Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir neçə rayonda veteranlarla silsilə görüşlər keçirilib

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə həyata keçirdiyi  “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsi  çərçivəsində may ayının 22-də İsmayıllı, 23-də Oğuz, 24-də isə Qax rayonlarında müharibə veteranları ilə görüşlər keçirdib. Müharibə vetereanlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirilən görüşlərdə Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları və qazilər,  adı çəkilən rayonların icra hakimiyyətlərinin əməkdaşları, QHT sədrləri də iştirak ediblər. Görüşlərdən əvvəl layihənin fəaliyyət planına əsasən hər rayonda müharibə veteranları arasında sorğular keçirilib.              

Yüksək səviyyədə təşkil olunmuş görüşlər zamanı aparılan müzakirələrdə ən çox diqqət və qayğıya ehtiyacı olan, Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan müharibə veteranlarının rifahının daha da yüksəldilməsi məqsədi ilə səmərəli və dəyərli təkliflər irəli sürülüb.  Adı çəkilən kateqoriyadan olan şəxslər bu gün üzləşdikləri problemləri səsləndiriblər. 4 aylıq layihə çərçivəsində ictimai birlik görüşlər zamanı əldə olunmuş təklifləri və aparılmış sorğuların nəticələrini ümumiləşdirərək, təklif və tövsiyyələr hazırlayıb, müvafiq dövlət qurumlarına təqdim edəcəkdir.   

Layihə rəhbəri “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədr müavini polkovnik Cəlil Xəlilov maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilati dəstəyə görə İsmayıllı, Oğuz və Qax rayonlarının icra hakimiyyətlərinin başçılarına dərin təşəkkürünü bildirib.

 

2023-05-25 11:51:27
3325 baxış

Digər xəbərlər

“SHXÇDX-nin müharibə iştirakçılarını həqiqi hərbi xidmətə qəbul etməsi alqışlanmalıdır”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib. Onlardan 4 nəfərə leytenant ilk hərbi rütbəsi, 1 nəfərə isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi verilib.  Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  məlum addımını təqdir edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına münasibətdə bu cür həssaslıq sərgiləməsi, onları həqiqi hərbi xidmətə qəbul etməsi olduqca müsbət və təqdirəlayiq tendensiyasdır. Xarırladım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan öncə də Vətn müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edib, onların bundan sonra da Vətənə hərbçi kimi xidmət etməsinə şərait yaradıb. Mən buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkür edir, onlara öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına olan bu münasibəti digər dövlət qurumları üçün də nümunə olmalı, onlar da müharibə iştirakçılaırnın işlə təminatında aktivlik göstərməli, hər addımda bu kateqoriyadan olan vətəndaşlarımıza qayğıkeş münasibət sərgiləməlidir. Müharibə iştirakçılarına bu cür münasibət hər birimizin mənəvi borcudur. Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi qulluğa qəbul edilən şəxlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.      

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi iştirakçısı Perekrestov İosif Pavloviçi 100 illik yubileyi münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi iştirakçısı Perekrestov İosif Pavloviçi 100 illik yubiley münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Perekrestov İosif Pavloviç! Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Siz şərəfli bir ömür yolu keçmisiniz. İkinci Dünya müharibəsi illərində cəbhədə göstərdiyiniz şücaətlərə görə II dərəcəli “Vətən müharibəsi” ordeni və alman faşizmi üzərində qələbə medalı ilə təltif olunmusunuz. Bu mükafatlar Vətənə xidmətin bariz nümunəsidir. Uzun müddət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirakınız təqdirəlayiqdir. Gənclər sizinlə fəxr edirlər! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından sizə cansağlığı və xoş günlər arzulayırıq”. Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşçkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Azərbaycan, Türkiyə və Pakistanın dostluq münasibətləri tarixi nailiyyətlərə imza atır

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir. Təbii ki, bu mənada Azərbaycan-Türkiyə münasibətləri xüsusi anlam daşıyır - eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası ilə yaxın əlaqələri də təqdir edilməlidir. Pakistan istər Azərbaycanın, istərsə də Türkiyənin yaxın tərəfdaşı kimi özünü isbat etmiş dövlətlərdəndir.Türkiyə və Pakistan, coğrafi olaraq bir-birindən ayrı mövqedə yerləşsə də, ortaq din və mədəni irs üzərinə qurulan tarixi qardaşlıq bağları səbəbindən siyasət, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə yaxından əməkdaşlıq və iş birliyini davam etdirirlər.  Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir. Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir. Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”. Bu görüşün Laçında keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli bir mesajdır. Hər üç dövlətin liderlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın əyani nümunəsini göstərməkdədir. Bu formatda keçirilən ikinci zirvədir. Təbii ki, bu davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında təsirini göstərəcək. Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir.  Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir. Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəlki çıxışında bildirib: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Ölkə başçısı qeyd edib: “Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Qələbə bizimlədir və həmişə bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı!”. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının rəhbərliyi şəhid Hüseyn Novruzzadənin yas mərasimində iştirak edib

Sentyabrın 28-də Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının rəhbərliyi şəhid Novruzzadə Hüseyn Faiq oğlunun yas mərasimində iştirak edib.  Mərasimdə çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Hüseyn Novruzzadənin 19 sentyabr lokal antiterror tədbirlərində iştirak etdiyini, separatçılara qarşı mübarizədə böyük igidliklər göstərdiyi və bu mübarizədə qəhrəmancasına şəhid olduğunu bildirib. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün məhz şəhidlərin, veteranların qanı və canı bahasına təmin edildiyini bildirən Cəlil Xəlilov, dövlətimizin və xalqımızın öz şəhidlərini heç vaxt unutmayacağını, onları hər zaman minnətdarlıq hissi ilə yad edəcəyini bildirib. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün şəhidlər kimi Hüseyn Novruzzadənin göstərdiyi igidliklərin də gənclər arasında təbliğini diqqətdə saxlayacaq, şəhidlərimizdən miras qalan qəhrəmanlıq irsinin davam etdirilməsi, onların adının əbədiləşdirilməsi üçün bütün imkanlardan istifadə edəcək. Allah rəhmət eləsin! Seymur ƏLİYEV  

Hamısını oxu