Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Sentyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı Maren Ernstin “Vierzig Mädchen” (“Qırx qız”) kitabının təqdimatı keçirilib.
Qırğız Respublikasının Avstriyadakı səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı şəraitində baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Qırğızıstandan gələn qonaqlar, Avstriyadakı qırğız diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında qardaş Qırğızıstana həsr olunmuş kitabın təqdimatına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş tədbirlər diqqət mərkəzində saxlanılır və bu, Azərbaycan Mədəniyyət Mərkəzində qırğız mədəniyyətinə həsr olunmuş sayca ikinci tədbirdir.


L.Qasımova kitabın adının qırğız xalqının tarixi və mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətini xatırlatdığını, beləliklə, artıq kitabın adının özünün müxtəlif mədəni ənənələrin təmas nöqtəsinə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məhz belə görüşlər ədəbiyyat, incəsənət, tarix və insan taleləri vasitəsilə xalqların bir-birini daha yaxından tanımasına, təkcə fərqləri deyil, həm də birləşdirici cəhətləri kəşf etməsinə imkan yaradan əsl mədəniyyətlərarası dialoqu formalaşdırır.
Azərbaycanın mədəniyyətlərarası dialoqa və xalqlar arasında qarşılıqlı hörmətə həmişə böyük önəm verdiyini vurğulayan L.Qasımova bu il oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini xatırladıb. O, bu mühüm beynəlxalq tədbir ərəfəsində Vyanada alman ədəbiyyatı ilə qırğız mədəni ənənəsinin Azərbaycanın dəstəyi ilə bir araya gəlməsini mədəniyyətlərarası dialoqun kiçik, lakin çox əhəmiyyətli nümunəsi adlandırıb.
Qırğız Respublikasının Avstriyadakı səfiri Nurjan Şayldabekova tədbirin keçirilməsi üçün yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Səfir iştirakçılara qırğız xalqının mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətindən danışıb.


Tədbirdə bildirilib ki, Maren Ernst 1992-ci ildən Qırğız Respublikasında müxtəlif sahələrdə çalışıb və 2007-ci ildə uşaq evini ziyarət etdikdən sonra o, rəfiqələri ilə birlikdə əsasən Qırğızıstanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrə yardım göstərən “Uplift Aufwind” xeyriyyə təşkilatını təsis edib. Qadın və uşaqları, təhsil və profilaktikanı diqqət mərkəzində saxlayan bu təşkilatın layihələrindən indiyədək Qırğız Respublikası üçün nümunəvi modelə çevrilən bu fəaliyyətdən 25 mindən çox uşaq və onların ailə üzvləri faydalanıb.
Yazıçının ədəbi debütü olan “Qırx qız” romanı onun Qırğızıstandakı həyat və fəaliyyəti ilə bağlı xatirələri əsasında qələmə alınıb. Müəllif kitabda Qırğızıstanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək keçdiyi mürəkkəb yola öz baxışını təqdim edir, qadınların gücündən, iki ölkənin mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələrdən, insanlıqdan və onda dərin iz qoymuş insanlardan bəhs edir. Qırğızıstanın müasir tarixinə dair şəxsi şahidliyi ictimai dəyişikliklər və mədəni kimlik mövzuları ilə birləşdirən roman müxtəlif mədəniyyət və dövrləri bədii şəkildə bir araya gətirir, Qırğızıstanın güclü qadınlarının obrazlarını canlandırır. Əsərdə insanlıq, mətanət və qarşılıqlı yardım ön plana çəkilir. Qırğızıstan burada ekzotik səyahət ölkəsi kimi deyil, real insanların yaşadığı, öz tarixi və aktual problemləri olan bir məkan kimi təqdim olunur.
Müəllif iştirakçılara kitabın yaranma tarixçəsindən və Qırğızıstanla bağlı xatirələrindən danışıb, kitabdan parçalar qiraət edilib, sonra isə qonaqların suallarını cavablandırıb.
Sonda qonaqlara Qırğız Respublikasının Səfirliyinin təşkil etdiyi qırğız milli mətbəxinin nümunələri təqdim olunub.

2026-09-12 16:17:00
32 baxış

Digər xəbərlər

Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova

Hamısını oxu
Cəlil Xəlilov: Cəbrayılın azad olunması Ordumuzun Xocavənd və Hadrut istiqamətində uğurlu əməliyyatlarına şərait yaratdı

Cəbrayılın azad olunması Vətən müharibəsinin ən şanlı səhifələrindən biridir. Bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı: “Cəbrayılın erməni işğalından azad edilməsi özlüyündə çox böyük hadisə, tarixi Qələbə idi. Çünki 30 ilə yaxın müddətdə bu torpaqlar erməni işğalı altında qalmış, düşmən bu torpaqlarda müxtəlif istehkamlar, müdafiə sədləri inşa etmişdi. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən qüvvələrini darmadağın edərək 2020-ci il oktyabrın 4-də Cəbrayılı azad etdi. Cəbrayılın azad edilməsi düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Cəbrayılın azad edilməsi, Ordumuzun rayonun ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçirməsinə və sonrakı əməliyyatlara da müsbət təsirini göstərdi. Belə ki, Cəbrayılın azad edilməsi Xocavənd və Hadrutun azad edilməsi ilə bağlı uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Başqa sözlə desək, Cəbrayılın azadlığı digər torpaqlarımızın azad edilməsi üçün də yol açdı”. Təşkilatın sədr müavini vurğulayıb ki, bu, həm də xalqımızın böyük Qələbəyə olan inamını daha da artırdı, Ordunun özünün psixoloji əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb oldu: “Şəhərin azad edilməsinin hərbi əhəmiyyəti ilə yanaşı, psixoloji-mənəvi əhəmiyyəti də böyük idi. Belə ki, Cəbrayılın azad edilməsi Azərbaycan xalqının böyük Qələbəyə olan ümidini, inamını daha da artırdı. Bu qələbə Silahlı Qüvvələrin özünün mənəvi-psixoloji durumuna da müsbət təsir göstərdi. Cəbrayılın azadlığı ordu daxilində ruh yüksəkliyinin artmasına səbəb oldu ki, bu da müharibədə uğur qazanmaq üçün başlıca şərtlərdən biri, bəlkə də birincidir. Bu baxımdan Cəbrayılın azad edilməsi mühüm hərbi-tarixi önəmə malikdir”. Polkovnik bildirib ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Cəbrayılda da böyük quruculuq işləri həyata keçirir: “Bu gün respublikamızın işğaldan azad edilən bütün bölgələrində, o cümlədən Cəbrayılda dövlətimiz tərəfindən genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. Rayonun infrastrukturu, sosial obyektlər, kommunikasiya sistemləri – bir sözlə, hər şey yeni nəsil texnologiyalar əsasında müasir tələblər səviyyəsində inşa edilir. Görülən işlərin miqyas və sürəti onu söyləməyə imkan verir ki, vaxtı ilə Cəbrayıldan didərgin düşən insanlarımız qısa zamanda yenidən öz ata yurdlarına qayıda biləcək, doğma diyarlarının inkişafına öz töhfələrini verə biləcəklər”.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Mahaçqala şəhərində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 18 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfəri çərçivəsində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini  ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub. Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb: “Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib. Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”. Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib: “2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”. Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib. Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib.  Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç, Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Seymur ƏLİYEV

Hamısını oxu
Vətənə gərək fəaliyyət

Hər bir insanı, onun həyatı və fəsliyyətini tərcümeyi-halından tanımaq olur, yaşadığı ömürlük onun barometridir, necə var, eləcə, həyatını bütün dolğunluğu ilə əks etdirir. Onu dəyişmək, redaktə etmək olmur, o, yazılmır, yaşanılır. Aradan illər keçir, geriyə baxanda yaşanmış ömür bir daha gözlərinin qarşısından keçir, o zaman gördüyün işlər haqqında, istər-istəməz hesabat verməli olursan. Burada bir deyimi yada salmaq yerinə düşər: "Tarix, əslində yoxdur, olan-bioqrafiyalardır". Bu mənada bizim bioqrafiyalarımız keçilmiş yol haqqında çox şey, bəlkə də hər şeyi deyir... Çoxdan tanıdığım ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilov belə bir bioqrafiyaya malikdir. Nə zamansa xəyallarında zabit olmaq, orduda xidmət etmək arzusunu quranda talenin onu Əfqanıstan, Qarabağ müharibələrindən keçirəcəyini xəyalına belə gətirmirdi. Ancaq bu ömür yaşandı. Onun bioqrafiyası yaşadığı ömrü, fəaliyyətini tamamilə əks etdirir. Bioqrafiyası ilə tanışlıq Cəlil müəllimin keçdiyi yol, yaşadığı ömür haqqında aydın təsəvvür yaradır. Onu tanıdığım zaman (90-cı illərin ortaları) mən Müdafiə Nazirliyinin orqanı olan "Azərbaycan ordusu" qəzetinin baş redaktor müavini kimi hərbi vətənpərvərlik istiqamətində gedən prosesləri yaxından izləyirdim. C.Xəlilov isə Sərhəd Qoşunları Silahlı Qüvvələrində xidmət edir, peşəkar zabit olaraq ordu quruculuğunda əlindən gələni edirdi. Tanışlığımıza qədərki həyat yolunu isə yalnız tərcümeyi-halından öyrənirəm. Polkovnikin ömürlüyünə nəzər salarkən özünü gənc yaşlarından orduya həsr etdiyinin şahidi oluruq. Hərb işə olan marağıi və bacarığı onu Semferopol Ali Hərbi Siyasi Məktəbinə gətirib çıxarmış və oranı bitirmişdir. Hərbi təhsillə kifayətlənməyərək, 1990-ci ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakultəsini də (qiyabi) bitirmişdir. Həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini, sərhəd dəstəsində hərbi-siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. Sovetlər dönəmində hər bir əsgər və zabitin ən böyük sınağı Əfqanıstan müharibəsi hesab olunurdu. Onun da taleyinə Əfqanıstan müharibəsindən keçmək yazılmışdı. Xalq arasında qorxunc müharibə imici qazanan Əfqanıstan müharibəsində o, sərhədçi kimi xüsusi xidmət orqanlarının tərkibində bir neçə xüsusi əməliyyatın iştirakçısı olur. Əfqanıstan müharibəsi və təhlükəsizlik orqanları veteranı Elşad Şabanov C.Xəlilovun bu bölgədə xidmətini belə xatırlayır: "... 1985-1987-ci illərdə Əfqanistanında xidməti vəzifəmi yerinə yetirdiyim müddətdə, 1986-ci ilin yanvar ayının sonunda Bədəxşan viləyətində Mövləvi Cəlilə qarşı hərbi əməliyatda  iştirak edən zaman Dağlıq rayon sayılan Bədəxşanın Mürqab sərhəd dəstəsində siyasi şöbədə baş leytenant, azərbaycanlı zabit Cəlil Xəlilovla  tanış oldum. Dağlıq Bədəxşanın Mürqab sərhəd dəstəsində xidmət edən sərhədçi  həmyerlimizi, baş leytenant Cəlil Xəlilovu mənə savadlı, hazırlıqlı və cəsarətli bir zabit kimi təqdim etdilər. Baş leytenant Cəlil Xəlilovun düşmənlərlə sərhəddə baş verən sillahlı toqquşmada yaxından iştirakı, göstərdiyi igidlik və şücayəti haqqında eşitdikdə onunla qürur duydum".     Deyim ki, istedad, elə isteddadır, istər sənətdə, ədəbiyyatda olsun, istərsə də hərbdə, ordu quruculuğunda... C.Xəlilovun da ordu quruculuğundakı həyat yolu onun belə bir istedada malik olduğunu göstərir.        O, harada, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq hərbçi bacarığı, intuisiyası, intizamı, tapşırığı vaxtında və səhvsiz yerinə yetirməsi ilə komandirlərin hörmətini qazanmış, həm də hərb olimpində addım-addım irəliləmişdir. Gərək ki, filosof, esseist Ralf Emersonun sözləridir: "Zəif adamlar uğura inanırlar, güclülərsə cəbəb və nəticəyə". Bu baxımdan C.Xəlilovun hərbçi taleyində səbəb-nəticə komponentləri paralel olaraq çıxış edir. Əfqanıstandakı şücayəti nə qədər qürur doğursa da, yaxud müharibədən sonrakı xidməti uğurlu keçsə də, onu vətənində gedən proseslər daha çox düşündürürdü. Ona görə də sovetlərin dağılması ərəfəsində dərhal vətənə dönərək ən çətin vaxtda ordu quruculuğu prosesində yaxından iştirak edir, təcrübəsini yeni yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi Qarabağ döyüşlərində onun köməyinə gəlir. Gənc zabitin həyatında çox qısa bir müddətdə iki fərqli müharibədə iştirakı ömrünün qürur səhifələrini təşkil edir. C.Xəlilov bu dövrdə Azərbaycan təhlikəsizlik orqanlarının tərkibində olan Sərhəd Qoşunlarının yaradılması və formalaşması prosesində öz bilik və bacarığını əsirgəmir. Bu spesifik qoşunların hazırda ölkə Silahlı Qüvvələrinin tərkibində özünəməxsus yer tutmasında Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini kimi polkovnik C.Xəlilovun da danılmaz əməyi olmuşdur. Deyim ki, istənilən qoşun növündə şəxsi heyətlə iş hərbi və milli vətənpərvərlik amili prioritet istiqamətlərdən biridir. Bu mənada C.Xəlilovun yeni ordu quruculuğunda gördüyü işlər həqiqətən də təqdirəlayiqdir. Onun dövlətçiliyə göstərdiyi dəyərli və əvəzsiz xidmətlər daim diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. C.Xəlilov ümumiyyətlə, 2013-cü ilə qədər Sərhəd Qoşunları və keçmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə layiqincə xidmət etmişdir. Bu illərdə xidməti işi ilə bağlı o, çox çətinliklərlə üzləşib, son dərəcədə gərgin vəziyyətlərlə qarşılaşıb. Ancaq zabit peşəkarlığı və sayıqlığı ilə onların öhdəsindən bacarıqla gəlib. 1993-cü ilin yayında Lənkəran Sərhəd Dəstəsinin qərargah rəisi olarkən bir qrup separatçı tərəfindən Azərbaycanın cənubunda Talış-Muğan respublikası yaradılması cəhdlərinə qarşı qətiyyətli mübarizə polkovnik Cəlil Xəlilovun xidməti həyatının ən uğurlu səhifələrindən biridir. Belə şərəfli səhifələrin sayı isə həqiqətən də çoxdur. Hər bir hərbçinin həyatında bir veteran olmaq xoşbəxtliyi də var. Belə ki, şərəf dolu hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə veteranın həyatı, güzaranı onu düşündürdüyü üçündür ki, ömrünü Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına bağlayır, vətən uğrunda şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə, İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin veteranlarına diqqət və qayğı ilə yanaşır və çox az bir müddətdə veteranların hörmətini qazanır. General-mayor Dadaş Rzayevin rəhbərlik etdiyi bu təşkilat respublika veteranlarını təmsil edir. Veteranların bu birliyi yeni gənc nəsil üçün də bir örnəkdir. Ehtiyatda olan polkovnik C.Xəlilov 2014-cü il Respublika Veteranlar Təşkilatının sədr müavini seçilir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında bütün biliyini, bacarığını sərf edir. Məhz onun təşkilatçılıq səyinin nəticəsidir ki, bu gün Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələri qurulmuş, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmuşdur. Ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərinin təşkilində Cəlil müəllimin böyük əməyi vardır. Səngərlərdə dayanan əsgər və zabitlərimizlə  növbəti unudulmaz görüşlərdən biri yaxın vaxtlarda İkinci Dünya Müharibəsi veteranları Bəkir Məmmədov və Damət Nəbiyevlə birlikdə Beyləqan və Füzuli istiqamətlərində cəbhə bölgəsində yerləşən hərbi hissələrimizə səfər zamanı baş tutub. Təşkilatın başlıca vəzifələrindən biri veteranların cəmiyyətə inteqrasiyasına nail olmaqla, vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirakdır. Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyyətinin inkişafında, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində də fəaldır. Onun ölkədə veteran hərəkatının genişlənməsində xüsusi rolu və təşkilatçılıq səyləri danılmazdır. Veteranlar bunu bilir və yüksək qiymətləndirirlər. Erməni seperatizminə qarşı mübarizə bu gün yalnız cəbhədə deyil, hər yerdə, eləcə də beynəlxalq arenada davam edir. Erməni işğalçılarının yalanlarını ifşa etmək, işğalın mahiyyətini dünyaya çatdırmaq üçün Təşkilat da öz səylərini səfərbər etmişdir. Xüsusilə sədr müavininin Rusiya, Ukrayna, Belarusda keçirilən tədbirlərdə və bir çox beynəxalq görüşlərdə erməni separatçılarına qarşı çəkinmədən etdiyi çıxışlar, gətirdiyi tarixi faktlarla Qarabağ həqiqətlərini, münaqişənin əsl mahiyyətini dünya ictimayyətinə çatdırır. C.Xəlilovun Təşkilata gəlişi onun ümumi fəaliyyətinə yeni nizam, mütəşəkillilik və sistemlilik gətirib. Artıq Təşkilatın fəaliyyəti respublikanın bütün rayon və şəhərlərini əhatə etməklə, yerli icra orqnları, ictimai, o cümlədən gənclər təşkilatları və ziyalılarla sıx əlaqədə qurulmaqla cəmiyyətin bütün təbəqələrini əhatə edir. Yalnız bu il onlarla orta məktəbdə, Təşkilat Müdafiə Nazirliyinin təhsil müəssisələrində, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin akademiyalarında, Bakı Slavyan, Dövlət İqtisad, Odlar Yurdu, Qərb və digər universitetlərdə, neçə dövlət müəssisəsində müxtəlif və rəngarəng tədbirlər keçirmişdir. Təşkilat ölkə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul olunan dövlət sərəncamlarının həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir.  Burada başlıca məqsəd veteranların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin  gücləndirilməsindən ibarətdir.     C.Xəlilov peşəkar hərbçi olmaqla, həm də bir alim ömrü yaşayır; bu iki amili uzlaşdırmaq hər bir hərbçiyə müyəssər olmur. O, hərb sahəsindəki praktik bacarığını elmi sahəyə də gətirmiş "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bu istiqamətdə yazdığı məqalələr ölkənin nüfuzlu elmi jurnallarında dərc edilmişdir.  Məlumdur ki, dünya siyasətinin əsas prinsiplərindən birini təşkil edən milli mənafe və təhlükəsizlik məsələləri Azərbaycan müstəqilliyini qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən biri olmuşdur. Çünki dövlətin və xalqın mənafe və maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb geosiyasi bir coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır. Müstəqilliyini qazanan Azərbaycanın bu istiqamətdə hazırladığı davamlı və dayanıqlı konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini qorumağa yönəldilmişdir. Lakin milli təhlükəsizlik və mənafelərin qorunması həm də bir vətəndaşlıq borcudur. Çünki milli təhlükəsizliyin təminatı fərdlərin bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə bağlı biliklər sistemində, dünyagörüşündə bu problem başlıca yer tutmalıdır.           O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti kimi bu sahədəki elmi və praktik biliklərinin gənc nəsilə çatdırılmasında səylərini heç zaman əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir proqram və dərslik müəllifi kimi araşdırmalarını davam etdirir. Praktik və nəzəri biliklərini ali məktəblərdə biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının ən önəmli səhifələrindən birini təşkil edir. Ali məktəblərin, universitet və akademiyaların uyğun bölümlərində bu vəzifə həyata keçirilsə də, əsas məsələ bu istiqamətdə yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin yazılmasıdır. Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  C.Xəlilovun "Milli təhlükəsizlik strategiyası" (Bakı, 2016) dərsliyi olduqca böyük əhəmiyyət daşıyır. İndiyədək C.Xəlilov milli təhlükəsizlik problemi ilə bağlı bir çox məqalələr yazsa da, son tədqiqatı monumentallığı, aktuallığı və əhəmiyyəti ilə bu sahədəki boşluğu tamamilə doldurur. Əslində bu vəsait dərslik adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin qoyuluşu və ona yanaşma baxımından tədqiqatın da tələblərinə tamamilə cavab verir və ona görə də onu cəsarətlə dərslik-monoqrafiya adlandırmaq mümkündür.          Dərslikdə milli təhlükəsizlik strategiyası və onun nəzəri əsasları, formalaşması və inkişaf xüsusiyyətləri, eləcə də prioritetləri konseptual şəkildə təhlil edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik problemini daha çox nəzəri istiqamətdə araşdırır və təhlükəsizliyin təmin edilməsi məsələsində beynəlxalq münasibətlər nəzəriyyəsi və təcrübəsinə əsaslanır.  N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli geopolitika nəzəriyyəçilərinin əsərlərində formalaşan siyasi realizm məsələləri yeni düşüncə ilə təhlil edilir.          Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə ayrıca bir fəsil ayırması problemin aktuallığından irəli gəlmişdir. Belə ki, indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin sülhə təhdidin aradan qaldırılması, təcavüz aktlarının qarşısının alınması, yaxud yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirən əsas amillərdəndir. Beynəlxalq təhlükəsizlik sisteminin universal və regional məsələləri ilə bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti yeni dünya təhlükəsizik sisteminin formalaşması istiqamətində dəyərləndirilir. Dərslikdə dünyada milli təhlükəsizliyin mürəkkəb, çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin, cəmiyyətin, dövlətin  təhlükəsizlik məsələləri və onların tərkib hissələri, eləcə də prioritet istiqamətlərinin başlıca yer tutması çoxsaylı nümunələr və nəzəri fikirlər əsasında təhlil edilir.          Dosent Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsiliyin təmin edilməsinin formalaşması üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət halına gəldiyini qeyd edir: "Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ən mürəkkəb problemlərdən biri sayılan regional səviyyədə dövlətin xarici münasibətlərinin ziddiyyətli, qeyri-sabit xarakteri və dünya xarici siyasət səhnəsində qeyri-müəyyən perspektivlərlə üzləşdi". Buna baxmayaraq Azərbaycanın xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin işlənib hazırlanması və ralllaşdırılması, iki qitə arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir. Bütün bunlar ölkənin sabit və davamlı inkişafını şərtləndirdiyini, ictimai həyatın bütün sahələrini əhatə edən dinamik dəyişikliklər prosesinə mühüm təsir göstərmişdir.           Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmişə olduğu kimi, bu gün də eyni əzm və işgüzarlıqla Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edir. Mən burada C.Xəlilovun tərcümeyi-halının bəzi məqamları üzərində dayandım. Bu məqamlardan həyatının bütün anlarında ürəyi vətəni, xalqı, dövləti ilə döyünən bir vətəndaş boy göstərir. Bu cür insanlar, bütün varlığı, həyatı, fəaliyyətləri ilə Vətəni ucaldır və bir parçasına çevrildikləri cəmiyyətin inkişafına təkan verirlər.    Bədirxan Əhmədli, professor, Qarabağ müharibəsi veteranı    

Hamısını oxu