Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ömər Ağayev

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev  01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə  başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir. Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev  3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni,  1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır. Ömər Ağayev  Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi. Xidmətləri, ölkənin ictimai-siyasi hərəkatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev  Səbayil rayon Veteranlar Təşkilatının  sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur. Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.  

2017-10-02 00:00:00
3152 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

Bakı, 7 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

Hamısını oxu
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:

Hamısını oxu
Ərini və qardaşını şəhid verən Azərbaycan XANIMI

Azərbaycanın Vətən Müharibəsi bir sıra hadisələrlə yadda qaldı. Bu savaş Azərbaycan insanının vətənsevərliyini, qəhrəmanlığını, mətanətini bir daha bütün dünyaya göstərdi.Azərbaycan kişisi, qadını, qocası, gənci, uşağı Vətən Müharibəsində qələbə naminə bir yumruq kimi birləşdi... Kimi oğlunu itirdi, kimi həyat yoldaşını.., kiminin atası, kiminin qardaşı canını bu Vətən yolunda fəda etdi... Naxçıvan Muxtar Resbublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargül xanım kimi...Nargül xanım Qarabağ Müharibəsində iki şəhid qurban verib - qardaşı və həyat yoldaşı Vətən üçün canlarından keçib.Qardaşı Elton Qəmbərli oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında, həyat yoldaşı Adil İbrahimli isə bu gün Bakı şəhərində dəfn olunub.Bu şəkilə baxın, sözlər aciz qalır... Məğrur Azərbaycan qadını ən yaxın insanının tabutu altında necə məğrur dayanıb...  Biz sağ qalanların borcu Nargül xanımın başının həmişə məğrur durmasına şərait yaratmaqdır. Vətən sağ olsun!!!

Hamısını oxu
Avropanın siyasi paytaxtında Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu, ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyət daşıdığı bir daha bəyan edildi.  Bununla yanaşı, yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycanın postmüharibə dövründə proseslərin tənzimlənməsi ilə əlaqədar mövqeyinin dəyişməz olduğu növbəti dəfə öz təsdiqini tapdı.   Tarixi Qələbədən sonra ən mühüm görüş   Şübhəsiz ki, Azərbaycanın tarixi Qələbəsindən sonra Brüssel danışıqları ən mühüm – diqqətçəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası  kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu.   Regional nəqliyyat əlaqələrinin inteqrasiyası ilə bağlı çox mühüm fikirlər ifadə edildi. Dövlət başçısının diqqət yetirdiyi vacib məsələlərdən biri də Zəngəzur dəhlizi və onun hüquqi rejimi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat-tranzit xətti olacaq bu dəhlizin açılmasında güclü siyasi iradə nümayiş etdirir və müvafiq addımlar atır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin reallaşması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır. Təbii ki, bu, sosial-iqtisadi cəhətdən çox önəmlidir. Bütövlükdə, yeni infrastrukturun yaranması nəticəsində Azərbaycanın tranzit əhəmiyyətinin artması, iqtisadi inkişafının sürətlənməsidir. Təbii ki, Orta Asiya ilə Avropanı birləşdirən bu infrastruktur layihəsi digər region ölkələri üçün də iqtisadi fayda əldə etmək üçün perspektivlidir. Bu dəhlizin yaradılması elə Ermənistan üçün də tarixi şansdır. Ermənistan bu imkandan istifadə edərək dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər ki, bu da iqtisadi mənfəət qazanmaq deməkdir. Azərbaycan Prezidenti qeyd etdi ki, biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.   Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqləndi   Ümumiyyətlə, Avropanın siyasi paytaxtında Zəngəzur dəhlizi boyunca dəmir yol xəttinin çəkilişi ilə bağlı konkret mövqeyin ifadə olunması  çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin bu məsələ ilə əlaqədar yanaşması aydın idi, dövlətimizin başçısı bir daha mövqeyini konkret ifadə etdi. Ermənistan baş naziri Nikol Paşinyan isə üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədiklərini bildirdi. Öz növbəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin yaydığı bəyanatda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanıb. Bununla da Azərbaycanın dəhlizə dair haqlı mövqeyi bir daha təsdiqlənib.   Laçın dəhlizində gömrük yoxdursa, Zəngəzur dəhlizində də olmamalıdır   Dövlət başçısının toxunduğu çox mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin hüquqi rejimidir. Ermənistan tərəfi bu məsələni spekulyasiya edərək fərqli beynəlxalq ictimai rəy formalaşdırmağa, təmasların əhəmiyyətini azaltmağa, dəhlizin inşası və istifadəyə verilməsi prosesini gecikdirməyə çalışır. Təbii ki, proses geriyədönməz xarakter daşıyır, şərtləri diktə edən Azərbaycanın üstün mövqeyi və həm regional, həm də regiondankənar bir sıra dövlətlərin yanaşması fonunda Zəngəzur dəhlizinin açılması labüddür. Ermənistan istəsə də, istəməsə də, dəhliz məsələsi reallaşacaq. Elə dəhlizin hüquq rejiminin müəyyən olunması da Azərbaycanın prinsipial yanaşması və beynəlxalq normalar əsasında olacaq. Prezident İlham Əliyev bu məsələdə ölkəmizin prinsipial mövqeyini birmənalı şəkildə ifadə etdi: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.   Sülh, sabitlik və inkişaf naminə   Bunlarla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhyaratma prosesində və təhlükəsizliyin təmin olunmasında qətiyyətli mövqeyini – prinsipial yanaşmasını ortaya qoydu. O, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu bəyan etdi. “Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”,-deyə Azərbaycan Prezidenti vurğuladı. Bu, o deməkdir ki, Ermənistan ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Belə olan halda, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək mümkün olacaq. Bu, Ermənistan da daxil olmaqla regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.   Nəticə etibarilə, Brüsseldə baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu