Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatının üzvləri şəhidin doğum günündə məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Vənlik kəndinə gedərək şəhid baş gizir Nahid Məmmədovun doğum gününü yad ediblər. 

Tədbirdə ön cəbhədən gələn döyüş yoldaşları çıxış edib. Onlar  baş gizir Nahid Məmmədovun 13 sentyabr 2022-ci ildə qanunsuz  erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribat nəticəsində şəhid olduğunu bildiriblər və onunla bağlı xatirələrindən söz açıblar.

Qeyd edək ki, şəhid baş gizir Nahid Məmmədov ailəli idi, 2 övladı yadigar qalıb. O,  yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı.

Tədbir iştirakçıları şəhid Nahid Məmmədovun məzarını ziyarət edib, qərənfillər qoyduqdan sonra  şəhidlərimizin  ruhuna dualar oxuyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

2023-05-12 08:02:15
3109 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı bütün dünyada sülhün bərqərar olunması üçün səylərini daha da artırır

 Martın 4-də Binəqədi rayon Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə dünyanın 109 ölkəsinin gəncləri ilə "Dünyaya Sülh!" mövzusunda rus və ingilis dillərində tele-körpü keçirilib. Respublika Veteranlar Təşkilatının təşəbbüsü  ilə keçirilən virtual görüşün məqsədi mövzu ətrafında fikir mübadiləsinin aparılması olub.    Tədbirdə Silahlı Qüvvələr, müharibə və əmək veteranları, həmçinin gənclər iştirak edib. Telekörpü vasitəsilə Nərimanov rayon Veteranlar Təşkilatının sədri, istefada olan polkovnik Elşad Şabanov, məktəb-liseyin 11-ci sinif şagirdi Əzim Niyazov çıxış edərək, erməni şovinzmi xüsusi ilə Xocalı faciəsi, Dağlıq Qarabağ həqiqətləri, faşizm kimi narahatlıq doğuran məsələləri diqqətə çatdırıblar. Canlı yayında həmçinin dünyanın tərəqqipərvər qüvvələrinin mənfur qüvvələrə qarşı çıxması və bu yolda Azərbaycanın oğul və qızlarının rəşadətli əməyi vurğulanıb. Tele-konfransın sonunda tədbirin hazırlanmasında və keçirilməsində fərqlənmiş məktəbin bir qrup müəllim və şagirdinə Respublika Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub, xatirə şəkili çəkilib.

Hamısını oxu
Qürurun və Qələbənin Ad günü

Avqustun 27-si... Bu tarixdə Azərbaycan torpağına iki qəhrəman övlad göz açmışdı. Onların biri Xaliq idi, digəri isə Cavid. Ad günü eyni, ömür yolu bənzər, taleləri isə şəhidlik zirvəsində qovuşmuşdu. Hər ikisi bu torpaq uğrunda Vətənin bütövlüyü naminə gözlərini belə qırpmadan can verdilər. Xaliq Əzizzadə 1996-cı ildə dünyaya gəlmişdi. Uşaqlıq illəri Xətai rayonunda, 116 nömrəli məktəbin sıralarında keçdi. Əsgər geyimini geydiyi gündən Vətənin harayına hazır idi. 2016-cı ilin Aprel döyüşlərində ön cəbhədə yer aldı və düşmənin təxribatlarına qarşı rəşadətlə vuruşdu. O, həmin günlərdə torpaq üçün döyünən bir ürək, şəhidlik zirvəsinə ucalan bir igid idi. Aprelin 6-da minlərlə insan onun tabutunun arxasınca yürüdü. Ən ağır yaylım atəşi torpağa deyil, könüllərə sancıldı. Amma o gün Vətən oğlunu sinəsinə basdı, Xaliq Əzizzadə şəhid oldu, ancaq xalqının qəlbində əbədi yaşadı. Beş il sonra, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı başqa bir qəhrəman Cavid Paşazadə döyüş meydanında tarixin səhifəsinə öz adını yazdı. 2001-ci ilin 27 avqustunda doğulmuşdu. Məktəbdə tərbiyəsi, biliyi ilə seçilərdi, lakin bacıları kimi təhsil yolunu tamamlamağa imkan tapmadı. Vətən çağırdı, o da cavab verdi. Xocavəndin sərt dağlarında, alınmış postların qorunması üçün saatlarla döyüşdü. Dörd gəncdən biri idi. Göz qırpmadan, addım geri atmadan vuruşurdu. Və nə qədər də acıdır ki,  bacısı Zeynəbin ad günündə şəhidlik zirvəsinə ucaldı. İllər ötür, amma zaman bu igidlərin adını unutdura bilmir. Xaliq Əzizzadə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə, Cavid Paşazadə isə "Vətən uğrunda" medalı ilə ölümündən sonra təltif edildi. Bu gün artıq beş ildir ki, Qarabağ azaddır. Şuşada, Füzulidə, Xocavənddə, Laçında, Zəngilanda, Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Bu torpaqlarda şəhidlərin ruhu dolaşır. Bugün biz həm onların, həm də Zəfərimizin doğum gününü qeyd edirik. Onlar şəhid oldular ki, Vətən yaşasın, biz yaşayaq. Və biz yaşadıqca onların adını yaşadacağıq. Qoy bu torpaq onları heç vaxt unutmasın. Qoy bütün nəsillər bilsin ki, azadlıq şəhidlərin qanı ilə yazılır. Şəhidlər ölməz, Vətən bölünməz! Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib

Veteran.gov.az xəbər verir ki, iyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu” keçirilib. Forum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, hər iki təşkilatın rəhbər heyəti, ölkə üzrə bütün filiallarının sədri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasıdna əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaqdır. Forum Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhdilərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ağsaqqalların və  veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”. V.Quliyev ağsaqqaların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”. Şəhid ailələrinə, müahribə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev bildirib ki, şəhid ailələri və veteranlarla bağlı əlaqədar qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin önəminə toxunub. Millət vəkili bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqlərinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini bildirib. Fatma Səttarova qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstəməli, onlar üçün nümunə olmalıdırlar. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik qeyd edib ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsində səfərbər etməlidir. Cəlil Xəlilov çıxışının sonunda Forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib. Forumda millət vəkili Eldar İbrahimov, sabiq təhsil naziri Misir Mərdanov, Respublika Veteranlar Təşkilatının Lənkəran rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov Rayon Təşkilatının sədr müavini Kamil Babayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Abşeron Rayon Təşkilatının sədri Qabil Qocayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Veteranları Təşkilatının sədri Ağalar Əliyev, Qarabağ qazisi Rey Kərimoğlu və başqaları çıxış edib. Tədbirdə çıxış edən ağsaqqallar və veteranlar Forumun önəminə toxunub, hər zaman olduğu kimi bundan sonra da dövlətə, onun Prezidentinə dəstək verəcəklərini vurğulayıblar. Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının sevilən ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.  

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevə

Hörmətli Eldar müəllim! Sizi doğma Vətənimizin çiçəklənməsinə həsr etdiyiniz dəyərli həyatınızın  əlamətdar və xoş günü olan Ad Gününüz - şərəflə yaşadığınız ömrünüzün 73-cü İldönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttəraova başda olmaqla çoxsaylı üzvlərimiz adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisinə istiqamətlənmiş çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram! Siz bu gün hər bir səhifəsi Azərbaycan xalqına və dövlətinə xidmət nümunələri ilə zəngin olan ömrünüzün müdriklik zirvəsindəsiniz. Zəngin intellektə, güclü təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik bir şəxsiyyət kimi nəcib əməlləriniz, humanizminiz, yüksək mədəniyyətiniz və sadəliyiniz ilə insanların böyük sevgi və rəğbətini qazanmısınız. Vətənpərvər ictimai-siyasi xadim, dəyərli millət vəkili, nüfuzlu elm adamı və müdrik ağsaqqal olaraq Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda əlinizdən gələni əsirgəmirsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan Ağsaqqallar Şurası yeni inkişaf mərhələsinə qədəm qoymuş, təşkilatın fəaliyyəti dəfələrcə yüksəlmişdir. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi təşkilatçılıq və idarəçilik istedadınız, peşəkar təcrübəniz və zəngin potensialınızla respublikamızın xaricdə yüksək səviyyədə təmsil olunmasında, ölkəmizin inkişafı istiqamətində qanunların qəbul edilməsi və təkmilləşdirilməsində  xüsusi əməyiniz vardır.  Çoxşaxəli elmi fəaliyyətiniz və əldə etdiyiniz uğurlu nəticələr Sizə nüfuzlu alim kimi Azərbaycanda və ölkəmizdən kənarda böyük şöhrət qazandırmışdır. Əminik  ki, bundan sonra da Vətənimizin tərəqqisi naminə var qüvvənizlə çalışacaq, qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hörmətli Eldar müəllim! Bir daha Sizi – doğma Azərbaycanımıza  dəyərli xidmətlər göstərən alicənab şəxsiyyəti, vətənpərvər ictimai-siyasi xadimi və nəcib ziyalını ölkəmizin daha da inkişafı və firavan gələcəyi naminə tükənməz enerji və sevgi ilə sərf etdiyiniz  həyatınızın 73-cü İldönümü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun və sağlam ömür, sevinc dolu günlər, əmin-amanlıq, səmərəli və əzmkar fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirəm!       Dərin hörmət və səmimiyyətlə,      Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı  Qüvvələr Veteranları Təşkilatının   sədr müavini, polkovnik                                                               Cəlil Xəlilov

Hamısını oxu