Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-mayor İsgəndər Allahverdiyev – 75!

Sabah  Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının sabiq rəis müavini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü general-mayor İsgəndər Allahverdiyevin 75 illik yubileyidir.

Məlumat üçün qeyd edək ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ilin dekabrın 16-da yaradılan Dövlət Sərhədlərinin Mühafizə Komitəsinin sədri olub.

Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının ilk komandanı olan İsgəndər Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında çalışıb, peşəkar kadrların hazırlanması prosesində yaxından iştirak edib.

İsgəndər Allahverdiyev Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində yüksək peşəkarlıq göstərmişdir. Dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə görə İsgəndər Allahverdiyev Ulu öndər Heydər Əliyev və Prezident Prezident İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu əlamətdar gün münasibəti ilə general İsgəndər Allahverdiyevi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır.

 

2022-02-10 16:33:00
2635 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Yaraları Sararaq Qazanılan Qələbə: Klavdiya İvanovna Kuvayeva

Tarixin yaddaşında iz buraxan insanlar vardır. Onların adları bəzən çəkilmədən qalır, lakin etdikləri fədakarlıq millətlərin taleyində silinməz izlər qoyur. Klavdiya İvanovna Kuvayeva Böyük Vətən Müharibəsində öz yoluyla döyüşmüş azərbaycanlı hərbi tibb bacısı məhz bu qəhrəmanlardan biridir. Onun həyatı, mərdliyi və sədaqəti bu gün bizə yalnız keçmişi deyil, həm də insanlığın və vətənpərvərliyin əbədi dəyərlərini xatırladır. 1923-cü ilin sentyabrında Bakı şəhərində dünyaya göz açan Klavdiya İvanovna, 1942-ci ildə tibb institutunu bitirərək Şamaxıya işləməyə göndərilir. Lakin 1944-cü ilin yanvarında Vətən onu mübarizəyə çağırır. O, tərəddüd etmədən Birinci Ukrayna Cəbhəsinə yola düşmüş və ondan sonra müharibənin qanlı səhnələrində əsgərlərlə çiyin-çiyinə mübarizə aparmağa başlamışdı. Klavdiya İvanovna sadəcə tibb bacısı deyildi. O, həm də döyüş meydanında həyatla ölüm arasındakı incə xətti qoruyan bir mələk idi. Yaralı əsgərlərin həyatını xilas etməklə yanaşı, onların ruhunu da yaşatmağa çalışırdı. Cəbhədə ponton körpülərdən keçərkən Oder və Elba çaylarının sahillərində, ağır döyüşlərin içində tibb batalyonlarında əsgərlərə şəfa verir, onlara güc verirdi. Qafqazın və Ukraynanın azad olunmasında iştirak etmiş, baş serjant kimi Drezdenə qədər irəliləmişdi. Qələbə xəbərini də məhz orada, sevincli insanların arasında qarşılamışdı. 1945-ci ildə müharibə başa çatdı. 27 milyondan çox insanın həyatına son qoyan Böyük Vətən Müharibəsi Sovet xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində əbədi iz buraxdı. Azərbaycan müharibəyə 100 minlərlə oğul və qız göndərdi, onların yarısı geri qayıtmadı.  Ön cəbhədə vuruşanlarla yanaşı, arxa cəbhədə çalışan həkimlər, tibb bacıları, mühəndislər və fəhlələr də bu qələbəyə böyük töhfələr verdilər. Müharibədən sonra Klavdiya İvanovna doğma Bakıya qayıtdı və 24 il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında katib kimi çalışdı. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. Lakin onun ən böyük mükafatı sağaltdığı əsgərlərin, xilas etdiyi həyatların minnətdarlığı idi. Bu gün Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev müharibə veteranlarının xidmətlərinə yüksək qiymət verir. Veteranlara sosial dəstək proqramları, müavinətlər, mənzillərlə təmin olunma və dövlət tədbirlərində onların xüsusi ehtiramla qarşılanması bu diqqətin bariz nümunəsidir. Prezidentin təşəbbüsü ilə hər il 9 May Qələbə Günü münasibətilə tədbirlər keçirilir, sağ qalan veteranlar təltif edilir, dünyasını dəyişənlərin xatirəsi isə dərin hörmətlə yad olunur. Bu siyasət bir millətin öz tarixinə sahib çıxmasının təzahürüdür. Klavdiya İvanovna Kuvayeva bir tibb bacısının timsalında minlərlə adsız qəhrəmanın təmsilçisidir. Onun həyatı sübut edir ki, bəzən qəhrəman olmaq üçün silah tutmaq yox, yaraları sarmaq, ümid vermək və insan canını qorumaq yetərlidir. O, yalnız döyüş meydanında deyil, insanlıq tarixində də qalib gəlmiş bir qadındır. Bugün bizlər üçün onun bircə arzusu qaldı: “İnsanların və sağ qalanların şücaətini mümkün qədər tez-tez xatırlayın.” Bu sözlər gələcək nəsillər üçün bir çağırış, bir vəzifədir.  Tarixi unutma, qəhrəmanı tanı, sülhə sahib çıx! Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etməli və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etməlidir.   Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirməlidirlər. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılır: - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi; - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik; - Müvafiq yerli icra hakimiyyəti orqanları. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etməlidirlər: - Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi; - İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması; - Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi; Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi; - Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi; - Hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi; - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi; - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması; - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməlidirlər. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə dövlət orqanlarının (qumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etməlidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına təxirəsalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görməlidirlər. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirməlidirlər. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Hamısını oxu
“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”

“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət basşçısının Heydər Əliyevin 100 illiyi ilə bağlı tarixi bəyanatlarını Şuşadan səsləndirməsinin böyük mənəvi əhəmiyyəti mövcuddur: “Bildiyiniz kimi, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanatlarını Şuşadan – Azərbaycanın mədəniyyət paytaxtından verdi. Ulu öndərin 100 illiyi ilə bağlı bu möhtəşəm çıxışın Şuşadan edilməsi hər şeydən öncə Heydər Əliyevin ruhuna, onun böyüklüyünə, şəxsiyyətinə olan sonsuz hörmət və ehtiramın nümunəsi idi. Çünki Ulu öndərin ən böyük arzusu bütün torpaqlarımızın, eyni zamanda Qarabağın tacı sayılan Şuşanın işğaldan azad edilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı çıxışında bildirdi ki, məhz Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi. Prezident çıxışında bu fakta diqqət çəkərək demişdir: “...Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”. Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini göstərir. Polkovnik bildirib ki, dövlət başçısının Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər də qürurvericidir: “Dövlət başçısı Şuşadakı tarixi çıxışında Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına da xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlıdır. Ölkə başçısı gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan iftixarla bəhs etdi. Gənclərin yüksək mənəvi-fiziki göstəricilərə malik olması, Şuşa kimi alınmaz qalanın yüngül atıcı silahlarla alınması gerçəyi də dövlət başçımızın çıxışında yer tutan mühüm məqamlardan idi. Prezident Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması, ordunun hərbi kadrlarla, gərəkli maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum həqiqətlərindəndir. Bizim üçün sevindiricidir ki, vaxtiylə Heydər Əliyevin yaratdığı nizami ordu bu gün nəinki regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli ordularından biridir. Ikinci Qarabağ müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi zəfər bu həqiqəti bir daha sübut etdi. Bu zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək”.  

Hamısını oxu
Bakının Nizami rayonununda “Nəsillərin görüşü” adlı tədbir kecirilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunun 109 saylı tam orta məktəbində “Nəsillərin görüşü” adlı tədbir kecirilib. Tədbirdən öncə Dövlət himnimiz səslənib, daha sonra bütün şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən məktəblilər İkinci Dünya Müraribə iştirakcısı Məhərrəm Əliyevin həyatından, müharibədə gösdərdiyi şücaətlərdən bəhs ediblər. Məktəblilərin çıxışlarıdnan sonra söz Məhərrəm Əliyevin böyük oğlu “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin rəhbəri Tofiq Əlizadəyə verilib. Tofiq Əlizadə azərbaycanlıların birliyindən, vətəni, dövləti necə qorumaq, onu necə müdafiə etmək lazım olduğundan, o cümlədən, atasının onlara verdiyi tərbiyədən söhbət acıb. Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının nümayəndəsi, AVMVİB-nin Suraxanı rayon şöbəsinin sədri, müharibə veteranı Eldar Rüstəmov çıxışında  Məhərrəm Əliyevin 100 illik həyatından danışıb. Eldar Rüstəmov Məhərrəm Əliyevin kiçik oğlu, Vətən müharibəsi iştirakçısı Sahib Əliyevə Birliyin sədri Füzulı Rzaquliyevin adından AVMVİB-nin xatirə medalını təqdim edib. Eldar Rüstəmovun vətənpərvərliklə bağlı suallarına düzgün cavab verən şagirdlərə maraqlı kitablar hədiyyə olunub. Tədbirdə çıxış edən məktəbin kecmiş məzunu, vətən uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Zakir Cəfərovun anası Kəmalə Cəfərova şagirdlərə ürək sözlərini çatdırıb, məktəbin kollektivindən, dövlətin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısından məmnunluğunu ifadə edib. Məktəbin direktoru Gülnaz Bədəlova da tədbirdə çıxış edib, bu cür tədbirlərin vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətinə diqqət çəkib. Tədbirin hazırlanmasında əməyi keçən tarix müəllimi Xoşqədəm Mirzəyevaya da kitab hədiyyə edilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu