Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xocavənddə Njdenin heykəli sökülməlidir”

Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiya xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir: Hörmətli Sergey Viktoroviç Lavrov!

 
Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi.  Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur.  Bundan əlavə, Moskvada “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”. Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.
Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır.  Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin  qarşısı alınıb. 
Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Hörmətli Sergey Viktoroviç Lavrov! Siz Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib. Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır.  Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır.  Onu da nəzərinizə çatdırırq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz.  Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. 
Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik.  Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik. Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik. Azərbaycanın Böyük Vətən Müharibəsinin bütün veteranları adından hörmətlə və düzgün başa düşüləcəyimiz ümidi ilə: Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti

2021-05-06 00:00:00
1185 baxış

Digər xəbərlər

“Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək”

Mahir Abbaszadə: “Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verəcəklər” Xəbər verdiyimiz kimi, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə Ermənistanla bağlı şikayət ünvanlayıb. Şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etdiyi qeyd olunub, onların hər biri ilə bağlı inkaredilməz faktlar təqdim edilib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə, erməni faşizminin beynəlxalq hüquq müstəvisində məsuliyətə cəlb edilməsinin vacib olduğunu vurğulayıb: “Erməni faşizmi 30 ildən çoxdur ki, Azərbaycan xalqının həm canına, həm də malına qəsd etməkdə, hətta təbiətə belə divan tutmaqdadır. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə  ünvanlanan şikayətdə 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın, Zabux və Susda azərbaycanlılara məxsus yüzlərlə mülki məhv etməsi ilə bağlı təkzibedilməz faktlar təqdim edib. Ermənilər bu gün də “Qızılbulaq” və “Dəmirli” yataqlarının timsalında Azərbaycana məxsus təbii resursları qanunsuz olaraq istismar etməkdə, ekoloji terror həyata keçirməkdədir.  Odur ki, dövlətimiz mütəmadi şəkildə dünya ictimaiyyətini, eləcə də beynəlxalq məhkəmələri erməni vəhşilikləri haqqında məlumatlandırmaqda davam edir. Bu baxımdan 2022-ci il may-avqust aylarında  ermənilərin Laçın və ətraf ərazilərdə azərbaycanlıları məxsus evləri, yardımçı təsərrüfatları məhv etməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ünvanlanan müraciət mühüm önəm kəsb edir. Ümid edirik ki, Avropa Məhkəməsi Azərbaycanın bu müraciətinə həssaslıqla yanaşacaq, ermənilərin törətdiyi çoxsaylı cinayətlərə ədalətli hüquqi qiymət verəcəkdir. Istənilən halda, Ermənistan beynəlxalq hüquqi məsuliyyətdən yayına bilməyəcək. Xalqımızın canına və malına qəsd edənlər gec-tez qanun qarşısnda cavab verməli olacaqlar. Buna kimsənin şübhəsiz olmasın!”. Seymur ƏLİYEV

Hamısını oxu
Millət vəkili qazilərlə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlimatda deyilir:   “44 günlük Vətən Müharibəsinə dairəmizdən 158 sakinimiz yollanıb. 4 şəhidimiz var. Allah onlara rəhmət etsin! Evlərinə sağ-salamat dönən müharibə iştirakçıları və qazilərimizlə mütəmadi görüşlərim olur - seçici qəbullarında, Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbirlərdə, son bir aydır ki, Fəxri Xiyabanda, - şəhidlərimizi anma mərasimlərində. Bir neçəsinin evində olub, valideyinləri ilə tanış olmuşam. Ötən aydan etibarən isə cəngavərlərimizlə çay süfrəsi arxasında görüşüb söhbətləşir, onları maraqlandıran suallara cavab, narahat edən problemlərə əlac, qarşılaşdıqları çətinliklərdən birlikdə çıxış yolu axtarmağa çalışırıq.   Görüşlərimizin bu formatı həm mənim, həm də onların ürəyincədir. Səmimi atmosferdə, rahat, qeyri-formal şəraitdə döyüş yollarından bəhs edirlər. Növbəti dəfə bu gənclərin necə böyük ürəyə malik olduqlarının şahidinə çevrilirik. Allah hamısının ürəyincə versin!   Bu gün növbəti görüşümüzü gerçəkləşdirdik. Dairəmizin 11 müharibə iştirakçısı ilə çay süfrəsi arxasında bir araya gəldik. Bu, bu gün keçirəcəyim görüşlərdən ilki oldu. Görüşdə iştirak edən hər birimizin qəhrəmanlarımızdan aldığı bu müsbət enerji ötənilki Zəfərimizin nə qədər önəmli tarixi hadisə olduğunu təsəvvürlərimizdə bir daha canlandırmış oldu.   Budəfəki görüşümüzdə I Qarabağ savaşının qazisi Elxan Abbasov və müharibə iştirakçısı Rövşən İmanov da iştirak edirdi. R.İmanovun qardaşı ilk Qarabağ müharibəsində şəhid olub. İki Qarabağ müharibəsinin iştirakçıları, iki nəsil vətənpərvər döyüşçülərimizin fikir mübadiləsi görüşümüzə əlavə rəng qatdı.   Qarşıdakı günlərdə qazilərimizlə görüşlərim davam edəcək. Yaşasın Azərbaycan gəncləri!   Qarabağ Azərbaycandır!”   Seymur ƏLİYEV  

Hamısını oxu
Gənc və köhnə nəsil arasında mənəvi bağ

Hamısını oxu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

22 iyun 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100  illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açaraq demişdir: “Bu gün biz burada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyini qeyd etmək üçün toplaşmışıq. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Silahlı Qüvvələrin 100 illiyi münasibətlə bütün tədbir iştirakçılarını təbrik edir, hazırda bölgənin ən güclü ordusu olan Azərbaycan ordusuna yeni qələbələr arzulayıram. Bu gün səngərlərdə, eləcə də digər sahələrdə Vətənin müdafiəsində sayıq dayanan əsgər və zaitlərimizə möhkəm cansağlığı arzulayıram. Sonra söz Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova verilmişdir. C.Xəlilov demişdir: “İcazə verin çıxışa başlamazdan əvvəl bütün tədbir iştirakçılarını şanlı yubiley - Silahlı Qüvvələrimizin 100 illiyi münasibəti ilə təbrik edim. Bu hər bir azərbaycanlının, hər bir vətəndaşın, o cümlədən, əziz veteranlar Sizlərin bayramıdır. Azərbaycan Silahlı Qüvvələrinin tarixi həqiqətən də qururvericidir. Bu tarixin bəzi məqamlarını qeyd etmək istərdim. Çünki bu barədə digər çıxışlarda daha geniş məlumatlar çatdırılacaqdır. 1918-ci il noyabr ayının 1-də Hərbi Nazirlik təsis edildiyi günlər Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmək üçün qanlı döyüşlər aparırıdı. Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı azad olundu. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi. O dövrdə Azərbaycanın Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan vermədi. Ordu rəhbərlərinin əksəriyyəti güllələndi. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdirdilər. Cəbhəyə yola salınan 700 min azərbaycanlı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etdilər. Onlardan təqribən yarısı bu yolda həlak oldular. 124 həmvətənimiz ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görüldülər. Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkilinə nail oldu. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinn bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Məruzəçi daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2 il əvvəl aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyi gün də uzaqda deyil. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor cənab Rasim Əliyev, hörmətli generallarımız, RVT Rəyasət Heyətinin üzvləri Abasəli Novruzov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru professor Bədirxan Əhmədov, RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev və başqaları çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrin keçdiyi şərəfli tarixi yol və ölkədə bu gün inamla aparılan ordu quruculuğundan danışmış, diqqəti Azərbaycan əsgərinin qəhrəmanlığına, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə yönəltmişlər. Silahlı Qüvvələrin Həzi Aslanov adına mahnı və rəqs ansanblının kollektivinin ifasi ilə tədbir davam etdirildi. Sonda xatirə şəkili çəkdirildi.

Hamısını oxu