Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dilrubə Camalovanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”

Cəlil Xəlilov: “Onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilib”

Bu gün Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı Dilrubə Camalovanın doğum günüdür.

Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Dilrubə Camalovanın tarixi xidmətlərinə diqqət çəkib, onun əsl vətənpərvər, böyük ziyalı kimi xalq tərəfindən daim sevildiyini vurğulayıb:

“Dilrubə Camalova Azərbaycan xalqının vətənpərvər ziyalılarından biri olub. Sovet dönəmində müxtəlif məsul vəzifələrdə çalışan Dilrubə Camalova,  müstəqillik dönəmində də öz ağlı, bilik və bacarığı ilə xalqımıza ləyaqətlə xidmət edib. O, Azərbaycanın cənub rayonlarında separatçı qüvvələrə qarşı da mətanətlə mübarizə aparıb. Təsadüfi deyil ki, onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilmiş, Dilrubə Camalova Lənkəran  şəhərinə icra başçısı təyin edilmişdir. O, bu vəzifədə çalışdığı dönəmdə də xalqın arzu və istəklərinə, qayğı və problemlərinə həssaslıqla yanaşmış, hər zaman xalqın səsinə səs vermişdir. Bu səbəbdən də Azərbaycan xalqı bu gün də Dilrubə Camalovanı sevgi və minnətdarlıq hissi ilə xatırlayır, onu hörmət və ehtiram hisis ilə yad edir. Əminəm ki, Dilrubə Camalovanın ölümsüz xatirəsi hər zaman xalqımızın qəlbində beləcə yaşayacaq, daim ehtiramla yad ediləcəkdir”.

Xatırladaq ki, Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.

1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır.

1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.

1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.

2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.

Allah rəhmət eləsin.

 

2023-01-07 22:05:00
1967 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümüdür. Veteran.gov.az xəbər verir ki, bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Fəxri Xiyabanda akademik Zərifə Əliyevanın və Ümummilli lider Heydər Əliyevin məzarlarını ziyarət edib, məzarların önünə gül dəstələri qoyublar.  

Hamısını oxu
Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu
Fəxrəddin Altunun yeni kitabı işıq üzü görüb

Veteran.gov.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Türkiye as a Stabilizing Power in an Age of Turmoil” (Qlobal Xaos Çağında Sabitləşdirici Güc: Türkiyə) adlı yeni kitabı işıq üzü görüb.   ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən Academica Press tərəfindən nəşr olunan kitabda qlobal sistemlə bağlı mühüm təsbitlər yer alıb. Qlobal sistemin bir növ xaos yaşadığı günümüzdə Türkiyənin tezisləri, sabitləşdirici və nizam-intizam yaradıcı rolundan bəhs edilib.   Türkiyənin son 20 ildə qlobal sistemdə oynadığı rolun və üzləşdiyi çətinliklərin təhlil edildiyi kitab prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət baxışının əsas parametrlərini ortaya qoyub.   Beynəlxalq sistemin davamlı olaraq böhranlar yaratdığına işarə edilib, sistemin sülh və sabitliyi təmin etməkdən uzaq olduğu ifadə edilib.   F.Altun kitabında regional anlaşmazlıqlar, immiqrasiya və gəlir bölgüsündə ədalətsizlik, o cümlədən kibercinayətlər, iqlim dəyişikliyinə bağlı ekoloji fəlakətlər, aclıq və epidemiyalar kimi yeni təhlükələrin də olduğuna diqqət çəkib.   O, mövcud beynəlxalq sistemin bu çətinliklərin öhdəsindən gəlmək iqtidarında olmadığını, bütün dövlətlərin öz strategiyalarını tərtib edərkən yeni yanaşmaya ehtiyac duyduğunu vurğulayıb.   “Böyük-fövqəlgüc” adlandırıla biləcək ölkələrin mövcud beynəlxalq sistem daxilində öz maraqlarını qoruduğunu bildirən Altun bugünkü beynəlxalq sistemin bütün dünya üçün böyük xərclərə malik olmasına baxmayaraq, böyük güclərin ən çox faydalana biləcəyi şəkildə işlədiyini, qlobal sabitlik və sülh əvəzinə bu güclərin maraqlarının ön planda olduğunu qeyd edib.   Kitabında Türkiyənin beynəlxalq sistemdəki roluna da geniş yer verən Fəxrəddin Altun Türkiyənin milyonlarla qaçqına ev sahibliyi etməklə yanaşı, coğrafi baxımdan uzaq yerlərə də yardım əlini uzatdığına diqqət çəkib.   O, Türkiyənin bütün aktyorlarla əlaqə yaradaraq regional və qlobal böhranlara həll yolları tapmağa çalışdığını, dünyada bərabərsizliklərə qarşı hər zaman ədaləti müdafiə etdiyini vurğulayıb.   Sözügedən kitab Türkiyə ilə yanaşı, ABŞ və İngiltərədə də kitabsevərlərin ixtiyarına verilib.   Qeyd edək ki, Fəxrəddin Altunun daha əvvəl “Modernləşmə nəzəriyyəsi: Tənqidi giriş”, “Türkiyədə mətbuat azadlığı”, “Terrorun kökləri və terrorla mübarizə strategiyası”, “15 iyulda media” və “Millətin zəfəri: 15 iyul” adlı kitabları da işıq üzü görüb.  

Hamısını oxu
Ömər Ağayev

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev  01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə  başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir. Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev  3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni,  1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır. Ömər Ağayev  Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi. Xidmətləri, ölkənin ictimai-siyasi hərəkatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev  Səbayil rayon Veteranlar Təşkilatının  sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur. Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.  

Hamısını oxu