Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam.

Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik.

İlk növbədə, mənim dəvətimi qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Özbəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsusilə sevindiricidir. İlk növbədə, Sizi inamlı qələbə münasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bunu qardaşlıq və dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı.

Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komissiyanın iclası olub, – həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyətlərinin üzvlərinə söz verəcəyik.

Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.

x x x

Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dəvətə, artıq Azərbaycan torpağına ayaq basdığımız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbula görə Sizə bir daha səmimi-qəlbdən təşəkkür edirəm.

Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yenidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərim təsadüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür.

Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə - Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib.

x x x

Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etdilər.

Dövlət başçıları əlavə tapşırıqlar verdilər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olundu, həftədə 15 reysin həyata keçirildiyi bildirildi.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edildi. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulandı.

2023-08-22 22:38:27
4028 baxış

Digər xəbərlər

Azərbaycan Texniki Universitetində 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU)  27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə rektor Vilayət Vəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, həmçinin universitetin əməkdaşları iştirak edib. Əvvəlcə torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib. Rektor Vilayət Vəliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bütün dünyaya Azərbaycan ordusunun gücünü nümayiş etdirib. Bu müharibə həm də düşmən üzərində müasir texnika və texnologiyalardan istifadə etməklə də qələbə qazanmağın mümkünlüyünü sübut edib. Rektor qələbənin qazanılmasında AzTU-nun 240-dan çox tələbə və məzununun da iştirakının qürurverici olduğunu qeyd edib. Bildirib ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb. Azərbaycan bayrağını işğaldan azad olunmuş Suqovuşanda dalğalandıran əsgər İlkin Fərzəliyev də AzTU-nun məzunu olub. Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, AzTU-nun prorektoru Çetin Elmas Azərbaycan xalqının 44 günlük müharibədə dəmir yumruq kimi birləşdiyini xüsusi qeyd ediblər.   Bildirilib ki, 44 günlük müharibə Azərbaycan gənclərinin Vətən sevgisinin böyüklüyünü nümayiş etdirib. Düşmənin “yenilməz Ermənistan ordusu” barədə yaratdığı miflər “Dəmir yumruq” hərbi əməliyyatı zamanı 44 gün ərzində məhv edilib.   Qeyd olunub ki, vaxtilə işğal altında olan torpaqlarımızda tarixi Qələbədən sonra həyat canlanıb.   Çıxışlardan sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.   Tədbir Anım Gününə həsr olunan şeirlər və tələbələrin ifasında təqdim olunan “Xudayar təsnifi” ilə başa çatıb.   

Hamısını oxu
Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Xocalı soyqırımının qurbanlarını yad edib

Veteran.gov.az xəbər verir ki, Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Ağdam Rayon İcra Hakimiyyəti, digər dövlət qurumları və QHT-lər 26 fevral Xocalı faciəsinin 31-ci ildönümünü qeyd edib. Mərasimdən öncə Ümummili lider Heydər Əliyevin, şəhidlərin və qardaş Türkiyədəki zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib, bu soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət olduğu vurğulanıb.  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatının üzvləri şəhidin doğum günündə məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri rayonun Vənlik kəndinə gedərək şəhid baş gizir Nahid Məmmədovun doğum gününü yad ediblər.  Tədbirdə ön cəbhədən gələn döyüş yoldaşları çıxış edib. Onlar  baş gizir Nahid Məmmədovun 13 sentyabr 2022-ci ildə qanunsuz  erməni silahlı birləşmələri tərəfindən törədilmiş təxribat nəticəsində şəhid olduğunu bildiriblər və onunla bağlı xatirələrindən söz açıblar. Qeyd edək ki, şəhid baş gizir Nahid Məmmədov ailəli idi, 2 övladı yadigar qalıb. O,  yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı. Tədbir iştirakçıları şəhid Nahid Məmmədovun məzarını ziyarət edib, qərənfillər qoyduqdan sonra  şəhidlərimizin  ruhuna dualar oxuyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olundu

Moderator.az xəbər verir ki, Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə biləcək. Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının,  eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək. Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.   İOS tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Android tətbiqləri: Azərbaycan Beynəlxalq Bankı Birbank Unibank Rabitə Bank Paşa Bank Umico Express Bank Vebsaytlar: Azərbaycan Beynəlxalq Bankı Kapital bank Paşa Bank Express Bank   Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “Hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (//qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini  həyata keçirilməsini təmin edən vahid platformadır. Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.

Hamısını oxu