq təşkilatlara ayrıca bəyanat ünvanlamışıq. Həmin bəyanatda həm də aksiyada irəli sürülən tələblərə, bu tələblərin yerinə yetirilməsinin vacibliyinə toxunmuşuq. Bildirmişik ki, bu tələblərin yerinə yetirilməsi regionda ekoloji fəlakətin qarşısının alınması, sülh və sabitliyin təmini baxımından vacibdir və dünya bu məsələdə Azərbaycanın haqq işinə dəstək verməlidir”.

 

Professor Cəlil Xəlilov bildirib ki, aksiya və onun ətrafında baş verən proseslər vətəndaş cəmiyyəti institutunun daha da möhkəmlənməsinin nə qədər önəmli olduğunu təsdiqləmiş oldu:

 

“Şuşa aksiyası və onunla bağlı yaşanan proseslər göstərdi ki, QHT-lərin həm dövlət, həm də cəmiyyət maraqlarının dəstəklənməsi baxımında rolu böyükdür. Odur ki, vətəndaş cəmiyyəti institutlarının daha da güclənməsi, mahiyyət etibarı ilə dövlət maraqlarımızın daha etibarlı müdafiəsi deməkdir. Baş verənlər göstərdi ki,  QHT-lərin daha da güclənməsi, onların möhkəmlənməsi və inkişafı üçün mövcud perspektivlərin daha effektiv qiymətləndirilməsinə ehtiyac var. İnanıram ki, bu istiqamətdə də bütün gərəkli addımlar atılacaq və yaxın gələcəkdə QHT-lərimizin daha da gücləndiyinə, öz təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdığına şahid olacağıq”.

 

 

2022-12-22 11:39:00
1040 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı Xocalı soyqrımının 27-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirir

22 fevral  2019-cu il tarixdə    Respublika Veteranlar Təşkilatı Bakı şəhəri Nizami rayonunda yerləşən 4 saylı Bakı Peşə Liseyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir həyata keçirib. Tədbirdə Təşkilatın  Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik  Adil Haqverdiyev,  aparıcı  mütəxəssis  Nəbi Hacıyev , mütəxəssis İsmayıl  İsmayılov, ”Azərbaycan Veteranı” qəzetinin əməkdaşı Şəhla Qarayeva, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi İsa Hüseynov, Nizami rayon VT-nın sədri Yəhya Ağayev, liseyin direktor əvəzi Samir Abdullayev, metodik işlər üzrə direktor müavini Aytac Rzayeva, şagirdlər və müəllim kollektivi  iştirak edib. Tədbiri liseyin metodik işlər üzrə direktor müavini Aytac Rzayeva açaraq qonaqları salamlayıb, Xocalı soyqrımı haqqında məlumat verib, daha sonra sözü Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik  Adil Haqverdiyevə verib. E/o polkovnik  Adil Haqverdiyev ilk növbədə RVT-nın sədri general-polkovnik Tofiq Ağahüseynov və onun müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Daha sonra polkovnik Haqverdiyev erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələr barəsində məlumat verərərək 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətliyamın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib. Şagirdlərin vətənpərvər ruhda yetişməsində göstərdikləri xidmətə görə bir neçə müəllim Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif olundular. Tədbirin sonunda  xatirə şəkilləri çəkildi.    

Hamısını oxu
Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi

Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi. Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi. Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir. Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı. Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.” 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı. Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır. Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana! Cəlil Xəlilov      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.   Dərin  hörmətlə, Respublika  Veteranlar  Təşkilatı   Rəyasət  Heyəti  adından   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. "Əziz həmvətənlər. 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır. 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib. Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil. Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir. Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır. Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq. Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır. Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür. Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq. Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram. Bayramınız mübarək olsun!"  

Hamısını oxu