Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

TƏBİB 1500 təcili yardım maşını alır, tibb sektoruna böyük kadr cəlb edilir - yeni savaş iddiaları...

Ekspertlər müharibənin olmayacağını deyir, amma təcili yardım maşınlarının yenilənməsini vacib sayırlar

“Paytaxt və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub”. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib. O bildirib ki, indiyə kimi tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib: “Bugünlərdə ölkə başçısına təqdim edilən ”Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobillərinin 37-si sadə diferensiallı, 7-si xüsusi 2 diferensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəddir. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlarla təmin edilib. Belə ki, avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Yeni alınmış təcili tibbi yardım avtomobillərinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq".

Bu açıqlamadan sonra sosial şəbəkələrdə “TƏBİB 1500-ə yaxın təcili yardım sifariş edib. Yenə böyük müharibə ehtimalı var” kimi iddialara da rast gəlinir. Bu iddiaları gücləndirən səbəblərdən biri də ölkənin səhiyyə sisteminə tibb personalı cəlb edilməsi ilə bağlı çoxsaylı elanlardır. Həmin elanlarda tibb bacıları və tibb qardaşları axtarıldığı bildirilir, bundan əlavə, yararlı könüllülər, vətəndaşlar işə dəvət olunur.

Üstəlik, iki il öncə bitmiş Vətən müharibəsindəki zəfərimizi sülh müqaviləsi vasitəsilə Ermənistana qəbul etdirməmizdə də ciddi problemlər yaşayırıq. Bu sahədə bütün proseslər və danışıqlar dalana dirənib. Çoxsaylı ekspertlər hərbi zəfərimizin siyasi fakta çevrilməsi üçün yenidən güc tətbiqini qaçılmaz sayırlar. Qarabağda cərəyan edən hadisələr də müharibə versiyasını və bu barədə iddiaları gücləndirir. Odur ki, hər kəs əlamət axtarır. TƏBİB rəhbərinin dedikləri isə savaş iddialarını gücləndirən detal kimi qəbul olunub.

Bəs əslində məsələnin mahiyyətində nə dayanır? Azərbaycan səhiyyə sisteminə milyonlarla yatırımı nə üçün qoyur? 

Ekspertlərdən biri ‘’Yeni Müsavat’’ın müxbirinə deyib ki, İkinci Qarabağ müharibəsi zamanı, habelə postmüharibə dövründə xeyli sayda təcili tibbi yardım maşınlarımız sıradan çıxıb, köhnəlib. Habelə, elə rayonlar var ki, orada çağırışa həkimlər hələ də 70-80-ci illərin istehsalı olan furqon QAZ-24-lə gedirlər. Fakt budur ki, TTY maşın parkı çox köhnə idi, yenilənməsi zəruri idi.

O zaman aydınlaşdırmağa çalışdıq -  bizi müharibəmi, yoxsa keyfiyyətli tibbi xidmətmi gözləyir? 1500 təcili tibbi yardım maşını nə üçün alınır?

Cəlil Xəlilov (polkovnik) — Vikipediya

 Cəlil Xəlilov

Ehtiyatda olan polkovnik, Respublika Veteranlar Təşkilatının sədr müavini, dosent Cəlil Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələnin müharibə ilə heç bir əlaqəsi yoxdur: “Müharibə dövründə bütün hərbçilərimiz tam olaraq tibbi ləvazimatlarla, maşınlarla təmin olunmuşdu. Onların ehtiyat imkanları da genişdir. Sadəcə, insanların sağlamlığına TƏBİB tərəfindən diqqətin artması müşahidə olunur. Həm də avadanlıqlar müasirləşdirilir. O avtomobillərin çoxu köhnəlib, uzun müddət işlədilib, indi müasir avtomobillərin içərisində lazımi tibbi avadanlıqlar təchiz edilir. Bir çox hallarda tibb personalı tıxac səbəbindən xəstəxanaya yetişə bilmir. Yəni avtomobilin içərisində  onlara müəyyən yardımlar göstərilir ki, insan sağlamlığını qoruya bilsinlər. Hətta içərisində əməliyyat etmək imkanı olan avtomobillər də var.  Lazımdırsa, bu cür avtomobillər alınacaq.  Prezident son zamanlar səhiyyə sahəsinə xüsusi diqqət ayırır. Dövlət tərəfindən atılan bu addımlar olduqca təqdirəlayiqdir. Bunun da xeyrini xalq hiss edəcək. Fikrimcə, burada başqa məqsəd yoxdur”.

Ekspert yaxın gələcəkdə müharibənin olub-olmayacağı ilə bağlı deyilənlərə belə fikir bildirib: “Laçın dəhlizində Azərbaycan dövlət qurumları, DİN, DTX, Dövlət Nəzarət Məntəqəsi yaradılmalıdır. Laçın dəhlizində separatçıların, erməni qanunsuz hərbi birləşmələrinin fəaliyyətinə son qoyulmalıdır. Qeyri-qanuni olaraq Azərbaycan sərhədlərindən keçib terror aktları törətməyə cəhd edənlərin qarşısı alınmalıdır.

Azərbaycan Prezidenti bütün imkanlardan istifadə edir. Diplomatik imkanlardan, beynəlxalq təşkilatların gücündən istifadə edir, dünyanın aparıcı ölkələri ilə danışıqlar aparır, dövlət maraqlarını ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyırsa, təbii ki, bu məsələlər də həllini tapmalıdır. 30 il bütün beynəlxalq təşkilatlar arasında, xarici dövlətlər qarşısında təkliflər verdik. Birləşmiş Millətlər Təşkilatı qərarlar qəbul etsə də, yerinə yetirmədi. Amma Azərbaycan bunun öz yolunu tapdı. Buna görə BMT Azərbaycana təşəkkür etməlidir ki, onların qərarının icra mexanizmini biz tapdıq. Əgər təkliflər verilirsə, bunu icra etmirlərsə, yenə təxribatlar törədirlərsə, terror aktları törədirlərsə, cavabını Azərbaycan dövləti verəcək. Azərbaycanın buna imkanları var, Azərbaycan güclü orduya malikdir. İqtisadi imkanlara malikdir. Orada yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul edirsə, bizim pasportumuzu daşıyırsa, burada yaşamaq arzusu varsa, onlar üçün də qapı açıqdır. Amma dinc yaşasınlar, ərazi iddialarına düşməsinlər. Təbii ki, bunlar yerinə yetirilmədikdə Azərbaycan məcburdur hərbi gücü ilə bu məsələləri həll etsin. Hələ danışıqlar davam etdirilir. Xarici dövlətilər, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini müdafiə edirlər, təkliflər verirlər. Yəqin ki, bu, prosesə öz təsirini göstərəcək. Sülh şəraitində bu məsələlər həll olunacaq. Delimitasiya və demarkasiya məsələsi həll olunacaq. Dəhliz də açılacaq. Bu, beynəlxalq tələblərdir. Bu, təkcə Azərbaycanın tələbi deyil. Bu, beynəlxalq hüquq normalarıdır ki, qonşu dövlətləri də buna riayət etməlidir".

2022-12-22 13:43:00
826 baxış

Digər xəbərlər

Millət vəkilləri Sumqayıtda bir qrup müharibə iştirakçısı ilə görüşüb

Millət vəkilləri Səbinə Salmanova və Zaur Şükürov Sumqayıtda yaşayan bir qrup müharibə iştirakçısı ilə görüşüb.  Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili Səbinə Salmanova facebook-dakı hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün mənim və deputat həmkarım Zaur Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan bir qrup qazi və müharibə iştirakçıları ilə görüşümüz baş tutdu. Görüş qarşılıqlı hörmət və səmimi ünsiyyət şəraitində keçdi. 20 Yanvar – Hüzn Günü ərəfəsində baş tutan bu görüşümüzdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla andıq, onların əziz xatirəsini minnətdarlıqla yad etdik. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq nümunəsi hər birimizin yaddaşında daim yaşayır və heç vaxt unudulmayacaq. Daha sonra səmimi mühitdə davam edən görüş zamanı qazilərimizin və müharibə iştirakçılarımızın sosial vəziyyəti, gündəlik həyatlarında üzləşdikləri çətinliklər, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qaldırılan hər bir məsələni diqqətlə dinlədik, mövcud problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını bildirdik. Görüş zamanı vurğuladıq ki, bu gün ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ardıcıl, humanist və sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına xidmət edir. Bu cür görüşlər qazilərimizlə daha sıx ünsiyyətdə olmağa, onların yanında olduğumuzu hiss etdirməyə, problemlərini birbaşa dinləməyə imkan yaradır. Qazilərimizin və şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial rifahının daha da yaxşılaşdırılması bizim üçün hər zaman əsas prioritetlərdən biridir. Dəvətimizi qəbul edərək görüşümüzdə bizimlə birlikdə iştirak edən Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı, Vətənimizin qəhrəman şəhidi Pərviz Şükürovun atası, hörmətli Sovet müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Onun həyat yolu, zəngin təcrübəsi, vətənpərvər mövqeyi və dəyərli fikirləri görüşümüzə xüsusi məna və dəyər qatdı. Bu cür nümunəvi ağsaqqallarımız gənc nəsil üçün əsl örnəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir”

Məşhur Məmmədov: “Bu, həm də ölkəmizin “yaşıl enerji” potensialından xəbər verir” Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası (SES) tikiləcək. Məlum yenilik “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da yer alıb. Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan təbiətin qorunmasına, ekoloji mühitin yaxşılaşmasına həssaslıqla yanaşır, bunun üçün hər imkandan maksimum istifadə edir. Bu mənada, işğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisini alqışlayır, dövlətimizə uğurlar arzulayıram. Bundan başqa, bu fakt həm də ölkəmizin nəhəng “yaşıl enerji” potensialından xəbər verir. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərimizdə böyük hidroenerji potensialı mövcuddur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində bu potensialdan istifadə imkanı yaranıb ki, dövlətimiz bu imkandan səmərəli şəkildə yararlanmaqdadır. İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi başa çatandan sonra ölkəmizin elektrik enerjisi imkanları da əhəmiyyətli dərəcədə yaxşılaşacaq, habelə, su təsərrufatının daha ağıllı və məqsədyönlü şəkildə idarəsi imkanları genişlənəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 Tədbirdə “Vətən” marşı klipinin təqdimatı olub Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  “Vətən” marşı klipinin təqdimatı keçirilib. Təqdimatdan sonra çıxış edən polkovnik Cəlil Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkib, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Tədbirdə çıxış edən Şəmistan Əlizamanlı həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Hərbi diktor qeyd edib ki, İkinci Qarabağ müharibəsində məhz güclü lider-güclü sərkərdə amili böyük zəfərin əldə edilməsinə həlledici təsir göstərib, işğal faktına son qoyulub. Çıxışdan sonra Şəmistan Əlizamanlının ifasında daha bir neçə vətənpərvərlik mahnısı ifa olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu
18 oktyabr Azərbaycan xalqının Müstəqillik Günüdür

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılmış və əhalinin mütləq çoxluğu səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs vermişdir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.   Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları tamamilə düşmən tapdağından azad edəcək, gələcək nəsillər əmin-amanlıq şəraitində quruculuq işləri ilə məşğul olacaq, respublika dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Dövlət Müstəqilliyi Günü münasibətilə dünyanın bütün azərbaycanlılarını ürəkdən təbrik edir, qəlbində Azərbaycan sevgisi ilə yaşayan bütün insanlara xoş arzularını yetiririr.  

Hamısını oxu