Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL

“Bu il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. 15 sentyabr həqiqətən də qürurverici, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.Azərbaycan əsgər və zabitlərinin türklərlə birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşdüyünü deyən ehtiyatda olan polkovnik bildirib ki, 1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib:“Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Leninin direktiv göstərişlərini həyata keçirən S.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədi ilə Türkiyə, o zamankı Osmanlı hökumətinə müraciət etdilər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət yeni yaradılmış Qafqaz İslam Ordusunu 1918-ci ilin may ayında Azərbaycan ərazisinə köməyə göndərdi. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən, Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti vardı”.C.Xəlilovun sözlərinə görə, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya yaxınlaşıblar: “Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam etdi. Müqavimətinə baxmayaraq, düşmən Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri tərəfindən məğlub edildi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişdi, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaratdı. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyul ayının 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi oldu”.Qurum rəsmisi söyləyib ki, Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilmədilər: “Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkildi. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi. Cümhuriyyət rəhbərləri Bakının nəyin bahasına olursa-olsun azad olunması üçün ardıcıl iş aparırdılar. Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən artıq əsgər və zabit şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad etdi”.C.Xəlilov qeyd edib ki, bu tarixi günü qeyd etdiyimiz vaxt hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir: “Biz inanırıq ki, hazırda Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin aprel döyüşləri Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin qələbə əzmi nümayiş etdirildi. Biz veteranlar erməni işğalında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”.

2018-09-13 00:00:00
3968 baxış

Digər xəbərlər

Ramin Bayramlı: “Vaksinasiya könüllü olacaq”

“Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”. APA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib. Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir. Bayramlı vaksinasiya prosesinin könüllü xarakter daşıyacağını da nəzərə çatdırıb: “Peyvənd olunmuş insanların donor olmasında heç bir problem olmayacaq”. Bayramlı deyib ki, hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir, gələcəkdə tədqiqatlar daha yuxarı yaş qruplarını əhatə edəcək: “Aparılan tədqiqatlar göstərir ki, indiyə qədər üçüncü fazada olan, o cümlədən COVAX platformasındakı peyvəndlərin vurulmasında mövcud hepatit və digər xəstəliyi olanlara vurulmasında hər hansı problem olmayacaq. Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Bizim ümumi yanaşmamız belədir ki, aşağı yaşlarda, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Bununla bağlı hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələrini birləşdirilərək əhalimiz məlumatlandırılacaq”. TƏBİB şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, peyvəndin hansı müddətdə təsirini saxlayacağı da bilinmir: “Ancaq gərək peyvənd bütün mərhələlərdən keçsin, istehsalçı da bu barədə bizə məlumat versin. Yalnız bundan sonra biz dəqiq məlumat verə bilərik”.   Ramiz Mikayıloğlu  

Hamısını oxu
Xalqın etimad və rəğbətini qazanan dünya miqyaslı siyasi Lider, xarizmatik Şəxsiyyət

Yüksək beynəlxalq imic, regionun lideri, beynəlxalq miqyasda söz sahibi və dayanıqlı inkişaf kimi nailiyyətlərin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevdir.   Azərtac xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib.   O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən bu nailiyyətlər, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizin qəlbini fəxarət hissi ilə dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.   Ötən ilin Vətən müharibəsində Azərbaycanın titulların sırasına “qalib dövlət” titulu əlavə olundu. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi əzəmətli bir qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Eyni zamanda, dünya ictimaiyyəti Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, tarixi uğurların müəllifi dövlətimizin başçısının mahir sərkərdəlik, liderlik bacarığını aydın gördü. “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi.   Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi, dövlətimizin başçısının qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq legitimliyini təmin edən titanik mübarizəsi məğrur xalqın qalib ruhunun güzgüsünə çevrildi.   Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı dəmir yumruq kimi birləşməyə, vətəndaşları milli birliyə dəvət etdi. 2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. “Bu gün Azərbaycan dünyanı bir daha heyrətləndirir. Bu dəfə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri Qarabağın dirçəlişini daha da sürətləndirib. Düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur.   Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.   Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.   Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq edən Prezident İlham Əliyev Azərbaycanı regionun lideri səviyyəsinə yüksəltməyi bacardı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov BSU-da Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masada iştirak edib

Veteran.gov.az bsu-uni.edu.az-a istinadən xəbər verir ki, iyunun 24-də Bakı Slavyan Universitetində (BSU) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev qalib ölkənin Silahlı Qüvvələr Gününü öz ölkəsinin ərazi bütövlüyünü təmin etmiş xalqın nümayəndələri kimi qeyd etmənin qürur olduğunu deyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı canlarından keçərək azad etdiyini bildirib. Vətən uğrunda canından keçən şəhidlərin sırasında BSU məzunlarının da olduğunu vurğulayan rektor BSU-nun öz qəhrəman məzunları ilə hər zaman fəxr etdiyini və həmişə də fəxr edəcəyini deyib. Anar Nağıyev həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, şanlı Silahlı Qüvvələrin qələbəsinin təmin olunması işində universitetin professor-müəllim heyəti, əməkdaşları, tələbələri hər biri öz sahəsində elmi və akademik çərçivədə də müxtəlif dillərdə ölkəmizin haqq səsinin dünyanın fərqli coğrafiyalarında eşidilmələri üçün əllərindən gələni ediblər. Anar Nağıyev deyib ki, Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu formalaşması məhz vaxtilə Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, onun milli zabit kadrların hazırlanmasına göstərdiyi xüsusi diqqətin davamı olaraq, Prezident Ilham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir. Anar Nağıyev gənclərin Vətəni, onun tarixini, azərbaycançılıq ideyasını anlamaq, onu başa düşmək, təbliğ etmək və daha da inkişaf etdirmək kimi bir missiya daşıdığını bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə toxunan rektor geniş kontekstdə BSU-nun və bütövlükdə gənclərlə çalışan insanların üzərinə də böyük məsuliyyət düşdüyünû qeyd edib. "Bizim işimiz təkcə yaxşı kadr yetişdirmək deyil, ilk növbədə, vətəndaşlarımızın Vətənə, dövlətə, tarixinə, dövlətçiliyinə sadiq insanlar kimi formalaşmasıdır" - deyə o, vurğulayıb. Sonra Azərbaycan Ordusunun yaranması tarixi ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov BSU-nun yetişdirdiyi mütəxəssislərin Azərbaycan ordusunda qəhrəmanlıq göstərərək, Azərbaycanın ən ali oden və medallarına layiq görüldüklərini diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, həmin dövrdə baş verən ictimai-siyasi proseslərdən söz açıb. BSU ETLL-nın rəhbəri Sadir Məmmədov “Azərbaycan Respublikası Silahlı Qüvvələri xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etdi”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Ərzuman Əmirov “Müasir dövr hərb tarixi”, Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Ordumuzun 44 günlük müharibədə zəfəri” mövzularında məruzələrlə çıxış ediblər. Dəyirmi masa “Zəfər soraqlı Azərbaycan Ordusu” videoçarxının nümayişi ilə yekunlaşıb.  

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevə

Hörmətli Eldar müəllim! Sizi doğma Vətənimizin çiçəklənməsinə həsr etdiyiniz dəyərli həyatınızın  əlamətdar və xoş günü olan Ad Gününüz - şərəflə yaşadığınız ömrünüzün 73-cü İldönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttəraova başda olmaqla çoxsaylı üzvlərimiz adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisinə istiqamətlənmiş çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram! Siz bu gün hər bir səhifəsi Azərbaycan xalqına və dövlətinə xidmət nümunələri ilə zəngin olan ömrünüzün müdriklik zirvəsindəsiniz. Zəngin intellektə, güclü təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik bir şəxsiyyət kimi nəcib əməlləriniz, humanizminiz, yüksək mədəniyyətiniz və sadəliyiniz ilə insanların böyük sevgi və rəğbətini qazanmısınız. Vətənpərvər ictimai-siyasi xadim, dəyərli millət vəkili, nüfuzlu elm adamı və müdrik ağsaqqal olaraq Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda əlinizdən gələni əsirgəmirsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan Ağsaqqallar Şurası yeni inkişaf mərhələsinə qədəm qoymuş, təşkilatın fəaliyyəti dəfələrcə yüksəlmişdir. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi təşkilatçılıq və idarəçilik istedadınız, peşəkar təcrübəniz və zəngin potensialınızla respublikamızın xaricdə yüksək səviyyədə təmsil olunmasında, ölkəmizin inkişafı istiqamətində qanunların qəbul edilməsi və təkmilləşdirilməsində  xüsusi əməyiniz vardır.  Çoxşaxəli elmi fəaliyyətiniz və əldə etdiyiniz uğurlu nəticələr Sizə nüfuzlu alim kimi Azərbaycanda və ölkəmizdən kənarda böyük şöhrət qazandırmışdır. Əminik  ki, bundan sonra da Vətənimizin tərəqqisi naminə var qüvvənizlə çalışacaq, qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hörmətli Eldar müəllim! Bir daha Sizi – doğma Azərbaycanımıza  dəyərli xidmətlər göstərən alicənab şəxsiyyəti, vətənpərvər ictimai-siyasi xadimi və nəcib ziyalını ölkəmizin daha da inkişafı və firavan gələcəyi naminə tükənməz enerji və sevgi ilə sərf etdiyiniz  həyatınızın 73-cü İldönümü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun və sağlam ömür, sevinc dolu günlər, əmin-amanlıq, səmərəli və əzmkar fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirəm!       Dərin hörmət və səmimiyyətlə,      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı  Qüvvələr Veteranları Təşkilatının   sədr müavini, polkovnik                                                               Cəlil Xəlilov

Hamısını oxu