Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili qazilərlə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlimatda deyilir:

 

“44 günlük Vətən Müharibəsinə dairəmizdən 158 sakinimiz yollanıb. 4 şəhidimiz var. Allah onlara rəhmət etsin! Evlərinə sağ-salamat dönən müharibə iştirakçıları və qazilərimizlə mütəmadi görüşlərim olur - seçici qəbullarında, Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbirlərdə, son bir aydır ki, Fəxri Xiyabanda, - şəhidlərimizi anma mərasimlərində. Bir neçəsinin evində olub, valideyinləri ilə tanış olmuşam. Ötən aydan etibarən isə cəngavərlərimizlə çay süfrəsi arxasında görüşüb söhbətləşir, onları maraqlandıran suallara cavab, narahat edən problemlərə əlac, qarşılaşdıqları çətinliklərdən birlikdə çıxış yolu axtarmağa çalışırıq.

 

Görüşlərimizin bu formatı həm mənim, həm də onların ürəyincədir. Səmimi atmosferdə, rahat, qeyri-formal şəraitdə döyüş yollarından bəhs edirlər. Növbəti dəfə bu gənclərin necə böyük ürəyə malik olduqlarının şahidinə çevrilirik. Allah hamısının ürəyincə versin!

 

Bu gün növbəti görüşümüzü gerçəkləşdirdik. Dairəmizin 11 müharibə iştirakçısı ilə çay süfrəsi arxasında bir araya gəldik. Bu, bu gün keçirəcəyim görüşlərdən ilki oldu. Görüşdə iştirak edən hər birimizin qəhrəmanlarımızdan aldığı bu müsbət enerji ötənilki Zəfərimizin nə qədər önəmli tarixi hadisə olduğunu təsəvvürlərimizdə bir daha canlandırmış oldu.

 

Budəfəki görüşümüzdə I Qarabağ savaşının qazisi Elxan Abbasov və müharibə iştirakçısı Rövşən İmanov da iştirak edirdi. R.İmanovun qardaşı ilk Qarabağ müharibəsində şəhid olub. İki Qarabağ müharibəsinin iştirakçıları, iki nəsil vətənpərvər döyüşçülərimizin fikir mübadiləsi görüşümüzə əlavə rəng qatdı.

 

Qarşıdakı günlərdə qazilərimizlə görüşlərim davam edəcək. Yaşasın Azərbaycan gəncləri!

 

Qarabağ Azərbaycandır!

 

Seymur ƏLİYEV

 

2021-10-27 14:36:00
1239 baxış

Digər xəbərlər

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir; 2.2. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır; 2.3. Fondun fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. 3. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 3.1. Azərbaycan Respublikasının Prezidentinə: 3.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi; 3.1.2. Fondun strukturunun təsdiqi; 3.1.3. Fondun idarəetmə orqanlarının yaradılması; 3.1.4. Fondun Müşahidə Şurası üzvlərinin, İdarə Heyəti sədrinin və sədrin iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 3.1.5. Fondun ləğvi və yenidən təşkili; 3.2. Fonda: 3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 4. Fondun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır: 4.1. fiziki və hüquqi şəxslərin ianələri; 4.2. qrantlar; 4.3. qanunla qadağan olunmayan digər mənbələr. 5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 15 gün müddətində Fondun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. Fondun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün; 6.2. dövlət qeydiyyatına alındığı gündən Fondun inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 7. Müəyyən edilsin ki, Fond dövlət qeydiyyatına alınanadək bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulmuş vəsait Fondun xüsusi xəzinə və bank hesablarında toplana bilər. 8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 8.1. Fond fəaliyyətə başlayanadək bu Fərmanın 7-ci hissəsinə uyğun olaraq Fondun vəsaitinin xüsusi xəzinə və bank hesablarında toplanmasını təşkil etsin; 8.2. Fondun fəaliyyətinin təşkili və təmini üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun; 8.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

Hamısını oxu
“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq” “Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur" “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir: “Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir. İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Ermənistan Rusiyanın girovuna çevrilib”

Nəsib Məhəməliyev: “Sərhəddəki erməni təxribatlarına bundan sonra da sərt cavab veriləcək” Son vaxtlar erməni təxribatlarının genişlənməsi təmas xəttində gərginliyin yenidən artmasına səbəb olub. Maraqlıdır, İrəvanın bir yandan “sülh” deyib, digər yandan  təxribata əl atması hansı məntiqlə izah oluna bilər? Bu təxribatlara son qoyulmasa, Azərbaycanın yeni bir anti-terror əməliyyatına start verməsi mümkündürmü? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Müəyyən fasilələrdən sonra sərhəddə baş verən təxribatlar gözlənilən idi. Geniş miqyaslı hərbi əməliyyatlar bitsə də, vaxtaşırı lokal toqquşmalar, təxribatlar, atəşkəs rejiminin pozulması müşahidə olunur. Bunların baş verməsinin əsas səbəbi, Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinin harada, kimin vasitəçiliyi və hansı formatda aparılmasıdır. Danışıqların xronologiyasına diqqət edək. ABŞ-da dövlət katibi Blinkenin vasitəçiliyi ilə Xarici işlər nazirlərinin dörd gün davam edən görüşü keçirildi. Rəsmi məlumata görə bəzi müsbət addımlar atıldı və qərara alındı ki, növbəti görüş dövlət başçıları səviyyəsində, Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilsin. Ermənistanın, prosesə Fransa prezidenti Makronu cəlb etmək istəyi, Azərbaycanın qəti mövqeyinə görə baş tutmadı. 9 mayda, Moskva səfərindən sonra Paşinyan növbəti dəfə mövqeyini kəskin şəkildə dəyişdi və sərsəm bəyanatlar səsləndirdi. Paşinyanın davranışını bir neçə faktorlarla izah etmək olar. Birincisi, Paşinyanın hakimiyyəti yekcins deyil, erməni cəmiyyətinin və erməni diasporasının əksər hissəsi tərəfindən dəstəklənmir. Ələlxüsus, silahlı qüvvələrin komanda heyətində Rusiyada təhsil almış və bu ölkəyə bağlı çoxsaylı kadrlar, hökumətin verdiyi istəniən qərarı boykot etmək, təxrbatlar törətmək iqtidarındadırlar. İkincisi, xroniki erməni xəstəliyi ilə bağlıdır. 44 günlük müharibədə ağır məğlubiyyətə uğramaqlarına, özlərinin rəsmən etiraf etdikləri 11 mindən artıq müharibədən qorxub qaçan fərarinin olmasına baxmayaraq, erməni cəmiyyətində revanş hissi ilə yaşayan daşnak-millətçi kəsimin hakimiyyətə təsiri böyükdür. Bu gün də Ermənistanda və Qarabağda fasiləsiz olaraq, muzdlu döyüşçülərin hazırlanması üzrə kurslar təşkil olunur, partizan müharibəsinə hazırlaşırlar. Sülh müqaviləsi imzalandığı halda, hakimiyyəti dövlət çevrilişi ilə hədələyirlər. Üçüncüsü, Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanın ya şəxsi mülkiyyətidir, ya da ki, uzunmüddətli icarədədir. Ermənistanda Rusiyanın xarici ölkələrdə mövcud olan ən böyük hərbi bazası yerləşir və Türkiyə, İranla sərhədlərini rusiyalı sərhədçilər qoruyur. Faktuki Rusiyanın təşkilatları hesab olunan KTMT-nın, Avroasiya və vahid Gömrük İttifaqlarının üzvüdür. Son 30 ildə Ermənistanın apardığı yanlış siyasət, ölkəni Rusiyadan, diasporadan, müxtəlif lobbi təşkilatlarından asılı vəziyyətə salmış, girovuna çevirmişdir. Loru dilində desək, “erməni adlı xanımın” bir neçə adaxlısı var və hər hansı bir qərarın verilməsində onların hər birinin razılığı olmalıdır. Adaxlılardan ikisinin bir-biri ilə barışmaz düşmənçilik səviyyəsində olduğunu nəzərə aldıqda, vəziyyətin necə acınacaqlı olması aydınlaşır. Dördüncüsü, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdən çıxarılmasının əleyhdarı olan qlobal güclərin qurduğu oyunlarla bağlıdır. Burada söhbət təkcə Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Daha geniş arealı, coğrafitanı əhatə edir. Böyük sülh müqaviləsinin imzalanması o deməkdir ki, hər iki dövlətlə yanaşı, qardaş ölkə Türkiyəyə qarşı irəli sürülən ərazi və saxta “genosid” iddialarına son qoyulacaq, böyük bir regionda əmin-amanlıq bərpa olunacaqdır. Bu isə, kürəsəl güclərin planları ilə uzlaşmır. Bəllidir ki, sülh danışıqları iki formatda aparılır. Biri Kollektiv Qərbin təşkil etdiyi Brüssel formatı, digəri Rusiyanın. Rusiya, Cənubi Qafqazda maraqlarının olduğunu gizlətmir. İstənilən üçüncü qüvvənin müdaxiləsini öz siyasətinə təhlükə olaraq görür və qısqanclıqla yanaşır. Bütün bunları Paşinyan görür və vəziyyətin son dərəcə kritik olduğunu başa düşür. Bir yandan Qərb tərəfindən, Rusiyanın Qafqazdan çıxarılmasına yönəlik siyasəti, digər tərəfdən Rusiyanın təzyiqləri, Paşinyanı hər iki qütb arasında vurnuxmağa, tez-tez fikrini dəyişməyə məcbur edir. Üstəlik, populist olmasına rəğmən, onun bəzi şəxsi keyfiyyətləri, geosiyasi oyunlarda əyalət düşüncəli primitiv siyasətçi, piyada təsiri bağışlaması, qətiyyətsizliyi, sülhün əldə olunmasını mümkünsüz edir. Müharibədən sonrakı seçkilərdə erməni xalqı Paşinyana kart-blanş versə də, istifadə edə bilmədi. Azərbaycanın anti-terror əməliyyatlarına başlamasına gəldikdə isə, biz Ermənistan ərazisində yox, Qarabağda separatçılara qarşı keçirə bilərik. Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqəsini açmaqla, dövlət sərhədlərimiz tam nəzarətə götürülmüşdür. Ermənilər anlamalıdır ki, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, daha çox onlara lazımdır. Onların sərhəddə törətdikləri və planlaşdırdıqlarl təxribatlara silahlı qüvvələrimiz tərəfindən ən sərt şəkildə cavabı verilir və gələcəkdə də veriləcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin, xəsarət alan hərbçilərimizə şəfa versin”. Seymur ƏLİYEV

Hamısını oxu
ADPU-da Veteranlar Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri ilə görüş keçirilib.Görüşdə Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin qorunması və veteranlarla gənclər arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər təhsil müəssisələri ilə veteran təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilən birgə layihələrin gənclərin vətəndaş mövqeyinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.Tədbir çərçivəsində ADPU rektoru professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Azərbaycan Respublikasının ictimai həyatında və təhsil sahəsindəki səmərəli fəaliyyəti, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunublar.Həmçinin, universitetin yüksək akademik göstəricilərə malik tələbələri – Filologiya fakültəsinin Filologiya fakültəsinin IV kurs tələbələsi Məhəmməd Rəhimov, III kurs tələbələri Selinay Şirinova və Nuray Cəfərzadə Təşkilatın fəxri fərmanı ilə təltif ediliblər.  

Hamısını oxu