Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya Müharibəsinin Qəhrəmanı: Çərkəz Qurbanov

Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir və onların rəşadətli döyüş yolunu gələcək nəsillərə ötürür. Bu qəhrəmanlardan biri də Çərkəz Baxşəli oğlu Qurbanovdur. 1918-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş Çərkəz Qurbanov, gənclik illərini vətənin müdafiəsinə həsr etmiş və Böyük Vətən müharibəsinin ən çətin döyüşlərində iştirak edərək şücaətini göstərmişdir. Onun adı cəsur kəşfiyyatçı olaraq yalnız Azərbaycanda deyil, həm də Ukrayna, Rusiya və digər ölkələrdə məşhurdur. Çərkəz Qurbanovun döyüş yoluna nəzər saldıqda, onun həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu önə çıxır.1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə İkinci dünya müharibəsi başlandı. Müharibə təhlükəsi Vətənimizə getdikcə yaxınlaşırdı. Gənc Çərkəz Qurbanov 1939-cu ildə Finlandiya müharibəsində  və Qərbi Ukraynanın azad edilməsində igidliklə vuruşaraq əsgərlərə nümunə olmuşdu. 1940-cı ilin əvvəlində o, cəbhədə ağır yaralanaraq Ukraynanın Kamenets-Podolsk şəhərindəki hərbi xəstəxanaya gətirilir. Burada müalicə olunduqdan sonra doğma kəndinə məzuniyyətə qayıdır. Lakin məzuniyyəti uzun sürmür.
Böyük Vətən müharibəsinin başlanması ilə Sovet İttifaqının  başı üstünü daha ağır təhlükə - Hitler Almaniyasının təcavüzü alır. Müharibənin ilk günlərində Çərkəz Qurbanov könüllü surətdə cəbhəyə yola düşür.
1942-ci ilin avqustun 18-də faşistlər Şimali Qafqazda hücumu genişləndirərək  bir həftə sonra Mozdoku tuturlar. 223 saylı diviziyanın tərkibindəki 1037 – ci polkun kəşfiyyat dəstəsinin komandiri leytenant Çərkəz Qurbanov da faşistlərlə məhz burada – Mozdok ətrafında döyüşə girməli olur. Onun Böyük Vətən müharibəsində qəddar düşmənə qarşı əsas döyüş yolu da buradan başlanır. Döyüşdə göstərdiyi rəşadətə görə polkun ilk medalçısı kimi təltif olunur. Mozdokdan sonra düşmən öz qüvvələrini Georgiyevsk şəhərinə yönəldir. Çərkəz Qurbanov da burada igidlik göstərərək 17 nəfərlə 9 min hərbi əsiri xilas edir.  Bu şücaətə görə  Çərkəz Qurbanov şəhərin simvolik açarı, “Georgiyevsk-200 il” medalı ilə təltif olunur, Georgiyevsk şəhərindəki  Stepnaya küçəsinə Çərkəz Qurbanovun adı verilir. Həmçinin Mozdok şəhərindəki 4 saylı ingilis dili təmayüllü məktəb kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır. 
Müharibədən sonra Georgiyevsk şəhərinə qayıdan  kəşfiyyatçı  o günləri belə xatırlayırdı: “Müharibədən sonra mən Georgiyevsk şəhərinə gələndə yerli əhali məni tanıdı. Onlar mənə siz niyə qəhrəman ordeni ilə təltif olunmamısınız? sualını verdilər. “Mən öz vəzifəmi yerinə yetirmişəm, qəhrəmanlıq nişanına görə vuruşmamışam!” – deyə cavab verdim. Oradan qayıdıb gələndən sonra yerli əhali Sov.İKP MK –nın birinci katibi L.Brejnevə bir narazılıq məktubu göndərirlər. Məktubda deyilirdi: “ Nə səbəbə əsl qəhrəman  çəkdiyi əziyyətə görə qəhrəmanlıq nişanı ilə təltif olunmayıb?”
L.Brejnev  bu məktubu Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Heydər Əliyevə göndərir. Heydər Əliyev təcili Bakıdan Georgiyevsk şəhərinə televiziya çəkilişi aparmaq üçün müxbirləri cəlb edir. Televiya əməkdaşları əsirlərin azad edilməsi faktına əsasən sənədli film hazırlayırlar.  Bu film ayrı-ayrı vaxtlarda nümayiş etdirilir.
Digər istiqamətdə, Budapeşt-Vyana döyüşlərində də fəal iştirak edən Çərkəz Qurbanov qəhrəmanlığı ilə seçilir və öndə olur.


Belə çətin döyüş və qəhrəmanlıq yolu Şimali Qafqaz, Moldoviya, Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya, Yuqoslaviya, Berlinin azad edilməsində 1945-ci il may ayında müharibə Elbada başa çatana qədər “Qara bəbir” ləqəbli Çərkəz Qurbanov öz kəşfiyyatçı dəstəsi ilə həmişə döyüşün qızğın yerlərində olub qəhrəmanlıq nümayiş etdirir. Onun xidmət etdiyi  223-cü atıcı diviziyasına Belqrad diviziyası adı verilmiş, qulluq etdiyi 1037-ci polk “İvanov” ordeninə layiq görülmüş, polka Vyana şəhərinin adı verilmişdir. 1975-ci ildən  isə Ukrayna Respublikasının Çerkassı və Rusiya Federasiyasının Stavropol diyarının Georgiyevsk şəhərlərinin Fəxri vətəndaşıdır. Azərbaycanın cəsur kəşfiyyatçısı Çərkəz Qurbanovun bir çox orden və medallar, Baş komandanlıqdan təşəkkürlər almışdır.
Çərkəz Qurbanov 1946-cı il aprelin 29-da ordu sıralarından tərxis olunur. Bakı, Sumqayıt şəhərlərinin  hüquq –mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. “Milis əlaçısı”  döş nişanı ilə mükafatlandırılmışdır. Polis mayoru  rütbəsinə qədər yüksələn Çərkəz Qurbanov Sumqayıt şəhər Polis idarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş və təqaüdə çıxmışdır.  Qeyd edək ki, Çərkəz Qurbanov 18 il qəsəbə sovetinin deputatı olmuşdur. Göstərdiyi xidmətlərə görə H.Z.Tağıyev qəsəbəsindəki keçmiş Kurçatov küçəsi  cəsur kəşfiyyatçı Çərkəz Qurbanovun adını daşıyır.
Qürur hissi ilə deyə bilərik ki, Çərkəz  Baxşəli oğlu Qurbanov  İkinci dünya müharibəsi zamanı şərəfli döyüş yolu keçmişdir. Onun kimi qəhrəmanların döyüş yolu daima gənclərimizə örnəkdir.

 

Cəlil Xəlilov                   
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  
Təşkilatının sədri, polkovnik

 

2024-12-04 22:39:10
3707 baxış

Digər xəbərlər

Anatoli Torkunovun yubileyi münasibətilə “Rossiya-24” və “Rossiya-1”də Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusiyanın “Rossiya-24” və “Rossiya-1” televiziya kanallarında verilişlər yayımlanıb. video Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. APA xəbər verir ki, bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb. Prezident İlham Əliyev deyib: “O, MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edib, dünyanın aparıcı ali məktəblərindən birinə çevrilib. Mən bilirəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır. Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən demişdim ki, bu forumun Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Həm ölkənin adının, həm də soyadımın əlifba sırasına görə belə olmalı idi. Lakin mən onu da dedim ki, yəqin bu, həm də ona görədir ki, hələlik mən MDBMİ-nin yeganə prezident məzunuyam və arzu etdim ki, belə məzunlar çox olsun. Şadam ki, bu, belə də olur. Biz artıq iki nəfərik. Əminəm ki, bu, hələ başlanğıcdır. Biz çox olacağıq, ona görə ki, əminəm, bizim almamaterin məzunları, necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub olduqları ölkələrin həyatında layiqli yer tutacaqlar, çünki MDBMİ praktiki olaraq bütün dünyanı birləşdirir. Əminəm ki, gələcəkdə MDBMİ-nin məzunları olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxlayın!”

Hamısını oxu
İlham Əliyev: “Hazırda postpandemiya dövrünə hazırlaşırıq”

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyib. “Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Hamısını oxu
Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlandı

Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlanıb. Milli.Az bildirir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında qeyd olunub. Bildirilib ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4 624, mətbu nəşrlərin sayı isə 5 343 təşkil edir.   Milli.Az

Hamısını oxu
Əşrəf Şükürovun 70 illik yubileyi

  28 fevral 2017-ci ildə Zəngilan rayon İcra Hakimiyyətində rayon Veteranlar Təşkilatının sədri, ehtiyatda olan kapitan, vaxtı ilə Zəngilan rayon komsomol, partiya və icraiyyə komitələrində müxtəlif rəhbər vəzifələrdə işləmiş, rayonun işğalından sonra Zəngilan şəhər ərazi icra nümayəndəsi olmuş Əşrəf Şükürovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, icra hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Təşkilatın şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev və yubilyarın ailə üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Ə.Şükürovun çoxşaxəli ictimai fəaliyyətdən, keçdiyi şərəfli ömür yolundan, müstəsna xidmətlərindən söz açmış, onun bu gün də Veteranlar Təşkilatının sədri kimi rayonun ictimai-siyasi həyətında, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etdiyini vurğulamışdır. R.Həsənov  Əşrəf Şükürovun xidmətlərinə görə 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edildiyini, onun əməyinin rayon rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini bildirmişdir. İcra başçısı onu da qeyd etmişdir ki, əsl insan ömrü yaşamış Ə.Şükürovun həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir. R.Həsənov  Ə.Şükürova təltif olunduğu Zəngilan rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim etmiş, ona cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulaməşdır. Tədbirdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seyfəddin Paşayev, şöbə müdiri Maya Bağırova, rayon Thsil şöbəsinin müdiri Zakir İbrahimov, Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İskəndərov, YAY-ın rayon təşkilatının sədri Əsəd Hüseynov, veteran Şərif Bəşirov, Təranə Şükürlü  və digərləri Əşrəf Şükürovun səmərəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Zəngilan rayon Veteranlar Təşkilatının sədri Əşrəf Şükürovun hazırkı uğurlu fəaliyyətinin təməlində dövlət orqanlarında çoxillik təcrübəsinin dayandığını qeyd edərək, onun yenə də sırada olduğunu, tədbirlərdə fəal iştirakı ilə fərqləndiyini bildirdi. Cəlil Xəlilov veteran hərəkatının güclənməsi sahəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, bugünki tədbirin həmin siyasətin bəhrəsi olduğundan danışmış,  Zəngilan rayon İcra Hakimiyyəti başçısının veteranlara qayğı ilə yanaşmasının digər rayonlar üçün yaxşı nümunə olduğunu vurğulamışdır. O, həmçinin idarəçilik sahəsində böyük təcrübəyə malik veteranların bu gün dövlət orqanlarına hərtərəfli dəstək olmalarının vacibliyindən, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində onların iştirakının əhəmiyyətindən danışmış, Zəngilan rayon rəhbərliyinə və ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. 2016-cı ildə veteran hərəkatında göstərdiyi xidmətə görə Əşrəf Şükürovu Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteran həmrəyliyi” medalı ilə təltif edilmişdir. Ə.Şükürova rayon təşkilatları adından təbriklər və hədiyyələr təqdim edilmişdir. Əşrəf Şükürovu anadan olmasının 70 illik yubileyi və “Veteran həmrəyliyi” medalı ilə təltif olunması münasibətilə bir daha ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq! Təranə ŞÜKÜRLÜ.  

Hamısını oxu