Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsib Məhəməliyev: “Azərbaycanla Litva arasında münasibətlər tarixi köklərə əsaslanır”

Veteran.gov.az xəbər verir ki, millət vəkili Nəsib Məhəməliyev Litvaya səfər edib, bir sıra görüşlər keçirib. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə ətraflı məlumat verib. Məlumatda deyilir:

“Mayın 29-dan iyunun 2-dək hörmətli həmkarım Rasim Musabəyovla birlikdə Litva Respublikasında səfərdə olduq. Səfər çərçivəsində Litva seyminin iqtisadiyyat, energetika komitələrində, Azərbaycanla işçi qrupunun üzvləri, 1-ci və digər üç vitse-spikerlə, müxtəlif fraksiyaları təmsil edən deputatlarla görüşlər keçirdik. 28 May Müstəqillik Günü münasibətilə, ölkəmizin Litvadakı səfirliyinin təşkil etdiyi Bayram tədbirində iştirak etdik.

Görüşlərin yüksək səviyyədə keçdiyini, qaldırılan məsələlərlə bağlı tərəflərin mövqeyinə açıq şəkildə aydınlıq gətirildiyini, əksər məsələlərdə baxışlarımızın üst-üstə düşdüyünü xüsusi olaraq vurğulamaq istərdim.

Siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsində, Prezidentlər İlham Əliyevlə, Gitanas Nausedanın qarşılıqlı səfərləri, əldə olunmuş razılaşmaların, ölkələrimizin maraqlarına uyğun olduğu, xalqlarımızın bir-birinə yaxınlaşmasının əhəmiyyətinə toxunuldu.

Dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının əhəmiyyəti danılmazdır və görüş ərəfəsində, ötən il Milli Məclisin sədri Sahibə xanım Qafarovanın Litvaya, Seymin vitse-spikerinin başçılığı ilə, nümayəndə heyətlərinin ölkəmizə səfəri xatırlandı. Xüsusilə, litvalı deputatların Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görmələri, ,,qədim,, ,,mədəni,, millətin apardığı təbliğatla tərs mütənasib olduğu qeyd olundu. Litvada kifayət qədər güclü, ifrat dərəcədə həyasız erməni diasporasının olmasına rəğmən, dostlarımızın sayının getdikcə artması, mövqeyimizi müdafiə etmələri təbii ki, bizi sevindirir. Təsəvvür edin; Litva vətəndaşı olan yazıçı soydaşımız ölkə başçısının sərəncamı ilə ordenlə təltif olunur. Diasporanın hay-küyü azmış kimi, Ermənistan səfiri bütün diplomatik normaları pozur və prezident administrasiyasına rəsmi etiraz məktubu göndərir. Təbii ki, administrasiya rəhbəri tərəfindən layiq olduğu cavabı alır. Nəzərinə çatdırılır ki, burnunu lazım olmayan yerlərə soxmasın və kimin mükafatlandırılması, yaxud digər məsələlərlə bağlı onun məsləhətlərinə qətiyyən ehtiyac yoxdur.

Görüşlərdə, Ermənistanla münasibətlər, sülh müqaviləsinin imzalanmasına mane olan amillər, mina problemləri, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı infrastruktur layihələri, tikinti-quruculuq, bərpa işləri, “Böyük Qayıdış” planı barədə litvalı həmkarlarımız məlumatlandırıldı.

GÜAM parlament assambleyasının işinin canlandırılması, Türkiyədə keçirilən seçkilər, Avropaya qaçqın köçünün qarşısının alınmasında, taxıl probleminin həllində Türkiyənin rolu, Ukrayna böhranı və bir çox regional məsələlərlə bağlı həmkarlarımızın sualları cavablandırıldı və maraqlandırılan məsələlərə münasibətimizi bildirdik. Avropa İttifaqında, Azərbaycan həqiqətlərinin, maraqlarının daha effektiv şəkildə təmin olunması üçün, Baltik Assambleyasının imkanlarından istifadə edilməsi təklif olundu.

Rusiya-Ukrayna müharibəsi fonunda, Avropa İttifaqının enerji təhlükəsizliyində, Orta Xətt marşrutunun əsas bəndi kimi nəqliyyat-logistika sahəsində, Pandemiya ilə mübarizədə, Qoşulmama Hərəkatının sədri olaraq, qlobal və regional təhlükəsizliyin qorunub saxlanılmasında ölkəmizin oynadığı rol qeyd olundu.

Azərbaycan enerji resurslarının Litvaya çatdırılması, nəqliyyat-logistika baxımından, texniki cəhətdən mürəkkəb olması faktdır. Lakin, Litvalılar, ÜmumAvropa məkanında enerji daşıyıcılarının qiymətinin sabit qalmasında ölkəmizin verdiyi töhfəni başa düşür və yüksək qiymətləndirirlər.

Litva, beynəlxalq miqyasda Ukraynanın həm siyasi, həm də hərbi cəhətdən dəstəklənməsini sərt və ardıcıllıqla təşkil edən dövlətlərdən biridir. Paytaxt Vilnüs daxil, ölkənin bütün regionlarında, inzibati binalarda, küçələrdə, meydanlarda Ukrayna bayraqları görünür. Ukraynanın müdafiəsini özü üçün müqəddəs, şərəfli vəzifə hesab edən Litvalılar hər görüşdə, Prezident İlham Əliyevə göstərdiyi humanitar yardımlara ğörə təşəkkürlərini bildirirdilər.

İqtisadi müzakirələrlə bağlı qeyd olundu ki, ölkələrimiz arasında illik ticarət dövriyyəsi 62 milyon ABŞ dolları təşkil edir. Müəyyən artımların olmasına rəğmən, göstərilən rəqəmlər, bəzi obyektiv səbəblər üzündən, real potensialı əks etdirmir. 2000-ci ildə Baltik Assambleyası tərəfindən irəli sürülmüş Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlasaydı, tam fərqli nəticələr ola bilərdi. Hindistan, Pakistan kimi Asiya ölkələrini Azərbaycan, İran vasitəsilə Baltikyanı respublikalarla, daha sonra isə, Şimali Avropa ilə birləşdirəcək dəhliz, dövlətlərarası ticarət dövriyyəsini dəfələrlə artıra bilərdi. Lakin, cənub qonşumuzun anlaşılmaz, məntiqsiz, destruktiv siyasəti nəticəsində Astara-Rəşt dəmir yolu xətti birləşdirilmədi. Baxmayaraq ki, həmin yolun tikintisi qısa zaman ərzində başa çatdırılmaı idi və maliyyə məsələlərini Azərbaycan öz üzərinə götürmüşdü.

Litva biznesinin Azərbaycanda və yaxud əksinə, Azərbaycan sahibkarlarının Litvaya qarşılıqlı investisiya imkanları, iqtisadi perspektivlər müzakirə olundu. Litva rəqəmsal iqtisadiyyat, biotexnologiya, energetika, alternativ və bərpa olunan enerji, günəş panellərinin istehsalı, optika, müdafiə sənayesi, kənd təsərrüfatı və qida sənayesi, təhsil, səhiyyə sahəsində əhəmiyyətli inkişafa nail olmuşdur. Litva, ölkə daxilində yanacaq bazarının düzgün tənzimlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti,(SOKAR)-la əməkdaşlıqda, ətraf mühitin qorunması üçün ekoloji proqramların icrasında, kadr hazırlığında maraqlıdır.

Regionlara səfər çərçivəsində Kaunas tibb universitetində maraqlı görüşümüz oldu. Kaunas universiteti dünya miqyasında tanınmış, yüksək reytinqli, Avropa İttifaqından tutmuş, İsrailə, Amerika qitəsinə qədər bir çox ölkələrdən tələbələrin oxuduğu təhsil ocağıdır. Təqdimatdan bəlli oldu ki, Universitetin beynəlxalq əlaqələri kifayət qədər genişdir və dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edilir. Təəccüblü olsa da, ən çox tələbə İsraildən, İsveçdən, Norveç, Danimarka kimi inkişaf etmiş ölkələrdən təhsil alanlardır. Universitetdə genetika, farmasevtika, nevrologiya, neyrocərrahiyyə və digər sahələr üzrə ciddi elmi tədqiqatlar aparılır. Ən maraqlısı isə, Universitetin nəzdində Veterinar akademiyasının yaradılması, onların birgə fəaliyyətlərinin təşkilidir.

Ümumiyyətlə, Litvada təhsilin səviyyəsi yüksəkdir və 200-dən artıq azərbaycanlı gənc orada təhsil alır. Əsasən, müasir dünyanın ən aktual problemlərindən sayılan, kibertəhlükəsizlik üzrə təhsil alan gənclərlə, səfirliyimizin təşkil etdiyi tədbirdə görüşümüz oldu və razılıqlarını bildirdilər. Bir çoxları dövlət tərəfindən təqaüdlər alır.

Kaunas Universitetinin rektoru akademik Benetis, ötən il Litva prezidentinin səfəri zamanı Azərbaycana gəlmişdi. Onunla Litvada və Azərbaycanda bir neçə görüşümüz olmuş və hər dəfə ölkəmizlə əməkdaşlıq etmək istədiyini bildirmişdi. Universitet kadr hazırlığı üçün Avropa İttifaqının təşkil etdiyi proqramlarda iştirak edir və maliyyə imkanlarından yararlanır. Bu məsələ, Litva seyminin vitse-spikeri Yonas Yarutisin hörmətli Sahibə xanım Qafarova ilə görüşündə də qaldırılmış və nəzarətə götürülmüşdür. Hesab edirəm ki, səhiyyə nazirliyimiz bu məsələni diqqətdə saxlamalıdır.

Azərbaycanla Litva arasında münasibətlər tarixi köklərə əsaslanır və Prezident İlham Əliyevin apardığı çox vektorlu siyasət nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmışdır. Əməkdaşlığımız dövlətlərimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, dostlarımızın sayını artıracaqdır. Hər kəsə məlumdur ki, Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən, Ermənistanı yenidən təşkilatlandırmaqla müharibəyə sürükləyən bəzi dövlətlər, hələ də siyasətlərində dəyişiklik etmək istəmirlər. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatlarda dostlarımızın sayının çox olması, siyasi çəkilərinin ağırlığı ölkəmizə yönəlik neqativ güclərin neytrallaşdırılması, təhlükəsizlik sisteminin qurulması baxımından əhəmiyyət kəsb edir.

Yekun olaraq, Litva və Azərbaycanın müxtəlif qurumları arasında vasitəçilik missiyasını yerinə yetirən və peşəkar diplomat olaraq ölkəmizi layiqincə təmsil edən fövqəladə və səlahiyyətli səfir Tamerlan Qarayevə, Seymin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla işçi qrupunun rəhbəri, əməkdaşlığımızı dostluğa çevirməyi bacaran Kazis Starkeviçə minnətdarlığımı bildirirəm”.

 Seymur ƏLİYEV

 

2023-06-04 13:53:27
3151 baxış

Digər xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu

15 iyun 2021-ci il Azərbaycanın müasir tarixində mühüm bir dönüm nöqtəsinin tarixidir. Məhz həmin gün Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərində azadlığın və Zəfərin simvoluna çevrilmiş bu müqəddəs torpaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd yalnız iki qardaş ölkə arasında strateji münasibətlərin zirvəsi deyil, həm də bölgədə yeni geosiyasi nizamın əsasını qoyan tarixi aktdır.Şuşa Bəyannaməsinin ruhu tarixdən gəlir. Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin təməli oldu. Bu Bəyannamə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün mirasına sadiqliyin göstəricisidir. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” fikirləri bu sənədin fəlsəfi və ideoloji dayağına çevrilmişdir. Ölkə rəhbəri İlham Əliyevin dediyi kimi, “biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannəməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk”.Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yalnız siyasi və hərbi deyil, bütün strateji sahələri – iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və diplomatiyanı əhatə edən bir sənəddir. Daha doğru ifadə etsək, bu, sadəcə bir Bəyannamə deyil, bu, ortaq gələcəyə verilən imzadır. İki dövlətin birgə maraqlarını təmin edən hüquqi və siyasi baza kimi çıxış edən sənəd bölgədə sabitlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır.Şuşa Bəyannaməsinin məhz Şuşada - Qarabağda imzalanması Qalib Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsinin, siyasi qətiyyətinin və strateji düşüncəsinin nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də regionda yeni reallıqların formalaşdırılması idi. Prezident İlham Əliyev bu reallıqları peşəkar diplomatiya ilə Şuşa Bəyannaməsi ilə hüquqi və diplomatik çərçivəyə saldı.İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü nümayiş etdirən müasir hərbi texnologiyalar – xüsusilə pilotsuz uçuş aparatları – Türkiyə ilə hərbi əməkdaşlığın effektivliyinin bariz nümunəsi oldu. Artıq bu əməkdaşlıq daha da genişlənərək, müdafiə sənayesi, ortaq hərbi təlimlər və qarşılıqlı hərbi yardım kimi sahələri də əhatə edir. Bu, gələcəkdə istənilən təhdidə qarşı birgə müdafiənin təminatıdır.Bəyannamədə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bu dəhliz yalnız iki ölkəni deyil, Türk dünyasını birləşdirəcək mühüm bir arteriya kimi çıxış edir. Şərqdən Qərbə uzanan yeni nəqliyyat və iqtisadi yolun açılması regional inteqrasiyanın, strateji sabitliyin və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verir.Şuşa Bəyannaməsi iqtisadi baxımdan da önəmlidir. Hər iki ölkənin qarşılıqlı investisiya təşəbbüsləri, azad olunmuş ərazilərdə birgə layihələr və sərmayələr regionun inkişafına yeni nəfəs verir. Xüsusilə Şuşa və ətraf ərazilərin turizm imkanlarının reallaşdırılması, bu bölgənin həm iqtisadi, həm də mədəni cəhətdən dirçəlməsini təmin edəcək.Bəyannamədə əksini tapan müddəalar Ermənistanın revanşist dairələrinə də mühüm mesajdır. Türkiyə açıq şəkildə bildirir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı istənilən təhdid Ankara üçün də qırmızı xətdir. Bu, regional sülh və təhlükəsizlik üçün mühüm zəmanət hesab oluna bilər.Bəyannamənin imzalanmasından sonra hər il 15 iyun tarixində Şuşada keçirilən beynəlxalq konfranslar sənədin nə qədər dərin məna daşıdığını göstərir. Bu tədbirlər həm Şuşa Bəyannaməsinin ideoloji təbliği, həm də onun icrasının siyasi monitorinqi üçün mühüm platformaya çevrilmişdir.Hazırda Azərbaycan müttəfiqlikdən strateji birlik mərhələsinə qədəm qoyub. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi birliyə əsaslanaraq strateji ittifaq səviyyəsinə yüksəlib. Bu sənəd iki dövlətin gələcək əsrlərə uzanan birliyinin hüquqi əsasını, siyasi iradəsini və hərbi-siyasi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyev bu Bəyannamə ilə özünü təkcə Zəfər Sərkərdəsi kimi deyil, həm də bölgənin gələcəyini müəyyən edən strateq lider kimi tarixə yazdırdı. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Həyatını Vətən üçün qurban vermiş şəhidlərimiz və onların ailə üzvləri heç vaxt unudulmur

Bu günlərdə Milli Məclisin deputatı Vüqar İskəndərovun təşkilatçılığı və Şəki şəhərinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə bağlı humanist aksiyaya start verilib. Dörd şəhid ailəsində olan uşaqların yüksək səviyyədə təhsil almasını təmin etmək üçün onlara aylıq təqaüd verilməsinə başlanılıb. Milli Məclisin deputatları Məşhur Məmmədov, Elnur Allahverdiyev və digər deputatlar da şəhid və qazi ailələri ilə bağlı təşkil etdikləri çoxsaylı xeyriyyə tədbirləri ilə diqqət çəkir. AZƏRTAC xəbər verir ki, şəhid ailələri ilə bağlı belə xeyriyyə tədbirlərinin keçirilməsini təqdir edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu kimi təşəbbüslərin təqdirəlayiq olduğunu deyib. O bildirib ki, deputatların iştirakı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə yardımların göstərilməsi alqışalayiq bir addımdır. Dövlətimiz hər bir şəhid və qazi ailəsinə yüksək səviyyədə diqqət və qayğı göstərir, onların hər bir ehtiyacını qarşılayır. Lakin bu məsələdə hər bir vətəndaşın da üzərinə mühüm öhdəliklər düşür. Bu gün şəhid ailələrinə, qazilərə dəstək olmaq istəyən hər kəs “YAŞAT” Fondu vasitəsilə dəstəyini göstərə, bu müqəddəs işə töhfə verə bilər. “Sevincidir ki, bu məsələdə deputatlar da ciddi fəallıq sərgiləməkdədir. Onların və digərlərinin bu istiqamətdə gördüyü işlər olduqca əhəmiyyətlidir. Onu da unutmaq olmaz ki, bu kimi aksiyaların önəmi sadəcə şəhid və qazi ailələrinin maddi rifahını yüksəltməklə qalmır, cəmiyyət üçün də mesaj rolunu oynayır. Bu mesajın mahiyyəti isə ondan ibarətdir ki, həyatını Vətən üçün qurban verən insanlar, onların ailə üzvləri heç vaxt unudulmur, hər zaman sevgi və ehtiram hissi ilə anılır. Mən şəhid ailələri və qazilərlə bağlı belə layihələrin həyata keçirilməsində iştirak edən hər bir vətəndaşımıza, o cümlədən iş adamlarına minnətdarlığımı bildirirəm”, - deyə polkovnik Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Xocalı soyqırmı abidəsini ziyarət etdilər

 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmmişdir. Respublika Veteranlar Təşkilatının akt zalında baş tutmuş tədbirdə veteranlar, ziyalılar iştirak etmişdirlər. Tədbir Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ölməz xatirəsinin bir dəqiqəlik süküutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri eo general mayor Dadaş Rzayev açdı. Xocalının xalqımızın başına gətirilmiş faciələrin ən dəhşətlisi olduğunu qeyd etdi. “Erməni vandallarından və Rusiyaya məxsus 366-cı motoatıcı alayın törətmiş olduğu bu soyqrım dünya tarixində ən amansızlarından hesab edilir. Heç bir günahı olmayan dinc əhalinin vəhşicəsinə öldürülməsi, cəsədlərinin təhqir edilməsi erməni riyakarlığının, erməni xislətinin əsl simasını ortaya qoydu. Zori Balayan və onun  kimi mənfur və xəstə təfəkkürlü ermənilərin törətdiklərini insanlığa sığmır. Uşaqların amansızcasına qətlə yetirilməsi bu əsl canilik, əsl faşizm və cinayətdir. Lakin çox təssüf olsun ki ermənilərin törətmiş olduqları bu cinayətlər cəsazız qalmışdır. Həm torpaqlarımız işğal altındadır, həmdə Xocalını törədənlər öz layiqli cəzasını almamışdırlar. Amma artıq bir neçə ildir aparılan “Xocalıya Ədalət” kompaniyasında dünya içtimayyətinə həqiqətlər çatdırılır. Dünya dövlətləri Xocalıda baş verənlərin insanlıqdan uzaq olduğunu və bunun əsl soyqırım olması faktını qəbul edirlər.  Bu gün dünyanın bir sıra dövlətləri Xocalı soyqrımını tanıyır, eləcə də Amerika Birləşmiş Ştatlarının 20 ştatının Xocalı soyqrımını tanıyır. Əlbətdə bütün bunlar gərgin zəhmətin nəticəsidir, düzgün siyasətin nəticəsidir. Ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Biz inanırıq ki, heç zaman biz belə bir faciə ilə rastlaşmayacağıq çünki bizim güclü ordumuz var. Düşməni məhv etməyə qadirik. Günü-gündən qüvvətlənən ordumuz torpaqlarımızı azad edəcəkdir. Lakin bilməliyik ki, bizim erməni kimi mənfur qonşumuz var və onlar hər fürsətdə qara niyyətlərini həyata keçirməyə çalışırlar. Xocalıda ölənlərə və bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik”. Daha sonra çıxış edən digər veteranlar da Xocalı soyqrımı haqqında öz fikirlərini bölüşdülər. Tarixin dəfələrlə erməni mənfurluğunu təsdiqlədiyi və bu faciənin heç bir zaman unudulmayacağı diqqətə çatdırıldı. Tədbirin sonunda veteranlar Xocalı soyqrımı abidəsinin önünə qərənfillər düzdülər.

Hamısını oxu
Prezident fərman imzaladı: Şəhid ailələrinə hər ay 500 manat veriləcək

Şəhid ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.   AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.   İndiyədək bu təqaüdün məbləği 300 manat olub.   Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.   Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Hamısını oxu