Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov 102 yaşlı müharibə veteranı Qaflan Ömərovu ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Quba şəhərində yaşayan İkinci Dünya Müharibəsi veteranı 102 yaşlı Qaflan Ömərovu ziyarət edib. Qaflan Ömərovun səhhəti, sosal təminatı, mənzil-məişət şəraiti ilə maraqlanan Cəlil Xəlilov, dövlətimizin hər zaman veteranlara böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb, müharibə veteranına uzun ömür, möhkəm cansağlığı arzulayıb.

Ziyarətə görə Cəlil Xəlilova təşəkkürünü bildirən Qaflan Ömərov, veteranlara göstərdiyi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandana, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.

Məlumat üçün qeyd edək ki, 1924-cü ildə Quba rayonunun Ərməki kəndində anadan olan Qaflan Ömərov 1942-ci ildə könüllü olaraq müharibəyə qatılıb. O, Moskvadan Smolenskə qədər döyüş yolu keçib, dəfələrlə komandanlıq tərəfindən təltif olunub. 1943-cü il martın 6-da ağır yaralanan Qaflan Ömərov bir müddət hospitalda müalicə olunduqdan sonra Qubaya qayıdıb, ölkəmzidə aparılan quruculuq prosesində yaxından iştirak edib.

Seymur ƏLİYEV

2026-04-09 12:02:00
886 baxış

Digər xəbərlər

Almaniyada əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub

Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib. Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.   Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib. Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib. Foto    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru ilə görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatında “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilov arasında görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, qəbul üçün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya təşəkkür edən Nəzakət Məmmədova, veteranların ölkəmizin ictimai həyatındakı roluna diqqət çəkib, onların istər həyat, istərsə də döyüş yolunun gənc nəslə nümunə olduğunu bildirib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteran hərəkatının tarixindən bəhs edib, xalqımızın igid oğul və qızlarının tarixin bütün mərhələlərində düşmənə qarşı mərdliklə mübarizə apardığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun öz tarixi ənənəsinə sadiq qalaraq böyük qəhrəmanlıqlara imza atdığını bildirən Fatma Səttarova, gənc nəslin öz atalarının, babalarının sahib olduğu vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunub.   Respublika Veteranlar Təşkilaıtnın sədr müavini, polkovnik Cəlil Xəlilov isə dövlətin veteranlara böyük diqqət və qayğı göstərdiyini bildirib, bu sahədə görülən işlərə, həyata keçirilən layihələrə diqqət çəkib.   Sonda Nəzakət Məmmədova "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif olunub.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Mingəçevirdə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, şəhər Veteranlar Təşkilatının sədri Ələm Məmmədov Mingəçevir şəhər İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Hikmət Kərimov ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Heydər Əliyevin  anadan olmasının 100-cü ildönümününün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümumilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaqdır. Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı  qaydalar üzrə qəbul ediləcək: İsiqamətlər: Heydər Əliyevin portreti, eyni zamanda onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur. Müsabiqənin şərtləri: • Müsabiqədə 14-35 yaş aralığında olan şəxslər iştirak edə bilər • Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir istiqamət üzrə bir əsər təqdim edə bilər • Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır • Kənar şəxslərin müdaxiləsi, həmçinin kompüter qrafikası proqramları ilə hazırlanan  rəsmlər qiymətləndirilməyəcək • Təqdim olunan rəsmlərdə janr məhdudiyyəti yoxdur • Rəsmin ölçüsü maksimum 50x50 sm olmalıdır • Seçim zamanı düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları rəsm əsərini birbaşa və yaxud poçt vasitəsilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim etməlidir. Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman ayrıca vərəqdə aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir: 1) Ad, soyad, ata adı 2) Əlaqə nömrəsi 3) Təvəllüdü 4) Təhsil aldığı müəssisənin adı (Əgər varsa) Qeyd 3: Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə materialların qəbulu 20 fevral 2023-cü il tarixdən 20 aprel 2023-cü il saat 17:00-dək müddəti əhatə edir. Mükafat: I yer - 1000 AZN II yer - 800 AZN III yer - 600 AZN Hər biri 300 AZN olmaqla 5 həvələndirici mükafat Əlaqə vasitələri: Tel: 012-436-98-33 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29 Əlaqədar şəxsin nömrəsi : 055-475-87-09

Hamısını oxu