Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında “Qələbə”saytının müzakirəsi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, Rəyasət heyətinin üzvləri, ziyalılar, veteranlar “Qələbə”saytının təqdimat mərasimində iştirak etmişdir. Müzakirə mövzusu olan “Qələbə” saytı Azərbaycanda Böyük Vətən Müharibəsində itkin düşmüş və həlak olmuş şəxslərin axtarışı məqsədilə yaxın günlərdə istifadəyə veriləcəkdir. Qeyd edək ki, saytın baş redaktoru və təsisçisi Azərbaycan kinorejissoru, ssenari müəllifi, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri Cəmil Quliyevdir.          Təqdimat mərasimində Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmiş, ölkəmiz üçün yeni olan bu layihənin perspektivlərindən danışmışlar. Böyük Vətən Müharibəsinin azərbaycanlı iştirakçılarının axtarılması, onların adlarının əbədiləşdirilməsi Azərbaycan xalqının öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübütu olduğunu söyləmişlər.          Çıxış edən Cəmil Quliyev tariximizin böyük bir qismini özündə əks etdirəcək saytın tərtibatında orada yer alacaq bölmələr haqqında məlumat vermişdir. Eyni zamanda veteran və ziyalıların təklifləri  dinlənilmişdir.          Qeyd edək ki, ictimaiyyətin ixtiyarına veriləcək sayt gələcəkdə azərbaycanlıların iştirak etdiyi II Dünya müharibəsindən başqa digər müharibələrdə də itkin düşmüş və həlak olmuş şəxslər haqqında məlumatlar zənginləşdiriləcəkdir.          Sonda saytın tərtibatı və informasiya bazasının qurulması haqqında yekun fikrə gəlinmiş, saytın yaxın günlərdə istifadəyə verilməsi üçün Respublika Veteranlar Təşkilatının bu layihəyə yaxından köməklik göstərəcəyi və əməkdaşlıq edəcəyi bildirilmişdir.

2018-10-03 00:00:00
3771 baxış

Digər xəbərlər

Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzindəki mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. Mədəniyyət və ədəbiyyat günlərinə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir.   Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, dünya ədəbiyyatı tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Zahirəddin Babur, Əlişir Nəvai və başqa məşhur şairlər verən Azərbaycan və Özbəkistan öz qədim tarixi və mədəniyyəti ilə məşhurdur. O deyib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirir. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycanın və Özbəkistanın hazırkı dövlət başçıları İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğu bir örnəkdir.   S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini və Özbəkistanda da böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması ilə bağlı prezident Şavkat Mirziyoyev tərəfindən Sərəncam imzalandığını iştirakçıların diqqətinə çatdırdı. Diplomat Nizami Gəncəvi və Əlişir Nəvainin xalqlarımızın fəxri olduğunu və onların yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olduğunu qeyd edərək, hər iki mütəfəkkirin dünya ədəbiyyatına verdiyi töhfələrdən və “Xəmsə”çilik fəaliyyəti barədə fikirlərini bölüşüb.   Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla Özbəkistan arasında elm, ədəbiyyat, əlyazmalar sahəsində əməkdaşlıqdan danışıb, Azərbaycan və Özbəkistanın klassik şairlərinin əsərlərinin çap olunması istiqamətində görülən işləri təqdir edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda ilk dəfə olaraq çap olunan “Xəmsə”nin ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb, digər Azərbaycan klassik şairlərinin əsərlərinin çapının tədqiqatçılar üçün əhəmiyyətinə toxunub.   Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərinə nəzər salaraq onların ədəbiyyatımıza gətirdiyi yeniliklər, poeziyamızın zənginləşməsində xidmətlərindən danışıb. Akademik vurğulayıb ki,  Nizaminin “Xəmsə”si olmasaydı, təbii ki, Əlişir Nəvainin də “Xəmsə”si olmayacaqdı. Əl-Fərabi də, Nizami Gəncəvi də, Əlişir Nəvai də türkdür. Əl Fərabi “Xəmsə”ni ərəbcə, Nizami Gəncəvi farsca, Əlişir Nəvai isə türkcə yazıb. Belə müqayisələri çox çəkmək olar deyə Nizami Cəfərov qeyd edib.   Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd edib. Nazirlik rəsmisi  Nizami Gəncəvi və Əlişir Nəvai kimi şairlərin Türk dünyasının sərvəti olduğunu və zaman-zaman şairlər, ədiblər, bəstəkarlar bu mütəfəkkirlərin əsərlərindən qidalanaraq yeni-yeni sənət əsərləri yaratdqlarını söyləyib. Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi, yazıçı-tədqiqatçı Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərini müqayisə edib. “Şeyx Nizamini Azərbaycan dövlətinin əsas manifestidir adlandırsaq yanılmarıq. Biz bu gün öz mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və Nizami Gəncəvi də bu mədəniyyətin əsas nəzəriyyəçisidir-deyib S.Aruz.  Özbəkistan Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki Nəvai adına Milli Kitabxananın direktoru Umida Keşabayeva və başqaları Nizami Gəncəvi və Əlişir Nəvainin dünya ədəbiyyatı tarixindəki yeri və mövqeyi haqqında danışıblar, bu şairlərin ayrı-ayrı əsərlərini təhlil ediblər.   Tədbir çərçivəsində Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası səsləndirilib.   Daha sonra Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramı təqdim olunub. Konsertin bədii rəhbər Özbəkistanın Əməkdar Artisti, professor Firuza Abduraxmanova, dirijor Qahraman Bazarov və ifaçılar Moxiçöhrə Şomuradova, Səncər Kodırov və Qosımcan Nazarov  olduğu proqramda Üzeyir Hacıbəyovun “Nizami: Sevgili canan”, “Sənsiz”,   “Ey səba”, “Naz nazı”, “Sarı gəlin” və Nizami simfoniyası ifa edilib. İfa tamaşaçıların alqışları ilə qarşılanıb.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə tədbir keçirilib

30 aprel saat 11:00 radələrində Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları arasında faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Böyük Vətən Müharibəsi iştirakçıları, 44 günlük Vətən Müharibəsi qaziləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra Azərbaycan xalqının istər I Dünya müharibəsi, istərsə də II Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığına diqqət çəkən Cəlil Xəlilov, minlərlə azərbaycanlının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə keçmiş SSRİ-nin çoxsaylı orden və medalları ilə təltif edildiyini bildirb.   Polkovnik İkinci Dünya Müharibəsi iştirakçısı Fatma Səttarovanın Respublika Veteranlar Təşkilatının sədri seçilməsindən sonra təşkilatın fəaliyyətində keyfiyyət etibari ilə yeni mərhələnin başlandığını qeyd edib. Fatma xanımın keçdiyi döyüş yolunun, həyat təcrübəsinin gəcnlərimiz üçün örnək təşkil etdiyini bildirən Cəlil Xəlilov, gənclərimizin Böyük Vətən Müharibəsi veteranlarından öyrənməli olduğu çox şeyin olduğunu vurğulayıb.   Sədr müavini Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyevin, habelə Gömrük könüllülərinin tədbirdə iştirakından məmnunluğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Dövlət Gömrük Komitəsi hər zaman veteranlara diqqət və qayğı göstərib, onlarla əməkdaşlığa xüsusi diqqət yetirib. Buna görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirən Cəlil Xəlilov, bu əməkdaşlığın yaxın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova müharibə dönəmindəki xatirələrindən danışıb. Azərbaycan xalqının qəhrəman övladlarının İkinci Dünya Müharibəsində sovet torpaqlarının faşist işğalçılarından müdafiəsində yaxından iştirak etdiyinə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqının həyatında əlahiddə rol oynadığını bildirib. Fatma Səttarova gəncləri vətəni, xalqı, Ali Baş Komandanı sevməyin önəmindən danışıb:   “44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq bütün dünyaya nümunədir. Gənclərimiz bu müharibədəki igidlikləri ilə vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdi. Onlar öz qəhrəmanlıqları ilə tarix yazdılar. Mən 100 yaşlı ana kimi qazilərimizin, şəhdilərimizn qarşısında baş əyirəm. Mən bütün gəncləri vətəni, torpağı sevməyə səsləyirəm. Azərbaycan torpağı Allahın sevdiyi, ona min bir bərəkət bəxş etdiyi torpaqdır. Bu torpağı sevməmək mümkün deyil. Torpağını, vətənini sevə bilməyən heç kimi, heç nəyi sevə bilməz.  Vətən də, ana da müqəddəsdir. Ona görə də vətən uğrunda ölmək olar, amma onu kiməsə güzəştə getmək, torpaqdan pay etmək olmaz. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində düşmən üzərindəki qələbə ilə bunun ən gözəl örnəyini verdi.   Ali Baş Komandanımızı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı sevin. Çünki məhz onların əməyi, zəhməti sayəsində dövlətimiz indiki inkişaf mərhələsinə çatıb, torpaqlarımız işğaldan azad edilib, böyük quruculuq, abadlıq işləri həyata keçirilib”.   Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin veteranlara ünvanlanan təbrik məktubunu oxuyub. Daha sonra bütün veteranları qarşıdan gələn 9 may Qələbə Günü və Ramazan bayramı münasibəti ilə təbrik edən Vüqar Əliyev Respublika Veteranlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, gəncləri təşkilatın fəaliyyətindən yaxından iştirak etməyə, veteranların təcrübəsini öyrənməyə səsləyib.   44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni səhifə açdığını bildirən Vüqar Əliyev, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaxın gələcəkdə yeni inkişaf mərhələsinə qədəm qoyacağına inamını ifadə edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Dövlət Gömrük Komitəsinin gətidiyi bayram sovqatları paylanılıb.   Seymur ƏLİYEV

Hamısını oxu
“DTX-nın de-şifrə etdiyi İran casuslarının çoxluğu Tehranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir”

“Terror və təxribat İran-Ermənistan qardaşlığının ortaq təməlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, hər iki ölkə Azərbaycana yönəlik terrorçu fəaliyyəti ilə diqqət çəkir: “Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti 30 il davam etdi və 44 günlük Vətən müharibəsi ilə nəticələndi. Azərbaycan müharibə nəticəsində işğaldakı torpaqları azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Lakin müharibədən iki ildən çox vaxt keçsə də, Ermənistan terror və təxribat siyasətindən əl çəkmir. Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən İran, Vətən müharibəsindəki qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv siyasət sərgiləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və s. İranın ölkəmizə qarşı məkirli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsi ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən de-şifrə edilən İran casuslarının çoxluğu İranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir. Onu da qeyd edim ki, İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və s. altında həyata keçirməyə çalışıb. Bu gün İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İran-Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. 30 il ərzində torpaqlarımızın işğalda qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasında yaxından iştirak edən İran, bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir. İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında yer alıb, ona kəşfiyyat məlumatları, hərbi və iqtisadi baxımdan ciddi yardımlar edib. Vətən müharibəsində həlak olan hər bir şəhidimizin ölümündə İranın əli var və bu gerçək təkzibedilməzdir. Lakin İran bilməlidir ki, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti onun özü üçün acı nəticələrə, ciddi fəsadlara səbəb olacaq. Azərbaycanla təzyiq və təhdid dili ilə danışmaq heç bir dövlətə fayda qazandırmayıb və İran da bu məsələdə istisna təşkil etməyəcək”.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında veteranlarla görüş keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında bir qrup veteranla görüş keçirilib.   Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov görüş əsnasında 44 günlük Vətən müharibəsi və müharibədən sonra regionda yaranan yeni hərbi-siyasi vəziyyətdən danışıb, yeni dönəmdə veteranların üzərinə düşən vəzifələrə diqqət çəkib. Cəlil Xəlilov qeyd edib ki, veteranlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməli, milli maraqlarımızın müdafiəsində hər zaman olduğu kimi, bundan sonra da fəallıq sərgiləməlidir.   Dövlətimizin veteranlara daim diqqət və qayğı göstərdiyini bildirən polkovnik Cəlil Xəlilov, bundan sonra da şəhid ailəlrinin, qazilərin dövlətimizin diqqət mərkəzində olacağı vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, hazırda Respublika Veteranlar Təşkilatı veteranların malik olduğu hüquq və imtiyazlarla bağlı maarifləndirmə layihəsi üzərində çalışır və yaxın günlərdə bu layihə kitab şəklində ərsəyə gətiriləcək.   Tədbirdə veteranları maraqlandıran suallarla bağlı onlara ətraflı məlumat verilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu