Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır"

"Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm texniki imkanlarına görə, həm də əsgər, zabitlərin döyüş hazırlığına, mənəvi-psixoloji, fiziki durumuna görə. Ordumuz üçün müxtəlif şəraitlər yaradılıb və bu imkanlardan maksimum şəkildə istifadə olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib

Onun sözlərinə görə, bizim ordu sıralarımızda sağlam gənclərimiz var. Müxtəlif rayonlarda idman mərkəzləri yaradılıb, əsgərlər orduya hazırlaşarkən bu distansiyalardan keçib gəlirlər. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçilir: "Müharibə dönəmində Azərbaycanın hər bir vətəndaşı əsgər oldu. Xalqımız həm dövlətimizə, həm də ordumuza öz dəstəyini göstərdi. Əsgərlərimizin yanında oldular. Mənəvi-psixoloji cəhətdən Azərbaycan cəmiyyətinin orduya rəğbəti, qələbədən sonra ordunun aftoriteti, əsgərlərə, zabitlərə diqqət və qayğı həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən çox artdı. Ona görə də gənclərimiz bu gün fəxrlə orduda, cəbhə zonalarında xidmət etmək istəyirlər. Respublikamızın Prezidentinin də qeyd etdiyi kimi, son 30 ildə yetişən gənclərimiz xüsusi hərbi hazırlıq və xüsusi vətənpərvərlik ruhuna malikdirlər.

Ordunun təminatı hazırda yüksək səviyyədədir. Hazırda Amerika, Çexiya, Rusiya, Çin, Pakistan, Türkiyə kimi ölkələrin ordularında istifadə olunan texnikaların öyrənilməsi prosesi sürətlə davam etdirilir. NATO ölkələrində keçirilən təlimlərdə Azərbaycanın iştirakı çox yüksək səviyyədədir. Bunlar hamısı ordunun güclənməsində, proffesionallaşmasında böyük rol oynayır. İkinci Qarabağ müharibəsində ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır.

Günü-gündən ordumuz güclənir və bizim bölgələrdə düşmən hər nə qədər təxribata əl atsa da əsgər və zabitlərimiz vətənin keşiyində möhkəm dayanır. Ərazilərimizdə Ermənistanın terror qruplarının qalması, tez-tez törədilən təxribatlar ordudan daha yüksək hazırlıq, peşəkarlıq tələb edir. Ona görə də, Ali Baş Komandan bu tapşırıqları ordu qarşısına qoyub və ordumuz günü-gündən Prezidentin etimadını, inamını doğruldur".

Fazil Mehdixanlı

 

2023-06-20 18:36:13
3305 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti: 1.İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər; 2. 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər; 3. Regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər; 4. Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar; 5. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər. Bölmə I: Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Transxəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkə daxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Əsrin Müqaviləsi, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər. Bu məqsədlə: 1.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər; 2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq niyyətindədirlər; 3.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər; 4.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər; 5.Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər. Bölmə II: İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur 1. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır; Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər; Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığını inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər; 2. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda, kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycan Respublikasında özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla, rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər; 3. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalını təşviq etməyə, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etməyə və kommersiyalaşmanı sürətləndirməyə yönəlmiş birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektor-əsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılmasını araşdırmaq niyyətindədirlər; 4. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları inkişafda olan texnologiyaların, platformaların və biznes təcrübələrinin tətbiqində uğurlu təcrübələri bölüşmək və texniki yardım göstərmək, dəstəkləyici tənzimləyici mühitə əsaslanaraq Azərbaycan Respublikasında istedadların inkişafı və bacarıqlı texnoloji işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək və transsərhəd və Transxəzər rəqəmsal bağlantılar üçün sərmayələri təşviq etmək niyyətindədirlər; 5. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Azərbaycan Respublikasında rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqatı, inkişafı, kommersiyalaşmanı, texnologiyanın mühafizəsini və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsini dəstəkləmək məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq etmək niyyətindədirlər. Bölmə III: Təhlükəsizlik Əməkdaşlığı Cənubi Qafqazda sülh Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır və Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar, Azərbaycan qüvvələrinin beynəlxalq və regional təhlükəsizliyi irəlilətmək üçün Birləşmiş Ştatlar və koalisiya tərəfdaşları ilə birlikdə xidmət etdiyini nəzərə almaqla, Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər; Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər; Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər; Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər. Bölmə IV: İnstitusional Çərçivə və tətbiq Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiyadan irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edərək, mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə işçi qrupları yarada bilərlər. Müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər. Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı olaraq müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər. Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları Hökuməti adından Hökuməti adından APA.az

Hamısını oxu
“Prezident İlham Əliyevin BMT-dəki çıxışı bəşəriyyət üçün sülh, ədalət və tərəqqi formuludur”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti sülhə, ədalətə və tərəqqiyə səslədi, qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi”. Bunu saytımıza açıqlmasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı daha təhlükəsiz dünya üçün atılması gərəkən addımlara diqqət çəkib: “Prezident İlham Əliyevin BMT kürsüsündəki çıxışı, bu çıxışda yer alan fikirlər bütün dünyanın bugünü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Dövlət başçısı faktiki olaraq bu çıxışı ilə daha təhlükəsiz, daha ədalətli dünyanı necə, hansı şəkildə inşa etməyin formulunu təqdim etdi. Prezident bildirdi ki, belə bir dünya yaratmaq üçün öncə ikili standartlardan imtina edilməli, ədalətin selektiv şəkildə tətbiqindən imtina olunmalıdır. Çünki bu cür yanaşma insanların ədalətə olan inamına zərbə vurur, onlarda məyusluq doğurur. Qeyd edək ki, Azərbaycan uzun müddət Ermənistanın işğalı ilə yanaşı, həm də ikili standartlardan, ədalətsizlikdən əziyyət çəkib. 30 ilə yaxın müddətdə qlobal güclər, dünyanın aparıcı ölkələri Azərbaycanın haqq işini əməli şəkildə dəstəkləməyib, təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayıblar. Məhz bu baxımdan Azərbaycan ikili standartlara şahid olan, ədalətsizliklə üzləşən dövlət kimi ədalətli yanaşmanın nə qədər vacib olduğunu, bu məsələdə selektiv yanaşmaların haqsızlığa məruz qalan xalqlar tərəfindən necə böyük məyusluq və qəzəb doğurduğunu bilir. Buna görə də cənab Prezident daha gözəl, daha ədalətli dünya üçün ikili standartlardan imtinanın həuyati əhəmiyyət kəsb etdiyini bir kəs daha diqqətə çatdırdı”. Polkovnik qeyd etdi ki, dövlət başçısının diqqət çəkdiyi amillərdən biri də sülh faktoru olub: “Prezidentimiz bəşəriyyətin firarvanlığı və tərəqqisi baxımından sülh amilinin son dərəcə həyati önəm kəsb etdiyini vurğuladı. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, sülh yalnız sözdə deyil, həm də əməldə olmalıdır. Çünki yalnız bu halda həqiqi sülhü təmin etmək, onun praktiki nəticələrindən faydalanmaq mümkündür. Hansı ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional sülh uğrunda ardıcıl səylər, böyük fədakarlıqlar sərgilədi. Bütün bu səylər 2025-ci ilin 8 avqust tarixində ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh mətninin paraqraflanması ilə nəticələndi. Qeyd edək ki, Prezident İlham Əliyev sülhə verdiyi dəstəyə görə ABŞ prezidenti Donald Trampa bir daha təşəkkür etdi, onun əməyini yüksək qiymətləndirdiyini vurğuladı. Bir sözlə, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə bəşəriyyətin inkişafına yön verdi, dünya dövlətlərinə bir növ gələcək fəaliyyətlə bağlı dəqiq, aydın yol xəritəsi təqdim etdi.  Dövlət başçısı öz dəmir məntiqi ilə sübut etdi ki, planetimizin sabahı dünya dövlətlərinin bir-birləri ilə sülh şəraitində yaşamasından, səmimi əməkdaşlığından asılıdır və Azərbaycan bundan sonra da bu cür səyləri əməli şəkildə dəstəkləməyə, bəşəriyyətin rifahına töhfə verməyə hazırdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Əliyevin müşaviri: Ermənistanda vur əmrini mən verdim... - İlk dəfə

O, Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn ilk və yeganə azərbaycanlıdır. Reyxstaqın divarlarına “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözünü yazan məhz o olub. Sonralar o, Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi işləyib. Axar.az Qırmızı Ulduz və biri “Şöhrət” ordeni olmaqla, 23 medal və 8 ordenin kavaleri, Zaqafqaziya Hərbi Dairəsinin HHM qüvvələri komandanı, hazırda Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, bir neçə gün öncə 97 yaşını qeyd edən canlı əfsanə Tofiq Yaqub oğlu Ağahüseynovla müsahibəni təqdim edir: - Böyük Vətən müharibəsi dövründə vəzifəniz düşmənin hava qüvvələrinin kəşfiyyatı, müttəfiqlərin strateji nöqtələrinin hava hücumundan müdafiəsi idi. Bütün bunların öhdəsindən necə gəlirdiniz? Serjantlıqdan general-polkovnikə gedən yolunuz barədə danışın, mümkünsə. - Müharibənin başlaması həyatımda dönüş nöqtəsi oldu. O vaxtlar mən tələbə - cavan, arıq bir oğlan idim. Hərbi xidmətə çağırıldım, hərbi komissarlıq isə məni Zenit Artilleriya Məktəbinə göndərdi. Yarım illik sürətləndirilmiş təlimdən sonra mən artıq döyüş tapşırıqlarına hazır idim. Məni şimala göndərdilər. Azərbaycandan olduğum üçün soyuğa öyrəşmək çox çətin idi. Bizim zenit-artilleriya divizionunun vəzifəsi müttəfiqlər üçün strateji cəhətdən əhəmiyyətli olan Arxangelsk limanını müdafiə etmək idi. Mən tağım komandiri idim. Onlar bombalayırdılar, biz isə dəf edirdik. Daha sonra divizionumuzu ən vacib strateji nöqtələrə göndərirdilər. Bir qədər sonra bizi artıq Jukovun rəhbərlik etdiyi Birinci Belarus Cəbhəsinin tərkibinə daxil etdilər. Mən bir çox mühüm əməliyyatlarda iştirak etmişəm, lakin Varşava və əlbəttə ki, Berlin əməliyyatı daha çox yaddaşıma həkk olunub, çünki məhz bu döyüş tapşırığını yerinə yetirməklə biz faşist Almaniyası üzərində gözlədiyimiz qələbəni qazana bildik. - Berlin əməliyyatı haqda danışa bilərsinizmi? - Berlin strateji hücum əməliyyatı 16 aprel tarixində başladı. Bizim zenit-artilleriya divizionumuzun da daxil olduğu Birinci Belarus Cəbhəsinin vəzifəsi Almaniyanın paytaxtı Berlin şəhərini ələ keçirmək idi. Bir çox döyüş tapşırıqları var idi və mən o vaxt üçün artıq divizion qərargahının rəis köməkçisi idim. Mənə ən çətin döyüş tapşırıqları həvalə olunurdu. Mən divizion üçün yeni dislokasiya yerləri formalaşdırmalı idim. Sadə dillə desək, divizion qalırdı, mən isə öndə gedirdim və yeni dislokasiya yeri axtarırdım. Məhz bu səbəbdən Berlinə qədər gedib çıxdım. May ayının 2-si idi. Həmin günü heç vaxt unutmayacağam. Döyüşlər davam edirdi, amma nizamlı alman qoşunlarının müxtəlif məhəllələrdə və binalarda artıq ağ bayraq asmaları görünürdü. Onlar da bizim kimi bu işin sona doğru getdiyini anlayırdılar. Mən Reyxstaqa hücumda birbaşa iştirak etməmişdim, amma hücum edənləri mühafizə edən şəxs idim. Reyxstaqa demək olar ki, bir batalyon hücum edirdi. Bu barədə bütün digər məlumatlar yanlışdır. Hər şey gözlərimin önündə baş verirdi. Mən Reyxstaqı görəndə, o yarıdağılmış vəziyyətdə idi, amma günbəz özü bütöv idi. O, olduqca iri bina idi. Mən piyada qoşunlarımızın Reyxstaqın divarlarında öz adlarını yazdıqlarını görürdüm. Mən də yaxınlaşdım və orada böyük hərflərlə “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözlərini yazdım... O hisslərimi sözlə ifadə etmək çox çətindir. Müharibədən sonrakı dövrlərdə siz sovet ordusunda xidməti davam etdirdiniz, sonra isə sərhədləri Türkmənistanı, Azərbaycanı, Gürcüstanı, Ermənistanı, daha sonra Qara dəniz və Rostova qədər əraziləri əhatə edən dairə komandanının vəzifələrini icra etdiniz. Siz bu böyük ərazinin hava hücumundan müdafiəsini təmin edirdiniz. Bu xalqların nümayəndələri ilə, xüsusən də ermənilərlə tez-tez qarşılaşırdınızmı? Hər hansı bir qeyri-adi hallar olurdumu? - Təbii ki! Mən tabeçiliyimdə müxtəlif respublikalardan olan minlərlə hərbi qulluqçunun olduğu batalyona rəhbərlik edirdim. Biz hamımız sıxılmış bir yumruq kimi idik. Heç kəs əsgərləri milliyyətinə görə ayırmırdı. Bizim bir vətənimiz və bir ümumi məqsədimiz var idi. Xalqların məhz bu dostluğu sayəsində biz faşistlərin simasında çox güclü bir düşməni məğlub edə bildik. Bu ölkələrin keşiyində durmaq mənim üçün şərəf idi. Ermənilər də daxil olmaqla, mənim bir çox hərbi xidmət yoldaşım olub. Böyük Vətən müharibəsi dövründə biz onlarla çiyin-çiyinə döyüşürdük. Sonrakı illərə gəlincə isə hazırda tanınmış bir çox insan mənim divizionumdan keçib. Bizim Ermənistanda raket briqadamız dayanırdı, mən tez-tez ora getməli olurdum. Mən çox vaxt Ermənistanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dəmirçyanla görüşürdüm. O, çox şən adam idi, lətifələri sevirdi. Baqramyanın bacısı oğlu general Tadevosyan o vaxtlar Ermənistanın OADKYC-nin (DOSAAF) sədri idi. Onunla tez-tez söhbətlər edirdik. Bir dəfə Ermənistanda başıma qeyri-adi hadisə gəldi. Dairə komandanı məzuniyyətdə idi. Ermənistan istiqamətində hava sərhədinin pozulması hadisəsi baş verdi. Mən həmin hərbi təyyarənin vurulması əmrini verməli oldum. Böyük bir qalmaqal yarandı. Bu hadisə barədə Moskvaya da xəbər çatdı, komissiya gəldi. Söhbətlər Brejnevə çatanda, o, mənim hərəkətlərimə haqq qazandırmışdı, çünki hər şeyi protokola uyğun olaraq yerinə yetirmişdim. Bu, Argentinadan uçan hərbi təyyarə idi. Bu məsələyə məxfilik qrifi qoyulmuşdu və onun da müddəti 2010-cu ildə bitib. Bu hadisə barədə heç kəs heç nə bilmir... Bu günə qədər də bilmirdilər... İndi biləcəklər (gülür - red.). Biz hava məkanını pozan bu hərbi təyyarənin məqsədinin nə olduğunu bilmirdik, lakin Xirosima və Naqasakidəki hadisədən sonra bizə dəqiq göstərişlər verilmişdi. Mənim dairəmdə xidmət keçmiş, hazırda Azərbaycanda tanınan şəxsiyyətlərə gəldikdə isə, misal üçün, Azərbaycan Respublikasının baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun adını çəkə bilərəm. O, mənim yanımda serjant kimi xidmət edirdi. Ölkəmizin yeni Baş naziri Əli Əsədov isə mənim sıravi əsgərim idi. - Bir yerdə xidmət etdiyiniz yoldaşlarınızın və həmkarlarınızın arasında ermənilərin də olduğunu nəzərə alsaq, bu gün həmin ölkədə Qaregin Njdenin simasında nasist tərəfdaşlarının qəhrəmanlaşdırıldığını görəndə nə hisslər keçirirsiniz? Bunu qəbul etmək çox ağırdır. Qeyd etmək lazımdır ki, bu fakta ilk diqqət yetirənlərdən biri biz olmuşuq və dərhal da işə başladıq. Ermənilərin, konkret olaraq Sovet qüvvələrinə qarşı Hitler qoşunlarının tərəfində döyüşən bir adamın - Njdenin qəhramanlaşdırmasına yol vermək olmazdı. Biz veteranlar təşkilatımızın adından Rusiya XİN-ə məktublar yazdıq. Moskvada Njdenin heykəlinin qoyulması məsələsi həmişəlik bağlanıb, amma buna baxmayaraq, Ermənistanda ona heykəl qoyuldu. Bu məsələdə ermənilərin məntiqini anlaya bilmirəm. Bununla onlar Sovet ordusu sıralarında xidmət edən elə öz hərbi rəhbərlərinin xatirəsinə hörmətsizlik edirlər. Baqramyana və yanında Njdeyə heykəlin qoyulması sadəcə axmaqlıqdır. Axı onlar biri-birilərinə qarşı vuruşurdular... Ardı var...

Hamısını oxu
General-mayor İsgəndər Allahverdiyev – 75!

Sabah  Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının sabiq rəis müavini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü general-mayor İsgəndər Allahverdiyevin 75 illik yubileyidir. Məlumat üçün qeyd edək ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ilin dekabrın 16-da yaradılan Dövlət Sərhədlərinin Mühafizə Komitəsinin sədri olub. Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının ilk komandanı olan İsgəndər Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında çalışıb, peşəkar kadrların hazırlanması prosesində yaxından iştirak edib. İsgəndər Allahverdiyev Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində yüksək peşəkarlıq göstərmişdir. Dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə görə İsgəndər Allahverdiyev Ulu öndər Heydər Əliyev və Prezident Prezident İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu əlamətdar gün münasibəti ilə general İsgəndər Allahverdiyevi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır.  

Hamısını oxu