Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev mayak kimi daim xalqımıza xoşbəxt gələcəyə aparan doğru yolu göstərəcəkdir

Artıq Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Zaman keçdikcə Ümummilli Liderimizin dahiliyi  daha da aydın görünür.

Ulu Öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında deyilmiş bu tarixi fikirlərin həyata keçdiyini, həmin qürurlu günləri gördükcə Ulu Öndərin uzaqgörən fenomen şəxsiyyət olduğunun bir daha şahidi oluruq.

1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov Ümumilli Lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş nankor qonşularımız yenə baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı. Beləliklə, 1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyun - Qurtuluş Gününə qədər, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə biz xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, müstəqilliyimizin təhlükə altına düşməsi, iqtisadi tənəzzül, çörək növbələri, ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qalması və bu kimi bir çox çətinlikləri  yaşamışıq.

Nə yaxşı ki, Azərbaycanın müdrik ağsaqqalları, o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə muraciət edərək Azərbaycanı bu bəlalardan ancaq onun qurtara biləcəyini söylədilər. Səriştəsiz AXC-müsavat cütlüyünün idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Ümummilli Liderimizi  xalqı bu bəlalardan xilas etmək üçün ölkə rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın tələbini və Azərbaycanın düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə Azərbaycanı bu çətin, böhranlı  vəziyyətdən çıxartmağa başladı. Bu yolda düşmənlərimiz tərəfindən ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin ona qarşı davamlı təzyiqləri, hətta sui-qəsd və çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, sözün həqiqi mənasında Ümummilli Lider, Ulu Öndər, xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi. O demişdir: “Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.”

 Prezident olduğu dövrdə Ulu Öndər Heydər Əliyev 60-dan çox ölkəyə səfər etmiş, həmin səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir. Ulu Öndər Heydər Əliyev haqqında dünyanı idarə edən ölkələrin liderləri, dünya şöhrətli tanınmış şəxslər, hətta nüfuzlu din xadimləri çox müsbət və dəyərli fikirlər söyləmişlər. 1978-2005-ci illərdə Roma Papası olmuş II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur.” ABŞ-ın Prezidenti (2000-2008) Corc Buş: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.” Fransa Respublikasının Prezidenti (1995-2007) Jak Şirak: “...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir.” Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Bu iqtibas siyahısını səhifələrcə davam etdirmək olar, yüzlərlə tanınmış şəxsiyyətin  Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi dəyərli fikirləri burada qeyd edə bilərik.

Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə 300 milyonluq ittifaqa rəhbərliyi zamanı onu şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların Azərbaycana və azərbaycanlılara qarşı münasibəti müsbətə doğru dəyişmişdir. 1994-cü ildə daxili və xarici təzyiqlərə baxmayaraq neft yataqlarının işlənməsi üzrə “Əsrin müqaviləsi”ni bağlaması ilə nəinki gələcəkdə ölkəmizə böyük valyuta axınının təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu.

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. İllər ötəcək, əsrlər keçəcək Ümummilli Lider Heydər Əliyev bir mayak kimi Azərbaycan xalqını və digər xalqları xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli xəzinəsidir, milli sərvətidir. Arximed demişdir: “Mənə istinad nöqtəsi göstərin, yer kürəsini yerindən tərpədim.” Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin istinad yeridir. Azərbaycan xalqı və digər xalqlar istənilən mövzuda Heydər Əliyev xəzinəsinə istinad edərək özlərinə lazım olan müsbət cavabı ala bilərlər. Müasir Azərbaycanın banisi, qurucusu, memarı olan Heydər Əliyev xəzinəsindən istər siyasi, istərsə də iqtisadi, mədəni, hərbi, humanitar, o cümlədən elm, təhsil, incəsənət və digər bütün sahələr üzrə bəhrələnmək olar.

Heydər Əliyevin həyatı və fəaliyyəti insanlar tərəfindən öyrənilməsi labüd olan ali bir məktəbdir. Bu məktəbin daimi dinləyicisi və bilicisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi Azərbaycan xalqına xilaskar kimi bəxş etdiyinə görə də xalqımız Ulu Öndər Heydər Əliyevin ruhuna daim  dualar oxumalıdır. Ümummilli Liderin cənab İlham Əliyev haqqındakı tarixi fikrini hamımız  yaxşı xatırlayırıq: “Mən ona  özüm qədər inanıram”. Bu sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi, bu bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi fikir idi. “Ot kökü üstə bitər” deyib atalarımız. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hakimiyyətdə olduğu elə ilk günlərdən, özü dediyi kimi, hər  bir azərbaycanlının Prezidenti olmaqla Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərinin keçirildiyi bir məkana çevirmişdir. Azərbaycanda olan siyasi və iqtisadi stabillik, hərtərəfli inkişaf, iş yerlərinin açılması, Olimpiya İdman Kompleklərinin tikilib istifadəyə verilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, o cümlədən də Bakının gündən-günə gözəlləşməsi Ümummilli Liderimiz Heydər Əliyev kursunun inamla və böyük uğurla davam etdirilməsindən xəbər verir.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Prezident olduğu zamandan başlayaraq hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Ordu quruculuğu, iqtisadiyyatın möhkəmləndirilməsi, dünya ölkələri ilə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulmasi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq səviyyədə özünə layiqli yer tutması, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması və digər uğurlarımız 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təməli idi. Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlayır, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin dediyi kimi “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” Böyük sərkərdə cənab İlham Əliyevin, eləcə də igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının qamətini düzəltdi. Bu qüruru bizə yaşadan qəhrəman şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, igid qazilərimizə uzun ömür və cansağlığı arzulayırıq. Bu Qələbə şanlı tariximizə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə qızıl hərflərlə yazılacaq.

 Qızıldan imza atdın

Tarixin yaddaşına,

Şanlı bir tarix yazdın

Vətənin savaşına.

Prezidentim, İlhamım,

Ali Baş Komandanım!

Qarabağı almağı

Məqsəd qoydun qarşına,

Dəmir yumruq endirdin

Düşmənlərin başına.

Prezidentim, İlhamım,

Ali Baş Komandanım!

Fəaliyyəti dövründə Azərbaycan Ağsaqqallar Şurası da hər zaman  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi Ümummilli Liderin dirçəliş və iqtisadi inkişaf strategiyasının, daxili və xarici siyasət kursunun dəstəklənməsi və vətəndaşlarımız arasında təbliğ edilməsi missiyasını yüksək səviyyədə həyata keçirir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi altında təşkilat  Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini, milli dövlətçilik ideyalarını cəmiyyətə, xüsusilə də gənc nəslə aşılayır. Paytaxtda, o cümlədən ölkəmizin şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən nüfuzlu ağsaqqalların, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir. May ayının 2-də növbəti  belə bir tədbir, möhtəşəm konfrans baş tutmuşdur. Belə ki, Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də Türk Dövlətləri Təşkilatının nümayəndələrinin, qurumun Ağsaqqallar Şurasının üzvlərinin, o cümlədən respublikamızın tanınmış elm adamlarının, ağsaqqalların və ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi-praktiki konfransda Ulu Öndər Heydər Əliyevin SSRİ  Nazirlər Sovetinin sədrinin 1-ci müavini işlədiyi dövrlərdə Sovet İttifaqının tərkibindəki türk dövlətlərinə və digər  respublikalara göstərdiyi dəstəkdən, Türkiyə ilə olan dostluq və qardaşlıq  münasibətlərindən söhbət açılmış, onun bütün Türk dünyası üçün böyük şəxsiyyət olması çıxış edən natiqlər tərəfindən xüsusi vurğulanmışdır.

Bu məsuliyyətli və şərəfli yolda, cəmiyyətimizin, xüsusilə də gənclərimizin dövlətimizin  və dövlətçiliyimizin inkişafı naminə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi, Azərbaycanımızın dünyada daha şöhrətli, qalib bir ölkəyə çevirilməsi üçün Respublika Ağsaqqallar Şurasının üzvləri  hər zaman olduğu kimi bu gün də öz müdrikliyi və həyat təcrübələri ilə əllərindən gələn dəstəyi və köməkliyi göstərməkdədirlər.

Biz unutqan olmamalıyıq. Bu günün qədrini bilməliyik. Gənc nəslə bu xoşbəxt günə hansı çətin, keşməkeşli yollarla gəlib çıxdığımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Bu gün biz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli və uğurlu davamçısı, yüksək zəkası, əzmi, cəsarəti, mükəmməl idarəçilik qabiliyyəti ilə bütün dünyada böyük nüfuza və hörmətə sahib olan, Vətənini, vətəndaşını ürəkdən sevən, onu ən ağır böhranlardan xilas edən böyük Lideri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni-yeni  parlaq qələbələrə imza atacaq, ölkəmiz əmin-amanlıq şəraitində  inamlı inkişaf yolunu uğurla davam etdirəcəkdir!

 Bayram Yusifov

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

2023-05-10 11:53:07
3489 baxış

Digər xəbərlər

Azərbaycan Respublkasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Hamısını oxu
YAP Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb

Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Ordusuna dəstək yürüşündən bəzi qüvvələrin məkrli məqsədlərlə sui-istifadə etmək cəhdləri ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib. Bəyanatda deyilir: “Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına almaqdadır. Ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirilib. Təcavüzkar Ermənistanla döyüşdə böyük şücaətlər göstərən Ordumuzun itkiləri də oldu. Xalqımız Vətən yolunda şəhid olan qəhrəmanlarını böyük qürurla son mənzilə yola saldı. Ordumuz isə onların qisasını yerdə qoymadı. Azərbaycan dövləti və cəmiyyəti, eyni zamanda, bəşəriyyətin bir nömrəli düşməninə çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə aparır. Dövlətin böyük imkanları qorxulu xəstəliklə mübarizəyə səfərbər edilib, həkimlərimiz ön cəbhədəki əsgərlər qədər qəhrəmanlıq nümunəsi göstərərək insanların sağlamlığının keşiyində dayanıblar. Əhalinin sağlamlığını qorumaq bu gün torpaqlarımızı qorumaq qədər əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələsidir. Bu həssas, ölümcül xəstəlik və xain düşmənin təxribatları ilə mübarizə aparıldığı bir zamanda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsi, dövlətin və Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi ölkəmizin gücünü və qüdrətini qat-qat artırır. Bakıda iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən əzəmətli yürüş bunun əyani nümunəsidir. Xalqın dəstəyindən ilham alan şanlı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələrini endirməkdə davam edir, sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyi keşiyində mətanətlə dayanır. Yeni Azərbaycan Partiyası təəssüf hissi ilə bildirir ki, bəzi məkrli dairələr insanlarımızın, əsas etibarilə gənc vətənpərvərlərin Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdiyi yürüşdən sui-istifadə edərək təhrikçi çağırışlarla yürüş iştirakçılarının az bir qismini xüsusi mühafizə olunan Milli Məclisin binasına zorla daxil olmasına, polis avtomobillərinə ziyan vurmağa və digər qanunazidd əməllər törətməyə istiqamətləndirməyə nail olmuşdur. Beləliklə də, yürüş iştirakçılarının azsaylı hissəsi qanunazidd əməlləri ilə əslində, maraqlı pozucu qüvvələrin və “beşinci kalon” təmsilçilərinin cəmiyyətdə ictimai-siyasi sabitliyi pozmaqdan, qarşıdurma yaratmaqdan ibarət olan anti-Azərbaycan və antixalq məqsədlərinə xidmət göstərmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, dövlət maraqlarına və milli mənafelərə daban-dabana zidd olan belə pozucu hərəkətlər hazırkı həssas məqamda düşmən dəyirmanına su tökmək qədər zərərli və təhlükəlidir. Bu, eyni zamanda, ülvi və vətənpərvər niyyətlə Azərbaycan Ordusuna və dövlətə dəstək nümayiş etdirən yürüş iştirakçılarına qarşı çirkin təxribatdan başqa bir şey deyildir. Biz hər bir Azərbaycan vətəndaşını, ilk növbədə, gənclərimizi ayıq-sayıq olmağa, məkrli dairələrin çağırışlarına qoşulmamağa, onların əlində alətə çevrilməməyə, hər birimizin böyük dəyər verdiyimiz ictimai-siyasi sabitliyi qorumağa, torpaqlarımızın keşiyində dayanan əsgərlərimizə, insanlarımızın sağlamlığının keşiyində duran həkimlərimizə mənəvi dəstək olmağa səsləyirik. Qarşımızda düşmənə qalib gələrək işğal olunmuş torpaqlarımızı, doğma Qarabağımızı azad etmək, amansız pandemiyadan xalqımızı qorumaq kimi şərəfli vəzifələr dayanır. Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan düşmənlərə qalib gəlməyin yolu isə bir olmaqdan, həmrəy olmaqdan, dövlətimizin ətrafında sıx birləşərək sıralarımıza girmiş mənfur və satqın antimilli qüvvələri ifşa edib yerində oturtmaqdan keçir

Hamısını oxu
Misirdə Azərbaycan dilini öyrənən tələbələrin fonetika klubu yaradılıb

Misirdəki diaspor mərkəzində Azərbaycan dilinin qrammatikasını mənimsəmiş tələbələrin nitq qabiliyyətini təkmilləşdirmək məqsədilə fonetika klubu yaradılıb.   Azərtac xəbər verir ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun sədrliyi ilə klubun ilk məşğələsi keçirilib. Qahirədə təhsil alan azərbaycanlı tələbələrin də iştirakı ilə həftədə 3 saat keçiriləcək dərslərdə misirli gənclər dilimizin orfoepiya normaları çərçivəsində sözlərin düzgün tələffüz qaydalarını öyrənəcəklər. Məşğələlər zamanı hər həftə yeni mövzu seçiləcək və tələbələrə Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin qiraəti üzrə biliklər aşılanacaq. Növbəti həftə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərini oxuyan və əzbərləyən misirli gənclər onları Azərbaycan dilində söyləyəcəklər. Kursun rəhbərləri onların nitqi ilə bağlı fonetik təhlil aparacaqlar.   Qeyd edək ki, misirli gənclər və Qahirədə təhsil alan digər ölkələrdən olan tələbələr diaspor mərkəzimizdə təmənnasız keçirilən Azərbaycan dili kurslarına böyük maraq göstərirlər. Dilimizi öyrənmək istəyənlərin sayı ildən-ilə artır.  

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”. Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir. “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır. Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, - deyə Azərbaycan Prezidenti bildirib. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Hamısını oxu