Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəQurban bayramı münasibətilə İlahiibadətadlı tədbir keçirib.
Tədbir Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin təşkilatçılığı və iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə iş adamları, şəhid ailələri, qazilər, birliyin üzvləri və media nümayəndələri iştirak ediblər. Məqsəd Qurban ibadətinin neçə-neçə məna və faydasını dərk edərək birlik və bərabərliyin hikmətini, bəndələrə dünya və axirətlə bağlı yaxşı əməllərə sahib olmağın faydalarını çatdırmaqdır.
Birlik sədri Yasəmən Qəyyumova öncə hər kəsi salamlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasəmən xanım çıxış edərək, Qurban bayramının xüsusi özəlliklərindən danışıb. O, bildirib ki, Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi,  fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.
Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır.Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. 
Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanmışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. 
Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Qurban ibadəti İslam və möminlər üçün Allahın dini şüarlarından biri olaraq  insanı Allaha yaxınlaşdırır. Qurban Allah sevgisinin isbati kimi varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır. 
Birlik sədri çıxışının sonunda Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biri və ilahi ziyafət süfrəsi olduğunu bildirib. 
Daha sonra iş adamı Rafiq Atakişiyev çıxış edərək vurğulayıb ki, Qurban bayramının adət və ənənəsi sosial ədalətin təmin olunmasına xidmət edən İslamın ümumbəşəri yardımlaşma kampaniyasını təşkil edir. Bizdə bu müqəddəs Qurban bayramı münasibətilə yardımlaşma və həmrəyliyə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizlərə əmanətləri olan ailələri və sağlamlığının bir qismini itirən qazilərlə bir arada olmağı  özünüzə borc bildik. 
Çıxış edən hər kəs bir-birini Qurban bayramı münasibətilə təbrik edib.
Sonunda tədbir iştirakçılarının hər birinə qurban payları verilib.

Fərid Səfərov

Mətbuat katibi

2024-06-18 10:16:13
3392 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Mehriban xanım!   Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətinizdə uğurlar arzulayırıq.   Azərbaycan xalqının hər bir nümayəndəsi kimi əminik ki, Sizin Birinci vitse-prezident kimi ortaya qoyduğunuz böyük siyasi əzm, həyata keçirdiyiniz nəcib ideyalar, əməllərinizlə təbliğ etdiyiniz humanizm və xeyirxahlıq düşüncəsi bundan sonra da dövlətimizin çiçəklənməsinə töhfə verməklə yanaşı, cəmiyyətimizdə ictimai şüur və təfəkkürün sevgi, mərhəmət və vətənpərvərlik üzərində köklənməsinə kömək edəcək, mənəvi dəyərlərimizin inkişafına təkan verəcəkdir.   Bir daha  Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə bütün veteranların sevgi və salamını çatdırırıq”.   Hörmətlə: Fatma Səttarova və Cəlil Xəlilov

Hamısını oxu
General-mayor cənab İsgəndər Allahverdiyevə

Hörmətli İsgəndər müəllim,   Ad gününüz mübarək! Sizin həyatınız Vətənə, xalqa, dövlətə sədaqətlə xidmətin gənc nəsil üçün örnək olacaq bir nümunədir. Siz Azərbaycan Respublikası Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, yüksək peşəkarlıq göstərmisiniz. Sonrakı illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində xüsusi xidmətiniz vardır. Hazırda Sərhəd Qoşunlarının sıralarında xidməti borcunu şərəflə yerinə yetirən yüzlərlə zabitin həyatını məhz bu sahə ilə bağlamasında da Sizin rolunuz danılmazdır. Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, bütün işlərinizdə uğurlar arzulayırıq.   Hörmətlə,   Respublika Veteranlar Təşkilatının  sədri general-polkovnik Tofiq Ağahüseynov və təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunubBəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 Mayda SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Bakı şəhəri Binəqədi, Nəsimi, Nizami, Suraxanı və Qaradağ rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil."1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranları Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
Od-alov içindən keçmiş döyşçü

Alman faşizmi üzərində  qələbənin 80  illiyi...  ...1942-ci ilin məşəqqətli günləri idi. Bu o vaxtlar idi ki, ölkəmizə qəfildən hücum edən alman-faşist qoşunları artıq Şimali Qafqazın ətəklərinə qədər gəlib çıxmışdılar. Mozdak şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Belə bir ağır zamanda Fətulla da Cəlilabad rayonunun Pakrovka (indiki Günəşli)  kəndindən cəbhəyə yola salınır. Fətulla Niftullayev o qanlı-qadalı günləri belə xatırlayırdı: -İlk döyüş yolum Stalinqrad cəbhəsindən başlayıb. 1942-ci ilin iyun ayı idi. Kotelnikov yaşayış məntəqəsi uğrunda ölüm-dirim mübarizəsi aparırdıq. Faşistlər şəhəri talan etmiş, taxıl anbarları olan yerləri yandırıb külə döndərmişdilər. Birdən komandirimiz Aleksandr Zolotnikovun və vzvod komandiri Baloğlan Şükürovun “İrəli, hücum!” sözlərini eşitdik. Mərmilər böyrümüzdə partlayır, güllələr qulaqlarımızın yanından keçirdi. Azğın faşistləri geri oturtmaq üçün sinəmizi qabağa vermişdik. Düşmən məğlub olmaq istəmirdi. Yoldaşlarımızla hücuma keçib düşməni məhv etmək qərarına gəldik. Elə düşündüyümüz kimi əməliyyatı da həyata keçirtdik. Ağır yaralandığım üçün huşumu itirmişdim. Qospitalda gözlərimi açıb özümə gələndə yanımda rayonumuzun Suluçeşmə kəndindən olan Qəhrəman Atayevi və general Həzi Aslanovu gördüm. Həzi Aslanov qayğıkeşlik göstərib dodaqlarımı su ilə islatdı,  sifətimdəki qanı sildi. Sonra alnımdan öpərək  ayrıldı... Fətulla Niftullayev sağaldıqdan sonra  yenidən ön cəbhəyə, 77-ci diviziyanın döyüşdüyü cəbhəyə göndərilir. O, Krasnodar diyarının azad edilməsində, Ukraynanın Zaparojye, Xerson, Krım vilayətlərinin alman-faşist işğalçılarından təmizlənməsində fəal iştirak edir. Fətulla Stalinqradın, Rostov-Don, Novorossiysk, Simferopol, Sevastopol, Taqanroq və başqa yaşayış məntəqələrinin azad olunmasında və müdafiə edilməsində döyüş yoldaşları ilə birgə böyük rəşadət göstərir. 1944-cü ildə Fətulla Niftullayevin döyüş yolu Keniqsberqdən keçir. Qızğın döyüşlərin birində ağır yaralandığı üçün əsir düşür. Onun uzaq yerlərdə - əsir düşərgəsində çətin və məşəqqətli günləri başlayır. Nəhayət, əsir düşərgəsindən qaçıb Fransa partizanlarına qoşulur. Fransa müqavimət hərəkatının fəal iştirakçısı olur. Alman faşizminə qarşı fransız partizanları ilə birgə mübarizə aparır. Partizanlar arasında böyük nüfuz qazana bilir. Fransa KP MK-nın rəhbəri olan Marsen Kaşen şəxsən özü onunla tanış olub igid qafqazlı balasına xeyir-dua verir. Fətulla Niftullayev alman faşistlərilə müharibənin bizim qələbəmizlə başa çatması xəbərini də elə Fransada olarkən eşidir.. Vətənin müdafiəsi naminə müharibəyə könüllü gedən Fətulla Niftullayev döyüş cəbhələrində rəşadətli əsgər kimi göstərdiyi şücaətlərinə görə “I dərəcəli Şərəf”, “I dərəcəli Vətən müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Qafqazın müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Simferopolun alınma- sına görə”, “Varşavanın alınmasına görə”, “Kensbirqin alınmasına görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub. Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində torpaqlarımızı düşmənlərdən qorumaq üçün təkcə  Cəlilabad rayonundan  6440 nəfər müharibəyə yola salınmışdı. Faşistlərin şeytan yuvası olan Reyxstaq üzərinə Qələbə bayrağı sancılandan sonra  cəbhədən yaralılarla birlikdə cəmi 2800 nəfər cəlilabadlı geri  dönə bilmişdi. Onlardan biri də Fətulla Niftullayev idi. O, böyük qələbədən xeyli sonra öz elinə qayıtdı. Ömrünün sonuna kimi müxtəlif sahələrdə çalışdı, döyüş cəbhəsində olduğu kimi əmək cəbhəsində də öz yoldaşlarına nümunə oldu, onların rəğbətini qazandı. Hər il faşizm üzərində qələbənin ildönümünü qeyd edəndə Fətulla  Niftullayev kimi igid oğulları bir daha ehtiramla yad edir, onların qəhrəmanlıqları ilə qürur duyuruq. Ümummilli liderimiz Heydər Əliyev 1995-ci ilin aprel ayının 7-də veteranlarla görüşündə haqlı olaraq demişdir: “1941-1945-ci illlər Azərbaycan xalqının tarixində də görkəmli yer tutur, xalqımızın parlaq səhifəsidir. Biz bunları böyük hörmət və ehtiramla xatırlayırıq. Bu dövrün insanlarını – həm həmin dövrdə döyüşən və həlak olanları, cəbhədə yaralanları, həm də rəşadət göstərib bu gün yaşayanları, həyatlarını dəyişənləri həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”. Bu qələbənin qazanılmasında  doğma Azərbaycanımız da böyük şücaət göstərmişdir. Böyük Vətən müharibəsində Vətənimizin xilası yolunda, faşizmin darmadağın edilməsi naminə xalqımız böyük qurbanlar vermişdir. Vətənə sədaqətlə xidmət etmiş və öz həyatlarını qələbə naminə qurban vermiş Fətulla  Niftullayev kimi müharibə iştirakçılarının  xatirəsini  ehtiramla yad etmək bu gün bizim mənəvi borcumuzdur. Bəli, heç kim unudulmur, heç nə yaddan çıxmır. Bu gün Fətulla  Niftullayevin də əziz xatirəsi qəlbimizdə yaşayır. Od-alov içindən keçmiş döyüşçünün adının əbədiləşdirilməsi üçün Cəlilabadın geniş küçələrindən birinə onun adı verilib. Fərəhli haldır ki, Sverdlovsk vilayətində yerləşən “Krasnıy kult” orta məktəbi də həmyerlimiz Fətulla Niftullayevin adını daşıyır... Ədalət SALMAN, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri

Hamısını oxu