Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

APA-nın məlumatına görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

 Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar.

 Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb.

Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

2025-02-07 18:02:23
3089 baxış

Digər xəbərlər

Rusiyada Kursk döyüşündə həlak olan azərbaycanlı döyüşçünün qalıqları 80 il sonra tapıldı

İkinci Dünya Müharibəsinin döyüş meydanlarında həlak olmuş Qızıl Ordu əsgərlərinin qalıqlarını axtaran Rusiya bölmələrindən biri 1943-cü ildə ən böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı döyüşçünün qalıqlarını tapıb. Caliber.Az-dan bildirilir ki, onun kimliyi qalıqlar arasından tapılan “ölüm medalyonu”nun vasitəsilə müəyyən olunub. Məlum olub ki, o, əslən Gəncədən (Sovet dövründə Kirovabad) olan 1913-cü il təvəllüdlü Əhməd Həsənovdur.  Rusiya Müdafiə Nazirliyinin tarixi arxivindən verilən məlumata görə, 81-ci qvardiya atıcı diviziyasının Qızıl Ordu əsgəri Ə.Həsənov 1943-cü il iyulun 17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb. Hazırda müəyyən olunub ki, Əhməd Həsənov Kursk döyüşündə qəhrəmancasına həlak olub və kütləvi məzarlıqda dəfn edilib. Rusiya axtarış bölmələri Azərbaycan sakinlərindən 80 ildir taleyindən xəbərsiz qalınan qəhrəmanın qohumlarının tapılmasına köməklik göstərməyi xahiş edir.  

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, polkovnik Adil Haqverdiyevin bacısı Qəmər xanım dünyasını dəyişib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Qəmər xanımın vəfatı ilə bağlı mərhumun bütün doğmalarına, o cümlədən qardaşı  Adil Haqverdiyevə dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!    

Hamısını oxu
Fransa Müqavimət Hərəkatı qəhrəmanına həsr olunan kitab təqdim edilib

Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib. O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir. Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”. Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatən bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq. Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”, - deyə C.Xəlilov əlavə edib. Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib. Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər. Kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.

Hamısını oxu
Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfrans keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub. İyirmidən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib. Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”. Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib. Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb. Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.

Hamısını oxu