Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Yaraları Sararaq Qazanılan Qələbə: Klavdiya İvanovna Kuvayeva

Tarixin yaddaşında iz buraxan insanlar vardır. Onların adları bəzən çəkilmədən qalır, lakin etdikləri fədakarlıq millətlərin taleyində silinməz izlər qoyur. Klavdiya İvanovna Kuvayeva Böyük Vətən Müharibəsində öz yoluyla döyüşmüş azərbaycanlı hərbi tibb bacısı məhz bu qəhrəmanlardan biridir. Onun həyatı, mərdliyi və sədaqəti bu gün bizə yalnız keçmişi deyil, həm də insanlığın və vətənpərvərliyin əbədi dəyərlərini xatırladır.

1923-cü ilin sentyabrında Bakı şəhərində dünyaya göz açan Klavdiya İvanovna, 1942-ci ildə tibb institutunu bitirərək Şamaxıya işləməyə göndərilir. Lakin 1944-cü ilin yanvarında Vətən onu mübarizəyə çağırır. O, tərəddüd etmədən Birinci Ukrayna Cəbhəsinə yola düşmüş və ondan sonra müharibənin qanlı səhnələrində əsgərlərlə çiyin-çiyinə mübarizə aparmağa başlamışdı. Klavdiya İvanovna sadəcə tibb bacısı deyildi.

O, həm də döyüş meydanında həyatla ölüm arasındakı incə xətti qoruyan bir mələk idi. Yaralı əsgərlərin həyatını xilas etməklə yanaşı, onların ruhunu da yaşatmağa çalışırdı. Cəbhədə ponton körpülərdən keçərkən Oder və Elba çaylarının sahillərində, ağır döyüşlərin içində tibb batalyonlarında əsgərlərə şəfa verir, onlara güc verirdi.

Qafqazın və Ukraynanın azad olunmasında iştirak etmiş, baş serjant kimi Drezdenə qədər irəliləmişdi. Qələbə xəbərini də məhz orada, sevincli insanların arasında qarşılamışdı. 1945-ci ildə müharibə başa çatdı. 27 milyondan çox insanın həyatına son qoyan Böyük Vətən Müharibəsi Sovet xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində əbədi iz buraxdı. Azərbaycan müharibəyə 100 minlərlə oğul və qız göndərdi, onların yarısı geri qayıtmadı.

 Ön cəbhədə vuruşanlarla yanaşı, arxa cəbhədə çalışan həkimlər, tibb bacıları, mühəndislər və fəhlələr də bu qələbəyə böyük töhfələr verdilər. Müharibədən sonra Klavdiya İvanovna doğma Bakıya qayıtdı və 24 il ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında katib kimi çalışdı. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu. Lakin onun ən böyük mükafatı sağaltdığı əsgərlərin, xilas etdiyi həyatların minnətdarlığı idi. Bu gün Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev müharibə veteranlarının xidmətlərinə yüksək qiymət verir. Veteranlara sosial dəstək proqramları, müavinətlər, mənzillərlə təmin olunma və dövlət tədbirlərində onların xüsusi ehtiramla qarşılanması bu diqqətin bariz nümunəsidir.

Prezidentin təşəbbüsü ilə hər il 9 May Qələbə Günü münasibətilə tədbirlər keçirilir, sağ qalan veteranlar təltif edilir, dünyasını dəyişənlərin xatirəsi isə dərin hörmətlə yad olunur. Bu siyasət bir millətin öz tarixinə sahib çıxmasının təzahürüdür. Klavdiya İvanovna Kuvayeva bir tibb bacısının timsalında minlərlə adsız qəhrəmanın təmsilçisidir.

Onun həyatı sübut edir ki, bəzən qəhrəman olmaq üçün silah tutmaq yox, yaraları sarmaq, ümid vermək və insan canını qorumaq yetərlidir. O, yalnız döyüş meydanında deyil, insanlıq tarixində də qalib gəlmiş bir qadındır. Bugün bizlər üçün onun bircə arzusu qaldı: “İnsanların və sağ qalanların şücaətini mümkün qədər tez-tez xatırlayın.” Bu sözlər gələcək nəsillər üçün bir çağırış, bir vəzifədir.  Tarixi unutma, qəhrəmanı tanı, sülhə sahib çıx!

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

2025-04-30 14:09:43
4103 baxış

Digər xəbərlər

“Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, “Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə ilə bağlı videoxülasəni oxucuların diqqətinə çatdırırıq.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı

Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtmışdır. Bu ağır faciə nəticəsində həlak olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və dözüm diləyirik. Azərbaycan veteranları adından qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, bu ağır itkinin kədərini ürəkdən paylaşırıq. Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır.   Allah rəhmət eləsin.

Hamısını oxu
Rəna xanım Paşayevanın xatirəsinə: Əlvida, gözəl insan

Biz onunla "Əli və Nino" kafesində görüş təyin etmişdik. 2009-cu il idi. Rəna xanım Parisdən yenicə qayıtmışdı. Parisdə UNESCO Rəna xanımın atası - böyük alim Musa Əliyevin doğum gününü təntənə ilə qeyd etmişdi. Mən ondan bu mövzuda müsahibə götürmək niyyətində idim. Zala zərif, təbii, ingilissayağı eleqant geyimdə bir xanım daxil oldu. Zahiri görkəmi yaşına uyğun və çox ciddi idi. Bir sözlə, qüssəli eleqant xanım. Biz masalardan birinin arxasında əyləşib söhbətə başladıq. Masa arxasına keçərək, dedim: - Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün. Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: "Ümumiyyətlə mən nadir hallarda gülürəm". - "Nə üçün?" - "Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam". Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Rəna Paşayevanın babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru - babası Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, "Hümmət" Partiyasının əsasını qoyanlardan biri, "Əkinçi" qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub. - Bu "Şamaxı qaçqını" hissi anama ömrünün sonuna qədər əzab verirdi. Atama görə qorxu hissi də onu heç vaxt tərk etmirdi, - Rəna xanım dedi. - Ağır illər idi. Ötən əsrin bütün repressiyaları bizim ailədən də yan keçməyib. Atası, onun dostları və o dövrün qorxusu barədə Rəna xanımın atası Musa Əliyev dünya şöhrətli alim olub. Bu azərbaycanlı alim rusiyalılara geologiya elminin əlifbasını öyrədib, əlcəzairlilərə neftlə zəngin olan Böyük Səhranın sirlərini açıb, Yura dövründə naməlum personajı axtarıb tapıb, Mezozoy dövrünün faunasının stratiqrafiyasına aid sanballı əsərlər dərc etdirib, Meksika, Danimarka, Hindistan və Livanda elmi konfranslarda çıxış edib. Ötən əsrin 30-cu illərinin ortalarından başlayaraq Azərbaycanda yüksək vəzifələr tutub: Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini, Milli Elmlər Akademiyasının prezidenti və sair. Ona ehtiyac duyurdular, çünki o, yüksək səviyyəli peşəkar idi. Lakin hər bir plenumda - yeni layihənin icrasının başlanması müzakirə ediləndə də, Səməd Vurğunun müdafiəsindən və ya özünün cavabdeh olduğu bir yatağın işlənməsindən söhbət gedəndə də respublikanın rəhbəri Mircəfər Bağırov hədələyici tərzdə xəbərdarlıq edirdi: "Sən ağarmış başını Solovkidə qoyacaqsan". - O vaxt rəhbərlik stili belə idi, - deyə Rəna xanım dəqiqləşdirdi. - Bugünkü nəsil Solovki barədə heç nə bilmir, amma biz bilirdik. Bu dəhşətli sürgündən, demək olar ki, heç kəs qayıtmırdı. Atam, adətən, mülayim, xoşrəftar adam idi, amma belə günlərdə qanı qaralırdı və biz - uşaqlar, bilirdik ki, ona yaxınlaşmasaq, yaxşıdır. Anamla o, qapını bağlayıb nəyisə sakitcə müzakirə edirdilər. Ən lazımlı əşyaların yığıldığı balaca çamadan həmişə hazır vəziyyətdə idi. - O, Bakıdan köçüb getməyə hazırlaşırdı? - O, həbs olunmağa hazır idi. Bilirdi ki, növbəti "təmizləmə" siyahısında Səməd Vurğun, Mirzə İbrahimov və Musa Əliyevin adları var. ...O illərin repressiyaları barədə çoxlu proqram hazırlamışam və bir məsələ məni həmişə narahat edirdi. Rəna Paşayevaya həmin sualla müraciət etdim: "Nə üçün ağıllı adamlar onlara divan tutulmasını belə sakitcə gözləyirdilər? Nə üçün cəlladlardan qaçmırdılar?". - Hara qaçaydılar?! Qırxıncı illərin əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft Komissarlığının Elm İdarəsinə rəhbərlik etməyə göndərdilər. Almanlar Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi mənasında bomba sədaları altında Moskvanın neft üzrə ali məktəblərini Qroznıya və Ufaya köçürürdü ki, kadr hazırlığı pozulmasın. Moskvada atamı paytaxtda saxlamağı qərara alırlar, lakin Bağırov Musa Əliyevin qayıtmasını tələb edir. Əslində, atamı güclə Bakıya qaytardılar və sonra... Bu nəsil romantiklər nəsli idi. Onlar öz Vətənini fədakarcasına sevirdilər. Heç nəyə baxmadan hakimiyyətə inanırdılar. - Lakin həm də ondan qorxurdular, eləmi? - Qorxurdular. Valideynlərimin yataq otağında hökumət telefonu vardı. Bu telefonla yalnız Bağırov zəng edə bilərdi. Həmin aparatın zəngi səslənəndə, - bu isə yalnız fors-major hallarda olurdu, - hərəmiz bir tərəfə qaçırdıq. Qorxumuzdan pıçıltı ilə danışırdıq... (bir qədər susdu). İndi də bir mühüm məsələdən söhbət düşəndə pıçıltı ilə danışıram. Mənə deyirlər: "Sən yenə səsini azaldırsan?" Mən isə cavab verirəm ki, yəqin, elə belə də həyatdan köçəcəyəm (kədərlənir). İndi keçmiş dövr barədə nostalgiya ilə danışanları görəndə təəccüblənirəm. Axı o dövrdə nə var idi? Növbələr, heç nə tapılmırdı, darısqal mənzillər, bir yerə getmək mümkün deyildi. Qorxu... Yox. Bu gün keçmişdən daha yaxşıdır. - Böyük adamın qızı olmaq çətin idimi? - Məsuliyyətli idi. Axı sən təkcə özünü təmsil etmirsən. Atamı hörmətdən salmamaq çox vacib idi. Çünki o da, biz də göz qabağında idik. Dövr isə sərt və təhlükəli idi. - Atanız kiminlə ünsiyyətdə olurdu? Sizin evə kimlər gəlirdi, onun dostlarından kimi xatırlayırsınız? - Azərbaycan elminin əsasını qoyanların, demək olar ki, hamısı bizim evdə olurdu, xüsusən atam Elmlər Akademiyasının prezidenti olan dövrdə. Səməd Vurğun, - o, vitse-prezident idi, - Mirəli Qaşqay, Əşrəf Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə - bir sözlə, neft geologiyasının qızıl fondunun bütün qaymaqları. Çay süfrəsi sadə, münasibətlər təbii, şən olurdu. O vaxt intellektual diskussiyaları çox eşitmişəm. "Dünyanın yarısını ona tapşırmışdılar" - Necə oldu ki, siz şərqşünaslıq peşəsini seçdiniz? Yeri gəlmişkən, 1960-cı illərdə bu, Bakıda ən prestijli və dəbdə olan fakültələrdən biri idi. - Elədir, oraya çoxları can atırdı, çünki bu fakültə xaricə getməyə, Şərq ölkələrində işləməyə imkan verirdi. Amma mən hələ məktəb illərindən Yaxın Şərq ədəbiyyatını öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına aid dissertasiya müdafiə etdim, 12 il Moskva Şərqşünaslıq İnstitutunda işlədim, Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum. Sonra Bakıya qayıtdım, 13 il Şərqşünaslıq İnstitutunda, daha sonra 14 il Vaşinqtonda çalışdım. Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olub. ...Hafiz Paşayevin səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə digər dövlətlər - Kanada, Meksika, Kuba, Latın Amerikası ölkələri də daxil idi. Şair Nəriman Həsənzadə bununla əlaqədar zarafatla deyirdi: "Sənə dünyanın yarısını tapşırıblar". Yadımdadır, Hafiz Mircəlal oğlundan soruşdum ki, ilk günlər Amerikada Azərbaycan səfiri üçün ən mürəkkəb sual nə idi? Səfir xatırlayırdı: O vaxt Vaşinqtonda az adam bilirdi ki, Azərbaycan Abican ilə Abuca arasında yerləşən ekzotik Afrika guşəsi deyil, suveren dövlətdir. Ən mürəkkəb sual da lakonik səslənirdi: nədən başlamalı? "Vaşinqton Post" qəzetində dərc edilmiş bir yazı məni, sadəcə, şok etdi. Ağ Evdə Azərbaycana görə cavabdeh olan yüksəkrütbəli şəxs telefonda öz xanımı ilə söhbət edir. Bu arada, onun köməkçisi qaça-qaça gəlir və deyir ki, Azərbaycanda vəziyyət yenidən gərginləşib. Məmur öz xanımından sakitcə soruşur: "Əzizim, sən bilmirsən ki, Azərbaycan harada yerləşir?" Rəna xanım da ərinin sözlərini təkrar edir: - Bəli, 1990-cı illərin əvvəli olduqca mürəkkəb dövr idi. İnformasiya blokadası. Hamı ermənilərə tərəfdar çıxır. Hara getsən, hər yerdə soruşurlar: "Siz nə üçün onları öldürürsünüz?". Anamın dərdi barədə danışmaq istəyirəm, ermənilər onun atasını öldürüb, evlərini yandırıblar. Heç kəs bunu eşitmək istəmir. Nə konqresmenlər, nə senatorlar, nə Ağ Evdəkilər, hətta şəxsi söhbətlər zamanı da. Qarşımızda "Berlin divarı" dayanmışdı və Hafiz sözün hərfi mənasında bu divarı dəf etməyə çalışırdı. Mənim əllərim yanıma düşmüşdü. ...Kənardan baxanda diplomatın həyatı monoton, yeknəsəq, hər gün çox böyük səbir tələb edən yorucu işlə dolu həyatdır. Zahirən o qədər də effektli görünməyən bu həyat, əslində, dərin daxili temperament, fikir temperamenti ilə doludur. - Gecələr çox vaxt yataqda uzanıb, amma yatmırdım, - deyə Hafiz Paşayev xatırlayırdı, - özümün və xalqımın təhqir olunması fikri mənə dinclik vermirdi. Axı işğal edilmiş ərazilər, öz yurdundan silah gücünə qovulmuş insanlar mənim millətimə mənsubdur. Nə üçün? Nəyə görə? Hansı haqla? - Belə vəziyyət çoxmu davam etdi? - Üç-dörd il, - Rəna xanım dedi, - o vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat elmləri doktorudur, buna görə də elm adamlarının qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə görüşür, onların vasitəsilə ərəb dünyası ilə əlaqə yaradırdım. ...Rəna xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və Klinton ilə mühüm tanışlıq görüşlərində iştirak edirdi, belə görüşlərdən yaranan ilk təəssüratın böyük əhəmiyyət kəsb etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur - Rəna xanıma xas olan kübarlıq, ağıl, davranış maneraları uzun müddət onların yadında qalırdı! Ərəb ölkələrinin səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna xanımın iştirakının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir - filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas qadının ərəb dünyasına aid bilikləri diplomatları yaxşı mənada heyrətləndirirdi. Beləcə, onlar addım-addım vəziyyəti dəyişdilər. Böyük səbir tələb olunurdu. Onlar heç nəyi nəzərdən qaçırmırdılar. Bəzən ən gözlənilməz tərəfdən uğur qazanmaq olardı, bu hətta kuryoz təsir bağışlayırdı. - Vaşinqtonda Konqres klubu var, - Rəna Paşayeva xatırlayırdı, - orada fəaliyyətdə və istefada olan konqresmenlərin xanımları hər il böyük ziyafət təşkil edirlər. Məni hər il dəvət edirlər, mən də hər ilə səliqə ilə gəlirəm. Hər dəfə də məndən nəzakətlə soruşurlar: "Siz kimsiniz? Hansı ölkədənsiniz?" Qəbullar müxtəlif, bəzən tematik olurdu. Bir dəfə ölkələr öz milli geyimlərini nümayiş etdirməli idilər. Bizim milli geyimimizi bir azərbaycanlı tələbə qız nümayiş etdirdi. Onu Amerikanın ali məktəblərinin birində axtarıb tapmışdıq. Uca boylu, şux qamətli, kürən saçlı bir qız idi. Çox gözəl idi. Onu gurultulu alqışlarla qarşıladılar. Qız podiumdan düşəndə bütün kişilər onun əlini sıxmağa çalışırdı... O vaxtdan etibarən mən klubda görünəndə dərhal məni tanıyırdılar: "Ah, Sizin o qız necə gözəl idi!". Bəlkə də, xırda məsələdir, amma nəticəsi yaxşı olmuşdu... Heydər Əliyev ölkədə hərc-mərcliyə son qoyaraq, sabit siyasi vəziyyət yaratmağa nail olanda, demək olar ki, hər şey əsaslı şəkildə dəyişdi. Neftlə bağlı "Əsrin müqaviləsi" imzalananda isə, əlbəttə, bizi eşitməyə, anlamağa, bizə hörmət etməyə başladılar. "Raisa Qorbaçovanın brilyant üzüyü" Yeri gəlmişkən, kiçik bir haşiyə. Dünya praktikasında taleyüklü problemlərə təsir göstərən diplomatların xanımları çox olub. Təəssüf ki, bəzən mənfi təsir göstərənlər də olub. Qorbaçovun dövründə SSRİ-nin ABŞ-dakı səfirinin xanımının əhvalatı çoxlarına məlumdur. Dubinin Z.Bjezinskinin təbirincə desək, "qəşəng yalançı" idi. Onun arvadı Lyana Dubinina, - qızlıq soyadı Xaçaturyan, - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi. Bunun müqabilində Raisa Qorbaçova ABŞ-dakı erməni icmasından qədim brilyant üzüyü hədiyyə almışdı. Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan "Ştern" jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür. Məhəbbət, müharibə, siyasətçi qadınlar və yaxşı insanlar haqqında İlk baxışdan, ilk görüşdən məhəbbətin nə demək olduğunu yaşlı nəsil bilir. Belələri həyatda onların qarşısına çıxmış çoxsaylı namizədlər arasından yeganə birini seçir, elə ilk görüşdə ona vurulur və öz hisslərini taleyüklü "odun, suyun və zəfərlərin içində" qoruyub saxlamağı bacarırlar. Bu sözlər Rəna və Hafiz Paşayevlərə aiddir. Onlar 55 il birgə yaşayıblar... Məktəbdə, səkkizinci sinifdə oxuyarkən tanış olublar. Dostluq ediblər. Məktəbi bitirəndən sonra Rəna ailəsi ilə bərabər Moskvaya köçüb. Sonra Hafiz Moskvaya gedib, aspiranturaya daxil olub. Evləniblər. - Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik (gülümsəyir)... Görürsünüz, yenə qüssəli mövzuya keçdik. - Siz dünyabaxışınıza görə necə adamlarsınız - optimist, pessimist, yoxsa romantik? - Çox güman ki, realistlərik. Hafiz yumor hissi olan realistdir, mən isə, sadəcə, realist. - Bu gün sizi qorxudan məsələlər varmı? - Bəli. Müharibə. Mən nəvələrim üçün qorxuram, dörd nəvəm var. Anam deyərdi ki, müharibədən qorxulu heç nə yoxdur. Mən hesab edirəm ki, müharibədənsə problemin uzun sürən olsa da, sülh yolu ilə həlli daha yaxşıdır. - Qadınlar vəziyyətə təsir göstərə bilərlərmi? - Mən Amerikada çox şey öyrənmişəm. Orada hara getsən - istər Ağ Ev olsun, istər Baş Qərargah və Pentaqon - hər yerdə qadınlardır. Oradakı çalışanların 50 faizi qadınlardır. Bizdə bu mənada görüləsi iş hələ çoxdur. Mənim fikrimcə, böyük siyasətdə qadınlar nə qədər çox olsa, dünyamız bir o qədər xeyirxah və təhlükəsiz olar. - Rəna xanım, Siz həyatınızdan razısınızmı? - Bir dəfə qadın qohumlarımdan biri dedi ki, təbiət bizim üzərimizdə istirahət edir, çünki biz atalarımız qədər yüksək mövqelərə çatmamışıq. Cavabında mən dedim ki, nə üçün çatmamışıq? Biz, sadəcə, yaxşı insanlarıq. Məgər bu azdırmı? Məncə, çoxdur, lap çoxdur, çünki yaxşı insanlar azdır. ...Mən nə üçün məhz bu söhbəti xatırladım? Bu həftə Rəna xanım Paşayeva dünyasını dəyişdi... Məhz işğalçı ermənilər yenidən təxribat törətdikləri gün. Yenə atışma. Yenə qan. Yenə kədər, elə bil ürəyinə dammışdı. Əlvida, gözəl, qüssəli xanım, rahat yat. Nadejda İsmayılova Milli.Az

Hamısını oxu
İlham Əliyev Fərhad Əhmədovu təltif etdi

Prezident İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.  Bununla bağlı AZƏRTAC məlumat yayıb.    Sərəncama əsasən, F.Əhmədov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib. Qeyd edək ki, F.Əhmədov 1955-ci ildə Göyçayda anadan olub. Azərbaycan əsilli rusiyalı milyarderin dünən 65 yaşı tamam olub

Hamısını oxu