Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sülhə maneə əsassız iddialardır

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.

Məhz bu səbəblərdən antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdu.

Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 1-də ölkəsinin ictimai radiosuna müsahibə verib. Müsahibədə bizim üçün maraq kəsb edən əsas məsələ onun Azərbaycanla münasibətlərin gələcəyi barədə səsləndirdiyi fikirlər, sülh müqaviləsi ilə bağlı aparılan danışıqlara dair baxışları, sərhədlərin delimitasiya və demarkasiya prosesi, o cümlədən Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsi barədə dedikləridir.

Paşinyan Qarabağın adı keçən müstəqillik bəyannaməsini sülhə əsas maneə adlandırıb. Bildirib ki, Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanarsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq.

Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır.

Rəsmi Bakını gələcəkdə təhdid yarada biləcək amillər narahat edir. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.

Qısa xatırlatma edim ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qa­rabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Birsözlə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Ermənilərin 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur.

Yola saldığımız həftə Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha vurğuladı ki, yalnız əsassız iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Rəsmi İrəvan gerçəkdən sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu addımları atmalıdır.  Ermənistan qonşularla süh, əmin-amanlıq şəraitində yaşamaq istəyirsə,  Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidən yığışdırmalı, sülh müqaviləsini imzalamalı, iqtisadiyyatının inkişafı üçün regionda nəqliyyat kommunikasiyalarının açılmasının verəcəyi faydalardan yararlanmalıdır.

 Məşhur Məmmədov

Milli Məclisin deputatı

 

2024-02-07 20:07:06
889 baxış

Digər xəbərlər

Zəfər Günü!

İgid topçu, bacımoğlu Samir Cəbrayılova ithaf edirəm Oxucu məktubları silsiləsindən...   Ölməyibdir şəhdilərim, bayram etsin qoy ruhları, Biz sizinlə zəfər çaldıq, Azəri-Türk oğulları.   Yüz illərin qisasını siz aldınız, Düşmənlərə qan uddurub ucaldınız, Tarixlərdə qalacaqdır mərd adınız, Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu, Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!   Sən düşmənin sinəsinə bir ox oldun, od ələdin, Haqq işinlə sən dünyanı məhvərindən silkələdin, Qoy üçrəngli bayrağımız başın üstə dağlanasın, Tarix boyu qalib gəldin, yox düşməndən bir qorxusu, Bir ananın iki oğlu, Azərbaycan-Türk ordusu, Zəfər Günün mübarəkdir, Azərbaycan-Türkjordusu!   Zakir Cəbrayılov 09.12.2020

Hamısını oxu
Qəhrəmanlar Unudulmur!

  Avqustun 22-si...Bəzən təqvimdəki bir tarix, sadəcə bir gün deyil. Bəzən o gün bir millətin hekayəsini daşıyır. Bəzən bir tarix torpaqla, bayraqla, qanla, sədaqətlə yazılır. Bu gün biz dörd igid oğulun doğum gününü anırıq ömürləri qısa, izləri əbədi olan şəhidlərimizin...Onlar bir zamanlar dünyaya göz açmışdı. Körpəlik keçmiş, məktəb yollarında addımlamış, həyatın sadə sevincinə qovuşmağa çalışan uşaqlar olmuşdular. Amma alın yazıları fərqli idi. Onlar bu torpaq üçün doğulmuşdular. Onların yolunu tarix seçmişdi şəhidlik yolu ilə ucalan bir ömür... Daşqın Şəfiyev – Laçında dayanan ürək Əsgər Daşqın Hidayət oğlu Şəfiyev 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində dünyaya göz açdı. O, Vətən müharibəsinin ən çətin döyüşlərindən birində 5 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Mərdliyi, səssiz qəhrəmanlığı və qətiyyəti ilə silahdaşlarının yaddaşında iz buraxdı.Daşqının adı təkcə ailəsinin yox, millətin fəxridir. Onun igidliyi "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə əbədiləşdirildi. O, torpaq uğrunda döyüşdü, torpağa qovuşdu əbədi yaşamaq üçün... Məhəmməd Məmmədli – Goranboy səngərində düşən ulduz Məhəmməd Murad oğlu Məmmədli 1994-cü ilin bu günündə 22 avqust tarixində Mingəçevirdə dünyaya gəldi. Vətən müharibəsi başlananda, 21 sentyabrda hərbi xidmətə çağırıldı. Cəmi 11 gün sonra, 2 oktyabr 2020-ci ildə Goranboyun Kəhrilər istiqamətində mərmi partlayışı nəticəsində şəhid oldu.Onun əsgərliyi ömür qədər qısa, qəhrəmanlığı isə zaman qədər uzundur. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunması, onun igidliyinin dövlət səviyyəsində tanınmasıdır. Məhəmməd bu millət üçün yaşadı, bu Vətən üçün can verdi. Elyar Məmmədov - Füzulidə yazılan bir ömür Məmmədov Elyar Elbəyi oğlu 1990-cı ildə Biləsuvarın Ağalıkənd kəndində doğuldu. Sadə kənd həyatının içindən çıxan bu gənc, əsgərliyini tam şərəfi ilə başa vurdu. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdi və 27 oktyabrda şəhid oldu. Elyarın üzərinə düşən tapşırıqlar ən çətin olanlardandı  çünki o ixtisaslı hazırlıq keçmiş döyüşçü idi. Hər səngər, hər zirvə onu tanıyırdı. Onun qəhrəmanlığı "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ölümsüzləşdirildi. Elyar döyüşlərin sükutunda adını səsləndirdi. Ruslan Binnətov - Ad günü səngərlərdə qaldı Ruslan Rafiq oğlu Binnətov 22 avqust 2001-ci ildə Göygöl rayonunun Haça Qaya kəndində dünyaya gəldi. O, Vətən müharibəsinin son günlərində 9 noyabrda Xocavənd uğrunda döyüşdə qəlpə yarası alaraq şəhid oldu. Gənc yaşında, arzularının ən alisində  Vətən sevgisində canını verdi.Onun igidliyi "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə qiymətləndirildi. Ruslanın həyatı qısa oldu, amma o, ömrünü bir millətin gələcəyinə çevirdi.Bu dörd oğul Daşqın, Məhəmməd, Elyar və Ruslan elə bu gün 22 avqustda doğulmuşdular. Onların doğum günü indi bir xalqın qürur günü, bir millətin yaddaş kitabındakı şanlı səhifədir. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə bir savaş deyildi  bu, bir millətin haqq hayqırtısı, ədalət çağırışı idi. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mülki əhalini, şəhər və kəndlərimizi ağır artilleriya və raket atəşinə tutması qarşısında Azərbaycan Ordusu səssiz qala bilməzdi. 44 gün boyunca səngərlər döyüşün, dağlar qələbənin, şəhidlər isə millətin hekayəsini yazdı. Bu müharibədə 2908 əsgər şəhid oldu. Dördü isə bu gün 22 avqustda doğulmuşdu. Onların yaşının üstünə yaş gəlmir, onların  şəhid olduqları gündə donub qaldı. Amma adları  zamanla yarışır, xatirələri  xalqın ruhunda yaşayır. Bu gün onlar doğulmasaydı, bəlkə də biz bu azad səmanı, dalğalanan bayrağı, torpağımıza qayıdan ayaq izlərini görə bilməzdik. Onların doğumu  bir millətin taleyinə yazılmış qurtuluşdu. Bəzən tarix bir insanın doğumu ilə dəyişir. Bu gün o dörd doğum dörd istiqamətdən bir millətin qüruruna çevrilib.Qoy bu torpaq, bu millət, bu bayraq daim onların ruhu ilə ucalılsın. Ruhunuz qarşısında baş əyirik, igidlər. Ad gününüz həm mübarək, həm də əbədidir. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Onlar 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə hər kəsə bir nümunə göstərdilər”

Azər Badamov: “Xaricdə yaşayan hər bir soydaşımız özü - özünə sual verməlidir ki, mən vətənim üçün nə etmişəm?”   “Düşünürəm ki, bundan sonra xaricdəki imkanlı soydaşlarımız və təşkilatlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin xeyriyyəçilik yolunu davam etdirəcəklər”   Bugünlərdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın sağlamlıq imkanı məhdud olan 100-ə qədər qazimizi müasir əlil arabaları ilə təmin edib. Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin bu addımı xaricdə fəaliyyət göstərən digər Azərbaycan-türk mədəniyyət dərnəklərinə, diaspor təşkilatlarına, iş adamlarına da örnək sayıla bilərmi?   Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin 100-ə qədər sağlamlıq imkanı məhdud qazini müasir əlil arabaları ilə təmin etməsinin təqdirəlayiq olduğunu bildirib:   “Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlham Aşkının 100 əlil arabasını ehtiyacı olan qazilərimizə hədiyyə etməsini çox təqdirəlayiq hal hesab edirəm. Bu, həm də digər Azərbaycan-Türk Dərnəklərinə və diaspor təşkilatlarına bir nümunədir.   Qazilərimiz vətənin torpaqları uğrunda öz sağlamlıqlarını itirmişdir. Bu böyük qələbəni bizə nəsib edənlər hər bir diqqətə və qayğıya layiqdirlər.   44 günlük Vətən müharibəsində qazandığımız qələbə başımızı bütün dünyada uca etmişdir. Bu gün dünyanın hər bir yerində yaşayan soydaşımız başını dik tutaraq Böyük Qələbəmizlə fəxr edir. Ona görə xaricədə yaşayan soydaşlarımız işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına və ya qazilərimizə dəstək göstərməklə vətənə öz töhfəsini verə bilərlər. Ona görə xaricdə yaşayan soydaşlarımız öz maddi imkanları daxilində dəstək proqramlarında və xeyriyyəçilik tədbirlərində iştirak etməlidirlər.   Niderland Azərbaycan-Türk Dərnəyi 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə bir nümunə göstərdi. Düşünürəm ki, bundan sonra da diaspor təşkilatları və ya da imkanlı soydaşlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin bu xeyriyyətçilik yolunu davam etdirəcəklər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Ulu Öndər Heydər Əliyev - Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi

Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po­tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Azərbaycanın digər mühüm sahələrlə yanaşı, həm də bir idman ölkəsi olaraq beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Dövlət idman siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı”. Ulu Öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülmüşdür. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevə borcluyuq.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeyini xeyli möhkəmləndirib. Məqalə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Həmid Nəsirov Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu, YAP ərazi partiya təşkilatının sədri  

Hamısını oxu