Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Üçrəngli Bayraq – Zəfərin, Qürurun və Müstəqilliyin Əbədi Rəmzi

Noyabrın 9-u... Bu tarix Azərbaycan xalqının yaddaşına qürurun, milli heysiyyatın və dövlətçiliyin simvolu kimi əbədi həkk olunub. Hər il bu gün Vətənin səmasında dalğalanan üçrəngli bayrağımıza baxanda hər bir azərbaycanlının qəlbində vətən sevgisi, qürur və fəxarət hissi alovlanır. Çünki bu bayraq xalqımızın tarixi, azadlıq iradəsi və müstəqillik əzminin təntənəsidir.

Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, azadlığımızın ilk müjdəçisi, milli kimliyimizin rəmzidir. 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan edərək Şərqdə ilk demokratik respublikanın təməlini qoydu. Bu, əsrlərlə davam edən mübarizənin, xalqımızın istiqlal arzularının möhtəşəm zəfəri idi.

Cümhuriyyət dövründə demokratik islahatlarla yanaşı, dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. İlk hökumət qərarına əsasən 1918-ci il iyunun 21-də Azərbaycan bayrağı qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmalı idi. Qırmızı rəng o zaman azadlıq və hürriyyət uğrunda tökülən qanların rəmzi idi. Lakin elə həmin ilin noyabrın 9-da Azərbaycan hökuməti ikinci qərarını qəbul etmiş və mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayraq elan edilmişdi.

Bu qərarla qəbul edilən bayraq Əli bəy Hüseynzadənin “Türkçülük, İslamçılıq və Müasirlik” ideyalarının parlaq ifadəsinə çevrildi. Mavi – türklüyümüzü, yaşıl – mənsub olduğumuz İslam mədəniyyətini, qırmızı isə müasirliyə, azadlığa və tərəqqiyə yönəlmiş iradəmizi ifadə edir.

Cümhuriyyət süqut etdikdən sonra bu bayraq endirilsə də, xalqın yaddaşından heç vaxt silinmədi. O, xalqın qəlbində gizli, amma diri bir ümid kimi yaşadı. Və 70 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq yenidən ucaldıldı.

Daha sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Dövlət Bayrağı haqqında” Qanunu qəbul etdi və bu bayraq Azərbaycan Respublikasının dövlət rəmzi elan olundu. Həmin ilin oktyabrın 18-də isə Azərbaycan müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını qəbul etdi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə qətiyyətlə və uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsinin qorunması, milli ideologiyanın möhkəmləndirilməsi dövlət siyasətinin əsas dayaqlarından biridir.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Dövlət Bayrağı Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlarla bu müqəddəs rəmzə olan ehtiramı daha da yüksəltdi. Hər il noyabrın 9-da xalqımız bu günü qürur və fəxarətlə qeyd edir. 2007-ci il dekabrın 30-da paytaxtın Bayıl sahilində Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidə-istirahət kompleksi istifadəyə verildi. 162 metr hündürlüyündə səmaya qalxan üçrəngli bayraq 35 metr enində, 70 metr uzunluğunda  Azərbaycanın qüdrətini, birliyini və müstəqilliyini əks etdirir. Dövlət başçısı açılış mərasimində demişdi: “Dövlət Bayrağı Meydanı ölkəmizin mədəniyyət və siyasi mərkəzinə çevriləcək. Bura baş çəkən hər kəs Azərbaycanın nəyə qadir olduğunu dərk edəcək.”

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə nəticələndi. Bu gün o böyük zəfərin beşinci ildönümünü qeyd edərkən hər bir azərbaycanlı qürurla deyə bilər: “Bayrağımız öz doğma torpaqlarında, azad səmalarda dalğalanır.” Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər torpaqları azad etdi. Hər bir azad edilən şəhərdə, hər bir yüksəkliyin zirvəsində üçrəngli bayrağımız qaldırıldı.

Unutmayaq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs bayraq müstəqilliyimizin, milli varlığımızın və əbədi azad ruhumuzun rəmzidir. Onu qorumaq, ucalığını daim yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki üçrəngli bayrağımız yalnız səmalarda deyil, həm də hər birimizin ürəyində, şəhidlərin qanı ilə yoğrulmuş Vətən sevgisində dalğalanır.

Bu gün Azərbaycan xalqı fəxrlə deyir: Eşq olsun Azərbaycan Bayrağına! Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun Ali Baş Komandana!

Cəlil Xəlilov      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-11-09 21:32:40
8607 baxış

Digər xəbərlər

Gənc və köhnə nəsil arasında mənəvi bağ

Hamısını oxu
"Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, “Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi” və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə İşğaldan azad olunmuş Ağdamda "Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib.   Ağdama səfər çərçivəsində tədbir iştirakçıları Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, işğal dövründə erməni vandalizminə məruz qalan Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə yaxından tanış olublar. Ziyarətlərin ardından tədbir iştirakçıları Ağdam Cümə məscidində camaat namazı qılıb, Allaha şükranlıq duaları ediblər.   Ağdam Dövlət Dram Teatrının qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.   Daha sonra səfər çərçivəsində Ağdamın simvollarında hesab edilən Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Rəsmi çıxışların ardından sonra Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavini Qalib Əliyev, "Böyük Qaydış" Gənclər təşkilatının icraçı direktoru Nail Şükürovun iştirakıyla təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib.   Ağdam səfəri və birgə tərəfdaşlıqla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov mətbuata birgə açıqlama veriblər. Açıqlamada qeyd edilib ki, Qarabağın giriş qapısı adlandırılan Ağdam erməni qəsbkarları tərəfindən 30 ilə yaxın bir müddət ərzində istilaya məruz qalmış, dini ibadət yeri olan məscidlərimiz dağıdılmış, təhqir edilmiş, mədəniyyət ocaqları vandalizmə məruz qalmış, rayonun mərkəzi, kəndlər yerlə-yeksan olunmuş, infrastruktur məhv edilmişdir. Bu gün hər birimiz qürurla deyə bilərik ki, Qarabağın cənnət guşəsi Ağdam şəhəri Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Rəşadətli Azərbacan Ordusun qəhrəmanlığı və şücaəti sayəsində erməni vandallarından azad edilərək əldə olunan tarixi Zəfərlə yenidən öz əsl sahibinə qaytarılmışdır. İndi Ağdam, bütünlüklə Qarabağ yenidən qurulur, dirçəlir.   Həmçinin açıqlamada xüsusi olaraq vurğulanıb ki, Qarabağda bu cür ictimai-siyasi, milli, vətənpərvər əzimdə birgə tədbir və səfərləri etməkdə əsas məqsəd Prezident cənab İlham Əliyevin daha güclü Azərbaycan naminə yorulmadan irəliyə doğru apardığı daxili və xarici siyasətə vətəndaş cəmiyyəti dəstəyini göstərməkdir.   Bundan sonra da Vətən Müahribəsi Əlillərinə Kömək İctimai Birliyi və "Böyük Qaydış" Gənclər Təşkilatı bu kimi milli, vətənpərvər ruhda Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.  

Hamısını oxu
Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsinin ildönümüdür. Publika.az xəbər verir ki, işğaldan 27 il ötür. Ərazisi 1 050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib. Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2 000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir. Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub. 1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139 393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125 368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var. Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1 100-dən artıq şəhid verib, 1 450 rayon sakini əlil olub.

Hamısını oxu
Danışır Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov

Hamısını oxu